Məni ağladan kitablar

Məni ağladan kitablar
3 sentyabr 2011
# 09:00
Həyatlarını dəyişən, etkiləyən kitablar haqqında qələm dostlarım Anar Yusifoğlunun, Qan Turalının, Əziz Rzazadənin yazılarını oxudum.

Bircə Qan Turalı ilə yaş fərqimiz bir neçə aydır. Digər yazarlarımız yaşca məndən böyük olduğu üçün mütaliə oxumaq baxımından məncə daha şanslıydılar.

Onlar kitabın ucuz qiymətə satıldığı, az qala hər evdə kitabxana olan dövrdə doğulublar.

Mənim uşaqlığım dostlarımın uşaqlığından xeyli fərqli olub.

Yenici mütaliəyə başlayan kimi, mədrəsə təhsili və dini kitabların basqısı altında olmuşam.

İlk dəfə Valentina Oseyevanın “Vasyok Trubaçov və yoldaşları” kitabını oxuyanda ağlamışdım və Qarabağ müharibəsinin partizanı olmaq istəmişdim.

Hələ 4-cü ya da beşinci sinifdə oxuyurdum.

Uşaqlıqda mütaliə elədiyim kitabların siyahısı çox qarmaqarışıqdır.Siyahını xatırlamağa çalışıram:

“Robinzon Kruzo” , “Başsız atlı”, “Min bir gecə”, “Ulenşpigel əfsanəsi”, “Baskervillərin iti” “Tom Soyyerin macəraları”, “Şahzadə və dilənçi”, “Martin İden”, “Üç müşketyor”, “Qılınc və qələm”, “Tom dayının daxması”, “Qapitan Qrantın uşaqları”, “Yad gəlini”, “Fosforlu Cevriyyə”, “Ömür kitabı” və sair...

Sonra mədrəsə illərim başladı. Onda 6-cı sinifə yenicə başlamışdım.
Ərəb əlifbasını öyrəndikdən sonra dünyəvi kitablarla aramda böyük bir uçurum yarandı. Mədrəsə illərində oxuduğum ilk iri həcmli əsər “Xatəmul-Ənbiya” oldu.

Daha sonra Quranın türkcə tərcüməsini və Osman Nuri Topbaşın və
Musa Topbaşın kitablarını oxumağa başladım.

Mədrəsədə oxuya biləcəyimiz bədii kitablar da vardı.

Hekimoğlu İsmailin “Minyeli Abdullah”, “Maznun”, Hulusi Üstenün “Canlar”, Şule Yüksel Şenlerin “Huzur Sokağı” romanları hafizlik mədrəsəsində oxuduğum dönəmlərin ən sevimli kitabları idi.

Mədrəsə illərimdə məni yalnız bir kitabdan çox təsirlənişdim, Nəcib Fazil Qısakürəyin “Tarih boyunca ən böyük mazlumlar” romanından. Bir həftə ağlamışdım kitabı oxuya-oxuya.

İnanmıram ki, Kərbəla müsibətini bu qədər təsirli təsvir edən ikinci bir əsər yazılmış olsun.

Mədrəsədən ayrılandan sonra yenə dünyəvi kitablar oxumağa başladım.

Sonra əsgərlik, yenə mədrəsə və universitet illəri...

Əsgərlikdən sonra uzun müddət dini kitabları əlimdən yerə qoymadım.

İmam Qəzalinin “Kimya-yı Seadet”, “Mişkatul envar”, “İhyayi Ulumiddin”, “Qəlblərin kəşfi” Arabinin “Kitabul Vasaya” əsərlərini hərbi xidmətdən sonra təhsil aldığım mədrəsədə oxudum.
Sonra universitet illəri başladı.

Kamyu, Nitşe, Balzak, Viktor Hüqo, Drayzer, Freud və onlarla başqa müəllifin dillərə dastan olan kitabları.

Unversitet illərində yalnız Drayzerin “Dahi”sinə ağladım
Məni sarsıdan və ən böyük kitab hesab elədiyim “Məsnəvi”ni tələbəlik illərimdə oxudum.

Oxumaq hər zaman yaxşı bir məşğuliyyət oldu mənim üçün.
Həyatımı qurmağa, insanları öyrənməyə kitablar yardımçı oldu.

Heç vaxt oxumaqdan yorulmadım.

Bu gündə oxumağa davam edirəm.

Markesdən Seymur Baycana qədər əlimə keçən bütün kitabları oxuyuram.

Heç vatx oxuyacağım kitab haqqında məlumat toplamıram.
Oxuyub kənara qoyduğum kitaba da təəssüf eləmirəm.
# 3675 dəfə oxunub

Müəllifin son yazıları

# # #