Dünyanı heyrətə salan əlil sosialist

Dünyanı heyrətə salan əlil sosialist
18 aprel 2014
# 08:00

Amerikalı rejissor Artur Penin 1962-ci ildə çəkdiyi, iki “Oskar” almış “Qaranlığın içindən” (Orjinal adı: The Miracle Worker) filminə sona qədər baxmaq üçün insanın əsəb sistemi çox sağlam olmalıdır. Amerikalı pedaqoq, aktivist, yazar Helen Kellerin həyatından bəhs edən bu filmi emosiyasız, göz yaşı axıtmadan izləmək mümkün deyil. Film haqqında çox danışmaq istəmirəm. Bilirəm ki, kino həvəskarları indiyəcən baxıb və ya mütləq baxacaq. Bu yazıda Helen Kellerdən - əsl əzmkarlıq abidəsi hesab edilə biləcək insan haqqında danışmaq istəyirəm.

Uşaqlıqdan kor, kar və lal olması onu başqalarından fərqləndirirdi. Fiziki qüsurlarına baxmayaraq Helen Kellerin bacarıqları onu əfsanəvi şəxsiyyətə çevirir. Beş dil bilən, velosiped və yelkənli qayıq sürən, şahmat oynayan Helen Keller eyni zamanda müəllifi olduğu kitablarla əlillərin həyatına yeni rəng qatmağı bacarmış, onlar üçün həyatı asanlaşdırmağa çalışmışdı. Amerika Görmə Qüsuru Olanlar Dərnəyi ilə yanaşı bir çox təşkilatlarda çalışmış, işi ilə bağlı müxtəlif ölkələrə səyahət etmişdir. Gənclik dostu və tanınmış yazıçı Mark Tven Helen Keller haqqında deyirdi:

“Sezar, Böyük İskəndər, Napoleon, Homer, Şekspir və bütün ölümsüzlərlə eyni klubda görüşən insan. Bundan min il sonra da məşhurluğunu ən az bugünkü qədər qoruyacaq”.

Keller 1880-ci ildə Alabama ətrafında Tuskumbia adlı kiçik bir qəsəbədə Kapitan Artur Kellerin ailəsində sap-sağlam dünyaya gəlsə də on doqquz aylıq olanda keçirdiyi ağır xəstəlikdən sonra kiçik Helen görmə, eşitmə və danışma qabiliyyətlərini itirdi.

Xəstəlikdən sonra çox nadinc və islaholunmaz uşağa çevrilən Helenin ailəsi olduqca pis vəziyyətə düşür. Helenin anası Keyt Keller 6 yaşlı qızına Çarlz Dikkensin “Amerika qeydləri” əsərini oxuyarkən kor və kar uşaq olan Laura Bridqman üçün edilənlərdən olduqca təsirlənir. Bundan sonra mütəxəssislə görüşən Helenin anası qızının bir də heç zaman görə və eşidə bilməyəcəyini öyrənir. Həkim onları kar uşaqlarla işləyən bir nəfərin yanına getməyi məsləhət görür. Beləliklə Helenin valideynləri telefonu kəşf etdikdən sonra ömrünü kar uşaqların təhsilinə həsr etmiş Qraham Bellə tanış olurlar. Bell onlara ümid verir və onun sayəsində əfsanəvi müəllim Anna Mansfeld Sullivan ilə tanış olurlar. Ciddi görmə problemi olan Sullivan Helenə oxuma-yazma, danışmaq öyrətdi və onun normal təhsil almasına köməklik etdi.

“Su” kəlməsi ilə dəyişən həyat

Helenin həyatını və taleyini uşaqlığının ilk on doqquz ayında zehnində özünə yer etmiş “su” kəlməsi dəyişdi. Müəllimi Heleni bir bulağın yanına aparıb əlini suyun altına tutmuş və dərhal əlinə “su” sözünü yazmışdı. İlk sözü öyrənməsinin ardınca Helen bir neçə saata təxminən 30 yeni söz öyrənir. Onun təhsili və tərbiyəsi ilə məşğul olan Perkins İnstitutu onun uğurlarını ictimaiyyətlə bölüşəndə Helen bütün dünyada məşhurlaşmağa başladı. 1890-cı ildən etibarən danışmaq dərslərinə başlasa, müxtəlif yollarla nitqini açmağa çalışsa da onu müəlliməsi Anna Sullivan və bir neçə yaxınından başqa heç kəs başa düşmürdü. O, Massaçusetsdə korlar məktəbində, Nyu-Yorkda karlar məktəbində oxuduqdan sonra Anna Sullivan ilə birlikdə 1896-cı ildə məşhur “Cambridge School for Young Ladies” məktəbinə gəlir. 1900-cu ildə isə, hazırda Harvard Universiteti ilə birləşmiş “Radcliffe College” adlı qadınlar üçün təhsil müəssisəndə təhsil alır. Təhsil illərində Anna Sullivan ona yoldaşlıq edir. Təhsil illərindəki ağır proqram Annanın görmə problemini daha da dərinləşdirir. 1904-cü ildə məzun adını qazanan Helen elmi dərəcəsi olan ilk kor-kar kimi tarixə düşür. Təhsil illəri 1904-cü ildə rəsmən sona çatsa da Helen sonralar müxtəlif universitetlərin və akademiyaların fəxri doktoru adına layiq görülüb.

Helen universitet illərində çox çətinlikdə olsa yaşadıqlarını qələmə almağı bacarır. 1903-cü ildə “Həyatımın hekayəsi” adı ilə çap olunan kitab əvvəlcə az satılsa da, sonradan rekord sayda satılır və dünyanın 50 dilinə tərcümə edilir.

Dünyanı heyrətə salan əlil sosialist

Helen və Anna “Həyatımın hekayəsi” kitabının yayımlanmasında onlara kömək edən sosialist tənqidçi Con Albert Maci ilə möhkəm dostlaşırlar. 1905-ci ildə Anna Sullivan Maci ilə evlənir və onun soyadını qəbul edir. Helen Macilərlə birlikdə yaşamağa başlayır və “Yaşadığım dünya” adlı kitabını qələmə alır. 1909-cu ildə Albert Maci sayəsində sosialist düşüncə ilə tanış olur Massaçustes Sosialist Partiyasına üzv olur. 1913-cü ildə sosializm haqqında yazdığı yazıları “Qaranlığın içindən” adlı kitabında toplayır və siyasi fikirlərini cəmiyyətə təqdim edir.

Növbəti illərdə Helen və Anna dünya səyahətinə çıxır. Təcrübələri və inancları haqqında çıxışlar edən cütlük dünyada maraqla qarşılanır və daim diqqət mərkəzində olur. Helen sözləri Annaya başa salır, o isə bu fikirləri insanlara çatdırmaqda ona kömək edirdi. Daha sonra Hollivud Helenə film təklifi göndərir. Helenin ssenarisi ilə onun həyatı haqqında film çəkilir. 1919-cu ildə çəkilən filmi Helen bəyənmir və film lazım olan qazancı gətirmir. Helen 1918-ci ildə Nyu-Yorka köçür və qazandığı külli-miqdarda pulu Amerikan Korlar Dərnəyinin hesabına köçürməyə başlayır. Helen xeyriyyə məqsədi ilə verilən ianələrlə kor insanların ailələrinə yardım etməyə başlayır.

1921-ci ildə Helen anasını itirir və Annanın ümidinə qalır. Tərslikdən 1922-ci ildə Anna bronxitə tutulur və ancaq pıçıltı ilə danışmağa başlayır. Beləliklə Helen tamamilə tək qalır. 1914-cü ildən onların katibəsi olaraq çalışan Polli Tomson Helenə yardım etməyə başlayır. Helen 1931-ci ildə İngiltərə kralı və kraliçası ilə tanış olur. Anna Sullivanın həyatı getdikcə ağırlaşmağa başlayır. 1932-ci ildə ayrı yaşadığı əri Con Maci vəfat edir və bu Annanı çox sarsıdır və Helenin həyatını dəyişən rəfiqəsi 1936-cı ildə vəfat edir. Helen və Polli Annanın ölümündən sonra Konnektikuta köçür.

II dünya müharibəsindən sonra Helen təkcə amerikalı əlillərə yox, bütün dünyadakı əlillərə xidmət etməyə başlayır. Avstraliya, Cənubi Amerika, Avropa və Afrikaya səfər edir. Səfərdə ikən üzərində işlədiyi sonuncu kitab “Müəllim” yanğın nəticəsində məhv olur. 1953-cü ildə Helenin həyatı haqqında sənədli film çəkilir. Əvvəlcə "The Unconquered", daha sonra "Helen Keller in Her Story" adlandırılan film “ən yaxşı uzunmetrajlı film” nominasiyasında “Oskar” qazanır. Helen bu filmdən sonra “Müəllim” kitabını yenidən yazmağa başlayır və 1955-ci ildə kitabı tamamlayır.

Prezidentlərin sevimlisi

1957-ci ildə köməkçisi Polli də vəfat edir. Ancaq Heleni heç nə yolundan saxlamır və o fəaliyyətini şövqlə davam etdirir. 1962-ci ildə yuxarıda haqqında bəhs etdiyimiz avtobioqrafik “Qaranlığın içindən” (“The Miracle Worker”) filmi çəkilir. Filmin ssenarisinin yazılmasında Helen şəxsən iştirak edir. Bu filmin əsas obrazlarını canlandıran Anna (Anne Bancroft) və Hellen (Patty Duke) “Oskar” mükafatı qazanır.

1961-ci ildə infarkt keçirən Helen sosial həyatdan uzaqlaşır. Göstərdiyi fəaliyyət onu Amerika prezidentlərinin sevimlisinə çevirmişdi. Vaşinqtonda qatıldığı sonuncu tədbirdən sonra prezident Kennedi tərəfindən “Ağ Ev”də qəbul edilir. 1964-cü ildə prezident Conson ona Amerikanın ən böyük mülki mükafatını-“Azadlıq” medalını təqdim edir. 1968-ci ilin aprel ayında vəfat edən Helen Keller Anna Sullivan və Polli Tomsonun yanında dəfn edilib.

# 3554 dəfə oxunub

Müəllifin son yazıları

# # #