Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar
18 fevral 2025
# 12:00

Kulis.az Yalçın İslamzadənin "yalançı filosoflar" haqqında yazısını təqdim edir.

Lap çoxdan filosof kimi təqdim olunan Niyazi Mehdinin "Yeni Müsavat" qəzetində müsahibəsini oxumuşdum. O zamana qədər düşünürdüm ki, filosof nəsə deyir, mən anlamıram. Müsahibəsində demişdi ki, "Mənim məqsədim dini yenidən cazib hala gətirməkdir, insanlarımızda dinə maraq oyatmaqdır".

Anladım ki, filo-sof deyil, teo-sofdur.

Əlisa Nicatı filosof-yazar kimi təqdim edirdilər, müsahibəsində demişdi ki, "Ağdərililər qaradərililərdən, kişilər qadınlardan üstündürlər. Alman nasistləri də düz edib".

Küyə gedən camaatımızın bir nümayəndəsi, Avropada yaşayan bir xanım, "Əlisa Nicatın kitablarının yenidən nəşrinə maddi yardım edəcəm" yazmışdı, "çakma" filosofun nə yazdığı ilə maraqlanmadan.

Ramiz Rövşəni də filosof-şair kimi təqdim edirlər. "Göy üzü daş saxlamaz" kimi banallıqları sosial həyata gətirib fatalizmi, "kaderciliyi" təbliğ edir. Ona görə də xalqlı-iqtidarlı-müxalifətli hamı təfərindən sevilir.

Şərqlilikdən çıxmağa qorxan, ancaq eyni zamanda da müasir görünmək istəyən cəmiyyətin ideal şairi.

Ağalar Məmmədov bunlardan fərqli olaraq akademik mənada fəlsəfəçi idi, ciddi təhsili və mütaliəsi vardı. Gənclərə yaxşı mənada təsir edirdi. Birdən hoqqabazlığa keçdi, Oşo heyranı oldu. İndi ərəb televiziyalarındakı vəhabi şərhçilər kimi danışır.

Sonra başqa bir filosof da var idi, aforizmlər yazırdı, "Gün uzananda gecə qısalır". Zehni tənbəlliyə alışmış insanlar da, deyirdilər nə yaxşı, iki-üç aforizm əzbərləyib həyatı çözərəm.

Markesin qəhrəmanı Aureliano Buendia özü-özünə general rütbəsi verdiyi kimi, özünü filosof adlandıran Müşfiq Ötgün də var.

İncə-incə, altdan-alta bəşəri dəyərlərə hücum edir, tənqidi təfəkkürsüz oxucular da alqışlayırlar.

Məsələn, yazmışdı ki, "Riyaziyyatı hər idiota öyrətmək olar".

Belə yazan birinin nə riyaziyyatdan, nə tədrisdən, nə də "idiot" sözünü istifadə etməyin etik sayılmadığından xəbəri var.

Guya bu hansısa həqiqətlər kəşf etmişdir ki, riyaziyyatı bir kənara atıb, təbliğ etdiyi Konfutsini öyrənmək lazımdır.

Konfutsi, məsələn, deyirdi, "Yuxarılar küləkdir, aşağılar ot. Külək əsəndə ot əyilər".

Efirdə yenə gender bərabərliyindən narahat olub, əcaib arqumentlər səsləndirib: "Biz qadınların bizdən çox maaş almalarından kompleks keçiririk, qızlar gözəldir, oğlanlar özlərini sübut etmək istəyirlər, edə bilmirlər, kompleks keçirirlər, bunun da fəsadları ("yumuşalma" kimi) olacaq".

Bu "çakma" filosofların mollalarla ortaq cəhətləri var, heç vaxt soruşmazlar ki, biz niyə az maaş alırıq? Deyərlər, qadınlar bizdən az maaş alsın. Çünki, o sualı soruşsalar qulaqlarının çəkilmə ehtimalı var.

Deyirlər ki, "Avropa fondları qrant verdi, status-kvo alt üst oldu, boynumuza qoydular ki, sizdə gender bərabərliyi pozulub. Halbuki biz 100 il əvvəl qadına seçmə hüququ vermişik".

O hüququ verən 3-5 mütərəqqi insan idi, bu gün aylıq məişət cinayətləri sayına baxın, "güclü" deyib qaza gətirdiyiniz kişilərin əməllərini görəcəksiniz.

Gender bərabərliyi haqqında Azərbaycan Respublikası qanunu var, bu hansısa qrant təşkilatının oyunu deyil, bu bərabərlik qanunla təsbit olunub. Hansı güclü arqumentləri var ki, hüquqa qarşı çıxırlar?

Heyranlarından biri sual edib,

- Axı imtahanlarda ən yüksək nəticələri qızlar göstərir.

Müdrik filosof cavab verir:

- Əzbərləri güclüdür.

Emmy Noetherə universitetdə dərs deməyə icazə vermirdilər. İcazə veriləndə isə "Noether teoremi"ni kəşf etdi.

Qərbin ən yaxşı universitetlərində yüksək qiymətlərlə oxuyan qızlarımızın əzbəri güclü deyil, beyinləri güclüdür. Əzbər orda işə yaramaz.

Bir fikir irəli sürəndə düşünüb-daşınmamaq, müəyyən kütlənin küləyinə gedib layk almaq, populyar olmaq xəstəliyi artıq özünü qənaət öndəri hesab edənləri də əsir alıb.

Feodal dəyərləri bəzəyib-düzəyib fəlsəfə adı altında yenidən möhkəmləndirməklə cəmiyyətin önünə düşmək.

Bunlar inkişafa dəstək deyil, köstək olurlar.

"Güclü" kişilərin çoxluqda olduğu ölkələrə baxın, heç biri orda yaşamaq istəməz, xəyallarında Avropadır.

İndi mətbuat, televiziya və şəxsi səhifələr reytinq uğruna kütlənin çaldığına oynayır və bu heç də yaxşı tendensiya deyil.

Öz-özünə "qardaş" ləqəbi vermiş "Cəsur qardaş" adlı tiplərin səhərdən axşama qadının saçı ilə uğraşmalarından fərqsizdir neo-mollaların fəaliyyəti.

Bir dəfə bələdiyyənin, icranın işindən, qiymətlərin bahalılığından danışırlar? Yox, bunlara görə bütün problemlərin kökündə qadın-kişi bərabərliyi dayanır.

Bu ölkənin savadsız və populist psevdo-ziyalıları bəşəri dəyərlərə olan inamı sarsıtmaqla kənar təsir agentlərinə münbit zəmin hazırlayırlar. Narahat da deyillər, əsas odur ki, boş və məsuliyyətsiz danışıb zəhmətsiz populyarlıq əldə etsinlər.

# 18328 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər