Görünməyən mötərizələr – Fərid Hüseyn Salam Sarvanı tənqid etdi

Görünməyən mötərizələr – Fərid Hüseyn Salam Sarvanı tənqid etdi
23 fevral 2021
# 15:14

Kulis.az saytında yaradıcılığını A-dan Z-yə izlədiyim Salam Sarvanın son şeir silsiləsini diqqətlə oxudum. Günümüzün Azərbaycanında şeir adı gələndə ilk ağla gələn yaxşı şairlərimizdən birinin – Salam Sarvanın bu qədər “eninə mürəkkəb” şeirlər yazması, zənnimcə, arzuolunmazdır.

Sanki bu şeirlər silsiləsi sadəcə gözümüzün alışdığı forma baxımından şeirdir.

Salam müəllim əgər hamıya bəlli şeirlərində əvvəllər absurd vəziyyəti adiləşdirirdisə, yaxud əksinə yol seçirdisə, bu şeirlərində tamam başqa yol seçib. Ki, ona da əgər yol demək mümkündürsə...

Poetik düşüncə tərzi və forması, əslində, “xoşməramlı maneə”dir. Yəni, şair düşündükləri gəlib o maneədən, formadan keçib bədii nümunə - şeir olur. Düşüncələrimiz müstəqim halda isə sadəcə fikirlər toplusudur. Bu fərq, həm də yazı ilə ədəbiyyatın arasındakı fərq deməkdir.

No description available.

Bu şeirlər silsiləsi göstərir ki, sanki Salam müəllimin içərisindəki yuxarıda qeyd etdiyim həmin “sənət maneəsi” daha yoxdur, O, şair kimi qəlbində formalaşan fikirləri sanki şeir formasında şərh edir. Bu şeirlər uzun-gödək sətirləri ilə filoloji tərcüməni xatırladır. Salam daha əvvəl yazdıqları ilə də sübut edib ki, şair fikrin şərhçisi yox, yaradıcısıdır.

S.Sarvanın sərbəst şeirləri qulaq qafiyələri ilə zəngin, harmoniyaya can atan, ritmi əldən verməməyə çalışan poetik nümunələr idi. Onlara tam mənada sərbəst desək, ağzımız əyilər. Salam “öz boşqabınd”a nə qədər ustadırsa, bu tipli “açıq verlibri” xatırladan şeirlərində “həvəsnamə” müəllifidir.

Hikmətli, dini kitablarda qəsd edilən fikir işarə ilə qeyd ediləndə, mötərizə açıb qarşısında çatdırılmaq istəyən mənanı açıq yazırlar ki, oxucunun səhv yozumuna imkan yaratmasınlar. Sanki S.Sarvanın bu şeirləri görünməz mötərizələrlə doludur. Az qala onun qəsd etdiyi məna özü üçün belə aydın deyil deyə, elə bil şeirdəki ideyalar müəllifin əlinə-ayağına dolaşır.

Poeziya tərəddüdləri şərh etmək üçün olan “məkan deyil, tərəddüdü təqdim edildiyi məkandır: “Bəs gecə haradan girir qaranlıq, / gündüz gün işığı girməyən evə?”dir. Salam indiki poetik təfəkkürü ilə yuxarıda nümunə gətirilən misraları fizik kimi yazardı, şair kimi yox. Şairin başı onun ideyalarından qoz qabığının içindəki qurd kimi şişməməlidir, ya mövcud cavabları açıq qoymalısan, ya da heç olmasa birini seçməlisən. Şeir fəlsəfədən fərqli olaraq “hər şeyi özündə barındırmaq” missiyasına iddialı deyil

Diqqətdən yayınmır ki, bir zamanlar özündən sonrakıları “söz oyunu axarına tullayan”, təsirləndirən Salam müəllim, sanki indi özü ədəbi mühitin təsiri, ab-havası altında şeirlər yazır. Haqqında danışdığım şeir silsiləsinin hissələrə bölünməsinə də fikir verdim, bu fraqmentarlıq qətiyyən fikrin tamamlanması, yeni düşüncənin başlaması təsiri bağışlamadı. Sanki fikir yarı yolda təngnəfəs olur və daha mənaya çatmağa heyi qalmır. Və şair amansızlıq əlindən yeni fikrə keçir.

Salam müəllimə sayğılarla...

# 5745 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #