Ədəbi mühitdə canlanma

Ədəbi mühitdə canlanma
21 oktyabr 2015
# 16:15

Son müşahidələrimdən belə nəticəyə gəlmişəm ki, ədəbiyyatımız mənasız çəkişmələri bir kənara qoyub, ortaya keyfiyyətli əsərlər qoymaq mərhələsinə keçib. Artıq şəxslər yox, əsərlər, yazılanlar, ədəbi fikirlər, ədəbiyyat naminə görülən işlər müzakirə edilir. Əslində bu prosesin rüşeymləri çoxdan görünsə də, mənasız eqolar, lazımsız iddialar, nə istədiyini bilməyən ədəbi simalar buna imkan vermirdi.

Son bir neçə ayda oxuduğum ədəbi nümunələr həqiqətən ədəbiyyatımızın gələcəyi ilə bağlı fikirlərimi xeyli dəyişdi. Kamal Abdullanın, Şərif Ağayarın, Mirmehdi Ağaoğlunun, Əkrəm Əylislinin, Qan Turalının, Nahidin, Cavid Zeynallının, Ömər Xəyyamın son hekayələri, Əziz Rzazadənin son romanı, Fərid Hüseynin son şeirləri, Kənan Hacının, İkinci Mahmudun, Tehran Əlişanoğlunun, Sahilə İbrahimovanın, Xalid Kazımlının və Səlim Babullaoğlunun son yazıları, Seyfəddin Hüseyinlinin və Qismətin çap olunmuş son tərcümələri, Nadir Qocabəylinin müjdəsini verdiyi tərcümələr, Cavanşir Yusiflinin son müsahibəsi ədəbi mənzərəni xeyli dəyişdi. Qalmaqalları, çəkişmələri ilə qınaq obyekti olan ədəbi mühitimiz artıq yaradıcı qaynarlığı ilə seçilməyə başlayıb.

Məqsədindən və məramından asılı olmayaraq Kəramət Böyükçölün başlatdığı polemika da diqqətçəkəndir.

Ədəbiyyat adamları; yazıçılar, şairlər, tənqidçilər polemikaları çayxana, içki məclisi, “söz atma” səviyyəsindən yazı müstəvisinə çəkməyi bacarıbsa, bunu böyük uğur hesab etmək olar. Eyni zamanda artıq yazıçılarımız “filan mövzuda yazmağı düşünürəm” anonsunu vermir, ortaya yeni əsərlər qoyur.

Könül istərdi ki, mühitimiz daha qaynar, daha polemik, daha sağlam və daha uğurlu olsun.

Ədəbiyyatda polemik mühit yaranır. Şəxslər, onların ədəbiyyata dəxli olmayan fəaliyyəti yox, yaradıcılıq, keyfiyyətindən asılı olmayaraq ədəbi-bədii məhsullar müzakirə olunur.

Sim-sim.az saytının fəaliyyətə başlamasını, Səlim Babullaoğlunun Dünya Şairlər Hərəkatının səfiri seçilməsini, Azərbaycan Yaradıcılıq Fondunun fəaliyyətini, Tərcümə Mərkəzinin elan etdiyi ədəbiyyat müsabiqəsini, “Qanun” və “Hədəf” nəşriyyatlarının endirimli kitab yarmarkalarının intensivləşməsini, Bilik Fondunun regionlarda Yaradıcılıq fakültəsinin filiallarını yaratmasını, “Synaps Library” manifestinin elan olunmasını da mütərəqqi ədəbi hadisədir.

Ümumiyyətlə son vaxtlar ədəbiyyatımızda baş verənlər keyfiyyət baxımından tamamilə yeni mərhələdir. Bütün baş verənlər ədəbiyyatımızın inkişafına, onun daha da populyarlaşmasına, nüfuzunu geri qazanmasına xidmət edəcək. Ədəbiyyata, kitaba, yazarlara cəmiyyətin münasibəti müsbətə doğru dəyişəcək, ədəbiyyat və mədəniyyət aktuallaşacaq.

Məncə, qeyd etdiyim məqamların üstündən sakitcə keçmək, gözlə görülən uğurları oxucuların nəzərinə çatdırmamaq insafsızlıq olardı. İnanıram ki, bu uğurlar davamlı olacaq. Ədəbiyyatdakı canlanmanın ictimai fikrimizə də təsir edəcəyini, sağlam cəmiyyətin formalaşmasına böyük kömək edəcəyini düşünürəm.

Sözsüz ki, mənim qeyd etdiklərim, müşahidə edə bildiklərimdir. Ədəbi mühitdə baş verənlərin hamısını bu kiçik yazıda sizlərə çatdırmaq imkanlarım xaricindədir. Gözdən yayınan və ya unutduğum hadisələrə görə dostlardan üzr istəyirəm. İnanıram ki, artıq ədəbiyyatımız haqqında pozitiv danışmağın məqamı, vaxtıdır.

# 1911 dəfə oxunub

Müəllifin son yazıları

# # #