Aygün Kazımova ilə evlənmək fikrim yoxdur

Aygün Kazımova ilə evlənmək fikrim yoxdur
24 oktyabr 2025
# 12:28

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Dünən həmişəki kimi Ramiz müəllimlə (red. Mehdiyevi demir) işdən evə qayıdırdıq. Yolboyu söhbət eləsək də, radionu asta səsdə açıq saxlayırıq. Ramiz müəllim kanalları mənə həvalə eləyib, deyir ki, mahnıları da, səsi də özün tənzimlə. Mən də tez-tez FM dalğaları ilə oynayıb kanalları dəyişirəm. Fikir vermişəm, həmişə nədənsə adam radioda tanış mahnı, bəlkə də, tanış səs axtarır. Çox vaxt tanımadığımız, gözəl mahnıların üstündən də tez keçirik.

Ancaq bir səs var... o səsi eşidəndə, mütləq əlimizi saxlayır, kanalı dəyişmirik.

O səs Aygün Kazımovanın səsidir.

Mahnını tanısan da, tanımasan da Aygünün səsi gəldisə, FM dalğasını dəyişmirsən. Qəribədir! Onun səsiylə daxili dünyamız arasında bağ yaranıb. Təkcə özümü nəzərdə tutmuram, mənə elə gəlir, bu bağı, etiraf etsə də, etməsə də, 7-dən 70-ə hamı duyur.

Ən kədərli mahnısı da, ən ritmik mahnısı da adamın ürəyinə yol tapır (hər şeyi öz adıyla çağırsaq, adama ləzzət eləyir!).

Dünən də maşının radiosundan Aygünün səsi gələndə Ramiz müəllim ilk dəfə mənə müdaxilə elədi:

– Qoy oxusun, görək nə oxuyur...

Tanıdığımız səs tanımadığımız ritmik mahnını işvəli-işvəli oxuyur və bir yerində ikimiz də gülürük:

“Məni həkimlər gözəlləşdirir,
Səni dəyişdirib salır abra!
Abra! Abra! Abrakadabra!”


İki kişi ilk dəfə eşitdiyi mahnının bu yerində gülürsə, deməli, Aygün düz deyir.

Öz-özümə fikirləşirəm ki, doğrudan da, bəzi şeylər səndə ya olur, ya da olmur.

O şeylərdən biri də gözəllikdir. O qədər estetik əməliyyatlar edən qadınlar tanıyırıq ki, nə qədər çalışsalar, yenə də gözəlləşmirlər.

Cavan-cavan qızlar görürük, iyirmi-otuz yaşında bədəni əldən düşüb, dərisi büzüşüb, əti sallanıb, yüz cərrah da birləşsə, bir şey alındıra bilməz.

Nəysə.

Söhbətimiz Aygünün gözəlliyi deyil. Gözəlliyi bir yana, insana ötürdüyü enerji fantastikdir. Gözəlliyindəki enerji, səsindəki enerji "abrakadabra" eləyib adamı özünə çəkir.

Aygünün səsini eşidib FM dalğasını, TV kanalını dəyişmiriksə, deməli, Aygünlə aramızda o bağ yaranıb. Bir sözlə, onu sevirik.

Aygün Kazımovanın neçə yaşı var, bilmirəm, heç maraqlanmaq niyyətim də yoxdur. Amma görürəm ki, bu gün gənc nəslin dilində də hitə çevrilən mahnılar onundur. Neçə-neçə gənc müğənnilər gəldi, keçdi, amma heç biri Aygünə çata bilmədi. Heç yel olub yanından da ötmədilər. Aygün isə artıq özündən sonrakı neçənci nəsil müğənniləri də yola salır.

İşində bir nömrə olmaq, yəqin, budur!

Qəribədir, Aygün Kazımova haqqında xoş söz deyəndə də, mütləq kimlərsə “səhnəyə yarıçılpaq çıxır”, “qızlarımızı korladı” kimi fikirlər səsləndirirlər.

Maraqlıdır!

Qızlarımız, qadınlarımız hansısa müğənninin səhnə geyimi ilə korlanırsa, vay bizim halımıza, vay sizin halınıza.

Onda özümüzü bütün dünyadan təcrid edək. Ki heç kimi görməyək, pozulmayaq.

Açığı, Aygün Kazımovanın nə geyindiyinin mənə nə fərqi? Onunla evlənmək fikrim yoxdur.

# 7721 dəfə oxunub

Oxşar xəbərlər

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

14:09 15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

12:00 15 dekabr 2025
Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

14:50 13 dekabr 2025
İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

12:30 13 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər