2021-ci il “Nizami Gəncəvi İli” elan edilib. Bu təşəbbüsün əhəmiyyəti nədir? Biz bu il ən başlıca nələri etməliyk? Nizami irsini lazımınca mənimsəməkdə hansı problemlərimz var?
Kulis.az tanınmış söz və ədəbiyyat adamlarının fikirlərini təqdim edir.
Etimad Başkeçid
Hər şeydən öncə Nizamini ithaf sicilləmələrinin, yubiley nitqlərinin pafosundan və patetikasından mümkün qədər azad edib, onu öz xalqımıza tanıtmaq lazım. Bunun üçünsə, ilk növbədə, sənətkarın əsərləri sətri tərcümə edilməlidir. Sətri, bədii yox! Necə ki, Anadolu türkləri Mövlananın məsnəvilərini tərcümə ediblər. Özü də o qədər gözəl tərcümə ediblər ki, onu oxuyandan sonra heç bir bədii tərcüməni əlinə götürmək istəmirsən. Bu məsələnin konseptual tərəfidir. Bunun etik tərəfi də var: əvvəla Nizami səviyyəsində şairiniz olmalıdır ki, onu az və ya çox dərəcədə adekvat tərcümə eləyə bilsin. İkincisi də, bilməliyik ki, pis şeiri yaxşı tərcümə eləmək olar, amma yaxşı şeiri yaxşı tərcümə etmək mümkün deyil. Söhbət bədii tərcümədən gedir. Şeirin şeirlə tərcüməsi bəlli dərəcədə tərcümənin yaradıcı müstəqilliyi deməkdir və oxucu, adətən, orijinalın özüylə deyil, onun sərbəst interpretasiyası ilə tanış olur. Belə olan halda sual yaranır: «Burada mənim hüquqlarım pozulmur ki?» O mənada ki, bədii tərcümə elə seçim prosesi deməkdir. Orijinalın ötürülməsi və onun tərcümə transformasiyası üsullarının seçimi. «Seçim» sözünün isə Qərb insanına təsiri haqqında ayrıca danışmaq lazım gəlir. Yalnız onu qeyd edək ki, Qərb insanı üçün ən böyük təhqir, xoş niyyətlə də olsa, onun seçiminə təcavüz edilməsidir. Bu məsələdə o, nə ixtisaslaşmanı, nə yüksək professionallığı, nə də xüsusi istedadı vecinə alır. Mətnin məzmununun başqa dil vasitələri ilə adekvat verilməsinin problemli məsələ olduğunu bildiyi üçün oxucu elə bir minimum – sətri tərcümə – istəyir ki, onun üzərində öz şəxsi mülahizələrini qura bilsin. Türklər Mövlanını tərcümə edərkən məhz bu mülahizəni əsas götürüblər. Nəticəsi də məlumdur: Rumi hazırda dünyada ən çox oxunan sənətkarlardandır; Madonna onun məsnəvisinə nəğmə bəstələyib oxuyur. Qalan məsələlər barədə özüm danışmıram ki, başqa sənətkarlara da deməyə söz qalsın.
Qismət
2015-ci ildə Nizaminin sovet dövrü tərcümələri ilə bağlı yazdığım essedə belə bir ideya ilə çıxış etmişdim: "Düşünürəm ki, biz bugünkü dünyada Nizamini mədəni bir brend kimi dünyaya təqdim etməyin yollarını düşünməliyik. Məsələn, Konya şəhərini hər Mövlanaya görə minlərlə turist ziyarət edir, niyə Nizamiyə görə hər il Gəncədə belə bir festival olmasın ki? Məncə, bizim dünyaya çıxışımız, mədəni turizm sahəsində bizə hörmət gətirən ən yaxşı addımımız hər il keçirə biləcəyimiz Nizami festivalı, Nizami günləri ola bilər."
2020-ci ildə Mədəniyyət Nazirliyi ideya axtarışı başlığıyla sənət adamlarına bir sorğu göndərmişdi, mədəniyyət sahəsindəki problemlərlə yanaşı, 2015-ci ildəki təklifimi yenidən təkrarlamışdım: "Düşünürəm ki, ölkəmizdə hər il keçirilən (mütəmadilik vacibdir!) beynəlxalq bir ədəbiyyat festivalına ehtiyac var. Bu, fikrimcə, Nizami Gəncəvinin adıyla bağlı olsa, yaxşı olar. Necə ki, Türkiyənin Konya şəhərində hər il Mövlanə günlərinə dünyadan minlərlə sənət və düşüncə zəvvarı axışır, biz də Nizaminin adı ətrafında belə bir festivalı qura bilərik. Düşünürəm ki, ya həmin festivalın tərkib hissəsi kimi, ya da müstəqil şəkildə fəaliyyət göstərəcək ciddi bir ədəbiyyat mükafatının təsis olunmasına da böyük ehtiyac var.
Bu ilin "Nizami İli" elan edilməsi vəsiləsiylə təklifimi yenidən yada salıram, düşünürəm ki, bu barədə əməli addımlar atmağın məqamı yetişib.
Fərid Hüseyn
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən və “Nizami İli” olduğunu bildirərkən belə bir cümlə işlətdi: “Dahi Azərbaycan şairi Nizaminin əsərləri dünyaya daha geniş təqdim edilməlidir”. Yəni, dahi ədibin irsinin təbliğat işi daha çox dünya ölkələrində aparılmalıdır. Amma sual edə bilərsiz ki, məgər Nizaminin əsərləri dünyada tanınmırmı? Nizami Gəncəvinin əsərləri dünyada az-çox tanınır, xüsusən Şərqşünaslıq arsenalında tanınır. Bu xüsusda dövlət başçısının dediyi kimi daha da böyük təbliğat işi aparılmalıdır. Ancaq məncə, burda söhbət daha çox onun Azərbaycan şairi kimi tanıdılmasından gedir. Təəssüf ki, ədalətsiz dünyamız bir çox hallarda səhv təbliğat əsasında Nizamini fars şairi kimi tanıyırlar. İnşallah, Nizaminin dünyada tanıdılması işi həmin yanlışın aradan qaldırılmasına səbəb olar. “Nizami İli”ndə bunları etmək məncə, yaxşı olardı:
– Nizami əsərlərinin “təsir coğrafiyası”nı öyrənən elmi əsərlər yazılmalıdır. Ümumən dünyaya sübut etməliyik ki, Nizami təkcə öz dövrünün yox, bütün dövrlərin klassikidir və Sizə də bizim qədər gərəklidir. Və bu nəşrlər iki dildə (Azərbaycan, ingilis) olsa effektivliyini tez görərik.
– Səfirliklərimiz “Nizami İli”ndə fəal olsalar və hansı ölkədə Nizami tədqiqatçıları varsa onların əsərlərinin çapına çalışsalar yaxşı olar. Beləcə, “fars şairi” təbliğatına uyan əcnəbi ədəbiyyat adamları həqiqətə yönləndirilsə, real nəticələr əldə edərik. Eyni zamanda, əcnəbi müxtəlif universitetlərdə Nizami Mərkəzlərinin yaradılması təbliğat işini daha ciddi sferaya keçirə bilər.
– Nizami əsərlərinin qədim əlyazmaları saxlanılan kitabxanalardan sürətlərinin gətirilməsi də bizi gözləyən işlərdəndir.
– “Xəmsə”çi şairlər barədə müqayisəli ədəbiyyatşünaslıq sahəsində qalıcı işlər görülsə çox gözəl olar. Eyni zamanda, həmin nəşrlər Nizamidən təsirlənən şairin doğma dilində də çap edilə bilər.
– Nizami mövzularına müasir formatlarda müraciət edilməlidir. “Beşlik təfəkkürü” ayrı-ayrı mövzulara tətbiq oluna bilər.
– Nizami Gəncəvi Beynəlxalq Mərkəzi görülən işlərdə münsif rolunu oynasa və həvəskarların qarşısı hansısa formada alınar.
Şərif Ağayar
2021-ci ili “Nizami Gəncəvi İli” elan olunmsı alqışa layiqdir. Bildiyiniz kimi, bu il dahi sənətkarın 880 illiyidir. Nizami 880 il sonra da Azərbaycan mədəniyyətini dünyaya daşıya biləcək böyüklükdədir. Yetər ki, biz özümüz onun kimliyini anlayaq.
Nizami irsi sovet dövründə müəyyən qədər araşdırılıb və tərcümələr olunub, ancaq bu, yetərli deyil. Mənə elə gəlir ki, müstəqillik dövründə klassik ədəbiyyatımızın bünövrəsində dayanan islam-irfan kontekstinə yenidən dəyər verməli, xüsusən Nizami Gəncəvi bu aspektdən ciddi araşdırılmalıdır. Mən düşünmürəm ki, bir il ərzində bizdə "Xəmsə" yüksək səviyyədə tərcümə olunacaq, ancaq ölkə başçısının yaratdığı fürsətdən maksimum istifadə edib ciddi addımlar ata bilərik. Məsələn, ən azı "Yeddi gözəl"i geniş təhlili ilə birlikdə yüksək səviyyədə tərcümə və çap edə bilərik. Təbii ki, tək bu il yox, gələcəkdə də tərcümə və araşdırmalar davam etməlidir. Fikrimcə, nəinki müasir Azərbaycan oxucusu, hətta yazıçısı və şairi də Nizami Gəncəvini lazımınca tanımır. Layiqli tədqiqatçıların da sayı azdır.
İstərdim, Nizami ili bir çox qurum və təşkilatlar üçün ənənəvi il olmasın, “quş qoymaq” xatirinə təbdir keçirməsinlər. Elmlər Akademiyasının müvafiq institutları, Yazıçılar Birliyi, müstəqil fikir və qələm adamları əlindən gələni etməlidir.
Aqşin Yenisey
"Nəsimi İli"ndə Nəsimi yaradıcılığı haqqında yeni heç bir hadisə baş vermədi deyə "Nizami İli"ndə də Nizami yaradıcılığı ilə bağlı yeni nəyinsə baş verəcəyinə ümid etmirəm, ona görə də geniş danışıb özümü və oxucuları yormaq istəmirəm. Uzağı, bu dəfə də erkək bir müğənni özünü Nizami Gəncəviyə oxşadıb bir dənə "Sənsiz" oxuyacaq, məsələyə nöqtə qoyacaq.
Rəbiqə Nazimqızı
“Nizami İli”ndə ən ciddi məsələlərdən biri şairin sətri-filoloji tərcümələrinin böyük tirajla çap edilməsidir. Hər poemaya ayrıca film çəkmək olar, ssenarisini ədəbiyyatçılar işləyə bilər. Eyni motivlərlə ən yaxşı əsər müsabiqəsi də keçirmək olar. Poemalar yenidən səhnələşdirilməlidir.
Amma ən başlıcası, Nizamiylə bağlı heç bir iş diletantlara etibar olunmamalıdir. “Nəsimi İli”ndə bunun altını az çəkmədik.
Cavid Zeynallı:
Əgər həqiqi iş görmək, fayda vermək niyyəti varsa, hansı ilin olmasından asılı olmayaraq, bunu etmək olar. 2021-ci ilin “Nizami İli” elan edilməsi çox böyük işlərin görülməsi üçün yaxşı fürsətdir. Ortada dövlətin dəstəyi, nəzarəti və xeyir-duası var.
Bizə nüfuzlu, bütün dost-tanış və yaxşı oğlan kriteriyalarından uzaq beynəlxalq ədəbiyyat müsabiqəsi lazımdır. Elə Nizami Gəncəvinin adına olsa daha yaxşı olar. Daha sonra kitab sənayesinin, Kitab Kollektorunun, nəşriyyat-müəllif sisteminin qurulması üçün addımların atılması vacibdir.
Azərbaycan kitabının dünyada tanıdılması işi çox zəifdir. Böyük yarmarkalarda yüksək səviyyədə təmsil olunmalıyıq. Daha nə? Əgər söhbət müəlliflərin nəsə yazmasından gedirsə, tez-tələsik, çiy əsərlər, poemalar yazılmasa, daha yaxşıdır.
Aqşin Evrən
Ədəbiyyat adamlarının başı qarışıb çörəkpulu qazanmağa, ona görə də heç nə edə bilməzlər. Dövlət təkliflər müsabiqəsi formatında tender elan etməlidir, ədəbiyyat adamları da yığcam formada konkret təkliflərini irəli sürməlidir. Təklifi bəyənilən ədəbiyyat adamına "Nizami İli" ilə bağlı təşkil olunacaq tədbirlər planında yer verilməlidir. Postpandemiya dövründə Nizami ilə bağlı sirli-sehrli gözəl bir festival təşkil edib bunu "Yeni dünyanın ilk mədəniyyət festivalı" kimi təqdim etmək olar. Üstəlik, nüfuzlu əcnəbi yazarların bu festivalda iştirakına nail olub, onları, məsələn, Şuşaya aparmaq mümkündür. Bu, gələcəkdə turizm baxımından da effektli olar. Bir də, təbii ki, Nizaminin əsərlərinin yüksək səviyyədə tərcüməsini həyata keçirmək zəruridir. İllərdir bu mövzu gündəmə gəlir, amma həllini tapmır. Hətta təklif edirəm, yazar-şairlər olaraq bununla bağlı müraciət ünvanlayaq ki, Nizaminin əsərlərinin yenidən tərcüməsi, tərtibatı ilə bağlı vəsait ayrılsın. Biz də öz aramızda səsvermə keçirərək, tutaq ki, "Xəmsə"ni, qəzəllərini tərcümə edəcək adamların siyahısını müəyyənləşdirək. Bu gün kimsə Nizaminin nəhəngliyinə ağız büzürsə, əsas səbəb elə sovet dövründəki tərcümələrdir. Nizaminin əsərləri bərbad tərcümə olunub. Bu, təxminən, hansısa şəhərimizin işğal altında olması kimidir. Biz Nizamini işğaldan azad etməliyik.
Ümid Nəccari
Hesab edirəm ki, Nizami Gəncəvinin "Xəmsə"si bir daha tərcümə olunmalıdır. Necə ki, dünyanın bir çox sanballı əsərləri dəfələrlə tərcümə olunub. Misal üçün, "Zərdüşt belə deyirdi" əsəri müxtəlif tərcüməçilər tərəfindən fars dilinə 20 dəfədən artıq çevrilib və tərcümə haqqı nəşriyyat tərəfindən yüksək səviyyədə qarşılanıb. Məsələn, bu əsərin bir tərcüməçisi Daryuş Aşuri hər dəfə eyni kitabın nəşrində yeni-yeni düzəlişlər edir.
Nizaminin “Xəmsə”sinin tərcüməsi orijinal dili ilə müqayisədə məni qane etmir. Bundan başqa, bir çox məqamlarda fikir ayrılıqlarına rast gəlmişəm. Hərdən mənə sual verirlər:
“Azərbaycan türkcəsinə tərcümə olunmayan farsdilli əsərləri niyə tərcümə etmirsən?”
Azərbaycanın oxucu kütləsinin azlığına rəğmən, nəşriyyatlar da tərcüməçiyə yaxşı qonorar verə bilmir. Bu səbəbdən tərcüməçilər böyük əsərləri tərcümə etməyə can atmırlar, yaxud da bir əsəri tələsə-tələsə tərcümə edib təhvil verirlər. Ümid edirəm, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Nizami Gəncəvi ili” kimi elan olunan bu ildə dövri nəşrlərin ərsəyə gəlməsi, hazırlanması və tərcümə edilməsi məsələsi daim diqqət mərkəzində saxlanılacaq. Xalqımızın milli kimliyini və mədəni irsini təcəssüm etdirən ədəbiyyatımızın təşəkkülü naminə edilən səylər yüksək qiymətləndiriləcək.
P.S. Tanınmış tənqidçi-ədəbiyyatşünaslar Cavanşir Yusifli, İradə Musayeva və Səadət Şıxıyevanın fikirləri geniş olduğu üçün onları ayrıca vermək qərarına gəldik. Saytımızı izləyin.