Aslanın qız sevməyi...

Aslanın qız sevməyi...
30 iyun 2014
# 09:43

Aslan belə Aslandı...

Hər adamın nəsibinə onun kimi bibioğlu yazılmır, əla oğlandır Aslan. Söz yox, uşaqlıqda bir az nadincliyi olub, di gəl, bığ yeri tərlədi, qız sevdi ha, oldu tamam-kamal ağıllı. Mərc gəlirəm: sizin də Aslan kimi bibiniz oğlu olsa, vaxt tapar, bazar günü evin bir küncünə çəkilib, nəsə qaralayarsınız.

Ayın 28-də Aslan özünə toy çaldırdı. Şəxsən iştirak edə bilməsəm də, xərc dəftərinə adım düşdü: “Cavid, dayıoğlu – 50 man...”. Demirəm, toyda Aslanın gözü məni gəzib, amma dəftərdə adımı oxuyan kimi ağlından keçirəcək ki, “dayıoğlum toyuma gəlmədi”. Umu-küsü eləyən döyül, kəndə gedən kimi yenə uzaqdan gözləri gülə-gülə üstümə gələcək, boynumu qucaqlayıb öpəcək. Uzağı dilucu deyə ki, bə toya nöş gəlmədün?

Aslanı mənə bir köynək doğma eləyən başqa səbəb var, yoxsa bibioğlu-xalaoğlu nə çox, heç birindən yazı yazmıram: onun anası, yəni Səkinə bibimlə atam əkizdilər. Görürdün, tutalım, bibim o biri qardaşlarına pay qoyanda atamın adına olanını beş dənə yumurta, üç dəstə göy, yarım fanta butulkası süd artıq eləyirdi. Dilə-dişə düşəndə, anam ona qahmar çıxardı: doqquz ay bir qarında yatıblar, bə nətəhər olmalıdır? Üstəgəl, bibim bacılarından ayrılıb başqa kəndə ərə getdiyindən qərib sayılar, nənəm onun balalarını, elə məsələn, Aslanı bir başqa cür istəyərdi. Bu başqa cür istəməkdə Aslanın seyid olmağının da payı var. Anasının, əmilərinin, dayılarının nə həddinədir Aslana acıqlasınlar, üstünə qaş düyünləsinlər?! Özü də, tək Aslan deyəndə, nənəm tapşırardı ki, seyidin adını tək deməzlər, başına dönüm, Allaha acıq gedər, Miraslan deyin. Aslanı ərköyün, dediyindən dönməyən, arasını iş-güclə sərin eləyən də qurbanı olduğum seyidliyidir. Uşaq vaxtı anası bala hinduşkaları Aslanın qabağına qatıb örüşə otarmağa göndərəndə, bir də gördün, hay düşdü: tülkü üçünü-beşini murdar eləyib. Mənim bu bibim oğlu hinduşkaları Allah ümidinə qoyub, odu hey, hərnəki, qığmərə, aşıq-aşıq oynayır. Amma axırıncı dəlisovluğu, dediyindən dönməməyi xoşuma gəldi. Nənəmgilin qonşuluğunda neçə ildən bəri sevdiyi, xəyalını qurduğu qızı alıb apardı.

Aslan belə Aslandı...

Qadasını alım, onun qız sevməyi bir başqa əhvalatdı. Mən də qulaq yalançısı, deyirlər, sevdası başına vurdumu, o cılız canını oymağa yer tapmazdı. Nə vaxt soruşardın, Aslan hardadır, deyərdilər, Aslan evdə yoxdu. Xəyalını qurduğu qızı uzaqdan görməyin dərdindən göy “06”-sını minib gədiyi aşar, özünü verərdi nənəmgilin artırmasına. Aslanın sevdiyi qızın ayağı dəyən həyət-baca həmin artırmadan ovuc içi kimi aşkar görünərdi. Gözləri bir az iti olsaydı, bəlkə o qızın əllərini, ip üstə sərdiyi donunu da görə bilərdi...

Ömründə əli qız əlinə dəyməyən adamın sevgisini anlamaq o qədərmi çətindir? Kaş onun keçirdiyi hissləri yazmağa gücüm çatardı! Zarafat gəlməsin, onun adına sevda deyirlər, sevda.

Mənim bibim oğlu, Aslanın xalası oğlu var, Namiq, Allah heç kimi onun dilinə-dişinə salmasın, üç olanın üstünə beşini də qoyub lağlağı eləyəcək, cur vuracaq aləmə. Hərçənd, Namiq onu mənnən az istəmir, amma bir də gördün, orda-burda danışır ki, Əbəlfəz haqqı, o artırmaya “kraska-lak” çəkməkdən yorulmuşuq, hamısı gedir Aslanın ayağında.

İki dəfə elçi göndərsə də, qızı vermirdilər ki, vermirdilər. Hər dəfə “yox” cavabı gələndə, Aslan işlədiyi dülgər sexində taxtaların arasına çəkilib fikir çəkər, xiffət eləyərmiş. Qızı alandan sonra da başqa qayğısı vardı: kənddə yaşamaq istəmirdi, rayonda ucuz qiymətə torpaq axtarırdı ki, heç olmasa, toya qədər ev tikə bilməsə də, torpağını çəpərləsin. Bilmirəm, o torpağı ala bildi, ya yox.

Aslan belə Aslandı...

Toyuna gedə bilməsəm də, ürəyim onun yanındaydı. Dedim axı, hər adamın nəsibinə onun kimi bibioğlu yazılmır. Kəndə getdimmi, meşənin sıx yerində birinci sağlığı əvvəl onun, sonra çəlimsiz canını sevgilisinə yetirən o göy “06”-nın şərəfinə deyəcəm. Deyəcəm ki, bibioğlu, cəddin haqqı, sən əla oğlansan...

# 3474 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #