darıxıram...
qərib, ruhsuz, avara
səs-küylü küçə, təkotaqlı ev,
bir sözlə bu dünya, bu ölkə, bu şəhər,
içimi didir...
hüznlüdür günəşin qürubu, sıxılıram.
gecələr beynimdə ac köpəklər ulaşır.
ümidim, təsəllim səhər...
günəşin işıqlandırdığı hər yerdə kədər,
hər səhər içimi didir...
hər şeyi tərsinə döndər,
darıxıram...
adamlar, maşınlar, binalar
iş yerim, yatağım, paltarım...
üzümə gülən tanışlar, fahişələr
ümidsiz, arzusuz dostlarım...
metro çıxışlarındakı dilənçilər,
küçə süpürən qadınlar...
onlar
ah, onlar...
hamının, hər kəsin üzündə kədər,
darıxıram...
mənimçün zaman dayanıb
məni tərk etdiyin vaxtı göstərir evimdəki bütün saatlar...
pəncərəmdən içəri soxulur payız
adını pıçıldayır külək,
səni yamsılayır yağışlar.
indi yanımda olsan, bir çay dəmləyərdim, içərdik...
bu soyuq otaqda birlikdə üşüyərdik...
nə olar, vaxt elə birtəhər,
darıxıram...
səhər yenicə açılıb, sərxoşam
bir viski şüşəsinin dibində gecələmişəm...
bütün sakinlərinin tərk etdiyi
qəza vəziyyətində olan ev kimi bomboşam...
səni düşünmüşəm...
məni hərdən xatırla,
yada sal, adımı çək.
bilirəm,
məni əcəlim deyil
sənsizlik öldürəcək...
heç olmasa bu yağışlı havalarda
mənə bir mesaj göndər,
darıxıram...
dəlilik
heç olmasa ömründə bircə yol
dəlilik edəsən...
Günəşə gözlərini qıymadan baxıb,
Qucaqlayasan tikanlı bir gül kolunu.
Məsələn, toyunun il dönümündə
o qədər içəsən ki,
unudasan uşağının üzünü, evinin yolunu.
heç olmasa ömründə bircə yol
dəlilik edəsən...
Heç vaxt üzünü görmədiyin bir qadına zəng edib
”gəl sevişək” deyəsən.
saçlarını daramamış çıxasan evdən.
corabı ayaqqabının üstündən geyəsən.
heç olmasa ömründə bircə yol
dəlilik edəsən...
tüpürəsən üzü küləyə,
sonra güləsən.
çıxıb gedəsən səni tanıyan dostların həyatından
içəsən eşşək kimi
qarşına çıxan hamını söyəsən.
heç olmasa ömründə bircə yol
dəlilik edəsən...
öz qiymətindən də ucuz
düşmən cəbhəyə "satılasan".
bir addım geriyə çəkilib,
yer kürəsinin üstündən atılasan...
heç olmasa ömründə bircə yol
dəlilik edəsən...
Cəmilə
bu gün anladım ki,
sən heç vaxt mənə xəyanət etməmisən
amma ərinə xəyanət etmişdin
onun aldığı paltarlarla görüşə gələndə.
mənə yalan danışmamışdın heç vaxt
ərini aldatmışdın;
“Səndən hamiləyəm” deyəndə
xatırlayırsansa o zaman
məndən qalmışdın hamilə
Dilini yalanlara,
bədənini xəyanətə öyrətdin Cəmilə...
məni heç vaxt tək qoymamışdın,
sadəcə ərinin yanına -
aid olduğun yerə qayıtmışdın...
məni atmamışdın...
sən mənə xəyanət etməmişdin Cəmilə
ərini aldatmışdın mənimlə...
o uyuyanda öz yatağında
sən onun aldığı alt paltarlarını soyunurdun
mənim yarıqaranlıq otağımda...
sonra onun aldığı yataqda,
kirayələdiyi otaqda
sevişdik
sonra onun aldığı şampunla yudum saçlarımı
o gündən saçlarım tökülür...
indi gör neçə nəfər keçəl qalıb,
allah bilir...
bir gecə utanıb,
divardakı toy şəklini tərsinə çevirdin
nişan üzüyünü atdın otağın qaranlıq küncünə
sonra mənim köynəyimi geyindin əyninə
sonra ağladın,
mən isə səni tutdum dilə
“xəyanət bu deyil,
bu nədirsə,
başqa şeydir Cəmilə”
sonra ərinin aldığı içkidən içdik,
onun ezamiyyəti şərəfinə...
pəncərədən süzülən şəhər işıqları
gözümü deşməyə başladı
vicdanım oyandı o gecə, utandım...
ərinin adını pıçıldadın qulağıma
sonra “çaşdım” dedin, gülə-gülə...
Bax bu xəyanət idi Cəmilə...
sonra həyatında başqa kişilər peyda oldu
mənim verdiyim taksi puluyla
bahalı otellərə getdin
onları da özünə öyrətdin
onları da saldın zibilə
bədənin başqalarına öyrəşdi, Cəmilə...
görəsən xəyanət nədir, Cəmilə?
bu gün anladım ki,
məni aldatmamısan heç vaxt
özünə danışdığın yalanlar, özünə xəyanətindi.
səni sevmək mənim günahım deyildi
bəlkə də, lazımsız cəsarətimdi...
bu gün anladım ki, hamıya xəyanət edirəm
qadınımın ütülədiyi köynəklə görüşünə gələndə
anladım ki xəyanət,
başqasına aid olan şeyləri
səninlə bölüşməkdi...
heç bir aldanış xəyanət deyil, əslində
xəyanət, sevmədən sevişməkdi...
xəyanət, öz gözündən düşməkdi
özgə yataqlarında...
xəyanətin nə olduğunu bilirsənmi, Cəmilə?
hərdən,
tək qalanda
vicdan əzabı çəkirsənmi, Cəmilə?