Telefon yeyən qızlar

Dəniz Pənahova

Dəniz Pənahova

1 dekabr 2021
# 09:40

Nədənsə payız aylarında teatr aclığı yaşayıram. İnternetdə teatrların şənbəyə olan menyularına baxdım.

Pantomima teatrının menyusuna bir göz atdım. Burada köhnə tamaşa olacaqdı. “Underground”. Düzü, bu tamaşaya baxmamışdım. Gecədən online bilet sifariş verdik.

Tamaşaya yarım saat tez gəlmişdim. Qapıda bizi qırmızı şlyapalı Elman Rəfiyev qarşıladı. O, şikayətlənirdi ki, bəzən tamaşaya 20 dəqiqə gecikən adamlar olur. Onlar israrla tamaşaya daxil olurlar. Ancaq tamaşanın əvvəlini izləmədən necə zövq almaq olar? Mən əlacsızlıqdan qızımı da özümlə gətirmişdim. Elman bəy tamaşanın uşaq üçün ağır ola biləcəyini vurğuladı, eyni zamanda bildirdi ki, balaca da başqa cür qavrayar tamaşanı.


Bizim kimi tamaşaya tez gələn bir gənc xanım da vardı. Əlində qırmızı yazılarla Mustafa Məstur yazılan nazik kitabı oxuyurdu. Yavaş-yavaş adamlar artdı, balaca və isti zala keçdik. Səhnədən gələn zəng səsini eşitdim və elə bildim ki, tamaşa tez başlayıb.


Səhnənin ortasında 90-lardan qalma, rəqəmləri barmaqla fırlanan qırmızı ev telefonu vardı. Telefon dayanmadan zəng çalırdı. Aktyorlar bir-bir qaranlıq pərdələrin arasından çıxıb telefon dəstəyini qaldırırdılar. Ancaq qulaqlarına aparmadan havadaca iki saniyə saxlayıb təzədən dəstəyi qırmızı telefonun üstünə qoyurdular. Beləcə zənglər davam edir ancaq cavabsız qalırdı.

Birdən işıqlar söndü. Qızım əllərimdən yapışıb mənə sarı söykəndi. Səhnədə qaranlığa sancılmış insan başları göründü. Başlar mobil telefonun işığında əks olunurdu. Sanki adamlar bədənsiz başlardan ibarət idi. Möhtəşəm görüntü idi. Birazdan səhnə xəfifcə işıqlandı. Başlar, bədənlər və əllərində telefon adamlar göründü. Adamın biri telefonda oyun oynayırdı, digəri selfi çəkirdi, başqa biri gözünü telefonun içinə zilləmişdi. Qaranlığın içindən bir qız çıxdı. Onun əlində telefon yox idi. Sanki köməyə ehtiyacı varmış kimi bir-bir adamlara yaxınlaşırdı, onlardan kömək istəyirdi. Robotsayaq telefon adamlar qıza məhəl qoymurdu. Axırda qız yerə sərilib öldü. Telefona çevrilmiş qızlardan biri yerə sərilən ölü ilə selfi çəkdirdi. Gözlərim məndən ön sırada əyləşən xanıma sataşır. Əlində telefon votsapda kimləsə yazışır. Taleyin ironiyasına baxın, tamaşadakı hadisələri elə səhnə arxasında, tamaşaçılar da oynayır. Səhnədəki telefon adamlar elə özümüzü bizə göstərərək gerçəyi sillə tək üzümüzə vurur.

Səhnə yenidən qaralır. Yağış səsi, əlində qara çətir, əynində qara dəri plaşda aktyor Elnur Rzayev görünür. Bayaq telefon əsirinə çevrilmiş adamların içində o da vardı. Sanki həyatdan zövq almadığının fərqinə varan aktyor yağışa, təbiətə qarışmaq istəyirdi. O, yavaş-yavaş soyunmağa başladı. Çantasındakı qılıncı çıxarıb yuxarı qaldırdı. Ürəyinə saplayacaqdı ki, birdən yağış dayandı. Sanki Tanrıdan gələn bir işarəymiş kimi intihardan daşındı. Qılıncı çantasına qoydu. Əynini geyinib çətirini də əlinə aldı. İki barmağı ilə silah yaratdı. Və gülləni gicgahına dayayıb özünü öldürdü. Tanrı da, yağış da təbiət də onu usandığı həyata qaytara bilmədi. Yenidən qaranlıq və özünü öldürən aktyoru bu dəfə yeraltında görürük. Axı “underground”un bir anlamı da simvolik mənada yeraltı dünyanı, ölümlə bərabər bədənlərini tərk edənlərin diyarını təmsil edir. Yeraltından yuxarıda kiçicik bir işıq görünür. Aktyor əlini işığa tərəf uzadır. İşıqdan tutub yuxarı çıxmaq istəyir. İşıq bəlkə də Tanrıdı. Tanrıya əl uzadır, ancaq əlləri işığa çatmır. Yeraltına əlində çamadan başqa bir ölü gəlir. O da işığın ucundan yapışıb ümidə doğru qalxmaq istəyir. Ancaq bacarmır. İki ölü iynə ucu boyda olan işığın üstündə savaşırlar. İkisi də işığa çatmaq istəyir. Və birdən işıq közərərək yoxa çıxır. Ölülərdən biri siqaret çıxarır, ancaq kibriti yoxdur. Digər ölüdə isə kibrit var. Onlar paylaşmağı bacarırlar. Siqaretin tüstüsünü işığa tərəf üfürdükcə işıq yavaş-yavaş yanmağa başlayır. Onlar nərdivan gətirirlər. Nərdivanın bir hissəsi bir ölüdədir, digər hissəsi o biri ölüdə. Yeraltı dünyanın sakinləri dayağı olmayan iki yarımçıq nərdivanla işığı tutmağa, yeraltından çıxmağa çalışırlar. Bacarmırlar. Bezib nərdivanı buraxırlar. Dayaqsız iki nərdivan birləşib bir nərdivana çevrilir. Artıq rahatca yuxarı çıxa bilərlər. Onlar sevinərək nərdivanın pillələrini bir-bir qalxırlar. İşığa doğru çatanda əllərini uzadırlar, ancaq anlamırlar ki, onlar artıq yeraltı dünyaya həbs olublar, qurtuluş isə yoxdur. İşıq yenə öləziyib gözdən itir.

Növbəti səhnədə məni səhnə plastikası ilə heyrətləndirən Nuridə Musabəyli olur.

O, stolda oturub, digər stolda oturan oğlan isə əlini alnına söykəyib dərd çəkir. Qadın deyinməyi mimik hərəkətlərlə göstərir. Ağzından ixtiyarsız kəpənəktək çıxan deyintiləri əlləri ilə qapamağa çalışır. Dil əllərə məhəl qoymur. Barmaqlar usanıb silaha dönür və qadına məhəl qoymayan kişinin alnına çaxılır. Kişi ölür. Qadının silaha çevrilmiş barmağı diksinti keçirir. Havada dəfələrlə iyrənmişcəsinə yellənən barmaqlar görürük. Sanki adamı öldürən qadın yox, əlləridir.

Növbəti səhnədə Nurlan Rüstəmovu görürük. Bu aktyorun baxışlarından açığı ürkdüm. Sanki tamaşaçı ilə də kontakta keçən aktyor bəlkə də telefonu simvolizə edirdi. Çünki iki qızın başını əlləri ilə tutub beyinlərini idarə edirdi.

Son səhnədə Bəhruz Vaqifoğlu görünür. O, kürsüyə çıxıb bəzən dirijorsayaq, bəzən də bir diktatora bənzər barmaq hərəkətləri ilə səssiz nələrsə danışır. Onun sadəcə barmaqları danışır. Səhnəyə iki qız daxil olur. Onlar raxidə bənzər əl hərəkətləri ilə aktyorun çevrəsində rəqs edirlər. Raxitlik bədənlərində deyil, əslində beyinləri raxit olan telefon adamlardı. Qızlar görünməyən telefonu yeyirlər. Kənardan narkotikə bənzəsə də anlayırsan ki, elə telefon özü də bir narkotikdir. Son səhnə Bəhruzun ifasında şedevr yaradır. Bəhruz barmaqlarını, qollarını gəmirib yeyir. İkrah hissi doğuran bu səhnə mənə Sartırın “Ürəkbulanma” əsərini xatırladır. Aktyorun barmaqlarını gəmirib yeməsi əslində insanın özünü yeyib bitirməsini simvolizə edir. Bəlkə də mən tamaşanı bu cür anlayıram. Hər səhnədən fərqli mənalar əxz etmək olar. Tamaşanın adının “Underground” olması da təsadüfi deyil. Hər bir şəhərin öz “undergroundu” olduğu kimi bu tamaşada da bizim şəhərin görünməyən tərəflərini aktyorlar göstərdi. Məncə, telefon adamlar təkcə bizim şəhərin deyil bütün dünyanı ələ keçirən bəşəri problemdir.

Tamaşanın müəllifi də, musiqi tərtibatı da, rəssamı da elə teatrın aktyorlarıdır. Bu seçim əslində əbəs yerə olmayıb. Çünki kökləri Markiz de Sada qədər gedib çıxan Undergraound, qəhrəmanı olmayan, daha doğrusu qəhrəmanları anti-qəhrəman olan insanların həyatını sadə dillə çatdıran sənət növüdür.

Yazıda fikir verdinizsə diqqətimi hər yerdə çəkən qırmızı rəngə toxundum. Səhnədəki qırmızı telefon, kitabın üz qabığı, Elman bəyin şlyapası. Bəlkə də mən detallara çox varıram, ancaq qırmızı rəng özü də göyqurşağının ən sonuncu, zidd rəngidir. Elə yeraltı dünya da qırmızı rənglə, şeytanla simvolizə etsək, telefonu bizi idarə edən qırmızı şeytan adlandıra bilərik. Bəli, biz həqiqətən də yaşayan ölülərik. Nə vaxt dirilsək, ölü canlarımız da yeraltındakı dünyadan, “underground”dan xilas olacaq.

# 10598 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #