Vətəndə qürbət etüdləri (II)
1.
Xəyanətlər yıxır və yorur adamı
Bir az rok, bir az içki, bir az darıxmaq və çox sevgili
Çox kədərliyəm, allahım, çox kədərli
Uçuq bir daxmada vətənə şeir yazan şairin
Tabutunu aparmağa adam tapılmadı bu “ucsuz-bucaqsız” vətəndə
Mən də sərsəriyəm Allahım, mən də...
2.
Yay yenə bürkülü gəldi, canım çox sıxılır
Qaçacaq yerim qalmayıb, özümə əlvida demədən qaçıram
Səni tərk edənlərə, unutduqlarına, unudanlara qucaq açıram
Bezirəm bütün vərdişlərimdən;
Məsələn, saqqalımı kəsirəm
İyunun sonu gəlir, +32 dərəcə istidir və mən soyuqdan əsirəm...
Nə vaxt ayaqlarım sızıldasa yağış yağır
İldırım düşür hansısa qocaman ağaca
Dayanmadan şimşək çaxır...
Havalar dəli edir adamı,
gah günəş, gah yağış, gah soyuq, gah isti,
Bəsdir oyun oynadın Allahım, bəsdir...
3.
Salamımı almır kimsə, susub üzümə baxırlar
Bütün qaçdığım adamlar
ən darısqal küçələrdə gəlib yoluma çıxırlar.
hər sabah yuxudan dəli kimi qalxıram
beynimdə yüzlərlə yarımçıq iş
ağzımda iyrənc bir tam var, dişlərim sızıldayır
yaşamaq nə qədər iyrəncmiş
bir siqaret yandırıram
illərdir dəyişmir bu vərdiş...
axşam səfeh-səfeh saata baxıram
gün boş keçib, axşam düşmüş
yenə görülməmiş
minlərlə yarımçıq iş
güzgülərdəki adam üzümə ikrahla baxır,
gülür
güzgülər nə qədər sərsəriymiş...
4.
Nə normal bir işim var, nə qazancım, nə ümidim
Dərin bir boşluqdayam, ümidsiz və yorğun
İlahi, bu necə istidir?
İlahi, mən niyə donuram?
Nə azadlıq qışqırıram, nə divarlara şüar yazıram
Mən qəhrəman deyiləm, qorxağam!
İllərdir susuram, susuram, susuram...
Oğlumun suallarından qorxuram
Qızımın gülüşü titrək və ürkək
Təbəssümü hüznlü
Allahım, mən adamlıqdan çıxıram, çıxıram...
5.
Yoxsullar şeir oxumur, aclar şeiri yemir
Uşaqlar şeir geyinmir əyninə,
Qışda şeir qızdırmır canımızı
Qadınım şeir bişirmir hisli qazancada
Qızım şeirlə oynamır,
şeir sadəcə qatır başımızı...
6.
Stop!
Söndürün bütün işıqları, çəkilirəm səhnədən!
Başqa aktyor tapın bədbəxt şair roluna
Allahım adam olmaz məndən, şair heç olmaz
Başqa birisini tap, mən asi adamam
Başqa birisini tap, sadiq olsun yoluna
Şair olmaz məndən Allahım, şeir olmaz göz yaşlarımdan
7.
Ümid bağlı qapılar arxasında, ruzi qurd ağzında
Sərsəri küləklər dolaşır küçələrdə, hər tərəf günah qoxuyur
Uşaqlıqda tanıdığım bir toy müğənnisi vardı,
İndi məzarlıqda “Quran” oxuyur...
8.
Vətən kəfən kimi boyuma biçilib, vətən məzarım kimi qazılıb
Mən qaçmaq, uzaqdan baxmaq istəyirəm məzarıma
9.
Nə vaxt ayaqlarım sızıldasa yağış yağır
İldırım düşür hansısa qocaman ağaca
Dayanmadan şimşək çaxır...
Havalar dəli edir adamı,
gah günəş, gah yağış, gah soyuq, gah isti,
Bəsdir oyun oynadın Allahım, bəsdir...