Rasim Qaraca: “Gənclik kitab oxumağı “zapadlo” sayır”

Rasim Qaraca: “Gənclik kitab oxumağı “zapadlo” sayır”
13 sentyabr 2011
# 11:00
Azad Yazarlar Ocağının təsisçisi, “Alatoran” jurnalının baş redaktoru, yazar Rasim Qaracanın Kulis.az dərgisinə müsahibəsi


- Azad Yazarlar Ocağı bu yaxınlarda 10 illiyini qeyd etdi. Siz bu 10 illik prosesi necə qiymətləndirirsiniz? AYO nələrə nail oldu?

- Ümumən, 10 il bundan əvvəlki ilə müqayisədə ədəbi prosesdə bir canlanma var və bu canlanmada AYO-nun xidməti şübhəsiz var. Lakin mən bu xidməti şişirtmək fikrindən uzağam. Bu barədə mən son vaxtlar düşünmüşəm, yaradıcılıq axtarışları baxımından bizim ədəbi prosesin sürəti çox zəifdir. Mən və bir qrup entuziast olmasa (buraya sən, Zahir Əzəmət, T. Əlişanoğlu və daha bir neçə ad daxildir) yəqin ki, durum 10 il bundan əvvəlkindən fərqli olmayacaq.

- Ancaq 10 il əvvəl ədəbiyyatda bir durğunluq var idi. İndi isə tamam fərqlidir. Bu prosesin güclənməsidə sizin də rolunuz danılmazdır.

- Burada “Aldanmış kəvakib” hadisəsini yada düşür. Ədəbiyyatda isti küləklər əsdirərək biz zimistanı bahar etmək istədik. Gəncləri ədəbiyyat işinin çox vacib olduğuna inandırdıq, həqiqətən də onlar həvəsə gəlib yaxşı əsərlər yaratdılar, özlərini ədəbiyyata həsr etdilər. Ancaq mən indiki gənc yazarları bir az da aldanmış hesab edirəm. Bir ata öz övladlarını hər şeyin yaxşı olacağına necə inandırır, onları yaşamağa həvəsləndirir, lakin həyatla ilk toqquşmada hər şeyin yalan olduğu üzə çıxırsa, şəxsən mən də özümü belə bir günah iş tutmuş kimi hiss edirəm. Prosesin canlanmasına sərf edilən tam 10 ili gözləriniz önündə canlandırın. Məncə tarixi zorlamağa ehtiyac yox idi. Hər şeyi öz təbii axarına buraxmaq bəlkə də daha yaxşı olardı. Çünki heç nə yaxşı olmayıb. Biz çox sürətli mənəvi çöküş yaşayan bir cəmiyyətdə yaşayırıq. Artqı iş-işdən keçib, ədəbiyyat zibil yeşiyinə atılıb, yazıçı camiyyət tərəfindən anlaşılmayan bir peşə sahibidir. Və ədəbiyyat bu tənəzzülün qarşısını almaqda acizdir.

- Hər halda kitablar çap olunur və müəyyən oxucu təbəqəsi də var...

- Oxucular haqqında mən o qədər də nikbin deyiləm. Bu oxucuların sosial tərkibini analiz etmək lazımdır. Kitablar 500 tirajla çap olunur, ölkədə 2000-dən artıq yazıçı və jurnalist var. Yazıçılar yazmağa həvəsləniblər, ancaq oxucu ilə əlaqə itib. Onlar hardadır, kimdir? Əminəm ki, real mənzərə gözlər önünə sərilsə, oxuyanların böyük faizinin yaşlı nəsildən olduğunu görərik. İndiki təhsil sistemi davam etdikcə biz də əlində kitab tutan tələbə görəndə heyrətə gəlməyə davam edəcəyik. Məncə özümüzü aldatmayaq, indiki gənclik kitab oxumağı “zapadlo” sayır.

- “Alatoran” jurnalının intensiv çıxmasına hansı əngəllər var?

- Mən lətifələrlə danışmağı xoşlayıram. Şəhərə daxil olanda 40 top atəşi ilə qarşılanmağı tələb edən bir şah top səslərini eşitməyib bunun səbəbini soruşur. “Şahım, bunun 40 səbəbi var. Birincisi barıt yoxdur...” cavabını eşidincə deyir: “Qalan səbəbləri saymasan da olar”. “Alatoran” jurnalının intensiv çıxmamasının 40 səbəbi var. Birincisi barıt yoxdur...

- 39-nu saymasanız da olar...

- İkinci səbəb isə odur ki, biz neft və milyonlar səltənətində yaşayırıq... Yazıçı neftin gətirdiyi faciənin qarşısını almaqda acizdir. Tezliklə o rahat həyatın qurbanına çevriləcək, Küveyt və ya Ərəb Əmirliklərində olduğu kimi, bizdə də parıltılı həyat əsl ədəbiyyatı udacaq. Magistraldan kənar ədəbiyyat sadəcə olmayacaq. Mən buna get-gedə daha artıq inanmağa başlayıram...

- Jurnalın neçə nömrəsi çıxıb?

- 16.

- Həm də Alatoran yayınları seriya kitabları nəşr olunub.

- Bəli, bu seriyadan 40-a yaxın kitab buraxmışıq.

- Siz təşkilati məsələlərə çox vaxt ayırdınız. Amma yaradıcılığınıza vaxt qalmadı. Sizə də belə gəlmirmi?

- 2002-2011-ci illər arasında mənim 3 şeir, 1 hekayə kitabım dərc olunub. Bundan əlavə çox sayda tənqidi məqalələr, esselər yazmışam bu illərdə. Habelə tərcümə etdiyim və çapa hazırladığım kitablar var (Samuel Bekketin 2 romanını bu il dərc etmişəm. Belə bir böyük ədəbiyyat hadisəsi tamamən sükutla qarşılanıb) ... Yaradıcılığıma vaxt qalmadı deməzdim. Sadəcə mənim yazar tipim belədir. Az sözlə çox şeyi ifadə etmək. Mən öz yazdıqlarımın ədəbi prosesə təsir etdiyini görürəm. Bunun özü də yetərli sayıla bilər. Lakin, əsl yazıçı yaşı əllidən sonra başlayır. Bundan sonra nə olacağı bəlli olmaz. Yeri gəlmişkən bir məsələni qeyd etmək istərdim. Düşünürəm ki, bizim ədəbiyyat mühiti böyük yazarlar yetişdirə bilməz. Həm oxucuların səviyyəsini, həm də aparıcı olan ədəbiyyat anlayışını nəzərdə tutaraq bu fikrə gəlirəm...

- Siz “Alatoran”ın 16 nömrəsini buraxmısınız. Azərbaycanda bir ədəbiyyat dərgisi buraxmaq üçün nə qədər pul lazımdır?

- Jurnalın bir nömrəsinin sadəcə çap xərci 600 manata başa gəlir. Daha kiçik həcmli bir jurnal buraxmaq istəsəniz daha ucuz qiymətə başa gələ bilər... İndi Azad Yazarlar Ocağının yeni tərcümə jurnalını çapa hazırlayırıq. Bu jurnalın təsisçisi və baş redaktoru Namiq Şamandır. 60 səhifə olacaq bu jurnal və daha ucuza başa gələcək. Məqsəd dünya ədəbiyyatından seçmə nümunələrlə Azərbaycan oxucusunu tanış etməkdir. Yalnız tərcümə əsərlərinə yer veriləcək.

- Bəs internet jurnalları necə, bu missiyanı yerinə yetirə bilməzmi?

- İnternet jurnalları zamanın tələbidir. Lakin bədii mətnlərin kağız üzərindən qavranılması ənənəsi bizdə hələlik çox güclüdür.

- Çox adamın yazması tendensiyası sizi narahat edirmi?

- İndi ədəbiyyata atılan çoxlu gənc yazar var. Buna yalnız sevinmək lazımdır. Lakin ədəbi proses mənə boz təsiri bağışlayır. Çox sayda yazar olsa da parlaq imzalar son dərəcə azdır. Gənclər sanki nə və necə yazmağın çaşqınlığı içərisindədir. Onlara yol göstərməli olan peşəkarlar isə bunu etmirlər...

- Bəlkə özləri də yol bilmirlər, ona görə...

- Ola bilər. Nobel almış yazarları oxumaqla özünə yaradıcılıq istiqaməti seçmək yanlış bir yoldur. Ədəbiyyatın göydələnləri deyil, uçuq komaları daha əhəmiyyətlidir. Məncə gənc yazıçılar çox oxumaq deyil, nəyi oxumaq haqqında düşünməlidirlər. Və çox oxuyub az yazmağı dənəməlidirlər. Stefan Sveyq “Dünənin Dünyası”əsərində 4 il sərasər tərcümə ilə məşğul olduqdan sonra yazmağı öyrəndiyini yazır və gənclərə də bunu məsləhət görür.

- Mirmehdi Ağaoğlu MKM-də onluğa düşən yeganə AYO-çu idi. Ona Rəşad Məcid dəstək oldu. Sanki AYO heç dəstəkçi olmadı.

- AYO MKM-ə qatılmamağı qərara almışdı. Mirmehdi bu qərara məhəl qoymadı, buna görə də onun qələbəsinə AYOçuların laqeyd yanaşmasını təbii qəbul etməlidir. Daha əvvəllər AYO Mirmehdiyə dəstək olub, yeri gələndə o, bu dəstəyi yenə də hiss edəcək... İnanıram ki, MKM-in qondarma bir qurum olduğunu Mirmehdi artıq öz təcrübəsində başa düşüb. Onluğa düşmək ona nə qazandırdı? Bir yazıçı, nə qədər gənc də olsa bu cür kiçik hədiyyələrin arxasınca getməməlidir. AzTV-lərə, MKM-lərə çıxdıqca biz öz dəyərimizi azaldırıq. Bu cür həzzlərdən imtina etməyi bacarmalıyıq. Rəşad Məcid şəxsən mənə dəstək olsa, nəsə ciddi bir xətaya yol verdiyimi düşünərəm.

- Rəşad Məcidin Gənc Ədiblər Məktəbini izləyirsinizmi?

- Bu uşaqların arasından hələlik Feyziyyənin şeirlərini bəyənirəm. Qismətin iddialı olması xoşuma gəlir, düz yazılarında uğurludur, şeirləri isə təkrarçılıqdan başqa bir şey deyil... Gənclər onsuz da bataqlığa bənzəyən Azərbaycan ədəbi mühitində özlərini təsdiq etməyə çalışırlar, mübahisələrə qoşulsunlar. Lakin məncə onlar üçün bu hələ tezdir. Çoxlu mütailə etməlidirlər, özlərini inkişaf etdirmək haqqında düşünməlidirlər. Zahiri effekt, üzdə olmaq, şöhrət – bunlar gənc yazıçının tezliklə sönməsinə səbəb ola bilər... İndiki zamanda yazıçı olmaq insandan çox hazırlıq tələb edir. Dil bilməlisən, xaricə çıxmağın yollarını axtarmalısan.. Qaranlığa daş atırmış kimi əsər yazmaq, bəlkə hədəfə dəydim deyə düşünmək yanlışdır. Yaradıcılıq konkret hadisədir. Gənclər ədəbi prosesin qayğısına qalmalıdırlar. Ciddi ədəbiyyat mühiti olmayana qədər onlar böyük yazıçılar kimi yetişə bilməyəcəklər.

- Sizin türkçü, millətçi imiciniz var. Güneyliləri çap edirsiniz. Amma bir müsahibənizdə demişdiniz ki, Rusiya ədəbiyyatından öyrənmək lazımdır.

- Rusiyada ədəbiyyat ənənələri çox güclüdür. Hər şeydən əvvəl, tarixən rus ədəbiyyatı eksperimentlərə açıq olub və burada bizim öyrənəcəyimiz çox şey var. Türkiyədə isə belə deyil. Burada ənənələr yei-yeni formalaşmağa başlayır. Bundan əlavə Türkiyənin siyasi yapısı və bundan irəli gələrək yazıçının ictimai vəzifəsi bizdə olduğundan fərqlidir. Rusiya isə bizimlə eyniyyət təşkil edir. Aşağı-yuxarı eyni problemləri paylaşırıq bu ölkə ilə. Pis və ya yaxşı, sovet kimliyi də burada önəmli rol oynayır. Mən yazıçı sənətkarlığı və mövzular baxımından rus yazıçılarını üstün hesab edirəm və bugün Rusiyada cərəyan edən ədəbiyyat proseslərinin bizim üçün misilsiz qaynaq olduğunu hesab edirəm. Orxan Pamuk, Əlif Şafak timsalında qlamur Türk ədəbiyyatından öyrəniləcək çox az şey var mənə görə. Millətçi heysiyyətim bunları mənə deyir...

- Sizin nəsildə rus dili ikinci bir dil olub. Amma bizim nəsildə bu dili bilənlərin sayı çoz azdır.

- Mən də rus dilini bilmirdim. Amma qarşıma məqsəd qoydum, öyrəndim. Başqa bir yolu da dil bilənlərin tərcümə edərək bu əsərləri bizim oxuculara çatdırması ola bilər.

- Siz özünüzü şair hesab edirsiniz yoxsa yazıçı?

- Mən hobbisi ədəbiyyat olan birisiyəm. Aradabir bəzi şeylər yazıram. Mən jurnalistəm, publisistəm, redaktoram. Ancaq ən böyük arzum, bundan sonraya qalan həyatımı kitab oxumağa sərf etməkdir. Çünki əsl həyat oradadır.

- Siz Azərbaycanda kimləri şair hesab edirsiniz?

- Kimləri şair hesab etmirəm desəm hər şey aydın olar. Azərbaycan şeiri şərq şeir ənənəsindən qopa bilməyib. Melanxolik, həyatdan qopuq bir şeriyyət. Mən buna pisdir demirəm. Ancaq mən öz poetikamı tül pərdəyə bürünmüş yalançı ritorikadan təmizləməyə çalışmışam. Bu cür şairlər isə ədəbiyyatımızda yox qədərdir: Əli Kərim, Həmid Hersçi, Nərmin Kamal, Ülvi İsmayıl, Azər Əhmədov... yenə də varmı, bilmirəm.

- Ramizi Rövşəni oxuyursunuz?

- Ramiz Rövşən yalançı pafos, başqa bir şey deyil. Ənənəvi şərq şerinin bir uzantısı da demək olar. Vaqif Bayatlı da onun kimi, ah-ufları yığışdırsan ortada bir şey qalmayacaq.

- Hazırda hansı kitab oxuyursunuz?

- 1975 doğumlu rus yazıçısı Zaxar Prilepinin “Rus ədəbiyyatıyla söhbət” adlı bir kitabını. Müəllif bu kitabında 30 müasir rus yazıçısıyla ədəbiyyat mövzusunda söhbət edir. İkinci oxuduğum kitab E.Limonovun “Qlamur cənnətin uşaqları” adlı esselər toplusudur.


Söhbətləşdi: Qan TURALI
Hazırladı: Elmin HƏSƏNLİ
# 1712 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #