Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər - Mirmehdi Ağaoğlu

Mirmehdi Ağaoğlu, yazıçı

Mirmehdi Ağaoğlu, yazıçı

14 aprel 2025
# 17:00

Kulis.az Nobel mükafatı laureatı, bu gün 89 yaşında vəfat edən perulu yazıçı Mario Varqas Lyosanın “Şəhər və itlər” romanı haqqında Mirmehdi Ağaoğlunun “Şəhər və itlər” yazısını təqdim edir.


2010-cu ildə Nobel mükafatı alan perulu yazıçı Mario Varqas Lyosa nitqində belə demişdi: “Yazıçılıq asan məsələ deyil. Bir də görürsən, təsəvvür etdiyin əhvalat kağıza köçürüləndə istədiyin kimi alınmır, sözlər ürəyini isitmir. Onları təzədən necə cana gətirəsən? Xoşbəxtlikdən, ustadlar, müəllimlər, nümunə götürüləsi insanlar yanındadı. Flober mənə istedadın intizam və dözüm olduğunu öyrədib. Folkner formanın (üslub və struktur) süjeti zənginləşdirmək qabiliyyətində olduğunu öyrədib. Martorel, Servantes, Dikkens, Balzak, Tolstoy, Konrad ,Tomas Mann romanda vüsət və genişliyin üslub və süjet xətlərinin dəqiq işlənməsindən heç də az əhəmiyyətli olmadığını öyrədib.”

Lyosa, həqiqətən, yaradıcılığı boyu ustadlardan çox şey öyrənmişdi. Elə birinci, ona məşhurluq gətirən “Şəhər və itlər” romanında Folknerin təsiri açıq-aydın hiss olunurdu. Amma 26 yaşlı cavan Folknerin üslubunu, şüur axınını kor-koranə mənimsəməmişdi, bu fəndlərdən ustalıqla yararlanmışdı. Həcmi 400 səhifədən çox olan roman söz yığını və ya ilk qələm təcrübəsi deyildi, böyük bir yazıçının doğuluşundan xəbər verirdi. Üstəlik, gənc yazıçı kitabla qalmaqal yaratmağı da bacarmışdı. Roman çap olunandan sonra Leonio Prada hərbi məktəbində nümayişkaranə şəkildə yandırılacaqdı. Bəs niyə hərbi məktəbdə?
Çünki...


Kursantlıqdan yazıçılığa

Lyosa hələ balaca olanda atası ilə anası ayrılmışdı. Babasının himayəsində böyüyən Marionun valideynləri bir neçə il sonra barışırlar. Bundan sonra ata oğlunu paytaxt Limadakı Leoniso Prada hərbi məktəbinə yollayır. Deyəsən, Mario atasının bu qərarından heç də razı qalmamışdı. Burda iki səbəb var: birincisi ona görə ki, Mario hərbi məktəbin son kursunda olanda təhsilini yarımçıq saxlayır. İkincisi, “Şəhər və itlər” romanında istər Kölə, istərsə də Şairin atası onları məcburi şəkildə məktəbə yazdırır. Şair obrazı daha çox Marionu xatırlatdığı üçün demək olar ki, yazıçı atasının bu qərarından razı qalmamağını romanda obrazın üzərinə transformasiya edib.

Bəli, “Şəhər və itlər”i hardasa avtobioqrafik əsər adlandırmaq olar. Gənc yazıçı son kursunda tərk etdiyi hərbi məktəbdə başına gələnlərdən yazmışdı. Əsərin qəhrəmanı isə Şair ləqəbli kursant Alberto Fernandez Templdır.

Romanda hadisələr iki zaman plastında baş verir; hərbi məktəb və ondan sonrakı hadisələr, bir də kursantların hərbi məktəbdən əvvəlki həyatı.


Əsgər özbaşınalığı

Alberto və onun kursant yoldaşları hərbi məktəbə qəbul olunan gündən burada amansız dedovşina ilə rastlaşırlar. Yuxarı kurslar aşağı kursda oxuyanlara amansız işgəncələr verir. Lakin bir dəfə belə olmur. Albertonun kursant yoldaşı Yaquar (əsərdə onun gerçək adı gizli saxlanılır) öz iri cüssəsi və möhkəm iradəsi ilə yuxarı kursdakıların öhdəsindən gəlir. O, Boa, Kavavə Qıvrımsaç özlərinin dəstələrini yaradırlar. Yaquarın başçılıq elədiyi bu dəstə tezliklə məktəbdə hakimiyyəti ələ keçirir. Üstəlik, imtahanların sual-cavablarını oğurlayıb kursantlara satır, kefləri istədikləri adamı əzişdirib, ələ salırlar. Bu dəfə özləri dedovşina ilə məşğul olurlar. Ən çox məzələndikləri kursant isə öz “priziv”ləri Kölə ləqəbli Rikardo Arranadır.

Hərbi məktəbin rəhbərliyinin nə ordakı dedovşinadan, nə də Yaquarın dəstəsindən xəbəri var. Onların heç kursantların “samovolka”ya çıxmalarından, siqaret və içki içməklərindən də xəbərləri yoxdur.

Əsərdə hadisələr iç-içə, pazl qaydasında verildiyindən süjeti birnəfəsə izah etmək çətindir. Müəllif tez-tez şüur axınından yararlanaraq qəhrəmanların keçmişinə qayıdır. Üstəlik, yeniyetmələrin həyatları oxşar olduğundan çox vaxt oxucu bunları qarışdırmalı olur. Sanki müəllif də şüur axını ilə keçmişinə qayıtdığı qəhrəmanının adını gizli saxlamağa çalışır, lazım gəlmədikcə adlarını açıqlamır, onları Limanın eyni küçələrinə gətirib çıxarır, eyni qıza aşiq edir. Hərbi forma geyinib bir-birindən demək olar ki, fərqlənməyən bu yeniyetmələrin sanki taleləri də eyniləşir, birləşir. Oxucu ayrı-ayrı qəhrəmanlara, Şairə, Yaquara, Köləyə fokuslanmaq yerinə... bu nöqtələr birləşir və vahid əsgər obrazında cəmlənir.




Üç oğlanın bir sevgilisi

Müəllif əsərə sevgi xəttini də əlavə edib - Tereza. Bu çirkin qız üç yeniyetmənin həyatında önəmli rol oynayır. Amma müəllif bunu birbaşa təqdim etmir. Hamının döyüb məzələndiyi, uşaqların bəzən “Yat” komandasından sonra üstünə işədiyi Kölə imtahan vaxtı Şairə kömək edir. Bunu görən leytenant Köləni cəza olaraq həftəsonu ezamiyyətindən məhrum edir. Kölə isə qonşuluqlarında yaşayan Tereza adlı qızla vədələşibmiş, kinoteatra gedəcəklərmiş.

Kölə Şairdən xahiş edir ki, yazdığı məktubu qıza çatdırsın. Şair isə qızı görüb ona vurulur, onunla sevgili olur, həmin gün birlikdə kinoya gedirlər. Paralel olaraq biz kimliyi gizli saxlanılan bir nəfərin də Tereza ilə görüşdüyünü oxuyuruq. Əsərin sonunda bu adamın Yaquar olduğunu öyrənirik. Yaquarla Tereza ailə qurur. Lakin nə Kölənin, nə də Şairin bu sevgi xəttindən xəbərləri olmur. Onlar bilmir ki, Yaquar hərbi məktəbə gəlməmişdən qabaq bu qızı sevirmiş.

“Şəhər və itlər” Leonisa Pradanın gerçək üzünü açır, onu ifşa edirdi. Sözdə vətənə layiqli övlad yetişdirməyə çalışan hərbi məktəbin həqiqətdə öz məqsədləri varmış. Hərbi məktəbdə qətl hadisəsi baş verəndə də rəhbərlik onu gizlətməyə çalışır. Halbuki bu cinayətin ən böyük səbəbkarı məktəbin rəhbəri olan polkovnik idi. O, isə hakimiyyətin əlindən çıxmaması üçün hərbi qaydaları pozaraq cinayəti gizlədir. Hətta Şairi şantaj etməkdən belə çəkinmir. Bu hadisələrdə itirən isə Leytenant Qamboa olur. Təkcə o, əvvəldən axıra qədər öz hərbi andına sadiq qalaraq əsgəri borcunu yerinə yetirməyə çalışır. Hətta hamilə xanımın vəziyyətinin pis olduğunu öyrənəndə də işini axıra qədər görməyə çalışır. O, başda oturanların öz mənafeləri üçün çalışdığını gördükdə isə öz peşəsinə nifrət edir. Qamboa hamilə arvadından aldığı məktubu oxuyub deyir: “Oğlan doğulsa, heç vaxt əsgər olmayacaq.”




Hamilə qadınından çox əsgərləri düşünən leytenant

Hərbi məktəbdə həyat öz gündəlik axarına qayıdır, hətta Şair də, Yaquar da məktəbi bitirirlər. Bu olaylarda yalnız Qamboa zərər çəkir. Polkovnik nazirliyə məktub yazaraq onun təyinatını əyalətə dəyişir.

26 yaşı olmasına baxmayaraq Lyosanın ustalığı açıq-aşkar görünür. Adətən, bu yaşda olan qələm adamları daha sentimental olurlar. Bu da onların əsərlərinə sirayət edir. Bir də görürsən, baş qəhrəman lirik tonda öz iç monoloqunu söyləyir, az qalır ki, kimsə böyürdən çıxıb desin: Ordan bir segah ver görüm.

Stiven Kinq “Yazı sənəti” əsərində deyir ki, göstərmək mümkün olduğu yerdə demə. Lyosanın qəhrəmanları da bu lirizmdən uzaqdırlar. Müəllif hadisələri nəql etmək yerinə onları göstərir. Elə bayaq yuxarıda dediyimiz səhnəni misal gətirək. Hərbi hissədə əsgər ölüb - Kölə. Şair isə onu paleqonda Yaquarın vurduğunu iddia edir. Üstəlik, leytenant Qamboanın şəxsi həyatında da hər şey qaydasında deyil. Hamilə arvadının vəziyyəti ağırdır. Amma müəllif burada lirizmə varmır, Qamboanın dərdini göstərmək üçün arvadıgildən gələn teleqramla məsələni həll edir və oxucuya hər şey əyan olur.


Bir əsgər necə danışmalı?

Bədii əsərdə açıq-saçıq ifadələr, söyüş işlətməlimi, işlətməməlimi? İşlədirsən, deyirlər, qurşaqdan aşağı yazır, işlətmirsən, deyirlər, əsər qurudu, alınmayıb. Və çox təəssüf ki, dünyanın artıq sosial şəbəkə statuslarını bədii ədəbiyyatdan hesab etdiyi bir vaxtda biz hələ də əsərdə açıq-saçıqlıq olsunmu, olmasınmı davasını döyürük. Yenə də Kinqdən sitat gətirim. O deyir ki, “Ay pox” yazmalı olduğun yerdə “Ay şəkər” yazma. Təvazökarlıqdan uzaq olsa da deyim ki, əsgərlik həyatından bəhs edən “Küləyi dişləyən”i yazanda eyni iradlarla qarşılaşmışdım. Bəs necə, əsgərlik həyatından bəhs edən əsərdə söyüş, küfür, açıq-saçıqlıq olmasınmı? Hətta deyərdim, vacibdir. Çünki əsgərlik həyatının leksikonu, əsasən, elə bu cür ifadələrdən ibarətdir. Mən əsərdən bir nümunə deyim, siz əsgərlikdə olanlar isə yaddaşınızı köməyə çağırın, görəcəksiniz ki, belə ifadələrdən siz də az işlətməmisiniz.

Qamboa əsgərlərə belə deyir: “Əsgər üçün silah xayaları qədər önəmlidir. Xayalarınızı diqqətlə qoruyursuz. Elə deyilmi? Silahınıza da eyni diqqəti göstərin.”

Əsərdə əsgərlərin toyuqla zoofil əlaqələri və başqa açıq səhnələrin yer aldığı səhifə-səhifə hissələr ruscaya tərcümədə verilməyib. Hətta elə yerlər çıxarılıb ki, açıq-aşkar mətndə abzaslararası əlaqə itir. Buna görə rus tərcümələrinə də, ruscaya da bu qədər ümid olmaq lazım deyil. Necə deyərlər, onların da öz naqislikləri var.

Əsərin daha bir qəhrəmanı Boadır. Boa çox maraqlı obrazdır, hadisələrin içində aktiv şəkildə iştirak etməsə də, bir çox hadisələri onun dilindən öyrənirik. O, bunları gah öz-özünə, gah da bütün gününü kursantlarla keçirən, kazarmada Boa ilə yatan Xayasız adlı itə danışır.

Lyosa təkcə hərbi məktəbdə baş vermiş faciəvi hadisədən bəhs etmir. O, həm də hərbi məktəbin içinə nüfuz edir, kursantların gündəlik yaşayışlarını, bir-biriləri ilə münasibətləri, davranışlarını parlaq boyalarla, aydın dialoqlarla, çılpaqlığı ilə təsvir edir. O, hərb həyatının heç də kənardan göründüyü kimi ehtişamlı olmadığını, hərbin içində olanların, əslində, öz peşələrindən, işlərindən bezdiklərini göstərir. Kurstanlar dərslərdən, məşqlərdən yayınmaq üçün lazaretə getməyin müxtəlif yollarını tapırlar. Məsələn, adam banan qabığını üç saat alnında saxlayanda qızdırması qalxır. Biz əsgərlikdə bunu üzərinə yod damızdırılmış qənd udmaqla edirdik.

Poliqona getməyə hazırlaşana kursantlar şövqlə çəkmələrinin bağlarını bağlayır, kəmərlərini, papaqlarını düzəldirlər. Bunları görən Kapitan Qarrudi isə Leytenant Qamobaya üzünü tutub deyir: “Xoşları gəlir. Axmaqlar. Bunlara bax. Görən də elə bilər kefə gedirlər.”




Onu mən öldürdüm

Hərbi məktəbdə çuğullara qarşı çox pis davranıldığını bilən Şair axı niyə Yaquarı satmaq qərarına gəlmişdi? Halbuki heç onun özünün də Yaquarın Köləni vurub- vurmaması barədə sübutu yox idi. Sadəcə, təxmin edirdi. Üstəlik, Albertonun satqınlığından xəbər tutacağı təqdirdə Yaquarın onu döyəcəyini də bilirdi. Dostuna sədaqətdənmi Şair belə etdi? Axı Kölə onu özünə dost hesab etsə də Şair belə düşünmürdü, mümkün olduqca onunla münasibət qurmaqdan qaçırdı.

Şair yaxşılığın əvəzində Köləyə xəyanət etmişdi. Onun özünün xəbəri olmasa belə, Terezanı əlindən almışdı. Buna görə Kölə öləndə Şair vicdan əzabı çəkir. Sanki cinayəti Yaquarın törətdiyini deməklə özünü də “işə salmağa”, məktəbdən qovulmağa çalışır. Sanki bu cəza vasitəsilə günahlarının yuyulacağını düşünür.

Lyosadan fərqli olaraq Alberto-Şair məktəbi uğurla başa vurur. Qamboanın əyalət hərbi hissəsinə təyinatını aldığı gün onunla görüşüb günahını, satqın olduğu üçün Köləni öldürdüyünü boynuna alan Yaquar da məktəbi bitirir. Bəs yaxşı, məşhur mahnıda deyildiyi kimi “Bu sevgidə kim uduzdu, kim uddu, peşman kim olacaq?”

Peşiman bəlli - Şairdir. Uduzan kimdir? Uduzan isə Leytenat Qamboadır. Əsəri oxuyursan, Şairin vicdan əzabını da, Yaquarın cinayətini də, nakam taleli Köləni də, hərbi məktəbin zabit heyətini də o “qarnı sanki ayrıca bir varlıqmış” kimi qabağa çıxmış polkovniki də unudursan. Təkcə Leytenant Qamboanı unuda bilmirsən.

Roman bitir və gözlərinin qarşısına əlində çamadanı, başını sinəsinə sıxıb Limanın tozlu küçələriylə addımlayan bir adam gəlir - Leytenant Qamboa. Öz peşəsinə, hərb sənətinə sadiq, vicdanlı bir insan. Hətta cinayətin üstü açılsa, cəzalanacağını bilə-bilə hərbi qaydalardan bir an da sapmayan, hərbi anda sadiq qalan yeganə insan. Məhz ən böyük zərbə də elə ona dəyir. Başqaları yenidən öz köhnə və tozlu, miskin həyatlarına qayıdır. O isə...

Bəlkə, banal səslənir, amma belədir: düz elə düzdə qalar.

# 797 dəfə oxunub

Oxşar xəbərlər

"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

20:29 15 aprel 2025
"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

14:00 15 aprel 2025
On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

12:00 15 aprel 2025
Labroides - Nahid Hacıyevin yeni hekayəsi

Labroides - Nahid Hacıyevin yeni hekayəsi

09:00 15 aprel 2025
O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda

O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda

12:20 14 aprel 2025
Repressiya qurbanı olmuş qadının adı Bakıdakı küçədən niyə götürüldü?

Repressiya qurbanı olmuş qadının adı Bakıdakı küçədən niyə götürüldü?

12:00 11 aprel 2025
#
#
# # #