Girov qoyulan saqqal
8 oktyabr 2012
12:58
Bu il Aranın şiddətli istiləri erkən başladığından Qaradonlu bəylərinin və hacılarının say-seçmə kişiləri arvad-uşaqlarını, qul qaravaşlarını, nökər-naiblərini, mal-qaralarını toparlayıb hələ mayın əvvəllərindən üz tutmuşdular Sarıyer yaylaqlarına. Qaradonluda qalmışdı əsnafın bir-iki dəngil-düngül, “vəzndə” yüngül nümayəndələri, aralıq çarvadarları, bir də qara camaat.
Yer-göy od tutub yanırdı. Elə bil hamını nəhəng bir təndirin başına yığmışdılar, nəfəs aldıqca adamların ürəyini, ciyərini, boğazını sanki alov qarsırdı. Hərdənbir, o da ancaq axşam tərəfləri əsən kiçik bir meh insanlara görünməmiş bir səadət bəxş edirdi. Dərindən nəfəs alan, xəfif mehi bacardıqca içlərinə çəkən adamlar “oxxxayyy, İmam Hüseynin payı olsun!” deyib uca pərvərdigara dua edir, “bir də, bir də, ey yerin-göyün yiyəsi” deyib yalvarırdılar. Təntiyən nəfəslər, sıxılan ürəklər bir anlıq rahatlıq tapır, amma meh keçib gedən kimi əvvəlki müsibət yenidən başlayırdı.
Cavan-cuvan çəmini tapmışdı. Səhər Allah verəndən yeyib göy-göyərtidən, mer-meyvədən, qarpız-yemişdən heybələrinə yığıb özlərini toxuyurdular Araza. Gün xeylağ əyiləndən, qaş qaralandan sonra komalarına dönürdülər. Bağ-bağatı qalın, həyətində su quyusu olanların vəziyyəti bir balaca babatıydı. Tez-tez quyudan su çəkib başlarına əndərir, bağın qalın yerlərinə girib iri teştlərin içində sərinlənirdilər. Həmişə abır-həyalarına qısılan, ağır oturub batman gələn Qaradonlu qız-gəlinləri yeniyetmə uşaqları bir neçə yerə güdükçü qoyardılar ki, yad nəzərlərdən uzaq olsunlar. Çoxu suyu üst-başına axıdıb elə islanmış pal-
paltarda həyət-bacada dolaşır, gündəlik iş-güclə məşğul olurdular. Bir hovur çəkmirdi ki, yenidən donlarını suya salıb çıxarırdılar, təzədən yaş-yaş geyirdilər, az çəkmirdi paltarları elə əyinlərindəcə günün altında yenə qup-quru quruyurdu.
Uzun müddət Qaradonlunun kəndxudası olmuş kərbəlayı Ələşrəfin oğlu Hacı Rüstəmin və qardaşlarının hansı səbəbdənsə ləngiyib bu cəhənnəm alovunun içində indiyə qədər duruş gətirməsi ətraf kəndlərin adamlarını da heyrətdə qoymuşdu. Hazırlaşıb yola çıxmağa hacı Rüstəmin bircə işarəsi gərəkdi. Bir günün içində qəflə-qatır toparlanıb yola düşməyə hazır idi. Amma Hacı Rüstəm əmr vermirdi.
Camaat, qohum-əqrəba, oğlanları da qalmışdı girinc. Hamı bir-
birinə baxır, lal baxışla, göz-qaşla bir-birinə sual verir, cavab almayıb, yenə səssiz şəkildə çiyinlərini çəkirdilər. Böyük oğlu başına bir badya su əndərib iri tut ağacının altında oturub tez-tez sərnicdən su tökərək üz-gözünə çiləyən anasına yaxınlaşdı.
- Ana, atam niyə tərpənmir?
- Yəqin bir səbəb var.
- Nə?
- Bilsəydim, deyərdim. Darıxma. İnşallah, biz də gedərik.
Oğlu nagüman şəkildə anasına baxdı. Sıxıntı, nigarançılıq
çəkdiyindən neçə gündü üzü gülmürdü. Ana ürəyi dözmədi.
Qərara gəldi ki, Hacı Rüstəm acıqlansa da, nəhayət kişini yanlayıb
bir soruşsun. Həddindən artıq ləngidilər. Nə işdi axı? Oğlanları atalarından soruşa bilməzdilər. İxtiyarları çatmazdı. Hacı
Rüstəmin qardaşları da ondan asılı idilər. “Kim istəyir getsin, yolu
tanımırsız” cavabını eşitmək istəmirdilər.
Axşamdan xeyli keçəndən sonra məşədi Zərifə xanım ehtiyatla
soruşdu:
- Hacı, uşaqlar gicələk olub istidən. İnşallah, fikrin nədi? Allah
qoysa, nə vaxt yola düşürük?
- Hələ vaxtı deyil, - Hacı Rüstəmin cavabı qısa olmuşdu. Üzünü
divara çevirib tənzifi üstünə çəkmişdi.
Məşədi Zərifə xanım Novruz bayramından bu yana ərini hey fikirli
görürdü. Elə bil kişinin dəryada gəmiləri batmışdı. Evdə onsuz da az danışan idi, son günlərdə ağzını heç bıçaq da açmırdı. Tayfalarında elə bir sınıqlıq olmamışdı. Qışda bir az mal-qara tələf oldu – bu heç, gözlənilən idi. Düzdü, başqaları ilə müqayisədə bir az artıq oldu. Ona da səbəb hacının Bakıda, Tiflisdə Qalağayın bəyləri ilə müalicədə yubanmasıydı. (Əslində bəylər Fıtılbörkdən (Sankt-Peterburqdan), Parijdən gələn sirklərdə lüt-üryan qızlara baxmağa getmişdilər).
Ümumiyyətlə, aran bəyləri qış vaxtı ənənəvi olaraq Bakıya, ordan da Tiflisə, Vladiqafqaza kefə gedirdilər, ordan aldıqları naxışlı çəkmələrlə, atlas parçalarla, cıncıq-mıncıqla, bəzən də həqiqətən dəyərli zinət əşyalarıyla qayıdandan sonra arvadlarının könüllərini alıb artıq söz-söhbətə yol vermirdilər.
Hacı Rüstəmin əli aşağı idi. Yaylağa getmək (özü də qohum-
əqrəba ilə birlikdə) xeyli pul-para tələb edirdi. Pul isə yoxa çıxmışdı. Heç vaxt heç kimə əl açmamışdı. Allah tərəfi, ehtiyacı olmamışdı. Bu il Bakının, Tiflisin mehmanxanalarında çox əliaçıqlıq eləmişdi. Bütün iri qonaqlıqların, ziyafətlərin xərcini o çəkmişdi, qarsonları əvvəlcədən çağırıb “mənlikdir!” deyərək heç kəsi əlini cibinə salmağa qoymamışdı. Kisəylə apardığı Nikolay onluqlarının, imperialarının altından girib üstündən çıxmışdı. O zaman fərqinə varmamışdı. Yazağzı Bakıya, Gəncəyə satılmaq üçün göndərdiyi sürüləri bada getmişdi. Bakı bazarlarına
Dağıstandan, Gəncəyə isə Gürcüstandan heyvanlar gəlib dolduğundan 30-40 kiloluq erkəklər su qiymətinə satılmışdı. Aparmaq, sonra da geri qaytarmaq xərcləri eyni olduğundan dəyər-dəyməzinə satmağı məsləhət bilmişdilər. Əldə qalan pulla yaylağa getmək havayı işdi.
Hacı Rüstəm çox qəliz yerə dirənmişdi. Dərdini açıb arvadına da
deyə bilmirdi. Onun gözündə kiçilməyini, gücsüzlüyünü, çarəsizliyini biruzə vermək istəmirdi – ürəyi partlardı. Ən ağlasığmazı buydu ki, Hacı Rüstəmin məhz pulsuzluqdan yaylağa gedə bilməməyi heç kimin xəyalına belə gəlmirdi. Hətta arvadının və oğlanlarının da. Onda qalmış yadlar ola. Hamı bu sirri-xudanın əlində əsir qalmışdı, saçını-başını yoluşdurub işin içinə vaqif olmaq istəyirdi, amma nə fayda? Heç kimin ağlına əsl səbəb gəlmirdi.
***
Xoruzların birinci banında Qalağayın yolundan zınqırovları min
cür ahənglə səslənən fayton Qaradonluya sallanan yolda bəzəkli gəlin kəcavəsi kimi baş yola girdi. Qaradonlu bazarının yanından ötüb sol tərəfə döndü. Torpaq yolla bir az da irəliləyib karvansaranı keçib bişmiş kərpicdən tikilmiş iri bağ-bağatın içində yaşıllığa batmış ikimərtəbəli imarətin qabağında durdu. Zınqırovlar yenə bir-birinə dəyib yuxulu adamların yuxusuna bir az da nağıl şirinliyi qatıb camaatı lap məst elədi. Elə yuxulu-yuxulu da hamı bildi ki, fayton Hacı Rüstəm üçün gəlib. O
da məlum oldu ki, Hacının səfəri heç şübhəsiz Bakıyadır.
Məşədi Zərifə xanım axşamdan duyuq düşmüşdü. Əri meşin
urus heybəsini – çamadanını sər-sahmana salıb bir gözü yumulu, bir gözü açıq, sol əlini başının altına, sağ əlini isə ürəyinin başına qoyub fikrə getmişdi. Ərinin xasiyyətini yaxşı bilən Zərifə xanım heç nə soruşmamışdı. “Məsləhət biləndə özü deyəcək”.
Faytonun səsini yoldan enəndə qulağı çalmışdı. Sərvaxt
yatdığından həmən qalxdı, həyətə düşdü, üzünə su vurub geri döndü.
Arvadı, oğlanları, o biri otaqda gəlinləri ayaq üstündəydi. Yenə də
oğlanları yox, Məşədi Zərifə xanım dilləndi.
- Hacı, inşallah, səfərin haradı?
- Bakıya gedirəm. Üç günün tamamında evdəyəm, inşallah! Allah
amanında!
Böyük oğlu çamadanı götürdü. Arvadı bir dolça suyla arxasınca
çıxdı. O biri oğlanları kölgə kimi analarının ardınca düşdülər. “Sabahın xeyir”dən sonra hacı yerini rahladı. Faytonçu “Ya Allah! – deyib atlara yüngül bir qamçı çəkdi. Faytonun ardınca səpilən su səhərin bürküsünü diksindirdi. Dördü də bir ağızdan:
- Yaxşı yol! – dedilər.
***
Bibibheybətdəki kontorunda dövrün məşhur messenatı, neft
milyonçusu Hacı Zeynalabdin Tağıyev İngiltərəyə və Almaniyaya neft aparacaq gəmilərinin sənədlərini imzalayıb maliyyə məsələlərini idarə edən Mirzə Mütəllimlə qalan işlərini müzakirə edirdi. Bu zaman qapı açıldı, pirkeşik Qulam elə qapının ağzından hündürdən məlumat verdi:
― Ağa, Araz boyunun Qaradonlu mahalından kərbəlayi Əliəşrəf
oğlu Hacı Rüstəm bəy şərifi-qəbulunuza təşrif gətirmək istəyir.
Hacı Zeynalabdin Tağıyev fikrə getdi. Ad qulağına tanış gəldi,
amma xatırlaya bilmədi. Hər halda qonağı həmişəki kimi adına
və sanına, şəninə və cəlalına görə qapıda çox saxlamağı lüzum
bilmədi. “Nəyə gəlib?” sualını da vermədi. Hər cür səbəb ola bilərdi.
Adamların çoxu ehtiyacı ilə bağlı hacının qapısını döyürdülər. Dövr çətin, külfət böyük, ehtiyac boğazacan. Hamı əli yananda ağzına təpir. Biçarə insanlar, fəqir- füqaralar neynəsinlər? Amma bu gələn bəydir. Görəsən nə məsələdir?
- Çağır gəlsin.
Bəli, içəri bir bəy girdi. Yol yorğunluğu da üzündən-gözündən tökülürdü. Hər iksi ilə ehtiramla görüşdü. Oturmaq təklifi gözlədi. Hacı nəyi isə yadına salmaq üçün xəyala getmişdi. Yaddaşını qurdalayıb lazım olanı tapa bilmədi, darıxdı, hələ də ayaq üstə dayanıb təklif gözləyən bəyi bir daha süzüb izin verdi.
- Əyləşin.
Hacı Rüstəmin 50 yaşı olmazdı. İri, ala gözləri, ağ bənizi vardı.
Almacıq sümüklərinə sanki xırda-xırda qan çilənmişdi. Bir az pörtəndə həmin o nöqtələr birləşib, böyüyüb həya və abır pərdəsi kimi şəxsin əxlaqından, nəcibliyindən xəbər verirdi. Hacı Zeynalabdin yenə qarşısındakı adamı harda gördüyünü xatırlamaq istəyirdi.
- Hörmətli Hacının səhhəti-şərifi necədir? – Hacı Rüstəm ortaya
çökmüş sükutu ədəblə pozdu.
- Əlhəmdülillah, hələ ki, böyük yaradanın mərhəmətindən
yararlanıb onun verdiyi ömrü yaşayırıq. Şükür!
- Allah sizi həmişə salim və sağlam etsin! – Hacı Rüstəm dua
edib boğazını arıtladı. Bir qədər susub sonra təmkinlə tanışlıq verdi.
- Ağa, mən Hacı Rüstəm Araz boyunda Qaradonlu mahalının
tanınan kişilərindən kəndxuda kərbəlayi Əliəşrəf bəyin oğluyam. Əkinçilik və maldarçılıqla məşğuluq. Qız aylarında Qalağayın bəyləri ilə Bakıya gəlib “Astoriya”da “Novaya Yevropa”da həm dincələrin, həm də millətin xeyrinə keçirilən bəzi tədbirlərdə bəqədri qüvvə hərdən iştirak da edirik. Kəndli olsaq da, Bakı həyatına da qatılırıq. Siz maşallah, çox böyük adamsınız, dünya işləri ilə məşğulsunuz, dünyada məşhursuz. Biz sizinlə tənləşə bilmərik. Bir növ xırda tacir ömrümüzü sürürük.
Hə... yadına düşdü. Keçən payızın sonunda “İsmailiyyə”də
cəmiyyəti-xeyriyyənin toplantısında “Qızlar seminariyası”nın nəfinə keçirilən tədbirdə qutuya iki qızıl onluq atan bəydir. Bayaq pirkeşik ucadan söylədiyi təkin o zaman kimlərin nə qədər ianə verdiyini söyləyən də onun adını hündürdən tələffüz etmişdi. Ayrı-ayrı neftxudaların, milyonçuların adlarını dərhal və əzbərdən söyləyən həmin şəxs Hacı Rüstəmin adını və yerini iki dəfə qulağını onun ağzına əyib fasilə ilə demişdi. Çünki şəxs və yer adı təzəydi. Birinci dəfə eşidirdi, ilk dəfə belə yer adıyla qarşılaşırdı.
Azca duruxdu. Əsas mətləbə gəlirdi. Bilmək istəyirdi ki, başqa
adamın yanında istəyini dilə gətirsə, Hacı Zeynalabdin bunu nətəər qarşılayar: xoşuna gələr, yoxsa acığına? Münasib olarmı? Bəlkə məsləhət deyil? Boynunu döndərib masanın o biri tərəfində onunla üzbəüz oturmuş şəxsə baxdı. Hacı Zeynalabdin başını yellədi, yəni dərdini söylə, yad deyil.
- Ağa, yaylağa getməliyəm. Əlim aşağıdır. Oturub-durduğum
bəylərdən borc istəyə bilmədim. Sizə üz tutdum...
Əlini qoyun cibinə salıb göy, yaşıl, narıncı rənglərlə süslənmiş, başı bağlanmış ipək bir dəsmal çıxartdı.
- Bunu da girov qoyuram. Payızın siftə ayının sonunda, yaylaqdan qayıdanda, inşallah, hesablaşarıq.
İpək dəsmalı Hacı Zeynalabdin Tağıyevin qarşısına qoydu.
Neft milyonçusunun diqqətini tamam başqa şey məşğul
etməkdəydi. Hacı Rüstəm çox ləyaqətlə, aramla danışırdı. Nitqində sakitlik və mərdanəlik hökm sürməkdəydi. Birinci dəfəydi ki, onun qapısına borca gələn adam belə təmkinlə danışır, özünü ləyaqətlə aparırdı. Yalvarmırdı, yaltaqlanmırdı, əttökən dua-alqış yağdırmırdı. Hacı Zeynalabdin Tağıyev qarşısına qoyulmuş ipək dəsmalı götürüb əlində samballadı... Fikrə getdi... Bir də samballadı. Bir şey unamadı. Ovcundakı dəsmalı xışmaladı, sıxdı, baş və şəhadət barmağı ilə yaylığı sürçələdi... Əlinə nə dəydisə, nə hiss etdisə dünyanın çox üzünü görmüş, çox yerlərini gəzmiş hacı Zeynalabdin Tağıyev ...
alındı. “Həəə.... dünya, səndə nələr olur!?”
Mahiyyət eyniydi – indiyə qədər ondan borc istəyən minlərlə adam olmuşdu. Dünyadır! Birinci dəfə deyil ki... Hacının diqqətini çəkən bu əyalət gəncinin – neftxuda özünə görə Hacı Rüstəmi cavan hesab edirdi – ləyaqəti və borc istəmə tərzi idi. Xoşuna gələn, rəğbətinə səbəb olan məhz bu idi. Başını qaldırmadan soruşdu. İçinin həyəcanı hələ keçməmişdi.
― Olan şeydi... Nə qədər istəyirsən?
― Min manat qızıl pul.
Bayaqdan dinməzcə, həm də olduqca mübhəm baxışlarla hansısa
kənddən gələn-geyim-keçimi qaydasında olan, qızıl kəmər və
gümüş xəncəl taxan – bu adam kimdir axı, Hacı onu belə hörmətlə dinləyir? – düşünən pirkeşik ağasının ona zillənən baxışlarını duyub diqqətini cəmlədi, təzim etdi:
- Əmrin, ağa!
― Bu amanatı götür, qoy Firəngistandan gətirdiyim dəmir sandığa.
Elə ordan da min manat qızıl pul götürüb kişini... – fasilə verdi – tez yola sal, getsin. Deyəsən fövrən evinə dönmək istəyir.
― Elədir ki, var, ağa, ömrün uzun olsun. Lap ürəyimi oxudun.
Hacı Rüstəm Qalağayından bir bəy dostu ilə sübhdən çıxıb, iki
faytonla, iki qolu zorlu cavanla – hər ehtimala görə, bir də gördün, yolda hansısa anasının əmcəyini kəsmiş lotu-potu qabağını kəsdi, sarsaqladı, üst-başındakılara tamahı düşdü – Bakıya yola çıxmışdılar. Günortadan xeylağ əyilmişdi, indilərdə çıxsaydılar gecə Qalağayna çatıb, gecəni dostugildə qalıb, yenə obaşdannan Qaradonluya dönə bilərdi. Bunlar bəlli məsələlərdi, bunlar heç. Hacı Zeynalabdin Tağıyevin bayaq müsahibinə tapşırıq verərkən sözünə ara verməsi, bir də səsinin ahəngi
o demək idi ki, Hacı Rüstəmdən qəbz alma, artıq sual vermə, deyiləni tez yerinə yetir.
Pirkeşik girovu götürüb qeyri-ixtiyari olaraq o da əlində
samballadı, dəsmal çox yüngül idi, o qədər yüngül ki, and içərdi ki, içi boşdu. Xozeynin sözünün üstündən söz demək, öz şübhəsini bəyan eləmək səlahiyyəti olmadığından sorğusunu içində boğdu. Ona əmr ediləni yerinə yetirib varıb getdi işinin dalınca.
***
Evdə tam gərginlik və mubhəmlik hökm sürürdü. Nə yaxşı ki, heç
vaxt bitib-tükənməyən ev-eşik işləri vardı, arvadların başı qarışırdı. Mal-qara istidən möhkəm təntiyirdi, itlər dillərini bir qarış çıxararaq ləhliyirdilər. İnəklər, camışlar xırda axmazlarda, gölməçələrdə lıqqaya, lehməyə bələnərək günü başa vururdular. Qoyunlar iri qovaq ağaclarının altında qarın-qarına girərək birtəhər günün qızmarından ötüşürdülər.
Hacı Rüstəmin oğlanları oğrun-oğrun, əlaltdan yəhər-yüyənlərini, qayışlarını, xurcunlarını yerbəyer edirdilər. Ürəklə yır-yığış etməsələr də, ümidlərini də üzmürdülər. Atalarının Bakıdan dönüşünü gözləyirdilər. Sabah, inşallah, dediyi kimi evdə olmalıydı. İndiyə qədər vədinə xilaf çıxmamışdı.
Görəsən Bakıya niyə getdi? Nəsə alıb-verəcəyi var? Nə çatmır?
Nə dolaşıq işi var ki, yaylaq səfəri bu qədər uzandı?
Suallar həddən çox idi, amma heç kim dilinə gətirmirdi. Yenə
böyük oğlu Sübhan cəsarətə gəlib anasından soruşdu:
- Dədəm yaylağa niyə belə gec qalxdı? Ana, böyük oğulam, bir
şey varsa, məni də məsələdən hali edin. Hacı son aylar çox fikirli gəzib dolanır. Borca düşüb, yoxsa əlindən bir xəta çıxıb?
Eyni şeyləri Məşədi Zərifə də düşünürdü. Neçə-neçə illər bundan əqdəm, təzə gəlin gələn vaxtlarda ərinin tapşırıqlarından biri də bu olmuşdu ki, çox sual verib hər şeylə maraqlanma. Arvadımsan, hər halda səndən gizli sözüm-söhbətim olmayacaq, nə olsa axırda biləcəksən. Amma o zamana qədər dözümsüzlük edib artıq sual vermə. Məcazım götürmür. Qulağında sırğa eləmişdi.
İndi oğluna- ciyərparasına, gözünün ilk ovuna nə desin, onu da
üzən, sıxan, tay-tuş yanında dili gödək edən bu vəziyyətə necə aydınlıq gətirsin? Oğlanlarından betər o narahatıydı. Gah buza dönürdü, gah da od tutub yanırdı, ürəyi həyəcandan az qala ağzından çıxırdı, dili ağzında pörşələnirdi. Guya ona asan idi? Əslində, hamıdan çox o yaman gündəydi. Kiçik gəlini boyluydu. Əgər bir yerə getməyib yayı kənddə qalsalar, bir azdan doğulacaq çağa bu istidə tələf olacaqdı. Gəlinin ilkiydi. Kim bilir, sonra gəlinin vəziyyəti nə təhər olardı? Hər il yaylağa getmiş, suyunu, havasını, yaşayış tərzini yeniləyən oğul-uşaqları,
nəvələri... kiş, kiş, kiş... bu dəfə o allı-güllü yaylaqları, buz bulaqları, bulaq başında, yamacların döşündə bitən yarpızı, qulancarı, qırxbuğumu, pərpətöyünü, gicirtkəni, əvəliyi, çaygülünü, kəklikotunu yığıb təzə ayranla, qatıqla dovğa bişirib təzə-təzə içməsələr, nehrə yağı ilə kətə yeməsələr, mal yataqlarından göbələk yığıb gicirtkənlə, qırxbuğumla
qovurub nuş etməsələr, üstündən də kəkotulu çay içib rahatlanmasalar, aranın yayından da betər qışını necə yola verərlər (Açıqlıq olduğundan bir balaca külək əsəndə şaxta qılınc kimi kəsirdi). Yaman yerdə axşamlamışdılar. Məşədi Zərifə uyğun bir cavab vermək üçün söz axtarır, amma tapmayıb təngnəfəs olurdu. Vaxt uzatmaq üçün nəyi isə götürüb-qoyur, bəzi şeylərin yerini dəyişdirirdi.
Çırpınmaqdaykən Allah dadına yetişdi. Bir çapar yel kimi onların evinə sarı çapırdı. Məşədi Zərifənin astadan dodaqlarından tanrıya bir yalvarış qopdu: “Allah, özün xeyrə cala!” Çapar evlərinin qabağında bir-iki dövrə vurub atın tərini soyutdu, sakitləşdirdi, əlini atın yalına çəkdi, çağrısını sığalladı. İsmarıcını yetirməmişdən su istədi. Saxsı cürdəyin yarısının axırına çıxandan sonra toxtadı, özünə gəlib soruşdu:
- Hacı Rüstəm oğlu Sübhan sənsən?
Sübhanın lap ürəyi üzüldü:
- Bəli, bəli!
- Atan Qalağayındadı. Gecəydi deyə yola çıxmadı. Məni
göndərdi. Dedi hazırlaşsınlar, sabah gecəynən yaylağa qalxacaqsınız.
- Ay səni şad xəbər olasan! - çəpərin o üzündən Məşədi Zərifə
özünü saxlaya bilməyib alqış elədi:
- Oğlum, ona yaxşı xələt ver.
Sübhan nə verdisə çaparın dili ağzına sığmadı. Elə kənddən
çıxanacan Hacı Rüstəmə, oğlanlarına, tayfasına dua elədi.
- Ana, siz öz yır-yığışınızla məşğul olun, mən də çobanları,
nökər-naibi xəbərdar edim, sonra da atları hazırlayım.
Qız-gəlin gecəykən boğçalarını yığıb hazır qoydular. Səhərə qədər evi-eşiyi sahmana salıb, qatıra, dəvəyə yüklənəcək şeyləri artırmaya daşıdılar. Atların köhnə nalları təzələndi. Evdə qalacaq adamlara lazımi tapşırıqla verildi. Onsuz da hamı işini bilirdi, amma hər halda vəsiyyət yüngüllükdü. Təkrarın, xatırlatmanın zərəri yoxdur.
Hacı Rüstəm səhər yeməyinə özünü çatdırdı. İkindi çağında
Qalağayından çıxmışdı. Yayda gecənin ömrü çox qısa olur. Gözünü yumub açınca hava işıqlaşır. Yay yaxşı fəsildir, istisi olmaya, daha doğrusu cəhənnəm alovu olmaya.
Oğlu onsuz hər şeyi yerbəyer eləmiş, yola düşəcək adamları,
heyvanları da tam səfərbər etmişdi. Qaş qaralanda Hacı Rüstəmin qəflə- qatırı Beyləqana tərəf irəlilədi. Ordan Haramıya, ordan da Cəbrayıla, ordan da Qubadlının Xanlığına qalxıb Şuşanın altı ilə Laçına çıxıb Minkəndin içindən Calbayıra, ya da Sarıyerə düşüb ikisindən birində düşərgə salacaqdılar. Daha burdan beləsi aydın idi. Bütün gərginliklər, pis günlər arxada qalmışdı.
***
Olub keçmişlərdən yaxşı dərs alan Hacı Rüstəm yaylaqda qaldığı
üç ayda çox tədbirli hərəkət etdi. Güllü-çiçəkli, şirəli-şəkərli yamacların, yarğanların bal kimi şirin otlarını yeyən mal-qara xeyli doğub-törədi. Qoyun-quzunun sayı-hesabı bilinmədi. Geri qayıdarkən bir hissəsini Gorusda ermənilərə, bir hissəsini də Minkənddə yerli bəylərə satdı. Xeyli pul-para əldə etdi. Bir-birinə oxşayan xurcunlardan birinin iki gözü basabas Nikolay çervonları ilə doluydu. Hansı xurcun olduğunu üç nəfər bilirdi. Arvadı, böyük oğlu, bir də özü. Geri qayıdarkən hər üçü
nəzərləri ilə həmişə həmin xurcunu gözaltılayırdılar.
***
Sentyabrın axırıydı. Bakının istisi hərdən küləkli havayla əvəzlənirdi. Pis cəhəti oydu ki, toz-torpaq üst-baş cəhənnəm, adamın gözünə dolub sonradan xoşagəlməz fəsadlar törədirdi. Şəhərdə traxoma geniş yayılmışdı. Xüsusən uşaqlar arasında bu zəhrimar aman vermirdi. Böyüklər sərvaxt olduqlarından külək əsən kimi ehtiyatlı tərpənib üz-gözlərini örtərək özlərini qoruyurdular. Uşaqlar isə bunu qanmadıqlarından tozlu küçələrdə və dalanlarda gözlərini ovxalaya-ovxalaya ora-bura qaçır, acışmış bəbəklərini çirkli gölməçə suları ilə yuyub guya təmizə çıxırdılar. Əslində gözlərini tayca da zay günə qoyurdular.
Mayda pəncərələri taybatay açılmış kontorun qapı-bacası, şüşələri kip örtülmüşdü. Görünür toz-torpaqdansa istini məsləhət bilmişdilər. Pirkeşik Qulam içəri girib baş əydi. O zamankı təriqi ilə yenə məlumat verdi:
- Ağa, Araz boyunun Qaradonlu mahalından Hacı Rüstəm təşrif
gətirib.
Yenə Mirzə Mütəllimlə nəyi isə müzakirə edən Hacı Zeynalabdin
Tağıyev başını qaldırıb dinlədi, xatırladı, yadına düşdü, azca gülümsədi və dedi:
- Gəlsin.
Yaylaq havası Hacı Rüstəmə heç şübhəsiz düşmüşdü. Yanağından qan damırdı, gümrahdı. Əlbəttə, hiss ediləcək dərəcədə həm də toxtağıydı, arxayın görünürdü, amma elə də biruzə vermirdi. İnsan sərrafı olan Hacı Zeynalabdin Tağıyev idi ki, belə halı o seçə bilərdi. Hacı Rüstəmin davranışındakı əvvəlki sıxıntının və gərginliyin yerini indi hörmətkarlıq və minnətdarlıq duyğusu tutmuşdu. Yəni “sənin yaxşılığını, əl tutmaqlığını unutmaram”. Hacı Rüstəm yenə ədəblə əhvalpursanlıq edib dübarə hal-əhval tutdu, xoş sözlər söylədi və təklif gözlədi. Hacı Zeynalabdin Tağıyev bu dəfə əvvəlkindən daha artıq lütfkarlıq, mehmannəvazlıq göstərdi:
- Otur, otur. Səfərin necə keçdi? Vaxtında yaylağa qalxa
bildinmi? Mal-heyvanın yolda-rizdə çox tələf olmadı ki? Bərəkətli
oldumu barı?
Hacı Rüstəm əməlli-başlı təsirləndi. “Gör necə yerli-yerində
soruşur, ürəkyananlıq edir. Allah ona görə başından tökür də. Düz deyirlər ki, çox gözü-könlü tox adamdır”.
Yenə minnətdarlıq elədi, Allahdan uzun ömür, can sağlığı dilədi.
Əlini qoynuna salıb yenə ipək dəsmalda bir topa qızılı ehtiyatla və yenə ədəblə - masanın üstünə qoydu. Hacı bu məqamı daha çox gözləyirdi, görsün əli gətirib deyə xoruzlanmır ki, özündən məmnun, razı deyil ki – yox, bütün hərəkətləri yerindəydi, heç bir yekəxanalıq, danqazlıq yoxuydu. Həyətdə bir hərəkətlilik duyuldu, qoyun səsi, at fınxırtısı eşidildi.
- Gör, bu nə səs-küydür, kimdir mənim kontorumu mal
bazarına döndərən-Hacı pirkeşiyə əmr elədi.
Hacı Rüstəm qızara-qızara dilləndi:
- Ağa, yaylaqdan gəlmişəm, sayənizdə hər şey uğurlu keçdi,
xırda ayın-oyundur, aran payıdır. İrəlidən payız-qış gəlir, nuş edərsiniz, inşallah. Hər şeyi görmüş, hər ləziz təamı dadmış adamsız. Sizi nə iləsə heyrətləndirmək olmaz. Sadəcə... qanacağımızı yerinə yetiririk.
Pirkeşik qayıdıb bu dəfə ucadan məlumat vermədi, əyilib Hacı
Zeynalabdin Tağıyevin qulağına barmaqlarını qatlaya-qatlaya nəsə saymağa, pıçıldamağa başladı. Hacı Rüstəm pörtdü, qıpqırmızı qızardı. “Rəhmətliyin oğlu, gərək yerli-yerində məlumat verəsən”. Pirkeşik sözünü deyib qurtaranda bu dəfə də Hacı Zeynalabdin onun qulağına nəsə söylədi. Pirkeşik: -Bəceşm! – deyib çıxdı. Hacı yerində azca qurcuxdu.
― Nahaq zəhmət çəkmişəm. O qədər pay olmaz. Sən elə
qazandığını mənə gətirmisən ki.
Pay 20 erkək, 10 motal, üç iri mis qazan Minkənd balı, Arazdan
tutulub səliqə ilə ağ cunaya bükülmüş hərəsi dörd-beş kilo gələn qızıl balıq idi. Balıqları torçulara tutdurub ayrıca torda elə Arazın içində saxlatdırıb yola düşəndə sudan çıxartdırmışdı. Ən çaparaq faytonla Bakıya yola düşmüşdü.
- Halal xoşun olsun, ağa, o sənin alicənablığın qarşısında xırda
şeydir.
Hacı Zeynalabdin yenə təşəkkür edib üzünü tutdu pirkeşikə:
- Get o zaman əlinlə qoyduğun amanatı gətir kişiyə təhvil ver.
Pirkeşik geri qayıdanda yenə ipək yaylığı əlində samballadı, hətta
ovcunu sıxıb dəsmalın içində heç olmasa ələ dəyən bir buğda dənəsinin belə olmasını yəqinləşdirmək istədisə yenə bir şey çıxmadı. Biləks, dəsmal boş idi. Ədəblə hacının qarşısına qoyub əl-əl üstə müntəzir dayandı.
- Bu da sənin əmanətin. Həyatdır, belə-belə şeylər çox olur.
Nə vaxt bir də belə məqam düşsə, utanmadan gəl. Pul əl çirkidir. Bu dünyadan beş arşın ağdan başqa heç kim heç nə aparmayıb hələ.
Hacı Rüstəm dəsmalı əlinə alıb özü vaqif olduğu tərzdə xışmaladı,
barmaqlarının arasında sürtdü, nəsə duyub sakitləşdi və ayağa qalxdı.
― Çox minnətdaram, Hacı! Sənin də Qaradonluda kiçik bir
qardaşın var. Bu başı yolunda qoymağa həmişə hazırdı.
Bu cavan bəyin danışığı və səmimiyyəti əvvəlki kimi yenə hacını
əfsunlayırdı.
Qulam içəri girib baş əydi. Hacı tapşırığının yerinə yetirildiyini
bildi. “Aydındır”.
–Di yaxşı yol. Sağ-salamat evinə gedəsən – Hacı əl uzatdı.
Xudahafizləşdilər.
Faytona minəndə yüklüyə iri bağlama qoyuldu.
– Bu da sizə Hacının xırda bəxşişidir, - dedi qulam.
Evdə bağlamanı açanda biləcəkdi ki, iki dəst – biri tünd göy, digəri
isə yenə tünd palıdı rəng mahuddan iki dəst paltarlıq, bir papaq, bir dənə də əla xrom çəkmədir, üstündə də xeylağ firəng şirniyyatlarıdır.
Pirkeşik içəri girib elə kandardaca soruşdu:
- Başqa bir əmrin, göstərişin, ağa.
Hacı Zeynalabdin başını qaldırmadan dedi:
- Gedə bilərsən.
Yumşaq, yaylı kreslosunda fırlanıb dənizə baxmağa başladı.
Aradan xeyli keçəndən sonra birdən hiss etdi ki, pirkeşik qapının
ağzında əvvəlki kəmali-ədəblə durub dayanıb, nəsə sözlü adama oxşayır.
- Niyə çıxıb getmirsən? Dedim mürəxxəssən.
- Ağa, elədi... rədd olub getməyimi bayaq ərz etdiniz.
- Bəs onda..?
- Ağa, məni çevir balalarının başına, qələt edirəm cəsarətimə
görə, ancaq necə vaxtdır dirigözlü fikir-xəyaldan ölürəm. Allah xatirinə, lütf edin, mümkünsə məni də hali edin... o dəsmalın içindəki nə idi ki, hətta qəbz almadan da o kəndxudaya o qədri pul verdiniz, heç nə soruşmadınız. Üzüm ayağının altına, ağa. Həyasızlıq edirəmsə, məni balalarının başına çevir.
Hacı Zeynalabdin gülümsəyib saqqalına tumar çəkdi, sonra mizin
üstündəki təsbehini götürüb asta-asta çevirdi, fikrə getdi, aramla dedi:
- O dəsmalın içindəki Rüstəm bəyin saqqalından çəkib ora qoyduğu iki-üç ədəd tükü idi – yəni onun şərəfi və namusu idi, girov qoymuşdu. Bu o deməkdir ki, mən bir bəy və kişi olaraq vədimə xilaf çıxmaram, dediyim vaxtda hüzurunuzda olub borcumu qaytarıb amanatımı geri alacam. Mənə arxayın ola bilərsiniz. Ona görə də mən ona veksel yazdırıb imza etdirmədim. İnandım. İndi anladınmı?
Pirkeşik ağzı açıla bir xeyli Hacı Zeynalabdinə baxdı. Xozeyninin sözlərini başında vərə-vürd edirdi.
Nəyisə anlamağa çalışırdı.
- Bəli, ağa, Allah Sizə ömür versin, - deyərək ayaqlarını sürüyərək
eşiyə çıxdı. Mətləbi tam anlamadığı, beynində yenə nəyisə götür-qoy etdiyi yerişindən bəlliydi.
2012, iyul.

1549 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024