Kulis.az Cəlil Cavanşirin erotik şeirlərini təqdim edir.
“Əlvida” yerinə əsəbi söhbətlər
təsadüfə bax,
divar saatının yorğun əqrəbləri kimi rastlaşmışıq
sən sərxoş gözlərimin süzülməsi qədər rahatlıq verirsən
indi hardasa,
hansısa hava limanında
sabaha yaxın gələn bir uçaqdan enirsən…
hansısa bir axmaqdan hamiləsən
unutsam, bütün dünyadan küsəcəksən
ürəyin buz kimidir
gərginsən, əllərin əsir, əzab çəkirsən…
- bilirsən?
məndən gedirsənsə…
dönməyəcəksən!
əgər yaddaşımı itirsəm səni bağışlaya bilərəm…
naməlum bir nəğmədən hamiləyik
səhnədəki royal doğuş masasıdı
hüznlü notlar doğursan barmaqlarından
və atıb qaçırsan…
mümkünsə bir şüşə viski aç
bir az buz gətir…
birini də
indi rahat dur
məmələrini də sümürəcəm, viskini də, dilini də…
yox, mən səni sevməsəm yaxşı olacaq
yenə alnının qarışıb xətləri
üzünsə cırılmış şeir dəftəri
nə versəm əlinə
- itirəcəksən axmaqlığından…
bilirsən???
unutma,
yenidən bu qədər aşiq olsam kiməsə
yaddaşımdan
silinəcəksən…
adımı tərsinə söyləmə, anlamsızdır
gedirsənsə adımı düzgün de, iyrənəcəksən
mən səni ötürməsəm yaxşı olar, yorğunam
durub sadəcə arxanca baxacağam
qanadlarımı qırdın…
daha uçmayacağam
səni bilirəm, vallah bilirəm
sən indi də ayrıldığımıza üzüləcəksən…
amma tanıyıram səni, vicdan haqqı
bütün sevişmələrindən sonra güləcəksən…
tamam! anlaşdıq! gedirsən!
bilirəm, yenə belə sevəcəksən
amma unutma
bütün sevişmələrimiz sadəcə nağıldı
Sən ən yaxşı ehtimalla
s..cəkcəsən!
Sonuncu şam yeməyi duası
mən bu binanın intihar mərtəbəsiyəm,
qarson, bir qədəh buzlu viski – zəhmət olmasa…
dırnaqlarının lakı tökülüb…
pardon,
qadınların xəyal qırıqlığı var üzərimdə
üzgünəm…
inqilaba qalxacaq xalq kimiyəm
təlatümlü, narahat…
soyuqdan qar üstündə vurnuxan
dən axtaran sərçənin qorxaqlığını daşıyıram gözlərimdə…
çatlamış dodaqlarımda,
illərin susuzluğu…
biləklərimdə kütləşmiş ülgücün sızıltısı var
və siz, xanım… niyə bu qədər gözəlsiniz???
ağlayanda kosmetikası üz-gözünə bulaşan
nifrin,
kədər,
bir az fəryaddır qadın…
əllərin kəpənək qanadlarıdır
və siz, xanım… niyə bu qədər hüznlüsünüz?
yəqin çox incidiblər sizi,
lütfən… ağlamayın…
dodaqlarınızı sıxın dişlərinizlə
danışmayın…
siqaretimin kötüyündə qalan nəminlə,
hər sabah əllərimi yuyuram…
dodaqlarında donan təbəssümündə
günəşi axtarıram…
şəhərin səmasındakı bütün buludları qovuram…
bütün minarələrdən iniltini duyuram
və bütün küçə lampalarından baxışların boylanır…
və siz, xanım… nədən bu qədər müqəddəssiniz?
sinənə toxunduğum andan,
günlərin düzümünü itirmişəm…
süd qoxuyur dodaqlarım…
dodaqlarımdan minlərlə dua düşür,
döşlərinin daş kimi gilələrinə…
…dodaqlarımda donmuş dualarla,
yalvarıram: “Eli, eli lema seviktani?”*…
əllərimdə bədənin hərarəti,
qulaqlarımda iniltin,
gözlərimdə ürkək baxışların,
və ziyarətə gələn zəvvar kimi yüyürürəm,
bədəninin qoxusuna
ləbbeyk!!!
və siz, xanım… nədən bu qədər uzaqsınız?
*Tanrım, tanrım məni niyə tərk etdin?” (İncil; Matta 27-46). İsanın çarmıxa çəkiləndən altı saat sonra pıçıldadığı sözlər.
***
Gecənin içindəki işığa dikilir baxışlarım –
yoğunam, sərsəriyəm
şeirin üstünə yeriyirəm
gecəni udum-udum içirəm
sabahın adamsızlığına gedirəm
and olsun qaranlığa ki
yalan danışdığını bilirəm…
Ulduzlar qədər uzaqsan və mən səni sevirəm…
Qutudakı son siqaretə uzanır əllərim,
Qutudakı son kibrit dənəsini yandırıb, qaranlığa atıram.
Alışır gecənin bağrı, gecəyə od vururam
Qaranlığın alışan bağrında bir siqaret yandırıb, bir içki süzürəm özümə
bir udum soyuq içirəm, bir udum gecə içirəm, bir nəfəslik işıq çəkirəm ciyərlərimə
sənə durmadan zəng edirəm,
sənə durmadan zəng edirəm
və telefonum söndürülüb…
Fələstində bir uşaq vurulur ürəyindən, qan süzülür barmaqlarımdan.
Bir sərsərisi də azalacaq şəhərin,
Çünki çıxıb gedirəm…
Beynimdə qancıq köpəklər ulaşır və bir fahişə düşür maşından
Küçə qaçır ayaqlarımın altından, ulduz axır
Mən maye halındayam indi, darıxmağın maye halında…
Özümü içirəm bütün gecələrin sağlığına…
Göz bəbəklərim ovcumda, səni axtarıram…
İçimdə əcaib sancı var, hamilə olduğumu düşünürəm
Qərib və avara gecələrlə sevişən,
Və qorunmayan küçə şairiyəm...
Bir işıq dirəyinin kölgəsinə çəkilib şeir doğuram…
And olsun bu qaranlığa ki, səni zərrə-zərrə unuduram…
Cəmilə
bu gün anladım ki,
sən heç vaxt mənə xəyanət etməmisən
amma ərinə xəyanət etmişdin
onun aldığı paltarlarla görüşə gələndə.
mənə yalan danışmamışdın heç vaxt
ərini aldatmışdın;
“Səndən hamiləyəm” deyəndə
xatırlayırsansa o zaman
məndən qalmışdın hamilə
Dilini yalanlara,
bədənini xəyanətə öyrətdin Cəmilə...
məni heç vaxt tək qoymamışdın,
sadəcə ərinin yanına -
aid olduğun yerə qayıtmışdın...
məni atmamışdın...
sən mənə xəyanət etməmişdin Cəmilə
ərini aldatmışdın mənimlə...
o uyuyanda öz yatağında
sən onun aldığı alt paltarlarını soyunurdun
mənim yarıqaranlıq otağımda...
sonra onun aldığı yataqda,
kirayələdiyi otaqda
sevişdik
sonra onun aldığı şampunla yudum saçlarımı
o gündən saçlarım tökülür...
indi gör neçə nəfər keçəl qalıb,
allah bilir...
bir gecə utanıb,
divardakı toy şəklini tərsinə çevirdin
nişan üzüyünü atdın otağın qaranlıq küncünə
sonra mənim köynəyimi geyindin əyninə
sonra ağladın,
mən isə səni tutdum dilə
“xəyanət bu deyil,
bu nədirsə,
başqa şeydir Cəmilə”
sonra ərinin aldığı içkidən içdik,
onun ezamiyyəti şərəfinə...
pəncərədən süzülən şəhər işıqları
gözümü deşməyə başladı
vicdanım oyandı o gecə, utandım...
ərinin adını pıçıldadın qulağıma
sonra “çaşdım” dedin, gülə-gülə...
Bax bu xəyanət idi Cəmilə...
sonra həyatında başqa kişilər peyda oldu
mənim verdiyim taksi puluyla
bahalı otellərə getdin
onları da özünə öyrətdin
onları da saldın zibilə
bədənin başqalarına öyrəşdi, Cəmilə...
görəsən xəyanət nədir, Cəmilə?
bu gün anladım ki,
məni aldatmamısan heç vaxt
özünə danışdığın yalanlar, özünə xəyanətindi.
səni sevmək mənim günahım deyildi
bəlkə də lazımsız cəsarətimdi...
bu gün anladım ki, hamıya xəyanət edirəm
qadınımın ütülədiyi köynəklə görüşünə gələndə
anladım ki xəyanət,
başqasına aid olan şeyləri
səninlə bölüşməkdi...
heç bir aldanış xəyanət deyil, əslində
xəyanət, sevmədən sevişməkdi...
xəyanət, öz gözündən düşməkdi
özgə yataqlarında...
xəyanətin nə olduğunu bilirsənmi Cəmilə?
hərdən,
tək qalanda
vicdan əzabı çəkirsənmi Cəmilə?