Kulis.az gənc yazar Orxan Həsəninin “Azərbaycan ədəbiyyatının ən naşı klassiki” essesini təqdim edir.
O vaxtlar itlərin necə əzab çəkdiyini bütün hüceyrələrimlə hiss edirdim.
Seymur Baycan, “Puqaçov üsyanı” hekayəsi
Ayağının altında qalıb cırıq-cırıq olduğumuz yay günlərin birində Rasim Qaraca ilə Natəvan heykəlinin kölgəsində görüşüb Seymur Baycan haqqında xeyli söhbətləşdik. Qorabişirən Bakı istisi əhvalımızı dondurma kimi əridirdi. Mən əyalət həyatının yeknəsəkliyində ağlıma yük olan düşüncələri arxayın-arxayın üyüdür, Rasimin yaşına dirsək göstərən canlı, qıvraq gözlərinin diqqətinə sunurdum və arada boynumu tank lüləsi kimi ehtiyatla çevirib keçən insan selini tuşqulayırdım, kədərlə tanış sifət axtarırdım və içimdə deyirdim: “Gözəl Bakı”.
Rasim Qaraca ədəbi mühitdə əlimi çiyninə çəkib and içəcəyim tək-tük adamlardandır. Söyüş söyməyi, and içməkdən çox sevsəm də, hər zaman işimin düyün olması ehtimalına sinə qabardan bu dörd sözü cibimdə tək güllə kimi saxlayıram:
– O Rasim Qaraca Haqqı.
– Hə, onda inandım.
Həm bənzərsiz xarakteri, həm də müstəsna yaradıcılığı ilə könül mülkümdə buzdan taxt quran Rasim Qaracanın isti hisləri soyuq cümlələrə sıxıb bilərzik etməyi, yəqin edirəm, təsadüf deyil. Bəli, buna görə, Natəvan heykəlinin kölgəsindən çıxıb axar su kimi gəlib keçən adamlara qoşulduq, düşdük bulvara və Seymur Baycan haqqında təsadüfi söhbət dərinləşdi. Əslində, lap əvvəldən Rasim Qaraca ilə söhbətimizin kələfi uzanıb Seymurun boynuna keçəndə mən hiss elədim ki, onun haqqında illər uzunu içimdə yığılıb qalan bir topa hiss, düşüncə yığını var və yəqin, mən bu yığını günün birində özümə etiraf etməliyəm, necə deyərlər, tökməliyəm ətəyimin daşını.
Yenə ayağının altında qalıb cırıq-cırıq olduğumuz yaxın günlərdə Seymur Baycan ətrafında qollu-budaqlı polemika yarandı.
Kimlər qoşulmadı bu səs-küyə?
Kimlərin səsi eşidilmədi bu quyudan?
Seymur Baycanın hisləri və həyatı ilə gəlib çatdığı irrasional həqiqət nəzəriyyələrin top atəşinə tutuldu, dörd cəbhədən ildırımsürətli hücuma məruz qaldı, yeni cəbhələr yarıldı, yeni cəbhələr yarandı, ancaq neynək ki, Seymurun hisləri və həyatı ilə gəlib çıxdığı irrasional həqiqət qol götürmədi bu işdən, dizlərini yerə vurmadı, zərbələrə dözüm gətirdi və illah hər atəşi sinəsində yumşaldıb lapdan bərkidi.
Düzü, Seymurun hisləri və həyatı ilə gəlib çıxdığı irrasional həqiqətlər o qədər mücərrəd idi ki, hərdən-hərdən obyektlər duman içində itir, sonra hər şey ağaran səhər kimi gecəni soyunurdu, aha, bildim, deyirdim, ancaq sonra qaranlıq boy verirdi, yenə eyni hamam, eyni tas məsəli yerində döyükürdü. Döyüş davam etdikcə, Seymurun qıcıq doğuran müştəbehliyi ya qınandı, ya da dodaqda quru bir təbəssüm olub keçdi və oxuyanların əhvalını oxşadı.
Sağ-solumu çipsi və günəbaxan tumları ilə doldurub, izlədiyim qaydasız döyüş bədii həqiqət ilə aramdakı məsafəyə əl dəymədi, düzü, mənə heç nə qatmadı, yəni, çəkimdə bir dəyişmədən söhbət gedə bilməz, ancaq hər zaman həvəsində olduğum ideyaların döyüşünü gördüyüm üçün sevindim, əziz oxucular, az qala gözlərim yaşarsın bu işdən ki, mən nə bəxtiyar adamam sağ-solumu çipsi və günəbaxan tumları ilə doldurub bir-birini əvəz edən ədəbiyyat söhbətlərini izləyirəm. Əlbət, burda faş olan qutulardan biri də Seymur Baycan xarakteri idi ki, gözlərimi yaşardan, məni duyğu dənizində ləngərləyən söhbətlər təsəvvürümdəki Seymur Baycan ipinə xeyli odun yığdı.
Mən Seymur Baycanı dostum Ayxan Ayvazın onun haqqında uzun mühazirələrindən lap əvvəl, məktəb illərindən tanıyıram. Təxmin edirəm, altıncı sinifdə oxuyurdum.
İl 2011.
Payız.
2011-ci ilin qara buludlarla fon almış payız günü ədəbiyyat dərsindən qaçıb məktəbimizin yaxınlığında azdırılan küçük balaları ilə oynayırdım, təzəlikcə çəkməyə başladığım siqareti acgözlüklə dartırdım. Sinif yoldaşlarım ilə aram yoxdu, çox zaman tək dolaşırdım. Küçüklər çox şirin idilər. Mənə elə gəlirdi, onlar mənim olsaydı, evə aparsaydım və atamdan icazə alıb taxtadan yuva düzəltsəydim, heç vaxt azdırmazdım. Sayları dörd idi. Hamısı da boz rəngdə. Adları da bir idi: Bozdar!
Məktəbdən xeyli aralıda arxın içində yuva düzəltmişdim. Görüş zamanı çıxarıb gəzdirirdim, yemləyirdim. Kağıza büküb gətirdiyim kolbasa dilimləri çatmayanda bərk darıxırdım, fikirlərim haçalanırdı, düşünürdüm ki, hər halda küçüklər mənim olsa, azından birini azdıra bilərəm. Nə olar? Heç nə. Əlbəttə, kolbasa çatsaydı, belə düşünməzdim. Çünki o kolbasadan mən də yeyirdim.
Elə bu məqamda kiçik, sakit məbədi xatırladan məktəbimizə hay düşdü ki, bəs Bakıdan qonaqlar gəlib. Küçükləri məktəbin yaxınlığındaca bir-birinə tapşırıb koridora yüyürdüm. Yüyürdüm ki, görüm nə həngamədir, sonra yenə qayıdaram və onları aparıb yuvalarına qoyaram, yemləyərəm. Ədəbiyyat müəllimimiz koridorda məni görən kimi qaşlarını düyünlədi:
– Yenə ora getmişdin? – qəzəblə dedi. Mərmər kimi düz və parlaq barmaqları qulağımı buranda utandım.
Şagirdlər müəllimlərin ağaran gözlərindən qorxub uzun sıra düzəltmişdilər, geniş zala doluşurdular. Sıraya qoşuldum, itələşə-itələşə zala daxil oldum. Qonaqlar “Təkamül nəzəriyyəsi”ndən mühazirə söyləmək üçün uzun yol qət etmişdilər. Niyyət əyalət şagirdlərini elmi-pozitivizm ilə tanış etmək, onların həyatı, insanı, zamanı geniş çərçivədə qavramalarına köməklik göstərməkdi. O vaxt yolların uzunluğu haqqında heç bir təsəvvürüm yox idi. Rayon nədir, hətta qaçqın qəsəbəmizdən də kənara çıxmamışdım və elə bilirdim, həyat elə yaşadığım yerdən ibarətdir.
Bu vaxt bayırda yağış başladı. Küçüklərə görə narahat qaldım və düşündüm ki, əgər o küçüklər mənim olsaydı, qətiyyən kolbasa problemim olmazdı!
Bakıdan gələn qonaqlardan biri yağışın yağmasını görüb digərinə söylədi:
– Necə rəngsiz yağışdı. Lap Seymur Baycanın hekayələrindəki kimi...
Mən qara-qara yağışın altında qalan “dostlarım” haqqında düşünürdüm. Pəncərədən şimşək çaxdığını, şaqqıltının ağacları qorxudub əsdirdiyini görürdüm. Onlar da qorxurdu – dostlarım! Ədəbiyyat müəllimim hərdən üzünə məmnun ifadə yığıb qonaqları izləyir, hərdən də çevrilib şagirdlərə baxır və bu zaman üzündəki arxayınlıq silinib gedir, gözlərini ağardıb bizi qorxuya salırdı.
Bu tikanlı baxışları keçib bayıra çıxa bilməzdim.
Axı küçüklər yağışda qalmışdı?
Nə etməliydim?
Onların zingiltisi qulağımda oxunurdu. Düşünürdüm ki, qələt edərəm, bir də küçükləri azdırmağı fikirləşərəm.
Qonaqların söhbəti bitdikdən sonra özümü bayıra atdım. Ədəbiyyat müəlliməmin arxadan səsini eşitdim:
– Yenə ora gedirsən? Görərsən... – qeyzlə.
Yağışın altında qaça-qaça küçükləri qoyduğum yerə çatdım. Ağ köynəyim cımcılıq su olmuşdu, palçıq qaçaraq addımlarımın altından çıxıb şalvarımı tamam batırmışdı. Mən nə ağ köynəyimi düşünürdüm, nə də çirkli şalvarımı. Bunlar vecimə deyildi. Bircə qulağımda “dostlarımın” səsi oxunurdu.
Küçükləri qoyduğum yerdə tapmadım. Ta yuvalarınacan palçığa bata-bata yeridim. Ya əvvəldən yox idilər, ya yoxa çıxmışdılar. Kim bilir?! Onları harada axtarmalıydım? Hara getmişdilər? Qüssəli qərarsızlıq ruhumda yer elədikcə yağış başıma mismar kimi çalınırdı və kürəyimdən axan su topuğumdan süzülüb ayaqqabılarıma dolurdu. Yeridikcə ayaqlarımdan lırçhalırç səsi gəlirdi.
Həyatımın ən pis günü idi, əzizi oxucular!
Dostlarımı əbədi itirmişdim. Onları bir daha görməyəcəkdim.
Bu vaxt Bakıdan gələn qonağın yağışa baxıb söylədiyi cümləni xatırladım.
Kim idi Seymur Baycan?
Hardadı, mənim küçüklərim?
Seymur Baycanın kimliyi mənə illər sonra məlum olacaqdı. O vaxt Bakı Dövlət Universitetinin filologiya fakültəsinə yenicə qəbul olmuşdum. “Qanun” nəşriyyatı universitetinin həyətində yarmarka təşkil etmişdi. Kitabların arasında xeyli gəzişdim və özümü xoşbəxt hiss etdim. “Quqark” romanının üzərində Seymur Baycan adını görəndə, elə bil, illər öncə yağan yağışda yenidən islandım.
Budur, Seymur Baycan!
Onu tapdım!
Bəs mənim küçüklərim indi haradadır?
Onları niyə itirdim?
Ötən illər ərzində özümü bağışlaya bilmişdimmi?
Yox!
Yəqin, heç vaxt bağışlamaycaqdım.
Ancaq bunun Seymur Baycana dəxli yoxdu. Çünki bu yazı küçüklər haqqında yox, Seymur Baycan haqqındadır.
Həmin gün Seymurun bütün kitablarını almışdım!
İşin “əlifbasını” bilmək şərti ilə yaradıcılıq azadlığın ifadəsidir. Sənət mücərrəd çərçivələrin konstruksiyasıdır. Su kimi qoxusuz, dadsız, formasız, şəffaf, eyni zamanda, həyat mənbəyi, genişlənən platforma, yaşıl zona və belə deyək, “içtimai” məkan. Yəni, bu oyunda yol yoxdur, necə deyərlər, yol sənin özünsən.
Gördüymüz, haqqında danışdıqlarımız təsəvvürlərin rəqsidir.
Bax belə!
Seymur Baycan Azərbaycan ədəbiyyatında bu quru anlayışlar zəncirinin ən möhkəm halqalarından biridir. Hətta, deyərdim Seymurun yaratdığı obrazın bütün vektorları o halqanı göstərir. Onun öz bildiyini oxuması və dikələn dəyərlərin üzərinə gözü bağlı getməsi məni hər zaman təəccübləndirib. Görünür, Seymur zamanın ona öyrətdiklərini yaxşıca əzbərləyib, həqiqətləri müəyyən edib, çiynini söykədiyi dirəyin möhkəmliyinə əmin olub və dayandığı yerdən bütün dünya məhz onun yazdıqları kimi görünür.
Bu yazıçı üçün vacib keyfiyyətdir!
Etiraf etməliyəm ki, Seymur Baycan mənim yazıçım deyil. Hətta Seymuru bədii-estetik cəhətdən qüsurlu hesab edirəm. Onun hekayələrini, romanlarını oxuyanda az qala çilədən çıxıram. Axı necə olur, gerçək ədəbiyyat faktları romanlara, hekayələrə belə səliqəsizcə və naşıca səpilə bilir?
Seymurun müstəsna ədəbiyyat duyumu ilə birlikdə həyata laqeydliyi hekayələrini, romanlarını oxuduqca aydın görünür. Bu laqeydlik olduqca maraqlıdır. O, sanki, öz həyatını kənardan izləyir və baş verənlərin ona dəxli yoxdur, soyuq və hissizdir, duman içində itib, bəlkə də, nə vaxtsa, bu dumandan çıxacaq və qollarını açıb deyəcək: “Hə, bu, mənim həyatımdı, bu, mənim ağrılarımdı. Vəssalam. Bağlayın pərdəni. Oyun bitdi”.
İnanmağım gəlmir!
Laqeydliyinin ədəbiyyata sirayət etmədiyini söyləsəm, inanmayın! O, süjetin maraqlı olması üçün çalışmır, dramatizm onu maraqlandırmır, xarakterlərin qüsurlu olması vacib deyil, estetik keyfiyyət haqqında isə danışmağa dəyməz. Seymur Baycan yazıçılığa professional münasibət bəsləmir deyə onda hər zaman parlaq bir naşılıq sezilir. Sadəcə yazır və yazdıqca içində itib batdığı xatirələrin, həyat faktlarının altında əzilir, həyata uduzur.
Biz artıq Seymuru bu əlamətlər ilə çiyin-çiyinə təsəvvür edirik. Səliqəsizliyi, laqeydliyi, cığallığı, tərki-dünyalığı Seymur Baycanın nəsr “üslubuna” çevrilib. Bu “üslub” ədəbiyyat təsəvvürlərimə nə qədər yad da olsa, onu oxumaqdan, hətta, bəzən heyranlıq duymaqdan özümü ala bilmirəm.
Seymur Baycan Azərbaycan ədəbiyyatının ən naşı klassikdir.
Məncə, onu əminliklə Azərbaycan ədəbiyyatının klassiki adlandırmaq olar.
Birinci səbəb, özündən sonra gələn müəlliflərə ciddi təsir etməsidir. Bunu, türk ədəbiyyatında Oğuz Atay ilə müqayisə etməyi özümə borc bilirəm. Oğuz Atayın “Tutunamayanlar” romanı Nabokov və Coysun ciddi təsiri ilə yazılmışdı. Romanın orijinallığı şübhə altında idi. Buna baxmayaraq “Tutunamayanlar” türk ədəbiyyatında ciddi təsir qüvvəsi qazanmış, o vaxt Orxan Pamuk kimi gənc müəlliflərin formalaşmasında söz sahibi olmuşdu. İndi Türkiyə ədəbiyyat tarixinin Oğuz Atayı sinəsinə sıxmağının səbəbi eyni zamanda təsir etdiyi müəlliflərdir.
İkinci səbəb, Seymur Baycanın, doğrudan da, maraqlı müəllif olmasıdır. Onun romanları və hekayələr kitabları dəfələrlə nəşr olunur, satılır, oxunur. Əsgərlikdə ikən yazıçılar haqqında söhbət açılmışdı. 18-21 yaş arası gənclərin Seymuru tanıması, yarımyapalaq da olsa, oxuması məni təəccübləndirmişdi. O vaxtacan Azərbaycan gənclərinin ədəbiyyata laqeyd olduğunu düşünürdüm.
Üçüncü səbəb, ədəbiyyatımızda ədəbi kriteriyaları müəyyən edən institutların olmamasıdır. Sovet dövründə bu işi çiyninə alan ədəbi elita mövcud idi. Azdan-çoxdan ədəbiyyat cığırında addımlamaq istəyən gənclər o elitanın ələyindən keçirdilər və bu, onlar üçün çox zaman faydalı olurdu. Müstəqillik dövründən sonra həmin elitanın müstəsna çöküşünü gördük. Vəzifə üstündə bir-birinin ətini yedilər, sümüklərini gəmirdilər, ədəbiyyatı inhisara aldılar, çəpərlədilər. Bu dəhşətli dərəcədə iyrənc situasiya gələcəkdə böyük faciələrə səbəb oldu. İkinci cəbhə açıldı, döyüşlər başladı. Bu döyüşdən ədəbiyyatımız çox şey qazandı, amma bütövlüyünü, səmimi ustad-şagird münasibətini itirdi. Bu mənada Seymur Baycanın naşı nəsrinə münasibət bildirəcək ciddi ədəbi elitanın olmaması, onun dövrün tələblərindən rahat sıyrılmasına və “klassika” qapısını asanlıqla aralamasına səbəb oldu. Bu mənada Seymurun pis yazıçı olmasını deyə bilərik, ancaq heç vaxt sübut edə bilmərik.
Dördüncü səbəb, Seymur Baycanın maraqlı şəxsiyyət olmasıdır. O, illər uzunu çalışıb-vuruşub və bənzərsiz, hətta müstəsna bir obraz yaradıb. Əlbəttə, bu şəxsiyyət Seymurun özüdür, o səmimi olmasa, bunu heç vaxt yarada bilməzdi. Heç bir azərbaycanlı yazıçıya bənzəməyən Seymur Tiflisdə tənha yaşayır və həyatını ədəbiyyata xərcləyir. Mən bu obraza heyranlığımı heç vaxt gizlətməmişəm. Şəxsiyyəti ön planda olduğundan, hətta, zəif mətnləri də diqqətlə qarşılanır, oxucular, yazıçılar bu mətnlərə münasibət bildirir, müsahibələri isə aləmi bir-birinə vurur.
Beləcə Seymurun əsərləri şəxsiyyətinin soyuducusunda hər zaman təzə-tər və canlı görünür.
Beşinci səbəb, Seymur Baycan ədəbiyyatın hər şeydən yaza bilmək icazəsi olduğunu öyrədir. Pis mətn yazmağa qarşı tamam komplekssiz olan Seymur gənclik üçün gözəl nümunədir. Yəni, yazıçı ürəyi istəyəndə boşboğazlıq da etməyi bacarmalıdır. O, özünü dahi kimi aparsa da, hətta səmimi şəkildə buna inansa da, əslində, cəsarəti ona mane olur, çünki Seymurun cəsarətinin arxasında zəif tərəfləri aydın görünür.
Etiraf etməliyik ki, Seymur Baycan ədəbiyyatımızda qəbul olunsa da, olunmasa da, artıq fenomendir. Ancaq gerçək hislərin, gerçək hesab etdiyi ədəbiyyatın köklərindən yapışan bu saqqallı cığal uşağı anlamaq asan məsələ deyil. Elə müəlliflər var ki, onlar alternativ həyatın, yəni mətnin üstündə dayanırlar, onu büsbütün inşa edirlər, unikal atmosfer yaratma bacarığı işə düşür və oxucuları ofsunlayır. Oxucular belə əsərləri istədikləri kimi anlamaqda sərbəstdirlər.
Seymur Baycanın romanlarının, hekayələrinin hamı üçün olmadığını düşünürəm. Bu o demək deyil ki, Seymur Baycanın romanlarını, hekayələrini oxumaq üçün müəyyən ədəbi hazırlıq lazımdır, xeyir, belə deyil! Ona görə ki, Seymur öz əsərlərinin obrazıdır. O, hadisələrə yuxarıdan deyil, içəridən baxır, yaşayır, ruhunda bişirir və alınan məhsulu anlamaq üçün oxucular əvvəla müəllifin keçirdiyi hisləri öz könül süzgəcindən keçirməlidirlər.
Əlaqə yalnız bu zaman mümkün ola bilər!
Və əziz oxucular, yalnız bu zaman Seymurun içində bişirdiyi azman, qaynar bulaq kimi coşqun hislərə, ütülü intellektə, hərbiçi intizamına, qüssəli xarakterə, uzaqdan məzlum, yaxından qürurlu həyata və əslində, həyatın mənasızlığına şahidlik edəcəksiniz.
Yalnız bu zaman mənasız həyatın mərkəzində dayanıb ədəbiyyata məhəbbət bəsləməyin nə olduğunu anlayacaqsınız!
O vaxt Seymuru duyacaqsınız və bütün qaydalara kürəyini çevirən, öz bildiyini oxuyan cığal klassikə, bəlkə də, haqq verəcəksiniz.
Bəlkə də, onu sevəcəksiniz, bilmirəm!
Seymur Baycanı sevmək çox çətindir. Bircə bilirəm ki, onu oxuyanda on il öncəki yağışı xatırlayıram və bakılı qonaqlarımızdan birinin söylədiyi cümlə təcəlli edir:
– Necə rəngsiz yağışdı. Lap Seymur Baycanın hekayələrindəki kimi...
Kim idi Seymur Baycan? Hanı mənim küçüklərim?