Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?
27 oktyabr 2025
# 12:00

27 oktyabr məşhur alman psixiatr və filosof Kurt Şnayderin anım günüdür.

Kulis.az bu münasibətlə xarici mediaya istinadən psixiatrın təsnifatına görə psixopat növlərini təqdim edir.

Kurt Şnayder psixopat növlərini sistemləşdirən və bu tədqiqat sahəsində önə çıxan alman həkimi, psixiatrı və filosofudur. Kurt Şnayder tərəfindən aparılmış psixopat növlərinin təsnifatı kriminologiya sahəsində klassik bir mövqe qazanıb.

O, Karl Yasperslə birlikdə Heydelberq məktəbinin aparıcı nümayəndələrindən biri sayılır. Şnayderin elmi fəaliyyəti psixopatologiya tarixində mühüm izlər buraxıb.

Heydelberq məktəbi ruhi xəstəliklər məsələsində bioloji amilləri ön plana çıxaran bir yanaşmanı müdafiə edirdi. Bu cərəyanın nümayəndələri böyük ölçüdə Emil Kraepelinin təsiri altında olublar.

Kraepelin xəstəlikləri səbəblərinə görə deyil, onların əmələgəlmə forması və simptomlarına görə təsnif edən bir psixiatr idi.

Kurt Şnayderin psixopat növləri ilə bağlı təsnifatı sonrakı illərdə psixiatriya sahəsində baş verən inkişaflara ciddi təsir göstərib. Onun yanaşmasının əsas prinsipi ondan ibarətdir ki, psixopat şəxsin davranışları “normal” hesab edilən davranışlardan qeyri-müəyyən şəkildə ayrılır. Bu baxış bucağından mövzuya yanaşdıqda, aşağıda göstərilən on fərqli psixopat növü müəyyən edilir.

1. Hipertimiklər

Birinci psixopat növü “hipertimiklər” adlanır. Bu şəxslər şən, fəal və impulsiv xarakterə malikdirlər.

Şnayder onları “qanlı-canlı, enerjili təbiətə sahib insanlar” kimi təsvir edir və bildirir ki, bu şəxslər aqressiya, saxtakarlıq, fırıldaqçılıq və xırda qayda pozuntularına meyllidirlər.

2. Depressivlər

Bu növ psixopatlar qaranlıq, bədbin ruha sahib insanlardır. Onların daxili aləmini müəyyənləşdirmək çətindir, çünki hisslərini gizlətməyə meyllidirlər.

Bəzilərində kədər və qəm üstünlük təşkil edir, digərlərində isə pis yumor hissi və ya paranoya müşahidə olunur.

Həm depressiv, həm də hipertimik şəxslər alkoqolizmə meylli olurlar. Paranoyak depressivlər isə çox duyğusuz və hissiz ola bilərlər.

3. Güvənsizlər

Bu qrupa daxil olan psixopatlar iki yerə ayrılır: həssaslar və anankastiklər.

Həssaslar asan təsirlənən, lakin duyğularını ifadə etməkdə çətinlik çəkən şəxslərdir.

Anankastiklər isə güvənsizlik hissini saplantılara çevirirlər. Bu səbəbdən sərt və qəti davranışlar nümayiş etdirirlər.

Onlar qəribə və bəzən şübhə doğuran xarakterə sahib olsalar da, cinayət törətmə ehtimalları azdır.

4. Fanatiklər

Bu tip şəxslər həddindən artıq emosional olurlar və müəyyən ideyalara hədsiz dərəcədə dəyər verirlər.

Onlar iki qrupa ayrılırlar: passiv tərəfdarlar və mübariz tərəfdarlar.

Fanatiklər, inandıqları ideyalara görə, xırda cinayətlər edə bilsələr də, əsasən sosial həyatda narahatlıq və qarşıdurma yaradırlar.

5. Dəyər görmək ehtiyacı olanlar

Bu növ psixopatların əsas xüsusiyyəti nümayişkaranəlik, təkəbbür və eqoizmdir. Özlərini və başqalarını olduğundan artıq göstərməyə çalışırlar.

Bilərək yalan danışır, öz yalanlarına da inanırlar. Duyğularını təhrif etdikləri üçün səmimi münasibətlər qura bilmirlər.

Eksentrik davranışları ilə seçilirlər; diqqət çəkmək üçün qəribə üsullardan istifadə edirlər. Özlərini “alim”, “dahi” kimi təqdim edir, xəyali layihələrlə insanları aldadırlar.

6. Dəyişkənlər

Bu psixopatlar bəzən depressiv tiplərlə qarışdırıla bilər. Onlar çox qəmgin, hətta daxili “fırtına” içində ola bilərlər, amma bu hal qəfil dəyişə bilər.

Bu tip insanlar emosional cəhətdən qeyri-sabit və çox vaxt asılı (məsələn, maddə asılılığı) olurlar. Gənclər və yaşlılar arasında daha çox rast gəlinir.

7. Partlayışlı xarakterə sahib olanlar

Bu tip psixopatlar aqressiv və zorakı davranışlara meyllidirlər. Ən kiçik səbəb belə onlarda partlayış yarada bilər. Əksəriyyəti 50 yaşdan aşağı qadınlardır.

Qaydalara və avtoritetə hörmət etməz, ətrafdakılara daimi şəkildə zərər verərlər.

İnfantil xarakterli, özünü idarə etmə qabiliyyəti zəif şəxslərdir.

8. Empatiyadan məhrum vicdansızlar

Psixopatiyanın ən tanınmış növü budur. Bu insanlar mərhəmət, utanc və günahkarlıq hisslərindən məhrumdurlar.

Onlarda vicdan inkişaf etməyib. Soyuq, məsafəli və asosial davranışlar nümayiş etdirirlər.

Cinayətə və qəddarlığa meyllidirlər, lakin bəzən bunu qanunları pozmadan həyata keçirirlər.

9. Laqeydlər

Bu tip insanlar hər cür təsirə qarşı açıq və çevikdirlər. Zahirən məsuliyyətli və məntiqli görünürlər, amma asanca istiqamət dəyişə bilirlər.

Onlar çox vaxt oğurluq, korrupsiya, dələduzluq və fahişəliklə əlaqələndirilir. Cinayəti adətən çevrələrinin təzyiqi altında törədirlər. Gənclər arasında daha çox rast gəlinir.

10. Zəiflər

Bu tip şəxslər fiziki və ruhi baxımdan zəif quruluşa malikdirlər. Özlərini daim müşahidə edirlər, lakin öz varlıqlarına yadlaşmış kimi davranırlar.

Hədsiz dərəcədə diqqətli və ehtiyatlıdırlar, çox vaxt xəyalı xəstəliklərdən əziyyət çəkirlər. Cinayət törətmə ehtimalları çox azdır, lakin tez-tez xəstəxanaya müraciət edirlər.

Kurt Şnayderin psixopat növlərinə dair bu təsnifatı bu gün üçün elmi baxımdan aktual sayılmasa da, onun yanaşmaları sonrakı araşdırmalar üçün möhkəm zəmin yaradıb.

Sonrakı dövrlərdə aparılan tədqiqatlar Şnayderin təsnifatını tamamilə rədd etməyib, sadəcə bəzi dəyişikliklər və uyğunlaşdırmalarla mövzuya yeni baxış bucaqları gətiriblər.

# 102 dəfə oxunub

Oxşar xəbərlər

Qarğabazar karvansarayı bərpa ediləcək

Qarğabazar karvansarayı bərpa ediləcək

15:15 27 oktyabr 2025
Məşhur aktrisa 100 yaşında  vəfat etdi

Məşhur aktrisa 100 yaşında vəfat etdi

15:11 27 oktyabr 2025
Erməni leytenantın arayışına görə güllələnən ilk qadın pianoçumuz kimdir?

Erməni leytenantın arayışına görə güllələnən ilk qadın pianoçumuz kimdir?

14:44 27 oktyabr 2025
“Əsəbiləşdin, get başını divara vur” - Gənc qızlar nə üçün söyüşlə danışırlar?

“Əsəbiləşdin, get başını divara vur” - Gənc qızlar nə üçün söyüşlə danışırlar?

14:10 27 oktyabr 2025
"Onu çox sevirdim, aramızda nəsə olsa idi..." - Firəngiz Mütəllimova Yaşar Nuri haqqında

"Onu çox sevirdim, aramızda nəsə olsa idi..." - Firəngiz Mütəllimova Yaşar Nuri haqqında

13:58 27 oktyabr 2025
Bu verilişə görə  MTV ilə bağlı cərimə protokolu yazıldı

Bu verilişə görə MTV ilə bağlı cərimə protokolu yazıldı

13:43 27 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər