Kulis.az Mehriban Vəzirin “Yeri, yeri, kürkü yırtıq...” hekayəsini təqdim edir.
Qaşqay iri gövdəsini şappıltı ilə divana saldı. Arxası qatda yayxanıb yatağa sığmayan uzun ayaqlarını qoltuğa qaldırdı. Şil-küt olmuşdu, canı sızlayırdı.
- Dədəmizi yandırdı ə, bu kitay köpəyoğlu...
- Ata, sənə neçə dəfə deyim, kitay deyil, koreyalıdı...
- Ə, hamısı eyni çəpgözdü... kərtənkələ yeməkdən kərtənkələ kimi şütüyür, zalımoğlu... gözümü yumuram ayağımın altda, gözümü açıram təpəmdə...
Həlimə mətbəxdən oğluna səsləndi:
- İlkin, aatam, Gülzaman arvad gördü sizi gələndə?
- Gördü, ana, gördü, bayquş yenə pəncərəyə qonmuşdu...
- Ay onun yaman gözü partlasın. Min dəfə demişəm, elə girin-çıxın, görməsin...
- Neyniyək... qapıbir qonşudu da... Hardan gələk-gedək? Göynən uçaq? - deyən Qaşqay “offf” deyə ləzzətlə zarıdı.
- Göruna qurban olum e, nənəm deyirdi, yaman qonşu, yaman arvad, yaman at... birindən köç, birini boşa, birini sat...
Həlimə çiynindən asılı sol əlinin yardımı ilə sağ əlindəki kiçik sinini gətirib masaya qoydu. Sinidə hərəsi bir boyda dörd fincan vardı.
Qaşqay arvadına boylandı:
- Nədi onun adı... yadımda da qalmır... xidmətçi... gətirsin də...
- Buraxdım getdilər... dedim, sabah bazardı, gəlməyin, bağa gedəcəyik... a
Qaşqay, ata canı, getmək deyəndə canıma vic-vicə düşür, deyirəm, hansı dəlmə-deşikdən çıxıb qaçaq ki, burda Gülzamanın, orda Səlimənin, yolun başında Məsmənin mundar nəfsinə tuş gəlməyək. Görmədin, dili yanmış kəsib qabağımı nə deyir? Deyir, oğlan atasına çatıb a, boyda. Gözün ovcuna tökülsün sənin, köpək qarı. Elə o gün o sözdən ürəyimə vicvicə düşmüşdü, bilirdim bir çıxacağı var. Nələr elədim... üzərrik, atil-batil, nəzir-niyaz... olmadı... ifritənin gözü həzrət Əli qılıncından kəskindi. Kəsdi! Gənə min şükür, olan mənə oldu, uşağa olmadı. Düz yolda getdiyim yerdə, elə bil qəfil götürüb çırpdılar yerə. Nətər yıxıldımsa, biləyim iki yerdən sındı. Deee, şikəst olub qalmışam...
- Hələ o Xəlil. Bah... bah... yolumun üstünə çıxdı ha... həmin gün dəryaya getsən, dərya quruyar.
- Qaşqay, Badamdardan nə deyirlər, iş gedir?
- Sabah baş çəkməliyəm... siz gedərsiz bağa, mən sonra gələrəm...
- Niyə? Elə sabaha qalıb? Bircə gün evdəsən onu da səhər Badamdara, axşam yeyib içməyə... xeyir, elə şey yoxdu... sən aparacaqsan bizi...
- Az, nə yeyib içmək? Görmürsən pəhrizdəyəm? Bu gün bir az dəmir-dümür göndərdim Badamdara. Usta deyir, başa çatan işlər var, gəl, təhvil al...
- Heç o usta düz adama oxşamır, gör nə qədər yubantdı işi...
- Qələt eləyir. Əyri olub neyləyəcək, gözünü tökərəm. Deyir, yaya köçəcəksiz. Yubadar, pulunu kəsərəm. Sabah gedim, görüm nə yerdədi! Bu ac-yalavacları güdməkdən əldən düşdük. Rəhmətlik dədəm deyirdi: qonşunu iki inəkli istə, özün bir inəkli ol. Bilirsən niyə? Nəfsi səndə qalmasın...
- Allah dədənə rəhmət eləsin... di tələsdir... gedək iki inəklilərə qonşu olaq. Bizim bir inəyimizdə gözləri qalmasın. Başları qarışsın öz pullarını saymağa...
Atasına bənzər pərvaz boy-buxunlu İlkin gəlib kresloya yayıldı:
- Ata, dədəm o kürkü yırtığı nətər deyirdi... sən canın onu bir de...
Qaşqay ucadan güldü:
- Yeri, yeri kürkü yırtıq,
Nəyindi məndən artıq?
İtim itinə tay deyil...
Tulam da səndən artıq...
İlkin qəşş edib güldü.
- Ata, bir də de telefonuma yazım, məhlə uşaqlarına oxuyacam...
- Ə, yeri ayna...
- Gülmə ee... gör neçə ildi atan bizi itimizə tay olmayan yerdə tutub... göz-nəzərdən canımızı salamat görmürük... havayı deməyiblər: “əlim, çörəyə yetiş, yoxsul içindən siviş”
- Az, sənə əlli dəfə dedim, köçək gedək navastroykaya... neçəsi ağzıgünə durub. Oralarda heç kim heç kimi tanımır, qonşu qonşuya salam vermir...
- Xeyir, istəmirəm. Heç kimin ayaq altında olmaram. Başımın üstündə heç kəs gəzə bilməz. Mənim evim torpaq üstündə olmalıdı.
- Torpaq üstünü bəyənirsən ki? İllah ki Badamdar olsun, Badamdarın filan təpəsi yox, filan təpəsi olsun, nazirlərin, deputatların villaları olan məhlə olsun. Di, canın cıxsın, gözlə. Gülzamanla hər gün ağız ağıza gəl, bir gün ayağını, bir gün biləyini qır. Bir gün də yıxılıb kəlləni dağıdarsan...
Həlimə yüz dəfə eşitdiyi bu sözləri vecinə almadan gipsdəki əlini sığallaya-sığallaya dedi:
- Sabah elə hamımız evdən bir yerdə çıxarıq, mən də baxım... o nazirin evi var ha... bizim yolun üstündə... üç metr hasarlı... zalımın qapısı heç vaxt açıq olmur ki, adam içərini uzaqdan da olsa görmüş olsun...
- Elə bilirsən, o evdə nazir yaşayır? Elə evin əllisi var e onlarda...
Həlimə Qoşqara baş qoşmur, sabahkı planı qururdu...
- Ordan da bir yerdə bağa gedərik...
- Baxarıq...
- Nə baxarıq? Sən baxarıq dedinsə, o iş qaldı armud yetişənə...
Həlimə süfrəyə düzülmüş şirniyyatın üstündəki incə çay məhrəbasını usluca dartdı.
Qaşqay gözünün ucu ilə masaya baxıb bağırdı:
- Az, bağla onun üstünü! Yığışdır! Elə sən məni bu günə qoydun...
- Yemə, nöysünü saxla... ooğğlum – onun qadasın alım – atası ilə idmandan gəlib, yorulub, əldən, dildən düşüb, ürəyi üzülür balamın, onu yedirdəcəm. Di, yaxşı danış görək, nətər məşq elədiz bu gün, a Qaşqay?
- Halım yoxdu, Həlimə, ölürəm, elə bil döyüblər məni... anamı ağlatdı çəpgöz kərtənkələ... qoy oğlun danışsın...
- İlkin, danış, atam, Aytən sən də gəl, görək, bu ata-bala qoçaqlar bu gün neyləyiblər. Qaşqay, ata canı, bu adam səni arıxlatsa mən də bir koreyalı arvad məşqçi tapacam. Qoy məni də incəltsin...
- Ana, Kim Li söz verdi, üç aya atamı yüz kiloya salacaq...
- Üç aya iyirmi kilo? Aləm olar e, Qaşqay. Şəkərin də düşər... Şümal oğlan olarsan, ata canı... Sənin bir doxsan boyunun əsil çəkisi elə yüz kilodu...
Üst mərtəbədən uça-uça enib masanın başına kəpənək kimi qonmuş Həlimənin zərif bənzəri - dolunay üzlü, alagözlü, sarışın saçlı, on iki yaşlı Aytən qəmzə ilə üz-gözünü turşutdu:
- Yox, ata, yox! Yüz çoxdu! Doxsan kilo ol!
- Doxsana düşə bilməz, ay qız, yüz yaxşıdı, yaşı da var, boyu da var axı... ata canı, yüzdə əla olar...
- Yoox... doxsaaan...
- Qızım deyən olacax! Doxsan kilo! Söz verirəm! Offf... – deyə Qaşqay yerində bir daha dartınıb zarıyır, zarıdıqca da öz halına qəh-qəhə çəkib gülürdü...
- Ana, atam Kim Liyə üç ayın tamamında yüz kilo olarsa, onmin dollar mükafat kəsdi.
- Yox a?
- Vallah! Kim Li də şərt qoydu, məşqləri buraxma, dediyimi elə. Razılaşdılar.
Həlimə qəhqəhə çəkdi, badam gözləri alma yanaqlarının içində gizləndi:
- O koreyalı o on minə görə səni rəndələyib arıqladacaq, a Qaşqay... kefdəyik e... bu iş düzəldi...
Qaşqay yerində qurcuxub yenə dartındı, yenə boynunu qanırıb şirin-şirin ufuldadı.
- Rəndələsin görək, neyniyir, “kök arıqlayınca arığın canı çıxar”, üç aya görək bu kərtənkələnin özü nə qədər qalacaq. Həlimə, gərək gözünlə görəydin oğlun ingiliscə nətəər üyüdüb tökürdü...
- Dubayda gördüm dəə...
- Yox e... bu ingilis müəllim deyilən qədər güclü imiş... bu dəfə dil-dil ötürdü oğlun...
- De, ata canı? Onun qadasını alaram...
- Boş-boş qadamı alma e... sürücü vəsiqəsi al... söz vermisən...
- Dur da bir... gələn ay... qoy 16 yaşın tamam olsun da...
Atasına çəkmiş, lakin qara-qura, kələ-kötür atasının göyçəyi və suyuşirini olan İlkin bic-biz gülüb anasına göz vurdu...
- Ata nə söz verib?
- Nə söz ə... hələ nə yaşındı... bir oxu, işlə, qazan... sənin yaşında mən yaylaqda quzu otarırdım... çiynimdə bir yırtıq kürk, əlimdə çomaq, heybəmdə pendir-çörək. Elin o boyda sürüsünü təkbaşına bircə mənə etibar edirdilər... ermənini nəhlətə gəlsin, həsrət qaldıq yurdumuza...
- Qaşqay, o yırtıq kürkdə, əliçomaqlı, heybəsi pendir-çörəkli, bir sürü qoyunun dalında... amma bu yaşda... səni o dağlarda gözümün qabağına gətirdim... - deyə Həlimə əlini dizinə çırpıb qəh-qəhə çəkdi...
Qaşqay vərdiş elədiyi bu atmacalara məhəl qoymadı.
İlkin qaşqabağını tökmüşdü:
- Ata, sözündən qaçırsan?
- Qaçmıram. Deyirəm, biləsən dünyada nə var nə yox. Biləsən, “gətirəndə el gətirir, yel gətirir, sel gətirir. Aparanda el aparır, yel aparır, sel aparır”...
- Yaxşı, sən canın... dədən danışan nağılları xırdalama... yox bir: sim-sim qapını aç... uşaq nə bilsin nə deyirsən...
İlkinin gözləri dolmuş, yanağı allanmış, gözləri yerə dikilmişdi. Qaşqayın ürəyi dözmədi:
- Söz vermişəm, alacam. Ata sənə verdiyi hansı sözü tutmayıb?
- Heç nə bilmirəm, ona maşın alsan, mənə də alacaqsan, ata... - deyə Aytən incə çiyinlərini silkələyib quş kimi cikkildədi...
- Alacam, anam... sənə də alacam, sən bir az böyü...
- Böyümüşəm dəə...
Qaşqay qızının nazına tamaşa edir, ah-uf edə-edə uğunurdu...
Bu vaxt darvazanın zəngi çalındı.
- İlkin, gör kimdi? Südçü gəlməliydi...
- Gədə yoxdu? Adı da yadımda qalmır, ona denən baxsın kimdi...
- Dedim axı, buraxdım getdilər...
İlkin geri qayıtdı:
- Ata, səni çağırırlar.
- Kim çağırır ə, məni bu saatda?
- Bilmirəm. Tanımadım.
- Soruş gör nə istəyir?
Qaşqay dikəlmək istədi, divana sığmayan ayaqlarını qoltuqdan çəkib dizlərini qatladı, yenə ufuldayıb böyrü üstə çevrildi.
İlkin geri döndü.
- Ata, deyirlər, özü gəlsin...
- Ə, get de, atamın işi var... düdüklər... gecənin bu saatında da əl çəkmirlər... nə deyir, sənə desin, rədd olsun...
Həyətdə səs-küy qopdu, ağır çəkmələr zərblə mərmər pillələrə çırpıldı...
Hürkmüş Həlimə yerindən fırladı:
- A kişi, dur ayağa...
Qaşqay dikəldi, lakin həmin an şiddətlə vurulan qapılar taybatay açılıb divarlara çırpıldı. Şaqqıltı tavana dəyib çil-çırağı oynatdı. Boyu iki metr, iri cüssəli, qara geyimli, zəhmli adamlar göz qırpımında otağa soxuldu.
Qaşqayın dizləri vuruldu.
- Əliyev Qaşqay Məmməd oğlu! Sənsən?
- Bə.. bə...li...
Zəhmli adamlar bir-biri ilə məsafəli, ayaqlarını bir metr aralı qoyub, sinələrini irəli verib qara sütun kimi dim-dik evin ortasında durdular.
Zəhri yarılmış Həlimə onların arasından geri-geri çəkilib divara sindi. Bərəlmiş badam gözləri dəhşət saçdı. Qorxudan dili tutuldu. Aytən də hürkmüş ahu kimi yerindən sıçradı, bir anda peyda olmuş qara sütunları dolanıb anasına sığındı.
Gələnlərdən ikisi iki addıma Qaşqayın başının üstünü aldı:
- Qalx!
Qaşqay dikəldi, lakin qalxa bilmədi, ayaqları sözünə baxmadı.
- Qalx!
Qaşqay yenə cəhd etdi, amma vurulmuş dizləri ağır gövdəsinə güc gələ bilmədi.
Qaşqayı bir göz qırpımında divandan alıb qapıya tolazladılar. Qaşqay tuluq kimi şappıldayıb üzü üstdə döşəməyə düşdü. Girəcəkdəki divarboyu güzgülü asılqan zərbədən yerə çevrildi. Adamlardan biri asılqanı qaldırıb yolu açdı. Paltoların üstündə cilik-cilik parlayan güzgü parçalarını basa-basa keçib getdi. Özlərini arxadan yetirən daha iki adam Qaşqayın peysərindən yapışıb pillələrlə aşağı sürüdü. Bu əməliyyat bəlkə bir dəqiqə, uzağı iki dəqiqə çəkdi.
Aytən “Ata!”, deyib ağladı. Aytənin səsinə Həlimənin də donu açıldı:
- Kimsiz axı... nə istəyirsiz... şəkər adamdı, hara aparırsız?
İlkin anası ilə bacısının sırasında divara qısılıb qalmışdı.
Bayaqdan otağın ortasında sütun kimi hərəkətsiz duranlardan biri geri çevrilib Həliməyə baxdı. Həlimə udqunub susdu. Aytən susmurdu, ağlayır, “atamı buraxın” deyib çığırırdı. Həlimə salamat əli ilə Aytənin ağzını tutmağa çalışır, lakin susdura bilmirdi. Qız çapalayır, anasının əlini itələyir, “ata” deyib fəryad edirdi.
Zəhmli adam Aytənə fikir verməyib İlkinə sarı yeridi. İlkin bu gəlişin vahiməsindən divarın dibinə çökdü. Adam İlkini yaxalayıb quş kimi yerdən qaldırdı. Ayaqları yerdən bir qarış aralı qalmış oğlanı mıxlayacaq kimi divara dirədi. Gözlərinin içinə zillənib dedi:
- Susdur bunları!!!
Bir anda əlini İlkinin yaxasından çəkdi. İlkin tapp eləyib yerə düşdü.
Adam çevrilib qapıdan çıxdı, ayaq səsləri və baxışları otaqda qaldı.
...Darvaza vuruldu, maşın qapıları çırpıldı, hızla yerindən götürülən motorların uğultusu uzaqlaşdı...
...Otaq darmadağın idi, kreslolar fırlamış, stullar çevrilmiş, pərdələr sürüklənən Qaşqayın uzun ayaqlarına ilişib yerə tökülmüşdü. Ayaqlar altında xırdalanmış güzgü qırıntıları palaza dönmüş paltoların üstündə bərq vururdu...
Hər şey, hava belə donmuşdu...
Masadakı şirniyyat və hərəsi bir boyda dörd dolu fincan da qurulu qalmışdı...
Həlimə İlkinin çökdüyü yerə sinmiş, kürəyini oğlunun qoluna dayamışdı. Salamat əli ilə qızını oxşayır, ovutmağa çalışırdı. Sarı saçları göz yaşına islanmış dolunay qız anasının dizində hıçqırırdı. İlkin gözlərini atasının tolazlandığı kəndardan çəkə bilmirdi, zillənib qalmışdı...
...Qaşqayın ikisini professor, o biri ikisini rəis elədiyi dörd qardaşı gecəylə gəldi. Zəhləsi getdiyi ərlərini yanında işlədib yaxşı maaş verdiyi üç bacısı da tökülüşüb gəlmişdilər. Professorlar da, rəislər də məsələni dəfələrlə çək-çevir etdilər. Otaqda o baş-bu başa var-gəl etdilər. Gah oturub, gah durub baş sındırdılar. Əmin oldular ki, məsələ fidyə məsələsidi. Ya bu gecə, ya səhər xəbər çıxacaq, tələb etdikləri miqdarı deyəcəklər.
Professor rəisdən soruşdu:
- Sən bilən nə qədər istəyərlər?
- Adamına baxır da... deputatın bacısı qızı üçün yarım milyon istəmişdilər, amma o qızın atası bankir idi...
Qardaşlar gözlərini Həliməyə dikdi. Həlimə çımxırdı:
- Məndə elə pul var? Mənim bankım var? Yatırım üstdə oturmuşam? Qazancını sizin üstünüzə qoyub, hər diplomunuza ətək-ətək pul verib. Zəhmət çəkib atışarsız, qurtararsız qardaşınızı...
İki professor, iki rəis bir ağızdan səsləndi:
- Məndə pul nə gəzir?
Bacılar bu söhbətə heç girmədilər, biri o birinə dedi:
- Hamısı nəzərdi, Vallah...
- Bəs nəə... Allahın bədnəzərdən xəbəri yoxdu...
Rəis qardaşlar doğulub böyüdükləri o əski yurdlardan olan və bütün qədəmələrdə yerləşdirilən vəzifəlilərin əlçatanlarına gecəylə zəng vurdular, yenə bir şey öyrənə bilmədilər. Ən çoxbilmişləri eyni məsləhəti verdi: “Səs salmayın, polisə getməyin, sabahı gözləyin”. Onlar da fağırlaşıb sabahı gözlədilər. Qaşqayın az əvvəl yayxandığı divanda sıralanıb məzlum-məzlum oturdular.
Gecədən bəri bacı-qardaşlar gözlərini döyüb sözlü-sözlü bir-birinə baxır, fidyənin və Qaşqayın pulunun hələlik sirr olan miqdarını düşünür, xərci-borcu hesablayır, arada yuxulayır, evə getməyə üzləri gəlmir, burada qalmağın da mənasız olduğunu düşünürdülər.
- Səhəri gözləyək, görək nə olur. - dedi rəis qardaş.
- Hə, səhər bilinəcək nə qədər istəyirlər. - dedi o biri rəis qardaş.
- Amma heç kimə heç nə deməyin. - dedi professor qardaş.
- Bu sirr bu evdən çıxmasın ha... - dedi o biri professor qardaş və düşündü: “Amandı, işimdə bilməsinlər”
...Qaşqay evə səhərin sübhündə gəldi. Uşaqlar yatmışdı. Bacıları üstünə yerisə də heç birinə üz vermədi. Özünü hamama saldı. Arxasınca gələn Həliməyə dedi:
- Denən, getsinlər, hamısını yola sal çıxıb getsinlər...
Qardaşlar iş-güc səbəbi ilə elə gecədən getmişdilər.
Həlimə baldızlarına əmr tərzində dil tökdü:
- Sən Allah, gedin, inciməyin, qoy özünə gəlsin... xəbər edərəm, gələrsiz...
Bacılar onsuz da ev-eşiklərindən nigaran qalmışdılar, “hə-yox” demədən “özü salamatdı, evindədi, bəsimizdi” deyib yığışıb getdilər.
Həlimə hamamın qapısında durub gözlərini yerə dikmişdi, dodaqlarını çeynəyirdi. İçəridə ara vermədən üzə çırpılan su şappıldayırdı.
Qaşqay əlində məhrəba hamamdan çıxdı, boyun-boğazını silə-silə yataq otağına keçdi, Həlimə də ardınca.
Yatağına çökdü... çənəsi əsirdi...
Həlimə ərinin başına gələnləri söyləyəcəyini gözləyirdi.
- Dünən Badamdara göndərdiyim dəmir-dümür maşını nazirin evinin qabağından keçəndə...
Əngi sızıldadı, danışa bilmədi...
- Hə...
- Nazirin evinin borusuna dəyib...
- Hə...
- Borunu yerindən sarsıdıb...
- Həə...
- Nazirin adamlarıydı gələnlər...
- Nə istəyirdilər?
- ...
- Hara aparmışdılar səni?
- Bilmədim. Zirzəmi kimi yer idi...
Həlimə “döydülər?” demək istədi, dili gəlmədi, əslində hər şey bəlli idi.
- Ciyəriniz parçalansın sizin! Görüm, balalarınızın bağrı mənim balalarımın bağrı kimi yarılsın. Boruya görə adamın evinə elə soxularlar? Bu boyda adamı uşağın gözü qabağında elə sürüyərlər? Aparıb bu günə qoyarlar? Dərəbəylikdi?
Qaşqayın kürəyi buz bağlamışdı, üşüyürdü. Həlimə yorğanı Qaşqayın çiyninə çəkdi...
- Uzan...
- Uzanmıram... – deyib oturduğu yerdə ağır, ağrılı, yöndəmsiz hərəkətlərlə yorğana büründü.
- Xərci nə idi verərdin də... boru nədi ki... beş qatını verəydin, on qatını verəydin...
Qaşqay zirzəmidə borunun pulunu təklif etdiyi anı xatırlayıb əlləri ilə üzünü tutdu. Ənginə dəyən yumruğun acısını bir daha hiss etdi. Ovcunu ehmalca zorla açılan çənəsinə sürtdü.
“Nə?! O sözü bir də de! Sən?! Sən ha?! Sən nazirə pul verəcəksən?! Nazir sənin puluna qalıb?! Pulun çox düşüb?! Sabah bu küçüyün bütün anbarlarını möhürləyin! Var-yoxuna əl qoyun! Bunun var-yoxunu...”
Qaşqay gerisini bir də eşitməmək üçün əllərini üzündən qulaqlarına apardı, gözlərini yumdu.
Oturduğu kətilə vurulmuş təpikdən yerə çırpılmış, ağır vücudu qıvrılıb şəlpə tayası kimi beton döşəmədə qalmışdı. Başına ana-arvad söyüşü yağırdı. Zalımın ağzı çirkab, əli, ayağı od püskürürdü.
Yenə ayaqları bir metr aralı, yenə bir birindən məsafəli səpələnmiş qara sütunlar təmkinlə baxırdılar, dənizi, meşəni, səmanı seyr edir kimi...
- Pul istəmirlər? Bəs nə istəyirlər? Axırı nə oldu?
- Heç nə... dedilər... get, üzr istə...
- Demək, cəriməsini çəkmə, ancaq üzr istə. Lap yaxşı, istə də... lap mən də üzr istəyim, gedək bir yerdə nazirdən də, arvadından da, lap nökərindən də üzr istəyək. Bilə-bilə eləməmişik ki... qəzadı, denən. Sürücünün əlindən çıxan qəza. O heyvanın da də ağzının payını ver... bilsin hansı qapıdan necə keçərlər...
Qaşqay gözlərini yenə yumdu, yenə həmin zirzəmiyə düşdü: “Allaha and olsun, Quran haqqı, balalarımın ölmüşünə... bilə-bilə olmayıb”. “Ə, sən nə danışırsan? Ə, küçük, bilə-bilə neyniyə bilərsən ə, sən nazirə?”, “Ə, sən nə ... yediyini bilirsən?”
Bayaqkı zərbədən sonra Qaşqayı yaxasından tutub yerdən qaldırmış, çuval kimi fırladıb kətilə basmışdılar. Budəfəki təpik yenə kətilin ayağına, amma atəş kimi dəydi. Qaşqay kətillə birlikdə divara yapışdı. Kətilin taxtaları parçalanıb başına töküldü...
Qaşqay çiynindəki yorğana daha sıx büründü... içi-içalatı sızıldayırdı... boğazı qurumuşdu...
- İndi neyləyəcəksən?
Qaşqay “dünyadan xəbərsiz” olan Həliməyə baxırdı. Həlimə də çarəsizcə ona baxırdı. Qaşqayın yarıaçıq gözləri ölmüşdü. Cismi də gözləri ilə birgə çökmüşdü.
- Nazirin borusundan üzr istəməliyəm...
- Nədən?
- Nazirin borusundan...
- Sən nə danışırsan? Nə boru?
- Nazirin borusundan - əlini yenə ənginə apardı, dişlərini bir-birinə sürtdü - nazirin evinə gedən borudan... bizim maşının toxunduğu borudan... üzr istəməliyəm... indi, bu saat, bu dəqiqə gedib o borudan üzr istəməliyəm. Gözləyirlər...
- A kişi dəli olmusan sən? Nə boru? Boru nədi? Borudan üzr istəyərlər? Boru adamdı? Boru üzr bilir?
- Boru nazirin borusudu, Həlimə! Nazirin darvazasının üstündən keçib evinə gedən borudu. Bizim maşının toxunub yerindən oynatdığı boru nazirin borusudu, Həlimə. Başa düş. O boruya baş əyib üzr istəməliyəm, məni bağışla deməliyəm...
Həlimə gözlərini döydü...
- Köynək ver...
Həlimə yerindən tərpənmədi.
Qaşqay əlini dayaq verib yerindən qalxdı, hıqqana-hıqqana belini dikəltdi. Acı ağrılar ayağından başına ilan kimi sarılmışdı. Dolabdan asılmış saysız-hesabsız köynəyin üzünə belə baxmadan tünd birini aldı. Zorla əyninə çəkdi. Otaqdan çıxdı.
Qapının arxasında durub ata-anasını dinləyən Aytən kəpənək kimi sıçrayıb ən yaxın səmtə - qardaşının yataq otağına atıldı, qapını çəkdi. Səsə İlkin oyandı...
- İlkin atam gəldi.
- Həə... - İlkin yerindən sıçradı.
- Durma, evdə yoxdu, yenə getdi...
- Hara?
- Getdi nazirin borusundan üzr istəməyə...
İlkin yatağında oturub yuxulu-yuxulu bacısına baxdı. Nə dediyini anlamadı...
...Qaşqay qırıq güzgülü asılqandan incə dərili, Kim Liyə vəd etdiyi mükafatdan baha aldığı kürkü götürüb əyninə keçirdi, həyətə çıxdı.
Həlimə arxadan Qaşqayın şalvarının sökük balaqlarına, süzülmüş tikiş yerlərinə, dərisi neçə yerdən yırtılıb dovşan qulağı kimi sallanan kürkünə baxırdı.
Bu an Qaşqayın gecəki şaqraq səsi Həlimənin beynində şimşək kimi çaxıb keçdi:
- Yeri, yeri kürkü yırtıq...