Kulis.Az gənc yazar Məsudə Cabbarla söhbəti təqdim edir.
- Nə vaxtdan yazırsınız?
- 18 yaşımdan etibarən. Əslində daha əvvələ də getmək olar amma o qədər də önəmli yazılar olmayıb.
- Səhv etmirəmsə, roman yazmazdan öncə “Pıçıltı” adlı Facebook səhifəsi işlədirdiniz, xeyli də izləyicisi vardı. Səhifədən öncə başladınız roman yazmağa yoxsa sonra?
- “Pıçıltı”nın bu işlərimlə əlaqəsi yoxdur. İllər öncə təmənnasız yaratdığım səhifə idi sadəcə.
- Romanı da təmənnasız yazırsınız?
- Məqsədim oxucu qazanmaq, ilk kitabımı oxuyan insanın ürəyində ikinci kitabımı da oxuması üçün az da olsa istək yarada bilməkdir.
- Neçə romanınız var?
- Gələn ay artıq 4 olacaq.
- Neçə il ərzində yazıldı bu 4 roman?
- İki il ərzində çıxdı. 3-cü romanım nəşriyyat tərəfindən alındı.
- Bir çox yazar yeni fikir , yeni ideya, missiya ilə yazdığı halda məncə siz tamam başqa yöndə sevildiniz. Hər kəsin bildiyi, yaşadığı illərin nostalgiyası var.
- Yeni ideya əlbəttə ki, lazımdır. Amma bunu elə etmək lazımdır ki, oxucu oxuyanda az da olsa nəyəsə ümid edə bilsin. Tək olmadığına inansın.
- İxtisasınız nədir?
- Ali təhsilim yoxdur.
- Bildiyim qədəri ilə filmləri və kitabları çox sevirsiniz. Maraqlıdır, kimləri oxuyursunuz? Sevdiyiniz rejissorlar kimlərdir?
- Miloş Forman. Bu rejissorun yeri ayrıdır. Ən sevdiyim yazarlar: Brandon Sanderson, Patrick Ness və Xalid Hüseyni.
- Azərbaycan ədəbiyyatından kimləri oxuyursunuz?
- Əgər günümüz ədəbiyyatını nəzərdə tutursunuzsa Rasim Qaraca və Elxan Qaraqanın kitablarını oxumuşam.
- İki ilə 4 roman yazmaq ədəbiyyata nə dərəcədə ciddi yanaşmaqdır? Məsələn, Nobel ödüllü yazıçı Orhan Pamuk romanını 3, 4, 6 il ərzində yazır.
- Daha ciddi ədəbiyyat deyəndə maraqlıdır, siz nəyi nəzərdə tutursunuz. Bu o deməkdir ki, 6 ilə kitabı bitirən biri mütləq şəkildə 6 aya kitab bitirən birindən çox daha mükəmməl yazır. Təbii ki, mən bu misalda özümü nəzərdə tutmuram.
- Oxucu kütləsi toplayandan sonra belletristikadan uzaqlaşıb daha ciddi nələrsə yazasınız? Mütaliə etdikcə yazmamaq kimi istəyiniz yaranırmı?
- Xeyr, daha çox mütaliə daha çox həvəsləndirir. Çünki öz səhvlərini görüb onları doğruya çevirmək şansın var. Yavaş-yavaş düzəlmək və bunu edərkən oxucudan utanmamaq, hətta onların dəstəyini görmək çox xoşdur.
- Sevdiyiniz ədəbi cərəyan?
- Realizm və Modernizm
- Bir az da yeni romanın mövzusundan danışaq. əvvəlkilərə bənzəyir?
- Bitib artıq. Fərqli mövzusu var. Bir çox elmi məlumatlar və faktlardan ibarətdir.
- Bilim-qurğu janrında?
- Bilmirəm, tam olaraq bilim-qurğu sayılır, ya yox. Çünki tamam elmi kitab deyil. Real həyatla qaynayıb-qarışıb bir az.
- Şeirlə aranız necədir?
- Açığı şeir çox oxuyan deyiləm, amma Mikayıl Müşfiqin şeirləri hər zaman ürəyə toxunub.
- Romanlarınızın adları?
- “Aciz qalan ulduzlar”, “Göy qurşağının bitdiyi yer”, “Ən” və “Dinlə məni”.
- Ədəbiyyatla bağlı gələcək planlarınız...
- Daha da təkmilləşmək, fikirlərimi və yaşantılarımı oxucularla paylaşmaqdır.
Dəniz Pənahova