Kulis sorğu keçirib: ədəbiyyat əyləndirməlidirmi?
Hərçənd, sorğuda mən də iştirak etmişəm (Ağırtaxtalı və ciddi ədəbiyyatçılar adətən “mən” yerinə “bəndəniz” yazırlar). İntəhası, bu mövzuda aydınlaşdırılası xeyli məsələ var və gəlin, uşağı həkimlə qorxudan bəzi yoldaşlar kimi camaatı ədəbiyyatla hürküdən “bəndəniz” tipli adamlarla bir az əylənək.
Əvvəliminci məsələ o ki, insan niyə əyləncədən qorxur? Yəni hər şeydə ciddiyyət, qaşqabaq, ağır-ləngər düşüncələr, bəşəri suallar, “olum, ölüm” dilemması axtarır? Sualın cavabı: o adamlar daxili müvazinəti olmayan adamlardır. Daxili müvazinəti, həqiqi intellekti olan adam “mən oxumuş oğlanam” obrazından mümkün qədər uzaq gəzir. Yəni, intellektualizmi naşıcasına spekulyasiya etməz, özünəironiyadan qorxmaz və s.
Spekulyasiya edən intellektualla cahil dindar arasında fərq yoxdur. Necə ki, dünyagörüşü dar olan müsəlman “Quran”ı metroda, avtobusda oxumağa qəzəblənir, bərk dayansan, spekulyativ intellektual da Qustav Le Bonu bazarda oxumağa eyni münasibəti göstərəcək.
Bizim təsəvvürümüzdə əyləncə sözü başqa mənalarla, başqa rənglə assosiasiya olunur. Sanki əyləncə ilə əxlaqdan kənar, bic doğulmuş, pis tərbiyə görmüş adamlar məşğul ola bilər. Məişət anlamından çıxıb ədəbiyyat müstəvisinə çıxanda mahiyyət dəyişmir. Bunu ədəbiyyata aid edəndə bəzən insanlar qeyri-ciddi qəbul edirlər. Əslində isə ədəbiyyatın klassik təyinatını – insanı mənən zənginləşdirməyi, insana təsir etməyi, hisslərə toxunmağı nəzərə alsaq, bunun içində əyləncə də, istirahət də var.
Dünyada məhz əyləndirməklə tarixə yazılan əsərlər var. Klassika hesab olunurlar, insanlar min illərdir ona gülürlər, əylənirlər. Aha, bəs “əyləncəvi ədəbiyyat”ın təyinatı nədir? Ümumiyyətlə, cəmiyyətdə əyləncəviliyin qəbul normaları, sərhədləri hara qədərdir?
Nə qədər ki, kitaba, ədəbiyyata fanatik dərəcədə ciddi yanaşıb onu toxunulmaz edirsən, insanlar sözdən o qədər uzaq dururlar. Qorxu olan yerdə sevgi olmaz. Baxın, mücərrəd yazıb istedadsızlığını ört-basdır etmək istəyən adamlar yeri gəldi-gəlmədi başa düşülməməkdən şikayətlənirlər. İstedad yoxdursa, nə ciddi ədəbiyyat, nə əyləncəvi, nə yarımciddi...
Bizim “gülə-gülə” xatırladığımız imzalar, əsərlər var. Oxuyuruq, sevirik, öyrənirik, üstəgəl əylənirik.
Ədəbiyyatının alt qatı ciddi mətləblərə söykənəndə, əyləncə sözün bütün mənalarında ciddi müstəvidə qərar tutur.
Oğuz Atayın “Nə hə, nə yox” hekayəsini xatırlayırsınızmı? Redaksiyaya məktub göndərən bir yoldaş haqqındadır. İstəyirəm, oxuyasınız. Başdan-başa əyləncədir. Lap belə komediya. Hə, vallah. İntəhası, Oğuz abi bir gəncin simasında cəmiyyətin hər dəlmə-deşiyinə işıq tutur. O gənclərdən bizdə də var. Xəbəriniz olar, məsələn, sevgilisinə görə özünü öldürür.
Ədəbiyyatı Məkkə bütləri gözündə qəbul edənləri ömrün qürubunda əliboş gördük.
Ona görə əylənməkdən qorxmamaq lazımdır.
Sözün bütün mənalarında.