Hüseyn Cavidlə Şüvəlanda bağ qonşusu idik... – Xatirə

Hüseyn Cavidlə Şüvəlanda bağ qonşusu idik... – Xatirə
24 oktyabr 2023
# 15:15

Bu gün dahi Azərbaycan şairi Hüseyn Cavidin doğum günüdür.

Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində dünyaya göz açıb. O, əvvəlcə mollaxana, sonra Naxçıvan rus-tatar məktəbində (Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə”sində), Təbrizin “Talibiyyə” mədrəsəsində, İstanbul Universitetində təhsil alıb.

İstanbuldan qayıdan Hüseyn Cavid Naxçıvanda, Bakıda, Gəncədə, Tiflisdə müəllimlik edib, habelə bədii yaradıcılıqla məşğul olub. İlk kitabları olan “Ana” və “Keçmiş günlər” Tiflisdə çıxıb. 1918-ci ilin mart hadisələrindən sonra Təbrizə gedən şairin Şeyx Məhəmməd Xiyabaninin “Təcəddüd” qəzetində şeiri dərc edilib. Naxçıvana qayıdan Hüseyn Cavid Mişkinaz xanımla evlənib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hüseyn Cavidin Abdulla Şaiqlə birgə yazdığı “Ədəbiyyat dərsləri” ortaq türk ədəbiyyat tədrisinin yaradılması istiqamətində atılan ilk addımlardandır.

Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb.

“Mənim Tanrım gözəllikdir, sevgidir”, - deyən Hüseyn Cavid dramaturq olmazdan öncə romantik şair, sevgi və gözəllik aşiqi kimi tanınıb. Onun poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inam öz əksini tapıb.

Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsi gətirən böyük sənətkar “Dəniz tamaşası” (1912) şeirində qoca türkün dili ilə millətin döyüş ruhunun qorunmasının vacibliyindən söz açıb. Dil və din birliyinin qorunub saxlanması problemini “Hərb və fəlakət” şeirində qələmə alaraq “İttihad! İştə ən böyük ideal” yazıb.

Hüseyn Cavid 1938-ci ildə həbs olunaraq “əks-inqilabi əlaqələr saxlamaq”, “bir sıra müsavatçılarla müsavatçı söhbətlər aparmaq”, “öz ətrafında millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirmək” kimi ittihamlarla günahlandırılıb. 9 iyun 1939-cu ildə şair 8 il islah əmək düşərgəsinə məhkum edilib.
O, 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunda dünyasını dəyişib.


Kulis.az Dilbər Axundzadənin “Müşfiqli günlər” kitabından Hüseyn Cavidlə bağlı hissəni təqdim edir.

...Unudulmaz şairimiz Hüseyn Cavidlə şəxsən tanış idim. Onun yazdığı əsərləri çox sevdiyim üçün “İblis”dən, “Şeyx Sənan”dan parçalar əzbərlədim. Hüseyn Cavidlə biz Şüvəlanda bağ qonşusu idik. Biz uşaqlar bağda onun əsərlərindən parçalar əzbərləyib bir-birimizə söylərdik. Ələlxüsus, Hüseyn Cavidin oğlu Ərtoğrulun Şüvəlan bağında özünü iblis qiyafəsinə salıb, atasının “İblis” əsərindən aşağıda qeyd etdiyim parçanı uşaqlara necə hərarətlə oxuduğu heç yadımdan çıxmır.

Arif! Mana bax, səndəmi övhəmə qapıldın?
Biçarə çocuq, səndəmi İblisə satıldın?
Dahilər, üluləzm nəbilər belə məndən
Heç vəchlə təxlisi-giriban eləməzkən
Daim məni təhqir edərək əyləniyorsun,
Həp söyləniyor, söyləniyor, söyləniyorsun...
Bir gün gəlir, əlbəttə, şu izan ilə sən də
Vaizcə olursun qoca İblisin əlində.
İblis, o böyük qüdrət, o atəşli müəmma
Bir gün səni də kəndinə eylər kölə... amma
Heyhat, olamaz dərdinə bir kimsədən imdad,
İmdadə qoşar, qoşsa, fəqət ah ilə fəryad.

Hörmətli şairimiz gənc nəslin onunla maraqlandığını gördükcə daha da ruhlanırdı. Hüseyn Cavid uşaqlara və gənclərə çox həssas və mehribandı. Xüsusən yazdığı əsərlər haqqında fikir söyləyən adamla həmişə hesablaşar, deyiləni diqqətlə dinləyərdi. Yalnız əsər haqqında deyil, müəyyən həyati məsələlər barəsində də uşaqların, gənclərin fikirlərini, rəylərini öyrənməyə çalışardı.

Bağda qonşu olduğumuza görə şairin bəzi xasiyyətlərinə bələddim. Çox vaxt hamı yatandan sonra o durub gəzərdi, öz-özünə danışardı və sonra yazardı. O, yazacağı əsəri haqqında heç vaxt qabaqcadan söyləməyi sevməzdi. Nadir hallarda qələmə aldığı hadisələrdən söhbət salardı. Lakin əsər çap olunduqdan sonra biz şairin əvvəlcədən söyləmiş olduğu bəzi parçaları və şeirləri orada görərdik. Məsələn, “Azər” əsərini oxuyanda bir çox misralar bizə tanış göründü. Həmin parçalar indi də xatirəmdədir. O deyirdi:

Üsyan
Məbədlərə, kalpaklara, çarşaflara, üsyan!
Şaşğınlığa yox zərrəcə imkan,
Hər fəlsəfə, qanun dəyişirkən,
Bir nöqtədə dursan da, düşünsən
Məqbər yapacaqlar kəmiyindən...

Hüseyn Cavid gənc nəsli, eli, obanı yeni həyata, yeni mədəniyyət uğrunda mübarizəyə səsləyirdi. Gənc nəslin dini əfsanələrdən uzaqlaşmasını, sağlam, möhkəm və şən həyati misallar çəkər və deyərdi: “Gənclər hər şeydən əvvəl öz sağlamlıqlarına fikir verməlidirlər”. Hüseyn Cavid bu məşhur sözləri bizə dönə-dönə xatırladırdı: “Sağlam bədəndə, sağlam ruh olar”.

Sevimli şairimiz bizə sadə dildə başa salırdı ki, bəzi oğlanlarımız, qızlarımız öz sağlamlıqlarını unudurlar. Onlar bahalı parçalardan təzə paltarlar geyməyi sevirlər. Bu yaxşı şeydi, bunu hər kəs sevir, ancaq bəzi gənclərimiz sağlamlığa yox, ziynətə fikir verirlər və nəticədə bədən zəifləyir və xəstələnir, müalicə üçün kurortlara getməyə məcbur olurlar. Belə gənclər məni çox düşündürür, belələri başa düşmür ki, bədən sağlam olanda sadə çit paltar da gözəl görünür. Lakin zəif, xəstə gənc bahalı, yaraşıqlı paltar geyinsə, yenə gözə görümlü olmayacaq.

Image result for Hüsyn Cavid

Həmişə də belə söhbətlərin axırında necə təsir bağışladığını öyrənmək üçün müsahibindən “Öyləmi?” - soruşardı. H.Cavid ziynətə yox, biliyə, zəhmətə, təmizliyə fikir verən sadə və şən gəncləri sevərdi. Cavidin həyat, gənclik, gözəllik haqqındakı fikirləri onun bədii yaradıcılığında çox qabarıq surətdə öz ifadəsini tapardı. Bu söhbətlərdən xeyli sonra mən şairin “Qız məktəbində” şeirini oxuyarkən onun bağda bizimlə söhbət edəndə ziynət, bəzək-düzək haqqındakı fikirləri yadıma düşdü.

- Quzum, yavrum! Adın nədir?
- Gülbahar.
- Pəki, sənin anan, baban varmı?
- Var.
- Nasıl, zənginmidir baban?
- Əvət, zəngin, bəyzadə...
- Öyle ise, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma.
- Var, əfəndim, var... Lakin.
Müəllimim hər gün söylər:
“Onların yox qiyməti.
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti”.

Bir dəfə biz yenə şairin başına yığışmışdıq. Onun şirin, hikmətli söhbətini eşitmək çox xoş idi. Cavid deyirdi: “Həyatda gənclər üçün iki əsas şərt var. Əgər bu iki şərti düzgün başa düşsələr, onların quracağı otağın binası möhkəm olar. Birincisi, sənət sahibi olmaq, ali təhsil almaq; ikincisi də, sədaqətli olmaq və özünə vəfalı həyat yoldaşı seçmək. Dostu bərkdə-boşda yoxladıqdan sonra onunla ünsiyyətə girmək. Çünki həyatda bəzən insan ağır çətinliklərə rast gəlir, sadiq, vəfalı dost isə bu vaxt adama yaxşı arxa ola bilir və çəkdiyi əzabları yüngülləşdirir”.

H.Cavid gənc nəsli zəhmətə, sənətə çağırır və onların sağlam, şən olmasını arzu edirdi:

Bu gün gəncliyə baxsan,
Bir sel kimi hər an.
Sağlam, yeni məfkurələr izlər.
Onlardakı qüdrət və məharət.
Er-gec verəcək xalqa səadət.
Onlar mədəniyyətlə günəşlər yaxacaqlar.
Keçmişlərə üstdən baxacaqlar.
Onlar güləcək, güldürəcəklər,
Bizdən daha xoş gün görəcəklər.

H.Cavid müasir gənc nəsli həmişə nikbin, şən görmək istəyirdi. Bu, şəxsən mənim özümə də aid idi. Mənim atam, anam Gəncədə olduğundan bəzən onların dərdin çəkir, fikirli olurdum. Sevimli şairimizi mənim bu halım narahat edərdi. O, məni fikirdən uzaqlaşmağa və şən görməyə çalışırdı. O vaxtlar mənim xatirat albomum vardı, təəssüf ki, o albom indi durmur. Həmin albomdan yadımda iki xatirat qalmışdır. Onlardan biri rəsm müəllimim Salam Salamzadənin xatiratıdır. O, mənim albomuma gözəl bir təbiət mənzərəsi çəkmiş və altında da yazmışdı ki, “Qızım, insanın həyatını maraqlı edən, ziynətləndirən rəsm və musiqi kimi incə sənətləri sev və onları öyrənməyə çalış”. İkincisi də H.Cavidin yazdığı şeir idi. Təəssüf ki, həmin şeirin yalnız ikicə misrası yadımda qalmışdır:

Mən gözəllərdə gözəl ruh araram,
Ruhi düşkünləri çirkin sanaram.

Mənim şair Mikayıl Müşfiqlə həyat qurmağım Hüseyn Cavidlə dostluğumuzu daha da möhkəmləndirdi. Bəzən biz onlara gedərdik, onlar da bizə gələrdilər. Müşfiq onu hədsiz sevərdi və tez-tez görməyə çalışardı. Ələlxüsus, onlar bir yerdə olanda sanki şeir deməkdə yarışa girirdilər. Dahi şairimiz Nizamidən, Firdovsidən, başqa klassiklərdən şeirlər oxuyardı. M.Müşfiqin çox qüvvətli hafizəsi vardı. Buna görə də Cavidin sevdiyi şeirlərin bəzi misraları yadından çıxdıqda, Müşfiq onu xatırladırdı. Müşfiqin bu hərəkəti şairi çox sevindirərdi.

Yadımdadır, Müşfiq olmayan vaxtlarda şair həmişə mənə deyərdi: “Qızım, sən bu gənc şairlərə elə-belə baxma, onların gələcəkdə hər biri Azərbaycanda görkəmli bir sima olaraq tanınacaqlar”. Xüsusilə, o deyərdi ki, “Müşfiqə evdə elə şərait yarat ki, o yaradıcılığı üzərində yaxşı çalışıb inkişaf etsin”.

Xatirimdədir ki, “İblis” tamaşasına bizi H.Cavidin özü apardı. Əsər tamaşaçılar tərəfindən o qədər bəyənildi, sevildi ki, onlar səhnədə şairi uzun müddət alqışladılar. O gün H.Cavid çox şad idi. Əsər haqqında o, bizim də rəyimizi soruşdu. Biz isə dedik ki, əsər bir bizim deyil, bütün tamaşaçıların hüsn-rəğbətini qazanmışdır. Əsərin tamaşaçılar tərəfindən yaxşı qarşılanması şairi daha da ruhlandırdı.

Müşfiq Hüseyn Cavidlə tez-tez görüşməyə çalışardı. O, bizə gələndə özünü çox sərbəst hiss edirdi, rəftarı çox səmimi idi. Onun qabağına bir stəkan çay qoyduqda belə, səmimi bir söz söyləməmiş olmazdı. Məsələn, deyərdi: “Deyirəm axı, bu çay niyə belə dadlıdır, çünki buna mənim qızımın əli dəyib”. O, çox az yeyərdi, ev yiyəsinin xətrinə toxunmasın deyə, qabaqcadan: “Xörək çox dadlıdır, lakin həkimin məsləhətinə görə mən az-az və tez-tez yeməliyəm, çünki ürəyim bir qədər zəifdir” - deyərdi.

Mən Müşfiqlə ailə həyatı quranda yalnız orta təhsilim var idi. H.Cavid mənim gələcək həyatımla maraqlanıb deyərdi: “Qızım, sənin təhsil haqqında fikrin nədir? Ailə həyatı qurmaqla təhsildən kənar qalmaq olmaz. Qurduğun həyat məni sevindirirsə də, təhsilin haqqında düşünürəm. Sən mütləq ali məktəbə daxil olmalısan”. Onun bu məsləhətləri məni ruhlandırıb Azərbaycan Tibb İnstitutuna daha tez daxil olmağıma səbəb oldu.

H.Cavid dövrünün gənc şairlərinə, o cümlədən M.Müşfiqə əsərlərinin birində bədii cəhətdən daha da qüvvətli, dolğun olması üçün məsləhətlər verərdi. M.Müşfiq də öz sevimli müəllimi və ustadı H.Cavidin yaradıcılığını yüksək qiymətləndirir və böyük şairimizi Azərbaycan xalqının Şekspiri adlandırırdı. Bir dəfə yenə axşamüstü Cavid bizə gəldi. Müşfiq o zaman “Duyğu yarpaqları” adlı əsəri üzərində işləyirdi. Onlar çox mehriban görüşdülər. Həmişəki kimi yenə sənətdən, ədəbiyyatdan söz düşdü. Müşfiq yenə əsərinin özünə xoş gələn parçalarından oxumağa başladı.

H.Cavid diqqətlə qulaq asır, arabir Müşfiqi saxlayıb qüsurlu misralara nəzəri cəlb edir, gözəl parçaları təkrar-təkrar oxutdurub ürəkdən fərəhlənirdi. Uzun söhbətdən sonra mən ondan soruşdum:

- Cavid müəllim, siz hansı əsər üzərində işləyirsiniz?

O dedi:

- Bu saat mən külliyyatımı toplamaq fikrindəyəm. Redaktorluğunu da, Müşfiq, sənə tapşıracağam.

Müşfiq gülümsündü:

- Yox, - dedi, - mən hələ gəncəm, sizin əsərlərinizin redaktorluğuna gücüm çatmaz. Bəlkə, gələcəkdə o mərtəbəyə çatam.

Mən diqqətlə qulaq asırdım. Elə bildim ki, Müşfiq bu sözləri zarafatla deyir. Ancaq H.Cavid gedəndən sonra öyrəndim ki, Müşfiq həmin fikri özünü ustadına təvazökar göstərmək üçün deməyib, bu, onun həqiqi ürək sözləri imiş...

Lakin əfsus ki, nə sevimli şairimiz və nə də ona hədsiz məhəbbət bəsləyən Müşfiq öz sağlıqlarında bu arzularına çata bilmədilər.

# 2037 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #