Kulis.az Dəniz Pənahovanın “İkisi birində “Nescafe” yazarlar” yazısını təqdim edir.
Bir çox yazar özünü bu mətnin içində tapacaq. Bəziləri isə tapsa da bununla barışmayacaq.
Yuxumun ərşə qaçdığı gecələrin birində yazmağa dair nələrsə düşünürdüm.
Ədəbiyyatla bağlı tez-tez eşitdiyim fikirlərdən biri bu olub:
“Yazmaq Allah vergisidi, təbin gəldisə yazmalısan, oturub sözləri bir-birinin ardınca qoşmaqla zorən yazmaq olmaz, genlə gəlir yazmaq, heç bir fakültədə, yaradıcılıq kursunda yazmağı öyrətmirlər”.
Hardasa bu fikirlə o zaman razı oluram ki, bəli heç bir kursda, və ya universitetdə əlinə qələm almayan, yaxud bədii istedadı olmayan birindən yazıçı yetişdirilə bilməz. Amma içində yazmaq eşqi olan zəif yazanı yönləndirib, cilalaya, formalaşdıra, ən yaxşı halda isə yaxşı oxucuya çevirmək olar.
İstər sosial şəbəkələrdə, istər harada olur-olsun deməyə sözünüz varsa, deyin, kimsə mütləq eşidəcək. Amma sözünüz qulaqlarda sırğa olacaqmı, bilmirəm.
Rəssamlığın, fotoqrafiyanın, teatrın və sənətin digər sahələrinin universiteti, kursu olduğu kimi məncə yazmaq sənətinin də məktəbi, universiteti olmalıdı... Yazmaq sənəti deyirəm, çünki filologiya fakültəsində ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi dərsləri keçirilir.
Fikrimcə, istedadı olan hər bir kəs rəsm çəkməyi, aktyorluğu, yazmağı kursda, yaxud da peşəkar birinin yanında danışdıqlarını dinləməklə nələrsə öyrənə və püxtələşə bilər.
Məkan zəruridir. Məkan demişkən... Sözügedən məkanların bir çoxunu elə ilk gündəcə tərk etmişəm. Ümumi olaraq bura üz tutan gəncləri qruplara ayırmaq olar. Kateqoriyaları artırmaq da mümkündür. Hələlik müşahidələrim bu qədərdir, ola bilsin davamı oldu.
Qruplara ayrılan yazıçılar:
1. Oxumağı sevdiyi üçün yazıçı olmaq sevdasına düşən romantik oxucu və ya ikinci əl yazarlar.
- Bu tip yazarlar oxuduğu kitaba duyduğu heyranlıqdan, düşdüyü təsirdən nələrsə yazıb-pozarlar. Çox vaxt da imitasiya xarakterli bu yazarlar müəyyən müddətdən sonra başqa bir işin qulpundan yapışar, hətta jurnalistika ilə də məşğul olarlar. Və sonda yazmağa sözləri tükənər. Bunların qazandığı tək şey oxumaq olar. Verdikləri ziyan (əgər aralarında kitab çıxaranı olarsa) təbiətə, ağaca vurulmuş ziyandır.
2. Yazar olmaq üçün qəliblər axtaran yazarlar.
- Bu qrupa aid edilən yazarları bütün təqdimatlarda, AYB-də, hətta ona zidd olan AYO-da, Yaradıcılıq fakultəsində, Rəsm kursunda, nə bilim, ədəbiyyatla bağlı bütün yerlərdə tapa bilərsiniz. Hətta deyərdim ki, bu insanlar gecə evlərinə getmir, üzv olduqları qurumun vanna otağında olsa belə orada gecələyirlər. Daha doğrusu, kitab adı altında gizlənmiş yazarlardır bunlar. Digər adı ilə desək yaltaq yazarlar. Tərifli yazılara meylli, hansı yazıçı haralıdırsa özünü oralı kimi qələmə verən, ən tez AYB-yə məxsus bileti və dövlət təqaüdünü alan şəxslər. Bu tip yazarlar başqa mənasız qurumlara da üzv olub hansı saytda desəniz dərc olunarlar. Hara getsələr özəl bir yerə üzvmüş kimi əllərində bayraq dəxlisiz biletlərini göz önünə çıxarıb tez-tez təqdim edər, sanki yazıçılıq statusu o biletdə gizlənibmiş kimi özlərini aldadarlar. Həmin adamların yazdıqlarının ikinci səhifəsini oxuya bilmirsinizsə əllərindəki diplomun, sertifikatın hansı quruma aid olmasının heç bir önəmi olmur, məncə. Onların ədəbiyyata və ətraf mühitdəki ədəbiyyatsevərlərin beyin hüceyrələrinə vurduqları ziyanı siz düşünün.
3. Ədəbiyyatı jurnalistikaya qurban verən bədbəxt yazarlar.
- Heminqueyin belə bir fikri var. “Jurnalistika ciddi yazıçı üçün məhvedici ola bilər”. Bəli, sözügedən yazarlar çox istedadlıdırlar və yazmaqdan başqa heç bir iş bacarmazlar. Onlar yazmaq üçün doğulublar. Amma bədii, poetik istedadlarını jurnalistikanın, köşə yazılarının, reportajların içində əridirlər. Halbuki onlara vaxt verilsə necə gözəl hekayələr yazar, yarımçıq qalmış romanlarını bitirərlər. Onlar isə özlərini jurnalistikanın içinə həbs edirlər. Onların zərəri ədəbiyyata və oxucularadır ki, jurnalistikaya başları qarışdığından ədəbiyyatı ədəbiyyatsız qoyurlar.
4. Feysbuk və layk yazarları
- Onlar əvvəlcə kütlə üçün komik, yaxud dramatik qısa status yazmaqdan başlayarlar. Çoxlu layk topladıqdan sonra keçərlər yazılarının həcmini böyütməyə. Həm də çoxlu layk edərlər. Vanna otağında, yemək yeyə-yeyə, çay içə-içə, çimə-çimə layk edərlər. Nə gəldi layk edərlər ki, laykları çoxalsın. Hətta özlərinə 3-4 başqa profil də açarlar layk etmək üçün. Bir qismi öz profili ilə şeirlərinə oxucu yığa bilmədiyindən dolayı qız profili açar, bir qismi özünü intellektual kimi qələmə verib bu minvalla da qız tutmağa çalışarlar. Görəsən, dünyanın başqa bir tərəfində ədəbiyyatdan bu cür istifadə edənlər varmı? Yazının ikinci hissəsində mütləq bunu araşdıracam.
Layklarının çoxluğunu üzümüzə vurmaqla özlərini yazıçı kimi ədəbiyyata sırıyaraq bir də baxarsınız ki, ciddi zənn etdiyimiz kult saytlar bunları da çap edir. Sənət naminə bütün xəyallarımız suya düşməzmi? Amma onlar bilmirlər ki, Facebook bir gün olmasa unudulacaqlar. Sözügedən tipə aid olan yazarlar hətta statuslarını toplayıb kitab da çıxarırlar. Yəqin bilirlər ki, bir gün unudulacaqlar. Fenomen olmaq əbədi olmaq demək deyil. Yoxsa ki özünüzü Tolstoymu zənn edirsiniz? Bunların ziyanı sadəcə ana səhifəni doldurmaları olur. Bundan qurtulmaq üçünsə izləməni buraxmaqdı. Yəni ədəbiyyat çox da zərər görməz.
6. “Nescafe" yazarlar
Onlardan dünyanın hər yerində var. Bu da bir ədəbiyyat qoludur. Onların yazıları haçansa sənətə çevrilə bilər, öncə kütlənin arxasınca gedib sonra kütləni öz arxasına cəlb edə bilsə. Demirəm ki, yazmaqla pul qazanılmamalıdır. Təbii ki, bu sənin işindir, yazmalısan, çox da satmalısan. Dostoyevski də pul üçün yazırdı. Qumar da oynayırdı. Amma kütlənin zövqünü formalaşdırmalısan. Ya da ikisi birində “Nescafe” kimi.
5. Kitab adamlar
Saçlarını qoxlasanız kitab ətri gələr. Maaşlarının çoxunu kitaba xərcləyərlər, amma ən ucuz bukinistləri də onlar tanıyar. Hara getsələr çantalarında bir kitab hökmən olar. Əgər metrodaykən kitab və not dəftəri götürməyi unudublarsa günlərinin müəyyən saatını boşa xərcləmiş hesab edərlər. Çimərkən, sevişərkən, qadındırsa qab yuyarkən, küçədə gəzərkən beyinlərində həmişə hansısa hekayənin süjetini, ilk cümləsini, sonluğunu düşünərlər. Ona görə də çox zaman dalğın olarlar. Gözləri həmişə uzaqlardakı boşluğa zillənib qalar. Həyatlarını romana çevirərlər. Çox həssas olarlar. Həmişə sevdiyi yazıçılardan hökmən söhbətə uyğun sitat taparlar, tapmasalar da özləri uydurar. Tez-tez iş dəyişdirərlər. Əgər fərqli bir peşə ilə məşğul olurlasa beynin digər yarımkürəsi ədəbiyyatın yanında olar. Dəxlisiz yerlərdə yazmaq istəyi gələ bilər onlara. Sonra deyirlər ki, təb belə gəldi, ilham pərisi belə getdi. Hər zaman yazmağa hazırdırlar. Xüsusən qadındılarsa daha çətin olar. İşgəncə kimi hesab etdikləri qab yumanı belə yazmaq üçün əyləncəyə çevirərlər. Bəziləri ədəbiyyatın dərinliklərində itib özlərini mistikanın qucağında zənn edərlər. Onlar hələ də özlərini tapmayanlardı. Bəziləri isə realist yanaşarlar. Çap olunmaqdan çəkinərlər, amma tənbəl də deyillər. Kəşf etdiyi bir cümlə olanda uşaq kimi sevinərlər. Bəzən aylarla heç nə yazmazla,r hətta kitab da oxumazlar. Populyar ədəbiyyatın gurultusundan qaçıb öz ədəbiyyat yolunu tapmağa çalışarlar. Bunların bir qisminin özlərinə ziyanı ola bilər. Onlar ədəbiyyatı seçmirlər. Onlar özləri ədəbiyyatdı, aldıqları nəfəs də. Və belələri barmaqla sayılacaq qədər azdırlar.