Məmurun ölümü - Ömər Xəyyamın hekayəsi

Məmurun ölümü - Ömər Xəyyamın hekayəsi
27 noyabr 2017
# 15:15

Kulis.az Ömər Xəyyamın "Məmurun ölümü" hekayəsini təqdim edir.

Ümumi şöbədə üç nəfər işləyirdi. Həmkarları müzakirə eləyəndə, xüsusən də, bu söhbətlər pıçıltı ilə gedəndə, Bayramovun sifəti tutulur, gözləri bərəlir, qulaqları şəklənirdi. Elə ki, pıçıltıdan bir şey qanmadı, onda qəzetin vərəqlərini tez-tez çevirməyə başlayırdı, söhbət uzandıqca, vərəqlərin xışıltısı klaviaturanın tıqqıltısına qarışır, əsəblə içdiyi çay boyun-boğazından köynəyinin boyunluğuna axırdı. Dodaqaltı söylənməyi tuturdu.

Bayramov o qədər də quru adam deyildi. Sən onu gözünə hallı-əhvallı, yastı-yumru bir qadın dəyəndə görəydin. Pah! Qəfil klaviatura susar, qapqara yoğun qaşlarının altındakı şabalıdı gözləri böyüyər, nazik qırmızı dodaqları qaçardı. Sonra əlini kəkilinə çəkər, saçlarını səliqəyə salardı.

Elə bilirdi ki, onsuz dünyanın işi getməz, planet cızığından çıxar, daş üstündə daş qalmaz.

Bayramov qəzetdəki şəkil məsələsindən iki gün sonra duyuq düşdü ki, yarım saatdır, Səməd otaqda yoxdur. Otaqları bir-bir gəzdi, mətbəxə göz atdı, cəsarətini toplayıb sədrin otağınacan yeridi, fəqət qapını döyməyə ürək eləmədi.

“Yox, sədr illərdir idarə üçün can qoyan, işini həyatının mənasına çevirən Bayramovu Səmədin sözüylə yerindən eləməz!” - canına rahatlıq yayıldı.

Pilləkənin başında quşqulandı: Bəlkə, Səmədin dünən udqunub gizlətdiyi kağız elə Bayramovun yerinə gəlmək üçün yazdığı ərizəydi? İndi də ərizəsini götürüb, gəlib sədrin qəbuluna? Sonra xatırladı... Keçən həftə Səməd idarənin mətbəxində Bayramova kinayəli şəkildə demişdi ki, qiyamət işçisən, sən olmasan, idarənin hesab-kitabı dolaşar. Bayramov əvvəl təvazökarlıq eləmişdi, sonra yaman əsəbiləşmişdi:

- Siz allah, bu qədər tərifləməyin, mən də sizin kimi bir işçiyəm.

Sonra bir-bir yoldaşlarına baxmışdı, gözləmişdi, gözləmişdi, heç kimdən səs çıxmayınca, birbaşa evə yollanmışdı, amma yata bilməmişdi.

Bu haman Səməddi ki, şəkli bir həftədir, qəzetlərin birinci səhifəsində, özü indi gülə-gülə sədrin otağından çıxır...

Bu haman Səməddi ki, Bayramov onun sözlərindən sonra səhərə qədər yata bilməmişdi: “Dediyi sözə bax, bizim idarənin sənsiz işi keçməz! Verdiyi tərifə bax! Məndən bacarıqlı mühasib göstərsin, görək. Neçə hesabat bağlamışam, neçə balans sıfırlamışam. Bəlkə, qarnım böyükdü? Yoxsa boyuma görə?

*****

Səməd başıyla salam verib gülümsədi:

– Necəsən, cənab mühasib? Gözümə birtəhər dəyirsən.

– Sənin gözün yaxşı görmür, mən heç təhər deyiləm. Elə həmin Bayramovam!

Bayramova bu söz bir həftə bəs idi. Kağız-kuğuzunu da yığıb özünü saldı evə. Güzgünün qabağından çəkilmədi, öndən baxdı özünə, arxadan baxdı özünə, dodağının altında mızıldandı: “Mənə nə olub, çox şükür, rəngim-ruhum üstümdə, üzüm qırışmayıb, gözüm çuxura düşməyib. Necə yəni gözümə birtəhər dəyirsən? Bir az qarnım çıxıb, bir az da saçıma dən düşüb. Vaxtından qabaq saçımın ağarmağını da gözləri götürmür. Müdrik adamam, bəs necə olsun?”

Bayramov səhəri dirigözlü açdı. Hələ heç kəs işə gəlməmiş, qapını kəsdi. Özünü şən göstərməyə, düşməni yandırmağa çalışdı. Kefinin kök olduğunu görən iş yoldaşlarından biri:

– Yenə kefin ala buluddadı, xeyir ola, Bayramov? – dedi.

– Bunu da özünüzə dərd eləyirsiz? Niyə mənim gülməyim sizin başınıza daş salır? Nə vaxt kefim pis olub ki? Niyə məni görəndə ürəyiniz daralır?

Yoldaşının qabağını kəsdi:

– Niyə də, niyə, bax niyə?

– Burda nə var ki?! Yoldaşıq, sən güləndə biz də şad oluruq.

– Axı mən güləndə niyə şad olursunuz?

– Bəs nə? Nə olub axı sənə?

- Çünki mənim gülməyim sizə dərd olur…

– Günah özündədi. Hər şeyi pisə yozursan, hər şeyi ürəyinə salırsan.

– Bax, ona görə yanıram da! Günahı boynuma qoyub, məni dəli eləyirsiz. Bu idarədə mənim dostum yoxdu, hamınız dələduz, hamınız kələkbazsınız!

– Sənin bir adama ürəyin yatır ki? – yoldaşı gözlərini bərəldib soruşdu: – Deməli, hamımız kələkbazıq, hamımız dələduzuq, hə? Bir sən süddənçıxmış ağ qaşıqsan.

Bayramov sonradan sözünün mənasını ölçüb-biçdi, bütün otaqları, mərtəbələri gəzdi ki, yoldaşını tapıb üzrxahlıq eləsin.

Üst mərtəbəyə çatanda gördü ki, yoldaşı əlində kağız sədrin otağına girir..: “Yəqin, şikayət ərizəsi yazıb, elə indicə sədr məni çağırıb qovacaq…”

İçindən qatar keçdi, ixtiyarsız Səmədi xatırladı: …onun kreslosunda oturub, qabağında pürrəngi çay, idarənin hesabat işləriylə məşğuldu. Başının üstündə də yekə bir tərifnamə.

Sədri ağlına gətirdimi, əlləri ixtiyarsız qalstukuna qalxırdı, tezcə üst-başını səliqəyə salırdı.

*****

Bir bahar ertəsi Bayramov naxoşladı. Gecəni narahat yatmışdı, ürəyi tez-tez sancırdı, yeməkdən-içməkdən iyrənirdi…

…Orta yaşlı, əndamlı həkim kiçik çəkiclə qol-qıçının bəndlərini döyəclədi. Sonra da: - Hmm, aydındı, – deyib əlüzyuyanın qabağına keçdi.

Bayramovun ağrısı-acısı yadından çıxmışdı… Həkimin əllərini yuduqca silkələnən əndamına zillənib dalbadal soruşdu:

– Həkim, mənə nə olub? Deyin görək, xəstəliyim ağırdı? Yoxsa halım xarabdı? Niyə dillənmirsiz?

Otaqdakı hər şeyə nəzər saldı, hər şeyi qurdaladı, götürdü, baxdı, iylədi, bəzilərinə dilini də vurdu. Həkim arxayınca əlini yuyub qurtardı. Stol arxasına keçib nəsə yazmağa başladı.

Bayramovun fikrini həkimin toppuş əlləri, xalatının açıq yaxasından görünən ağ sinəsi, ətli buxağı məşğul eləsə də, içindəki şübhə bu xoş mənzərəni onun canına haram eləyirdi.

– Nə iynə-dərman lazımdısa, bura yazmışam, gərək vaxt itirmədən müalicəyə başlayasız.

– Axı bunlar nə üçündü? Mənim dərdim nədi?

– Əsəbləriniz yerində deyil, – həkim sakitcə cavab verdi.

Hirsi başına vurmadımı Bayramovun, vurdu, yerindən durdu, əli ixtiyarsız döş cibinə - portmanatına uzandı, barmaqlarının ucu iş vəsiqəsinə toxunan kimi rahatlaşdı:

– Sizi kim öyrədib? Hər gün sədrin yanına girən uşaq-muşağın işidi. Sizi öyrədiblər ki, mənə belə diaqnoz qoyub, işdən qovdurasız?! Heç vaxt, heç vaxt! Mən buna imkan vermərəm! Heç bilirsiz, mən kiməm?! Bilirsiz, cənab sədr xətrimi necə istəyir?!

Sözləri toxunsa da, həkim çox əhəmiyyət vermədi, hətta Bayramovun alovlu monoloquna güldü də.

– Məni ələ salırsız? – əlini döş cibinə saldı, – görərsiz!

Daha həkimin sözünü gözləmədi, qapını çırpıb çıxdı.

Birinci, dəhlizində var-gəl elədi, sonra bütün qapıları bir-bir açıb başını içəri saldı, heç kəsə heç nə demədən baxıb çəkildi.

Baxırdı görsün ki, iş yoldaşlarından bura gələn varmı…

Yenə hirsi soyumadı, təzədən həkimin otağına qalxdı:

– Mənim dəli olduğumu kim deyib sizə?! Birdəncə gözü masanın üstündəki kitaba sataşdı: “Məmurun ölümü”. Elə bil, kimsə içinə daş atdı, zaman qurbağa kimi dibə çəkildi; təsadüf, yoxsa işarə?

Bayramov “Məmurun ölümü”nə baxa-baxa nələr düşündü..? Lap əvvələ qayıtdı, Səmədin sədrlə şəklini gördü, yoldaşlarının Bayramovu işdən çıxartdırıb Səmədi onun yerinə gətirtmək barədə pıçıltısını eşitdi…

- Mən həkiməm, baxan kimi dərdinizi bilirəm.

– Mən dəliyəm, hə? Sizi öyrədən var…

– Qorxmayın, vəziyyətiniz bir o qədər ağır deyil, vaxtlı-vaxtında müalicə...

Bayramov həkimin sözünü kəsdi:

– Düzünü deyin, bizim işdən kim gəlmişdi yanınıza?

– İnanın, mən sizin iş yoldaşlarınızdan heç kimi tanımıram. Harda işlədiyinizi də bilmirəm!

– Bu kitab nədi bəs? Məmurun ölümü! Yox bir…

– Rus yazıçısıdı, - Çexov.

Həkimin səmimi baxışı Bayramovun ürəyini yumşaltdı:

– Onda sözlərimi ürəyinizə salmayın, siz Allah, vallah mən elə də pis adam deyiləm…

Bayramov həkimin otağından narazı çıxdı: “Çexov, yox bir Çexol! Bilirəm, hamısı onların işidir, bunu da təşkil eləyiblər. Arvada bax, həkimsən, otur reseptini yaz, kitab oxuyan çıxıb!

Yol ayrıcında dayandı: işəmi getsin, evəmi? Ağlına gəldi ki, təcili idarəyə getməlidir! Bəlkə, doğrudan da, həkimi onun kreslosuna göz dikmiş Səməd öyrədib? Yox, idarəyə getməlidir, yerini yiyəsiz qoya bilməz!

Ümumi şöbənin qapısını açanda gördü ki, Səməd qulağında telefon, əlində kağız-kuğuz onun iş stolunun arxasında dayanıb.

Başına daş düşdü. Huşunu itirdi…

*****

…Bayramov üç aydır ki, ruhi-əsəb dispanserində yatır. Otaq yoldaşı hərdən yerinin içində oturub hansısa əsərin bir hissəsini əzbərdən deyir, sonra özünü təqdim edir: - Mənim adım Çexovdur, yazıçıyam… Bayramov əsəbiləşir: - Səni öyrədiblər, yalan deyirsən, elə yazıçı yoxdur!

# 2607 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #