Həmyerlimizin tarixi uğuru: “Qızıl şir”lə burun-buruna – Sərdar Amin yazır...   

Həmyerlimizin tarixi uğuru: “Qızıl şir”lə burun-buruna – Sərdar Amin yazır...   
30 iyul 2020
# 13:16

Venesiya Film Festivalı dünyanın ən qədim kinofestivalıdır və bu təşkilatın baş mükafatı olan “Qızıl şir” heç də “Qızıl palma budağı” və “Qızıl ayı”dan, yəni Kann və Berlin festivallarının baş mükafatından az prestijli deyil. Əksinə, bir çox nüanslarına görə digər festivallardan daha cəsarətli və yeniliklərə adekvatlığı ilə seçilir. Bu üzdən azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər” filminin Venesiya Film Festivalının əsas proqramında yer alması Azərbaycan kinosu, mədəniyyəti üçün olduqca böyük uğurdur.

Bu gün dünya kinotənqidçilərinin və milyonlarla kinosevərin dörd gözlə izlədiyi bir festivalın qısa siyahısında azərbaycanlı rejissorun adının Andrey Konçalovski, Məcid Məcidi və digər nəhəng rejissorlarla eyni sırada görmək, yəqin, hər birimizə qürur verir. Ancaq mədəniyyət daim dəstəyə və təbliğata ehtiyac duyan sahə olduğundan biz belə məqamlarda qürur duyaraq toxtamamalıyıq, hər birimiz – xüsusilə də bu sahəyə mükəlləf olan dövlət orqanları, KİV və sonda hər bir vətəndaş yüksək müstəvidə dəyər qazanmış bu filmə, rejissora dəstək verməlidir.

Minimalist filmlərilə dünyanı fəth edən rejissorlar şöhrətpərəst olmurlar, bir filmi bitirən kimi onları narahat edən başqa bir problemə hesabladıqları yeni filmə başlayırlar, onların bu fədakar ömürlərində qalan boşluqları tamaşaçı alqışları, sevgi doldurmalıdır.

Bir ay əvvəl erməni rejissorun filmi Kann festivalının analoji siyahısında yer aldıqda mətbuatımızda gündəm olmuşdu, könül istərdi ki, öz uğurumuz ictimai gündəmimizdə, heç olmasa, erməni rejissorun filminin doğurduğu sədadan daha yüksək səs salsın. Düzdür, erməni rejissorun uğurunun Azərbaycanda rezonans doğurmasının əsas səbəbi filmin Qarabağda çəkilməsi idi. Bizi qıcıqlandıran əsas səbəb Azərbaycan ərazisində çəkilmiş erməni filminin uğur qazanması olmuşdu. Ancaq elliklə bir neçə məsələyə ciddi diqqət yetirməliyik;

- Baydarovun “Səpələnmiş ölümlər” filmi erməni həmkarı Nora Martirosyanın “Külək səngiyərsə” filmindən fərqli olaraq konyunkturadan uzaqdır. Əsl kino mövzusundadır. Siyasi proseslərə bulaşmayıb.

- Baydarovun filmi Martirosyanın filmindən fərqli olaraq dövlət büdcəsindən maliyyələşməyib, sırf müəllif filmidir.

Erməni rejissorun filmi Fransanın film festivalında əsas proqrama daxil edilmişdi. Bu festivalın şəfaflığına şübhmiz minimum olsa da, nəzər almalıyıq ki, Nora fransız-erməni rejissorudur. Eyni zamanda həmin filmin istehsalçıları da Fransa-Ermənistan-Belçikadır. Bu reallıqları nəzərə aldıqda Fransa ilə sıx əlaqəsi olan bir rejissorun Kanndakı uğurunu təkcə filmin keyfiyyətinə və rejissorun bacarığına yozmaq da sadəlövhlük olar.

Baydarovun Venesiyadakı uğuru isə əsl rejissor işi sayəsindədir. Müəllif filmi çəkərək İtaliyada “Qızıl şir”lə burun-buruna duran rejissorumuz həm də bizi başqa bir səbəblə sevindirir.

Həmyerlimizin işi çağdaş dünya kinosunun ən önəmli imzalarından olan meksikalı rejissor Karlos Reyqadasın diqqətini çəkib və o, Baydarovun filminin istehsalçılarından biridir.

Belə bir məqamda diqqəti yenidən Mədəniyyət Nazirliyinə yönəltmək yerinə düşür. Ümid edək ki, nazirlikdəki son kadr islahatlarından sonra bu qurumun gənclərə rəğbəti, etimadı, etibarı yaranacaq. Düzdür, rejissorlarımız sübut edir ki, nazirliyin qatqısı olmadan da dünyanı fəth mümkündür. Ancaq bu reallıq mədəniyyət strukturlarını həm də utandırmalıdır. Axı onlar gənclərimizi konyunkturaya bulaşdırmadan müəllif layihələrinə dəstək ola bilərlər.

Unutmayaq, bu gün filmimizin Venesiya Film Festivalının A kateqoriyasında nümayişi mədəniyyətimizin, ölkəmizin əvəzsiz piarıdır. Bu işlərə milyonlarla pul xərcləyən strukturlar diqqəti dünyanın bir nömrəli mədəniyyət silahına çevrilmiş kinoya da yönəltməlidir. Filmin mövzusundan asılı olmayaraq, uğurlu tribunadan nümayiş edilməsi istehsalçı ölkə üçün böyük uğurdur.

Baydarovun filminin festivalda uğur qazanacağına ümidimizi artıran səbəblərdən biri məhz bu festivalın yeniliklərə, debüt filmlərə, gənc rejissorlara göstərdiyi xüsusi maraqdır. Bu festivalda dəfələrlə debüt filmlərin “Qran-pri”, baş mükafat aldığının şahidi olmuşuq. Başqa beynəlxalq festivallarda diqqətəlayiq uğurları olan gənc rejissorumuzun Venesiya Film Festivalının əsas siyahısındakı rəmzi sıralamadakı yerini də sona qədər qoruyacağına ümid edək.

Venesiya Film Festivalında yarışacaq filmlərin siyahısı:

“In Between Dying” Hilal Baydarov
“Le Sorelle Macaluso” Emma Dante
“The World to Come” Mona Fastvold
“Nuevo Orden” Michel Franco
“Lovers” Nicole Garcia
“Laila In Haifa” Amos Gitai
“Dear Comrades” Andrei Konchalovsky
“Wife of a Spy” Kiyoshi Kurosawa
“Sun Children” Majid Majidi
“Pieces of a Woman” Kornel Mundruczo
“Miss Marx” Susanna Nicchiarelli
“Padrenostro” Claudio Noce
“Notturno” Gianfranco Rosi
“Never Gonna Snow Again” Malgorzata Szumowska
“The Disciple” Chaitanya Tamhane
“And Tomorrow the Entire World” Julia Von Heinz
“Quo Vadis, Aida?” Jasmila Zbanic
“Nomadland” Chloe Zhao

# 5595 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #