Ölkəmizin böyük sənaye şəhərlərindən biri və üçüncü böyük şəhəri Sumqayıtda uşaq qəbiristanlığının mövcudluğundan yəqin ki çox adamın xəbəri yoxdur. Sumqayıt əhalisinin əksəriyyəti də bu qəbiristanlığı tanımır.
Son illər kimyəvi tullantıların azalması, zəhərli tullantılarını Sumqayıt səmasına saçan zavodların bağlanması erkən ölümlərin, xüsusən uşaq ölümlərinin azalmasına səbəb olub. Ola bilsin ki, xəbərsizlik də bununla bağlıdır.
Uzun müddətdir ki Sumqayıtda yaşayan Facebook sosial şəbəkəsindəki dostlarımdan biri təxmini olaraq uşaq qəbiristanlığının yerləşdiyi yeri nişan verdi.
Sumqayıt-Bakı yolunun üstündə yerləşən Sumqayıt şəhər qəbiristanlığının kiçik bir hissəsi “Uşaq qəbiristanlığı” adlanır. Sumqayıt şəhər qəbiristanlığında diqqətimi çəkən məqamlardan biri xristianların və müsəlmanların yan-yana dəfn olunmasıdır. Adıçəkilən qəbiristanlıq üç yerə bölünür. Köhnə qəbiristanlıq (1984-cü ildə yaranıb), təzə qəbiristanlıq (2005-ci ildə yaranıb) və “Uşaq qəbiristanlığı” (1986-cı ildən yaranıb).
Sumqayıtda ekoloji vəziyyət və uşaq ölümləri
2012-ci ildə “travel.ninemsn.com.au” saytı dünyanın 7 ən çirkli şəhərini müəyyənləşdirib. Təəssüf ki, bu siyahıda birinci yeri Azərbaycanın böyük sənaye şəhərlərindən biri hesab olunan Sumqayıt tutur. Azərbaycanın üçüncü böyük şəhəri olan Sumqayıt şəhəri salınarkən kurort şəhəri kimi nəzərdə tutulsa da, bilinməyən səbəblərdən keçmiş SSRİ rəhbərliyi bu şəhəri kimyəvi məhsulların istehsal olunduğu mərkəzə çevirdi. SSRİ dağılana qədər də bu şəhər ekoloji cəhətdən təmiz hesab olunmurdu və keçmiş SSRİ-də uşaq ölümlərinə görə ilk sıralarda idi. Hal-hazırda uşaq ölümlərinin sayı azalsa da 1984-1996-cı ilə qədər bu şəhər uşaq ölümlərinin sayına görə regionda ilk yerlərdə olub. Səbəb isə ekoloji vəziyyətin kritik olması ilə bağlıdır. Sovet zamanı Sumqayıtda yerləşən zavodlar; “Azərikimya” Dövlət Şirkətinin Sumqayıt “Etilen-polietilen” zavodu, “Üzvi sintez” zavodu, “Səthi aktiv maddələr” zavodu, “Sintezkauçuk” zavodu, “Sumqayıt superfosfat” zavodu öz zərərli tullantıları ilə insan həyatı üçün ciddi təhlükə yaradırdı.
Əhalinin sıx məskunlaşdığı əraziyə yaxın yerləşən bu zavodların tullantıları hələ də insan orqanizminə və sağlamlığa ciddi təhlükə yaradırdı.
Uşaq qəbiristanlığı
Güc-bəla ilə soraqlaşıb uşaq qəbiristanlığını tapıram. Uzaqdan baxanda köhnə qəbirlərin arasında boş bir sahə kimi görünən bu qəbiristanlıq, elə ilk baxışdaca məndə qəribə hisslər oyatdı. Qəbirlərin böyük əksəriyyətinin üstündə dəbdəbəli baş daşı yoxdur. Qəbirlər nə ölçüsünə, nə də dəbdəbəsinə görə bir-birindən fərqlənir. Üzərində baş daşı olan qəbirləri barmaqla saymaq olar.
Bu günə qədər çoxlu qəbiristanlıq görmüşəm. Reportaj hazırladığım, ziyarət etdiyim qəbiristanlıqların heç birində geyim əşyasına rast gəlməmişdim. Amma burda...Bir tərəfdə atılıb qalmış uşaq ayaqqabısının bir tayı, uşaq bələmək üçün yun ədyalın çürüməkdə olan parçaları...
Bəzi qəbirlərin üzərində qurumuş qərənfil qırıntıları gözə dəyir. Əllərim əsə-əsə gördüklərimin fotosunu çəkirəm...
Ziyarət olunmayan qəbirlər, soyuqqanlı mollalar...
Keçən əsrin 90-cı illərindən bu qəbiristanlıqda mollalıq edən Məşədi Mübariz deyir ki, bu qəbiristanlığa demək olar ki, gəlib gedən yoxdur. “Dəfn olunan uşaqların böyük əksəriyyəti 3-5 yaş arasındadır. “Uşaq qəbiristanlığı”na çox nadir hallarda ziyarətə gələn, “Qurani Kərim” oxudan olur. Bildiyim qədər bu uşaqların çoxusu fiziki və psixoloji qüsurla doğulub, sonradan dünyasını dəyişənlərdir. Ölüm ilahinin təqdiri olsa da, bu uşaq qəbirlərinin çoxalmasının səbəbi havanı və insanları zəhərləyən kimya zavodlarıdır. Artıq burda çox nadir hallarda uşaq dəfn olunur. Uşaqları çox vaxt dünyasını dəyişmiş qohumlarının məzarının bir kənarında dəfn edirlər. Məni bura gətirən molla da deyirdi ki, əvvəllər uşaqları qəbiristanlığın müxtəlif yerlərində dəfn edirdilər. Qəbiristanlıq böyüdükcə və uşaq ölümləri artdıqca yəni 1986-cı ildən uşaq qəbiristanlığını ayırdılar. Son vaxtlar məzar yerləri bahalaşdığından uşaq qəbiristanlığının ətrafında böyükləri də dəfn edirlər”.
Bizdən yüz-yüz əlli metr kənarda 18-25 yaş aralığındakı gənc mollalar “müştəri” üstündə mübahisə edir...Bu cür kədərli bir yerdə soyuqqanlı və laqeyd mollaların toplaşdığına təəccüb edirəm...
Öyrənirəm ki, bu qəbiristanlıqda da Azərbaycanın cənub zonasından gələn, əsgərlikdən yayınan və savadsız gənc mollalar üstünlük təşkil edir.