İlk hekayəsini 45 yaşında çap etdirən Mübariz Örənin ədəbiyyata gəlişi çox sanballı, ağayana oldu.
O, qalmaqalsız, hay-küysüz ədəbi mühitdə boy göstərdi və çap olunan ilk hekayəsi ilə diqqəti öz üzərinə çəkməyi bacardı. Bu gecikmənin, yəqin ki, öz obyektiv və subyektiv səbəbləri var. Bunu Mübariz özü daha yaxşı bilir. Bəlkə də, buna heç gecikmə də demək olmaz, bəlkə də, onun ədəbiyyat meydanına gəlişi tam vaxtında, zamanında atılmış addımdır. Bunu gələcək göstərəcək. Mən oxucu kimi Mübarizin imzasının ədəbiyyatımızda olmasına çox sevinirəm və onun imzasını tanıdığım üçün çox məmnunam.
Müəlliflə ilk tanışlığım "Qar Tanrısı” hekayəsi sayəsində baş tutdu. Bu hekayəni oxuyanda müəllifin estetikasına heyrətlənmişdim. Mübariz təsadüfi imza deyildi. Onun gözəl üslubu, poetik təhkiyəsi və peşəkar konsepsiyası vardı. Mübariz olduqca YAXŞI yazırdı. Sonradan müxtəlif vaxtlarda hekayəni bir neçə dəfə oxudum və hər dəfəsində zövq aldım. Hekayədə sanki bütün sözlər diqqətlə seçilib, ahəngdar bir ritm hekayə boyu bizi izləyir və mütaliə prosesi oxucuya zövq verir.
Mübariz digər hekayələrində də öz "yaxşı yazmaq” konsepsiyasına sadiqdir. Onun klassik, 60-cılar ədəbi nəslinin sevilən nümayəndələrinin üslubunu xatırladan tərzdə qələmə alınmış hekayələri həqiqi istedadın məhsuludur. Mübarizin müşahidələri dərin və dəqiqdir. O müşahidələrini özünəməxsus şəkildə "ələkdən keçirir”, əhvalata özünəməxsus tərzdə nüfuz edir, amma hekayələri ənənəvi klassik üslubda qələmə alır. "Bığ”, "Oğru”, "İlıq”, "Ot” hekayələri məhz bu qəbildəndir.
Mübariz Örənin ilk kitabını – "Balıq gülüşü"nü bu günlərdə oxudum və hələ də kitabın təsirindəyəm. Mübarizin təhkiyəsi, ustalığı, obrazları qatqısız, tərtəmiz ƏDƏBİYYATdır. Və bu ədəbiyyat sərhədləri aşmağa qadirdir. Çünki müəllif məhəlli təfəkkürdən sıyrılıb çıxmağı bacaran peşəkar yazıçıdır. Mübarizin hekayələrdə qoyduğu problemlər, hekayələrin ideya və süjet xətti oxucunun estetik zövqünü təmin etməyə qadirdir.
Mübariz haqqında kifayət qədər peşəkar qələm sahibləri və tənqidçilər söz deyib. Onun potensialı, yaradıcılıq imkanları artıq ədəbi mühitə məlumdur. Bu baxımdan "Balıq gülüşü”nün müəllifinin geniş təqdimata ehtiyacı yoxdur. Onun nəsrinin mütərəqqi və bəyənilən tərəfləri çoxdur və bu barədə də kifayət qədər yazılıb. Mənim qələm dostuma bəzi kiçik iradlarım var ki, istəsə gələcək yaradıcılığında bu nüansları da nəzərə alar.
İradım müəllifin üslubuyla bağlıdır. Mənə elə gəlir ki, klassik üslublu hekayələrlə sözünü deməyi bacarmış müəllif daha müasir, daha çağdaş nəsr elementlərini sınaqdan keçirməlidir. Müasir nəsrin tələbləri başqadır. Mübarizin estet vasvasılığı, poetik nəsr dili müasir nəsr üçün elə də uğurlu hadisə sayıla bilməz. Bu baxımdan müəllifin yazı manerasında dəyişikliyə, daha doğrusu, yeniliyə ehtiyac var. Yuxarıda qeyd etdiyim kimi müəllifin təhkiyə-üslub-obrazlar sistemi peşəkardır, amma postmodern nəsrin tələblərinə kifayət qədər cavab vermir. Mübarizin peşəkarlığını nəzərə alsaq, onun postmodern nəsrə keçid etməsi, bacarıqlarını müasir tendensiya ilə birləşdirməsi arzuolunandır.
"Ağ buludlar" povesti və bir neçə hekayəsi göstərir ki, müəllifin imkanları genişdir və postmodern nəsrin bir çox elementləri bu əsərlərdə yerli-yerində işlədilib. Sözsüz ki, Mübariz Örən postmodern nəsrin sirlərinə bələddir və yaradıcılığında yeniliyə açıqdır. Bu baxımdan onun postmodern əsərlər yazması da gözləniləndir. Əslində müasir nəsrin imkanlarından istifadə etmədiyi üçün müəllifə irad bildirmək, ədəbi-tənqidi nöqteyi nəzərdən qeyri-peşəkarlıq olar. Ümid edirəm Mübariz bu kiçicik iradımı həmkar, dost iradı kimi qəbul edəcək.
Mübarizi Heminqueylə, Fitzceraldla, Markeslə, Edqar Po ilə müqayisə edən dostlarımızla razılaşıram. Onun nəsri dünya səviyyəlidir və dünya miqyaslı klassik yazıçılarla müqayisə yerinə düşür. Heç bir mübaliğəsiz, Mübariz Örən ciddi yazıçılarla müqayisə olunmalı, peşəkar yazıçı, ciddi qələm adamıdır.
Onun nəsrini nəğməyə bənzədən dostumuz da haqlıdır. Çünki onun bütün mətnləri rahat oxunur və mütaliə prosesi oxucuya həzz yaşadır. Nəsrinin ovsunlayıcı nəğməsini duymaq, o qədər də çətin deyil.
Bütün üstün məziyyətlərinə rəğmən müasir nəsr elementlərinin Mübariz Örən nəsrində tətbiqi yazıçı kimi imkanlarını daha dəqiq təsbit edəcək. Şəxsən mən oxucu kimi daha müasir, daha fərqli "nəğmələr" də dinləmək istəyirəm.
Kitab haqqında, Mübarizin yaradıcılığı haqqında geniş danışmaq, onun hər bir hekayəsini ayrı-ayrılıqda təhlil etmək mümkündür. Lakin mən ilkin təəssüratlarımı, daha çox oxucu kimi qeydlərimi müəllifə çatdırmaq istədim. Ümid edirəm o da kiçicik, ümumiləşdirilmiş iradlarımla razılaşacaq./artkaspi.az/