“Sex-shop”, parik dükanları və 7 min məscid...

“Sex-shop”, parik dükanları və 7 min məscid...
19 sentyabr 2011
# 06:00
İlk istanbullu ilə dava


Uğursuzluqdanmı, xoşbəxtlikdənmi, bilmirəm, mən Türkiyənin anlada-anlada bitirilməsi mümkün olmayan o nazlı-duzlu İstanbuluna bu diyarın bir çox şəhərlərinə gəzdikdən sonra getdim.

Atatürk hava limanından çıxar-çıxmaz, hələ İstanbul havasından iki udum almağa macal tapmamış taksiyə oturdum. Sürücüyə təkcə otelin adını, yəni bircə kəlmə “Marmara otel, lütfən” deməyimə baxmadan adam o dəqiqə ləhcəmi tanıdı:

- Azərimisiniz?

Kişinin üççə kəlməmdən haralı olmağımı biləcək qədər ağıllı olmağınamı, yoxsa hələ də düzgün Anadolu türkcəsi ilə danışa bilməməyiməmi hirsləndim, bilmirəm. Amma bu yadımdadır ki, gözümü yumub, ağzımı açdım və yazıq kişiyə bütün azərbaycanlıları nifrət eləmək üçün əməlli-başlı səbəb verdim:

- Sizə nə dəxli var? Bu da taksi–pasrort kontroludur? Azəriyəm, rusam, kürdəm – özüm bilərəm? Elə bil azərbaycanlıların alnında yazılır ki, bu azərbaycanlıdır? Ümumiyyətlə, sizin nə işinizə qalıb, mən haralıyam?

Bu uzun, əsəbi monoloqdan sonra taksi şoferi heç halını da rozmayıb, arxayınca:

- “Relax” olun yaaa, hanım əfəndi, azəri olmak o kadar da kötü bir şey deyil ki...- dedi və məni əməlli-başlı dəli elədi.


Amma sağ olsun, o qədər ağzıma gələni dediyimə baxmayaraq, üstümdə türk lirəsi olmadığından verdiyim dolları qəbul və əşyalarımı düşürməyə kömək elədi və sağollaşıb çıxıb getdi.

Dəbdəbəli, işıqları gur-gur yanan “Marmara” otelinin qarşısındakı xidmətçilər isə ikicə dəqiqə dayanıb, başımı qaldırıb İstanbul səmasına baxmağa macal vermədilər. Elə qarının ağzındaca əşyalarımı diyircəkli arabaya mindirib, özümü “resepşn”a apardılar...

Bu böyük şəhərə səfərimin səbəbi hətta özüm üçün də çox qarışıq və qan qaraldıcı olduğundan, bunu yaza bilməyəcəm, odur ki, elə şəhər təəssüratları ilə kifayətlənməyim yazarınıza bağışlayın.


Siqaret, din və səfalət qoxulu İstanbul gecəsi


Gecəykən bir rəfiqəmlə İstanbulu gəzməyə çıxdıq. Rəfiqəm adının yazılarımda çəkilməsini istəməməklə yetinməyib, mənə bərk-bərk qadağan etdiyindən, ona heç uydurma ad da yaza bilmərəm. Odur ki, növbəti sətirlərdə onun adı elə “rəfiqəm” olaraq çəkiləcək. Gündüzünü hələ görmədiyim nəhəng şəhər elə ilk baxışdan xoşuma gəlmədi. Geniş prospektləri, dar, amma min cürə rahat məkanlarla dolu, abad və təmiz, solçu İzmirlə müqayisədə, İstanbul gözümə həddən artıq qarmaqarışıq, həddən artıq dolu, yüklü və ən əsası çox çirkli görünürdü. Adları böyük ticarət mərkəzlərinin vitrinlərində iri-iri, yanıb-sönən hərflərlə yazılan “Sex-shor”lar, parik mağazaları isə məni əməlli-başlı heyrətə saldı. Birincisini anladım da, parik dükanlarının şəhərdə belə bol olmağı mənə heç cürə çatmırdı. Yalnız prospekt kənarında dayanan transfestitləri görəndən sonra, parik məsələsinin burada niyə aktual olduğunu başa düşdüm.

Rəfiqəm gecə oturmaq, heç kimlə problem yaşamamaq üçün ən sakit, rahat yerin bir məscid qarşısı olduğunu söylədi və biz otelimizə yaxın məscidlərdən birinə – “Əyyub Sultan”a pənah apardıq.

Məscidin qarşısındakı səyyar musiqiçilər bir neçə saatdan sonra “sahur konserti”nə hazırlaşır, sayları adamı heyrətə gətirən səfillər skamyalarda bürüncəklərinə bürünüb yatır, çadralı-çadrasız qadınlar ora-bura gəzişir, məscidin düz qarşısında iki dənə nəhəng, yekəqarın samovar isə pıqhapıq qaynayırdı.

Türk çayı! İstanbulda yaşadığım ilk xoş təəssürat elə bu ətirli, dadı özəl, ab-havası şux çay oldu.

Rəfiqəmlə gözdən-könüldən uzaq oturduğumuz skamyada bir az İstanbula isinişməyə çalışdım. Məscid həndəvərindəki zibil qabları aşıb-daşır, səkilərin üstü boş kauçuk su qabları, sellofanlar, tənəkə, siqaret qutuları, meyvə qabıqları ilə dolu idi. Yaxınlıqdakı skamyalarda evsiz-eşiksiz adamlar paltarlarına bərk-bərk bürünüb yatmışdılar.

Mən samovardan iki stəkan çay götürüb, oturduğumuz skamyaya çatana qədər az qala on nəfər skamyada yatan gördüm. Dəhşətə gəldim – hələ heç bir şəhərdə bu qədər səfili bir arada görməmişdim. Havada da ağır bir qoxu vardı.
Dillərə dastan İstanbulun havasından siqaret, səfalət və din qoxusu gəlirdi...


Boğaz mənzərəsi və hamamda çirklilik fobiyası


Sabaha türklərin daha bir xəstəliyi – boğaz görüntüsü ilə başladım. Qaldığımız otaqdan bütün boğaz mənzərəsi ovuc içi kimi görünürdü. Otelin qarşısındakı, rəfiqəm demişkən “sənin dostun solçuların tez-tez eylemlər elədiyi” izdihamlı Taksim meydanı da aydın görünürdü. Həmişə türk filmlərində gördüyüm dumanlı mənzərəyə indi öz şair gözlərimlə baxır və açığı soyuqdan və aclıqdan başqa heç nə hiss eləmirdim.

Hamama keçdim. Mənim qəribə bir cəhətim var. Həmişə bir təzə yerə – ölkəyə, şəhərə, kəndə, evə gedəndə nəsə özümü çox çirkli hiss eləyirəm. Bilmirəm, bəlkə də bu, yadlığın, ögeyliyin, uzaqlığın verdiyi bir hissdir. Bədənimdən, əllərimdən, saçlarımdan iyrənirəm. Mənə elə gəlir ki, dərimdə qatbaqat kir var. Ona görə də hara gedirəmsə gedim, bir neçə saatdan sonra orada yuyunmaq istəyirəm. Və ən əsası, yuyunandan sonra özümü daha da çirkli hiss eləyirəm. Buna görə də ilk günlərimi keçirdiyim bütün şəhərlərdən, kəndlərdən, evlərdən zəhləm gedir.

İstanbulda da başım gecənin soyuğundan, İstanbulun din və siqaret qoxusundan, parik dükanları və transfestitlərinini əlaqəsi kimi fikirlərdən ayılar-ayılmaz, bu dərdim başlamışdı....


7 min məscid


Çimib təmizlənəndən, əslində xəyalən daha da çirklənəndən sonra rəfiqəm məni Yeşilköydəki bir balıq restoranına apardı. Oturduq: arxamız İstanbul, qarşımız dəniz, süfrəmiz balıqla dolu... mənimsə qanım it qanına dönmüşdü, çünki adlı-sanlı balıq restoranına gəlsək də, könlümdən keçənlərin hamısı menyuda olsa da, mətbəxdə yox idi - nə midyə, nə dəniz məhsulları salatı, nə krevet (lap bizim Bakı restoranları kimi).

Günortadan sonra şəhəri gəzdik və qanım yenə qaraldı. Mən İstanbulda baxdığım filmlərin çəkildiyi yerləri, roman qəhrəmanlarının görüş yerlərini görəcəyimə ümid edərkən, rəfiqəm qatı bir məscid sevdalısı çıxmışdı. Hara hərlənirdiksə, yolun sonunda bir məscid olurdu və rəfiqəm “Dədə Qorqud” filmindəki Banıçiçəyin örpəyinə oxşar örpəyini çiynindən alıb, başına örtərək məscidə girib dua eləyirdi. Mənsə həmin müddətdə məscid qarşısında pal-paltarından, üz-gözündən kir yağan səyyar satıcılardan nar şirəsi-zad alıb, içirdim.

Və rəfiqəm məsciddən çıxan kimi, din və dua yanğısını yaxınlıqdakı kafelərdən birində buzlu “kola” ilə soyudurdu.
Bir ara söhbət əsnasında rəfiqəm mənə İstanbulda 7 mindən çox məscidin olduğunu dedi. Dəhşətdən gözlərim bərələ qaldı – indi o qız o, 7 min məscidin hamısını gəzmək istəsə idi, başıma haranın daşını tökəcəkdim?! Amma Allah üzümə baxdı – axşama yaxın məscid gəzintisi qurtardı. Demə, məscidlərin də iş saatı varmış – daha Allahın evidi deyə, ağlına gələn hər saatda özünü məscidə tərə bilməzsən.


40 yaşlı, kostyumlu Dədə Qorqud


Səfərimizin birinci axşamı bələdiyyənin Ramazan (səfərimiz Ramazan bayramı günlərinə təsadüf eləmişdi) tədbirlərindən birinə getdik. Bələdiyyə canfəşanlıqla çəmənliklərdə bayram süfrələri açmış, ağlı-qırmızılı-qaralı bayram çadırları qurmuş və Türk dünyasının məşhur gənc ozanlarından birinin konsertini təşkil etmişdi. Bu tədbirdə də təxminən oğlu olanı ağ çadıra, qızı olanı qırmızı çadıra, oğuldan-qızdan heç nəyi olmayanı isə qara çadıra aparırdılar.

Bizim oğuldan-qızdan heç nəyimiz olmasa da, qonaq olduğumuza görə, hörmət eləyib, ağ çadıra apardılar. Oturub axıra qədər konserti izlədik. Rəfiqəm bu musiqiçiyə yaman rəğbət bəslədiyini dedi. Mənsə konsertin axırına qədər o gənc ozanın çıxışlarını, türkülərini, boy boylayıb, soy soylamağını, müdrik-müdrik danışmağını eşidəndən sonra bu qərara gəldim ki, bu adam sadəcə, iyirmi birinci əsrdə yaşayan, kostyum geyinən və mikrofondan istifadə edən 40 yaşlı Dədə Qorquddur...

İstanbuldakı səhəri günü dedi ki, Cem Yılmaz demiş, madam ki, Taksimdəyiz, barı bir Bəyoğlunu gəzək. Bəyoğlu – çoxlarının bildiyi kimi, İstanbul bogemasının, ziyalıların, yaradıcı adamların yaşadığı yerdir və eyni zamanda ticarət küçəsidir. Uzun sözün qısası, bizim “Torqovı” kimi bir yerdir. Arxamızı Taksimə çevirib, Bəyoğlu küçəsi uzunu getdik. Pal-paltar, kitab, texnika, parfüm, min cür xırdavat – bir sözlə, tipik alış-veriş küçəsi. Basırığı, izdihamı da öz yerində. Bir fərqi var – “Torqovı” daha təmirli, daha abad, daha baxımlıdır. Və Bəyoğludakı avara gənclik bizimkinə nisbətən daha avaradır.

Elə ağzımızı ayırıb, Bəyoğlunu gəzirdik ki, qəfildən qarşıma tanış bir sima çıxdı. Bu 8 il əvvəl mənə universitetdə dərs demiş müəllimim idi – həmin adam şəhərin mərkəzində, qulağımın dibində yaşadığı halda, universitetdən sonra o adamı şəhərdə bircə dəfə də olsun, görməmişəm. Amma ikicə günlük getdiyim İstanbulda, yarımca saatlıq gəzdiyim Bəyoğlunda, o qədər izdihamın arasında qarşıma çıxdı və bu çox sıradan bir görüşmüş kimi, quruca salam verib, rəfiqəmə də əyri-əyri baxıb, ötüb keçdi. Zalım oğlu, elə bil səhər-axşam məni Bəyoğlunun Araz kafesində görür, heç çaşıb eləmədi.

İstanbul bəlkə də ilk şəhər idi ki, onu tərk edəndə sevindim. Şəhərləri xatirələrə, təəssüratlara, orada yaşananlara görə sevir, darıxır, həsrətini çəkirlər. Mənsə İstanbulda ancaq kədər gördüm, kədər yaşadım, ağlımda da o kədər dolu İstanbuldan başqa heç nə qalmadı... Halbuki, dinə inansaq, bir şəhərdə ki, 7 min məscid ola, orada insanlar daha xoşbəxt olmalıydılar axı...
# 4346 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #