Hamı təlaş içindədir. Cəmiyyət üzdə nə qədər sakit və düzənli görünsə də, gizli narahatlıq, təlaş və xaos baş alıb gedir. Heç kəs rahat deyil. Varlısı da, kasıbı da, subayı da, evl isi də, ziyalısı da, cahili də bu xaosun içində itib batır. Cəmiyyət qeyri-adi hadisələrin, cinayətlərin intizarında yaşayır. Bu xaosun içində özümüzə “xalq” deməyimiz günah olar. Biz kiçicik söz-söhbətin, şayiələrin arxasınca axın edən başıpozuq qaragüruhçudan başqası deyilik. Hadisələrə münasibətimiz, davranışlarımız, reaksiyalarımız narahat və rəncidədir. Ölkədə baş verən proseslərə laqeyd və soyuq münasibətimiz də bunun bir göstəricisidir. Ən geri qalmış cəmiyyətlərin belə hadisələrə sərt reaksiyasını, kütləvi etirazını müşahidə edəndə bizim xalq olaraq reaksiyasızlığımız daha aydın görünür.
Məsələn, Əfqanısdanda Fərhundə adlı günahsız qadın kütlənin qəzəbinə gəlib daş-qalaq edildi, yandırıldı. Yenə eyni cəmiyyət, eyni insanlar bu haqsızlığa reaksiya verərək, qatillərin cəzasız qalmamasına nail oldu. Türkiyədə Özgəcan öldürüləndə xalq iki yerə bölünsə də, böyük əksəriyyət hadisəyə sərt münasibətini bildirdi. İranda dini rejim nə qədər sərt olsa da, baş verən neqativ hadisələrə xalqın reaksiyası gecikmir. Hətta Hindistanda, Pakistanda belə xalq bu cür iyrənc hallara etiraz etməyi bacarır.
Amma bizdə? Son vaxtlar baş verən və heç bir ciddi etiraz yaratmayan hadisələrə nəzər salaq. Tovuzda gənc bir qızı dörd nəfər zorlayanda da susduq, Aytac Babayeva adlı gənc qız qanına qəltan ediləndə də, ata öz qızını zorlayanda da...
Bizim təlaşımız, narahatlığımız biabırçılıqdır. Biz qətl, zorlanma xəbərləri gecikəndə narahatlıq keçiririk. İntizarla kiminsə qanına qəltan edilməsini gözləyirik və bütün bu hadisələr haqqında sadəcə deyinirik. Susa-susa zorlananı, öldürüləni günahlandırıb qatilə, təcavüzkara haqq qazandıran insanlara meydan veririk. Cəmiyyət artıq bu hadisələrlə başını qatır. İnsanlar bu cür cinayətlərlə əməlli-başlı əylənir. Sanki sosial şəbəkələrdə bir dəstə adam oturub yazmaq, münasibət bildirmək üçün kimlərinsə zorlanmasını, öldürülməsini gözləyir. Və qəsdən, fərqli görünmək xatirinə bu hadisələrə haqq qazandıranlar da var.
Bu qaragüruhçuluqla heç bir həqiqətə nəinki çatmaq, heç yaxınlaşmaq da mümkün deyil.
Üzdə laqeyd görünən insanların içində tufanlar tüğyan edir. Küçədə, nəqliyyatda insanların üzünə diqqətlə baxsaq bu narahatlığı, təlaşı hiss etməyimiz çətin olmaz. Hamı tələsir, hamı darıxır, hamı səbirsizcəsinə baş qatmaq üçün qeyri-adi hadisələr, cinayətlər gözləyir. Müğənnilərin saçyoldusu, çılpaq bədənləri, boş və əhəmiyyətsiz qovğaları artıq emosiyaları sakitləşdirmir. Seriallar, tok-şoular bu aclığı doydurmağa, bu narahatlığa, xaosa su səpməyə kömək etmir.
İnsanlar ölüm xəbərləri gözləyir. İnsanlar zorlanma hadisələrinin intizarındadır. Və istədikləri xəbərlər gələndə minlərlə adam eyni gündə xoşbəxt olur. Bir anda minlərlə insan danışmağa mövzu tapır. Sosial şəbəkələrdə, çayxanalarda, avtobuslarda, kafelərdə, məscidlərdə həmin xəbərləri müzakirə edir. Amma reaksiya sadəcə deyinmək və gileylənmək janrındadır. Kişisi də, qadın da təlaşla, nigaranlıqla deyinir. Evimizin kandarına qədər gəlib çatan bu düzənsizliyə reaksiyamız sadəcə və sadəcə deyinməkdən ibarətdir. Hələ ki, qaragüruhçu səviyyəsindəyik. Xalq olmağı yenidən bacarsaq, bu hadisələrə reaksiyamız deyinmək yox, ciddi şəkildə etiraz olacaq. O zaman bu hadisələrin qarşısının alınması mümkün görünəcək ki, insanlarımız bu hadisəyə reaksiya versin. Hələ ki, sadəcə deyinirik.