Qızılqumda Xocalı soyuğu

Qızılqumda Xocalı soyuğu
13 mart 2019
# 13:48

Kulis.az Samirə Əşrəfin “Gizlənən əllər” yazısını təqdim edir.

Evdən çıxanda narın-narın yağan yağış qəfildən güclənib sulu qara keçdi. Təbiətdəki bu ani çevrilişlə havanın soyuması, üz-gözünü buruşdurması bir oldu. Soyuq əynimdəki qalın paltonu, onun altından geyindiyim yun jaketi heçə sayaraq qısa vaxtda bütün bədənimə nüfuz etdi. Mənə nisbətən daha qalın geyinən, gündəlik iş həyatlarını havanın temperaturuna dəqiqliklə uyğunlaşdıran insanların yanında özümü məğrur aparmağa çalışsam da “Koroğlu” metrosundan çıxanda dişlərim bir-birinə dəyib şaqqıldadı. Şaxta canımın ən isti guşələrini zəbt edir, sulu qar üz-gözümə çırpılıb yanağımda donurdu.

Qızılquma gedən marşrut təzəcə uzaqlaşmışdı. Növbəti marşrutun gəlişini gözləmək lazım gələcəkdi. Bir yerdə dayanmadan hərəkət edərək, bayaqkı titrəmənin başlanmasına mane olmağa çalışırdım. Dispetçer yaxınlıqdakı şəxsi avtomobilinə əyləşib rahatlıqla ətrafı seyr edir, bəlkə hələ içəridə hansısa radionun səhər verilişlərində keçirilən atüstü viktorinalara da qulaq asırdı. Yadıma Alp dağlarının ətəyində, Tomas Mannın “Sehrli dağ” romanında yaşayan isveçrəli Hans Kastorp düşdü. Vərəm xəstəsi olan bu gənc müalicə aldığı otağın pəncərəsindən bayırda aramsız yağan qarı isti, hər cür şəraiti olan otağından izləməkdən utanaraq hər kəsdən xəlvət qarlı havanı, boranı bir də bayırdan hiss etmək üçün xəstəxanadan uzaqlaşıb meşəyə üz tutur.

Bir az keçmiş iki oğlan və bir çəlimsiz qız da mənimlə bir dayanacağı bölüşdülər. Hər üçünün də əyni nazik idi. Amma içimizdə ən çox üşüyən yenə də mən idim.

Axırı növbəti marşrut da gəlib çıxdı. Düşənlərə imkan vermədən hoppanıb birinci oturacağa əyləşdim. İçimdəki bu üzlü çevikliyə yerimi rahatlayandan sonra heyrətləndim. Bu əyləşməkdən çox oturacağı, hətta bütün marşrutu zəbt etməyə bənzəyirdi. Sanki nə bu marşrut bir daha dayanacaq, nə sulu qar kəsəcək, nə də mən oturduğum yerdən qalxacaqdım.

Cavan, qarayanız və qaraqabaq sürücü ucuz siqaretdən çəkib vaxtın bitməsini, xəttə çıxmasını gözləyirdi. Pulyığan hardansa ona bir fincan isti çay, bir tikə evdə bişmiş piroq tapıb gətirdi. Çatacağım yerə hələ bir saatdan çox vardı. Marşrut tərpənəndə xeyli qızınsam da çiynimdəki, qollarımdakı soyuq gizilti çəkilib getməmişdi.

Yol boyu reklam lövhələrinə baxır, onların üzərinə yazılan yazıları oxuyurdum. Bakı kəndlərinə aparan yolların kənarında ən çox satılan ağac və şitillər, taxta sürahilər, it damları idi. Bir mağazanın üzərinə isə yazılmışdı: “Kilosu əlli qəpiyə təmiz torpaq satılır”. Yuxulu məmləkətin ayıq sakini kimi əlli qəpiklik elana görə çox da kədərlənmədim.

Sürücünün xəbərdarlığından beş dəqiqə sonra marşrutdan düşdüm. Yan-yörədə canlı heç nə gözə dəymirdi. Sanki tanrı buraları soyuq təbiətin ixtiyarına verərək özü də isti adalara köç etmişdi. İki yüz metrlikdə dəniz ləpələrinə oxşar nəsə kəşf etdim. Diqqətlə baxanda bir anlıq ağappaq ləpələr də buz bağladığını düşündüm. Dedim, yəqin yanılmışam, qarşımdakı dəniz yox, duz gölüdür. Amma dənizə yaxınlaşdıqca ləpələrdə yüngülcə qımıltı hiss etdim.

Xocalı məktəbinə çatıb həmsöhbətimi tapanda xeyli toxtamışdım. İlk dəfə idi ki, Xocalıdan olan insanla, xocalı adamı ilə qarşılaşırdım. 92-ci ildən bu yana qəzetlərin, jurnalların səhifələrində döşəli qalan xocalıların qana bulanmış, buz bağlamış cəsədləri yaddaşıma ömürlük zədə vurmuşdu. Xocalı məmləkətimizin Çernoblı idi.

Birmərtəbəli məktəbin qapısından içəri girəndə içəridəki ilıqlıq, dəhlizin quruluşu, qoxusu yaddaşımın ən dərin yerlərinə cırmaq atdı.

Saatlının Qıraqlı kəndi, lıqqalı, palçıqlı kənd yolları, elə bu məktəbə bənzər məktəbdə qaçqın müəllim statusunu yenicə qazanmış atamla öz dərslərinin davasına çıxan bir əli uşaqlıqdan inkişafdan qalmış, özü də qız qarımış iflicli müəllimə, soyuq, altında yel əsib yengələr oynayan kirayə otaqlar, ev sahibinin qaçqın kirayənişinlərinə gəldiyi hərbə-zorbalar hamısı bir-bir yadıma düşdü... Aradan iyirmi beş il keçmişdi. Bəs deyirdilər, həyat çox şeyi unutdurur? Bəs deyirdilər, zaman hər şeyin dərmanıdır? Ən kiçik həmlədə, bir məktəbin darısqal, soyuq otağında illərdən bəri qaysaqlanan yaraların üzü nə tez açıldı? İndi kim dindirəcəkdi ordan axan ağrıları?!

Müsahibim dərdli, yaralı şəhid bacısı danışır, danışdıqca da sanki uzun illər əvvəl 26 yaşında həyatdan getmiş qardaşına layla çalırdı: “Onun o qədər sirlərini bilirəm ki, bir gün səhərdən axşama kimi danışsam, yenə də qutarmaz. Tikdiyi evdə bircə gecə yaşamadı. Səhərlər palçıq qatıb ustaya verir, özü isə posta yollanırdı. Əgər elə tez öləcəkdisə, tanrı niyə onu o qədər əziyyətə salırdı?”

Məktəbdən çıxanda şəhid bacısı şagirdlərdən birini dayanacağa qədər mənə yoldaşlıq etmək üçün qoşdu. Qırmızıyanaq, telinə təzəcə sığal verməyə başlayan on üç yaşlı oğlan uşağı idi. Kurtkasının yaxası açıq olduğundan sulu qar sinəsinə, boynuna vururdu.

Dayanacaq deyilən hörgünün yanına çatanda oğlan məndən soruşdu: “Ora qar yağır?” (şəhərin mərkəzini nəzərdə tuturdu)

Onun uşaq sadəlövhlüyünə təəssüfləndim.

“Yox, qar nə gəzir?”

“Axı deyirdilər ora möhkəm yağacaq.”

“Yox e bura necə yağır, ora da elə. Sən də bu məktəbdə oxuyursan?”

“Hə.”

“Hansı rayondansan?”

“Kəlbəcərdən.”

“Burdakıların hamısı qaçqındır?”

“Hə.”

“Soyuq deyil sənə, üşümürsən?”

“Yox.”

“Əllərin də üşümür?”

“Nç.”

Bir, iki dəqiqəlik sükutdan sonra oğlan yenə soruşdu:

“Yəni ora heç qar yağmayıb?”

Oğlanın qar, soyuq arzusundan bir az əsəbiləşdim. Deyəsən, o da bunu hiss etdi. Səsinin ən aşağı tonunda mızıldandı:

“Deyirdilər, çoxlu qar yağacaq...”

Özü də bilmədən genetik yaddaşında, şüuraltında yer eləmiş qar havası bayaqdan daşlaşan inadımı yumşaltdı.

“Mən gələndə yağmırdı, indi bilmirəm. Yəqin yağar”

Qızaran əllərinə baxdım.

“Neynirsən qarı, onsuz da üşüyürsən.”

“Üşümürəm” - deyib əllərini arxasında gizlətdi.

Yadıma 1993-cü ildə 22 yaşında erməni tankını partladıb şəhid olan kəlbəcərli Ülfət düşdü. O da mazutdan, baxımsızlıqdan qaralmış əllərini onu kameraya çəkmək istəyən operatordan gizlətmişdi. Hansı ki, həmin əllər bizi zülümlərdən, ölümlərdən qorumuşdu. Ülfətin kameradan gizlətdiyi əllərə, bir də qarşımdakı bu uşağın bitib tükənməz qar, soyuq arzularına görə bir dəfə yox, yüz dəfə bundan da soyuq havalarda uzaq məsafələr qət etməyə dəyərdi.

Fevral, 2019

# 4174 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #