Döyülsə də, şəkillərdə gülən qadınlarımız

Döyülsə də, şəkillərdə gülən qadınlarımız
21 sentyabr 2019
# 15:05

Kulis.az Dəniz Pənahovanın “Xoşbəxtlik xalı” yazısını təqdim edir.

Bu yazımı kürəyində xoşbəxtlik xalı olsa xoşbəxt olmayan kəslərə ithaf etdim

Fotoşəkillərdə çox zaman hər kəs xoşbəxt görünür. Bədbəxtlər də, kədərli adamlar da. Fotoparatın işi budur. Xoşbəxt anları dondurmaq. Bəzən əksi də olur. Fotolara kədərlər də düşür.


Ən çox qadınlar fotoşəkillərdə gülümsəyir. Bədbəxt görünməmək üçün. Xüsusən də “whats app” fotolarında “xoşbəxt ailə tablosunu” daha da qabarıq bəlli edirlər. Süni gülüş sərgiləməkdən çənələri ağrıyan bu xanımlar əslində başqa yöndən baxanda düz edirlər.

Bir növ xoşbəxtlik imitasiya olunur. Təbəssüm təbəssüm gətirər misalı. İngilislər indinin özündə də təbəssüm klublarındakı ritualları iş adamları, biznesmenlər və i.a. həyatlarının ritminə çeviriblər. Süni gülüş getdikcə təbiiləşir, onların təbirincə desək. Onlar süni gülüşü tətbiq etməklə həm qırışıqlıqlardan xilas olur, həm də pozitiv görüntü əks etdirirlər.


İndi artıq texnologiya insanı öz içində elə əridib ki, artıq mimikalar da donub, təbəssüm də, kədər də. Hisslər əlimizdəki telefonun içinə girib. Reaksiyalar donub. Hamımız dönüb olmuşuq fotoşəkil.

Xoşbəxtliyi imitasiya edən tanışlarımdan biri yaxın günlərdə öz dərdini mənimlə bölüşəndə çox təəccübləndim. Axı paylaşdığı fotolar bunu demirdi. Deməli, qadın yoldaşından boşanmaq istəyir. Boşanmağına görə üzülmədim əslində. Bunu bacara bilmədiyinə üzüldüm.


Azərbaycan qadınının 50 faizi sevmədən evlənir və bunların da yarısı xoşbəxtliyi imitasiya edir. Yəni sonradan sevdiyini zənn edən xanımlardı. Geridə qalan yarısı isə başqasını sevə-sevə ailəsini dağıtmamaq üçün bədbəxtliyə qatlaşan qadınlardır. Geridə qalan 50 faizin yarısı sevib evlənənlərdi ki, onlar da sonradan birlikdə xoşbəxt olmadıqlarının fərqindədirlər, amma yenə ayrılmağa qorxurlar. Çünki valideyn deyəcək ki, özün sevib evləndin, zəhmət çək, qatlaş döz otur, oturduğun yerdə. Bax beləcə də deyəcəklər deyə, həmin qadınlar sərbəst həyata atıla, tək yaşaya bilmirlər. Qohum, tanış nə deyər deyə heç cəsarət edib ayrılmağı dilinin ucuna da gətirə bilmirlər. Bu xoşbəxt görüntülü fotolar da qohumlara dost tanışa göstərişdi.


Mən tək yaşayan vaxtlar evin digər otağını kirayə vermişdim. Unutduğum bölgələrin birindən gələn gənc ailənin 4 yaşlarında çoxbilmiş şirin qızları vardı. Yoldaşı gecə smenində işləyən zəhmətkeş ailəcanlı adama oxşayırdı.


Bir dəfə qadın mənə dedi ki, görürəm sən müasir qızsan, səhv başa düşməzsən. Mənim sevdiyim başqa oğlan var, onunla görüşürəm. Qızımı da çox sevir. Olar evə qonaq gəlsə? Sən də görsən, tanısan xoşuna gələcək, ədəbiyyat sevən, kitab oxuyandı.

- Axı sən yoldaşını sevdiyini deyirdin. – təəccübləndim.

- İnan hisslərimdən başa aça bilmirəm. İkisini də çox istəyirəm. Yoldaşımdan ayrıla da bilmərəm, yazığım gəlir, o birindən də ayrıla bilmərəm.

Ev sahibi olaraq qonaq gəlmələrinə razılıq verdim, ancaq qalmamaq şərti ilə.


Qadın təhsilsiz idi. Oğlan İncəsənət Universitetini bitirmişdi. Həmin gün saatlarla ədəbiyyatdan, fəlsəfədən, kinodan danışdıq. Onların bu əndirabadi münasibətlərini heç müzakirə etməyə fürsət düşmədi. Qəribə idi bu qədər intellekt sahibi necə olurdu savadsız bir qadını sevirdi. Hətta balaca qızcığaz da atasından çox bu adamla isinişir, oynayırdı. Azərbaycan qadını o qədər sadəlövhdür ki, evlilikdə sərbəst seçim verilsə belə düzgün adamla evlənə bilmir. Elə kişilər də həmçinin. Məncə, Azərbaycan kişiləri ilə qadınları yaxşı tapışıblar.

Qəlibləri qıra bilməyən qadınlar ömürlərinin sonuna kimi qəlibin içində o yana bu-yana vurnuxacaqlar. Onlar həmişə fotoda xoşbəxt olacaqlar. Fotoaparatın ekranından kənarda, bir az irəlidə həyatla iç-içə xoşbəxtliyi dadmırlar...

Niyə axı? Biz xanımlar niyə ayrıla bilmirik? Ayrılmaqdan, cəmiyyətdən bu qədər qorxuruq. O yerdə qalan 25 faiz isə ayrılan qadınlardı, onlar da ayrıldıqlarına peşman olurlar. Belə bir cəmiyyətdə tək başına qadın üçün yüz cür hekayə qoşurlar.


Vudi Allen demişkən adam 5-6 dəfə evlilik yoxlamalı, evləndiyi qadınlar da həmçinin. Qərb insanı xoşbəxtliyi daim axtararkən azərbaycanlı qadınlar bir dəfə ərə gedib elə bədbəxt olsa da nə vaxtsa xoşbəxt olmaq arzusu ilə yanıb-tutuşur. Ən yaxşı hal tək yaşayıb həyatın dadını çıxarmaqdı. Amma həqiqətən olmur. Adam bir adamla yaşlanmalıdır. Dalaşmalıdır, müzakirə eləməlidir, birlikdə masada əyləşib ölmüş balığın kor gözlərinə baxıb üzülə-üzülə o balığı yeməlidir.

Köhnə bir lətifəni danışım sizə. Adamın biri psixoloqun yanına gəlir, deyir, qardaşım dəli olub, özünü toyuq zənn edir. Həkim deyir, bəs niyə onu müalicə etdirmirsiniz. Adam belə cavab verir: “Müalicə etdirərdim, amma yumurtalarına ehtiyacım var”.

Münasibətlərimizin halını elə buna bənzədirəm. Aşağı-yuxarı, münasibətlərimiz məntiqsiz və axmaqca olsalar da münasibətləri yaşamağa davam edirik. Çünki çoxumuzun yumurtalara ehtiyacı var.

# 7413 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #