Müxalifət qəzetlərinin manqal yelpiyinə çevrilməsi - Gənc yazar Həmid Herisçinin şeirindən yazdı...

Müxalifət qəzetlərinin manqal yelpiyinə çevrilməsi - Gənc yazar Həmid Herisçinin şeirindən yazdı...
12 may 2020
# 14:21

Kulis.az Elşən Mehdinin çağdaş Azərbaycan poeziyasında xüsusi yeri olan 3 şeir haqqında silsilə yazılarını təqdim edir. İlk yazı Həmid Herisçinin "Mehdi Hüseynzadənin sonu" şeiri haqqındadır.

Poeziyaya hər yeni baxış, yeni bədii rəy həm də şeirə növbəti tərif vermə cəhdidir. Biz hər yazıya fərqli və dəyişilmiş gözlə baxdığımız üçün bəzən mətnlərin alt qatı nəzərimizdən kənarda qala bilmir. Hisslərin görünən dünyadakı əksi yuxu kimi tərsinə yozuma da çevrilir. Deyəsən, bu təhtəlşüurun həqiqəti etirafından qaçmağa çalışdığı üçün belə olur.

Bu yaz...
bu yaz mən heç kimi
sevmədim...
heç kimi...
hətta 1 milyon reyxsmarkalıq
öz kəlləmi,
mənə qəhbə gətirmiş bu xoş gecəmi,
"mersedes"imin yan güzgüsündən gördüklərimi,
neynim, daha sevmədim,
Ancelikamı da Triyestin çirkab sularına
itələdim...

Müxalifət qəzetlərinin
manqal yelpiyinə çevrildiyini,
silahdaşlarımın xəyanətə meyilləndiyini,
Mazellinin əsayla öz şlyapasını düzəltdiyi an
güllələndiyini
görüb
azcana gülümsədim...
bu yaz mən heç kimi,
hətta yaralarımı sarmış qoca həkimi,
Ancelikaya soxuşdurduğum yalançı
həyat hekayətimi
sevmədim...
Üzərində "Axtarışdadır!"yazılmış
öz şəkillərimə bütün öz qara kölgələrimlə birgə
axır ki, tam bənzədim...
Kimsəni daha sevmədim...

Cəhənnəmə aid
qanlı meyid-canlı meyid,
dilçilərin aşkarlamadığı
qalın samit,
incə sait
səslər,
yad nəfəslər,
işkəncə otağına gedən
uzun dəhlizlər,
yordu məni...
100 minlik ordu məni
axtarır, tapa bilmir...
Dünyanı partladıram,
restoranlar, kinoteatrlar silkələnir...
Ancaq axırda gəlib dirənir,
bu işlər bircə cümləyə -
- bu yaz mən heç kimi sevmədim...

həə... demək, indi mən gərək
lap dərindən fikirləşim,
Vasilislə, Ancelikayla çopur qayalara
söykənim...
ləpələrin tərcüməsində,
kölgələrin cütləşməsində,
qara çəkmələrimin şər sifətində
indi hekayətimi eşidin...

hə, məndə birləşmişdi
Həm İmam Mehdi, həm də İmam Hüseyn...
demişdi bunu mənə, hə, bir madumazel qadın-fröylen,
ancaq mən kimsəni sevməmişdim bu yaz...
demək, nə qədər hoqqabaz, kəndirbaz
olsam da, öz qara əlcəyini atmışdı mənə
həyatın özü...
Triyestin küçələrindəki pişiklərin şeytan gözü...

Triyest qazanxanalarının boz tüstüsü,
göyə qalxmağı bacarmır...
SS-çilərin mersedesi yolunu azır,
bir an
şəhərin ən oğraş mənzərələrini işıqlandırır...
Axırda məni tapır...
gözlərim bir cümlə yazır-
- "bu yaz mən heç kimi sevmədim, inan!"...
Gülləbaran başlanır bundan sonra, Ancelika,
gülləbaran...

Bəzi misralar var ki, özü bütöv bir şeirdir - ya da kompozisiyanın ana xətti, mənbəyi. Poeziyamızda buna misal olaraq Qismətin “Yağış səhərəcən yağsın şəhərə”, Ramiz Rövşənin “Yenə bu şəhərdə üz-üzə gədik”, Ramiz Qusarçaylının “Mən kənddən çıxanda gecə yarıydı”, Adil Mirseyidin “Bir gecə oyandım yağış səsinə”, Aqşin Yeniseyin “Səhər günəş qonşu kənddən ucalar” kimi misralarını misal çəkmək olar. Bu, bir misra ilə bütöv bir şeirə fon yaratmaq ustalığıdır. Hərdən mənə elə gəlir ki, hətta bu növ misralar şeir üçün gələn yeganə ilhamdır, qalan misralar isə onun kölgəsi. Yaxud o misra lokomotiv kimi bütün şeiri izinə salıb aparır. Həmid Herisçinin bu şeirinin ilk misrası məhz belə misralardandır.

Mən bu yaz heç kimi sevmədim...

Dünya müharibəsi, kəlləsinə o dövr üçün çox böyük məbləğdə pul qoyulan, almanların kabusuna çevrilmiş istedadlı döyüşçü...

Hə, döyüşçü. İndi düşünün, gözəl bir Berlin sabahı, yaz, gənc və yaraşıqlı rəssam... Amma bu yaz heç kimi sevməyib...

Buradakı sevgi həm kişi-qadın sevgisi, həm də bəşəri sevgidir. Şeirin böyüklüyü dünyanın düzənini dəyişən dəhşətli müharibənin fonunda gənc döyüşçünün sevib-sevilmək arzusunun bu savaşdan vacib olduğunu göstərmək bacarığıdır. Və siz şeirin qalan hissəsini də ilk misranın pıçıltıları altında oxuya bilərsiz.

Şair hər dəfə müharibənin amansızlığını və lazımsızlığını ustaca göstərib yenidən bizi mən bu yaz heç kimi sevmədim misrasına qaytarır. Bəlkə də şeir özü ora qayıdır. Hər yeni dalğadan sonra hər şey rəssamın sevmək arzusunun yanında puç qalır.

Müxalifət qəzetlərinin manqal yelpiyinə çevrilməsi - məğlubluğun və lazımsızlığın portreti...

Silahdaşlarımın xəyanətə meyilləndiyini

Mazelinin əsasıyla öz şlyapasını düzəltdiyi an

güllələndiyini görüb

azcana gülümsədim..

bu yaz mən heç kimi sevmədim.

hətta yaralarımı sarımış qoca həkimi...

Müharibə o qədər dəhşətlidir ki, insan öz təbibini belə sevməyə bilərmiş. Sən demə, yaşamaqdan da vacib şeylər varmış.

Digər böyük əsərlər kimi bu şeir də insan taleyinin, həyatın mərkəzi olduğunu göstərir. Şeirin digər qisminin isə yozuma ehtiyacı olmadığını düşünüb sizi bu yaz heç kimi sevməyən rəssamla baş-başa buraxıram.

İkinci yazı...

# 3856 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #