Bu il Firəngiz Əlizadənin yubiley ilidir. Nə gizlədim, müsahibəni daha çox onun yaradıcılığı haqqında qurmaq olardı. Dünyanın müxtəlif ölkələrində əsərləri səslənir, onun yaradıcılığına həsr olunan konsertlər keçirilir. Di gəl, söz-sözü gətirdi, daha çox ittifaq ətrafında olan söhbətlərdən danışdıq. Hərçənd, bir saatdan artıq çəkən müsahibəmizin sonunda üç-beş dəqiqə də olsa, yaradıcılığı, tələbəliyi haqqında danışdıq. Yazmadım. Səbəb: xanım Əlizadənin musiqisi haqqında üç-beş dəqiqə danışmaq yaxşı düşməz. May ayına hələ çox var və mən özümü başdan-başa Firəngiz xanımın yaradıcılığına həsr olunan müsahibəyə borclu bilirəm.
Azərbaycanın xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin APA-ya müsahibəsi
- Firəngiz xanım, Bəstəkarlar İttifaqında işləriniz necədir?
- Müstəqillik dövründə Bəstəkarlar İttifaqı musiqimizin inkişafı üçün çox səmərəli çalışır. Misal üçün Azərbaycanda 7 Beynəlxalq Musiqi Festivalı keçirilirsə, onlardan dördündə Bəstəkarlar İttifaqı təşkilati və yaradıcılıq sahəsində iştirak edir. Bunlardan ikisinin - “Muğam aləmi” və “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bədii rəhbəriyəm. Bu baxımdan işimiz göz qabağındadır. Azərbaycan Bəstəkarlar İttifaqı saysız-hesabsız tədbirlər keçirir. İl boyu bəstəkarlarımızın müəllif konsertlərini, yubiley tədbirlərini keçirməklə yanaşı, hətta bir sıra bəstəkarlarımıza həsr olunmuş musiqi festivalları təşkil etmişik. Məsələn, Vasif Adıgözəlovun, Ramiz Mustafayevin, Tofiq Bakıxanovun, Azər Dadaşovun əsərlərindən ibarət musiqi festivallarını qeyd edə bilərəm. Konsertlərlə yanaşı, bəstəkar və musiqişünaslarımızın yaradıcılığı ilə bağlı elmi konfranslar, yeni nəşr olunmuş kitabların təqdimatını keçiririk. Bütün bu tədbirlər həm İttifaqın Üzeyir Hacıbəyli adına konsert salonunda, həm Dövlət Filarmoniyasında və Bakının digər konsert salonlarında keçirilir. Azərbaycan Bəstəkarlar Təşkilatı respublikanın bölgələrini də əhatə edir və bu gün 5 bölgə təşkilatı fəaliyyət göstərir: Naxçıvanda, Qarabağda, Gəncədə, Lənkəranda və Şəkidə.
Azərbaycan Bəstəkarlar İttifaqının kitabxanasında bəstəkarlarımızın partituraları, bütün orkestr partiyaları ilə birgə qorunub saxlanılır, konsertlərdə istifadə olunur. Məsələn, masamın üstündə Azərbaycan Dövlət Filarmoniyasının rəhbəri, gözəl pianoçu Murad Adıgözəlzadənin bir neçə məktubu var. Təkcə 2017-ci ildə bir neçəsini almışıq. Bu o deməkdir ki, bizim kitabxanamız olmasa, filarmoniyada konsert həyatı mümkün deyil. Ona görə ki, partituralar da, orkestr partiyaları da bizdədir. Məktub yazılandan sonra həmin partituraları aparıb ifa edirlər, sonra qaytarırlar ittifaqa.
Bəs biz bu xəzinəni uzun illər ərzində necə qoruduq? Vaxtı ilə Səadət Sarayından çıxmaq üçün bizə üç gün vaxt verildi. Mənim yanımda təkcə tanınmış musiqişünas Ramiz Zöhrabov, Bəstəkarlar İttifaqının təsərrüfat işlərinə cavabdeh olan Zakir Rəcəbov və yoldaşım var idi. O vaxt Hökumət Evində bizə 2 otaq vermişdilər, həmin partituraları evimizdə qorumuşuq ki, məhv olmasınlar. Sonra Möhtərəm Cənab Prezidentimiz bizə bu binanı ayırdı, dövlətimiz ittifaqın binasını təmir etdi və kitabxanamızı yaratdıq. Biz Bəstəkarlar İttifaqının 90-cı illərdə tərk etdiyimiz binasına qayıtmaq istəmişik. Ona görə ki, burada Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Cahangir Cahangirov kimi dəyərli sənətkarlarımız çalışıblar. Bu binada onların nəfəsi var.
- Bildiyim qədər binanın əldə olunması uzun mübarizədən sonra baş tutub...
- Bəli, uzun və çətin mübarizədən sonra bu binanı əldə etdik. Təmir gedəndə iki il torpağın içində oturduq. Kim bizə gəlib kömək etdi? İndiki halımızdan məmnunuq və İttifaqın bütün işləri qaydasındadır. Hörmətli prezidentimiz və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva bizim işlərimizin yüksək səviyyədə aparılması üçün bütün köməkliyi edirlər. Nazirliyə məktub yazdıq, ölkə başçısı Tofiq Quliyev və Cövdət Hacıyevin yubileylərinin keçirilməsi haqqında sərəncam imzaladı. İttifaq olaraq üzərimizə düşən bütün işləri görəcəyik ki, həmin yubileylər ən yüksək səviyyədə keçirilsin.
- Mənə görə siz bəstəkar kimi Avropa ölkələrində Azərbaycandan daha çox tanınır və qəbul edilirsiniz...
- Bu haqda danışmağım düz çıxmaz. Sadəcə, deyə bilərəm ki, bu il yubileyimlə bağlı Avropa və Amerikada yubiley tədbirlərinə hazırlıq gedir.
- Siz sədr seçiləndə ittifaqdan çıxan bəstəkarlar oldu. Bir az geri qayıdaq: səbəb nə idi, hansı məsələlərdə anlaşa bilmədiniz?
- Səbəbin nə olduğunu yəqin ki, siz daha yaxşı bilərsiniz. Məntiqlə düşünəndə tapmaq çətin olmaz.
- Bəlkə sizinlə şəxsi olaraq problemləri var idi?
- (Gülür). Mənimlə şəxsi nə problem ola bilər? Hələ gəlib bura çıxmamışdım, artıq tənqid etməyə başlamışdılar.
- Bəstəkar kimi qəbul etməyə bilərlər...
- Sizə təqdim etdiyim sənədlərdə görə bilərsiniz ki, dünyanın ən nüfuzlu musiqi nəşrləri haqqımda materiallar dərc edib. Almaniya, Amerika qəzetlərində və jurnallarında xoş sözlər yazırlar.
Bu jurnallar, qəzetlər göz qabağındadır, konsertlərim hamıya bəllidir, internetdə yayımlanıb, əsərlərimi ən məşhur orkestrlər ifa edir. Deməli, səbəb başqadır. Yoxsa hesab edirlər ki, mənim o qədər pulum var ki, o yazıları yazdırmışam? Ümumiyyətlə, təsəvvür edirsinizmi, məsələn, Almaniyada hansısa nüfuzlu jurnala pul verib yazı yazdırmaq mümkün olsun? Qətiyyən! Mənim oğlum Almaniyada 5 il universitetdə oxudu, bizi qoymadı bir müəllimlə tanış olaq. Almaniyada çap olunan musiqi jurnalı var, çox nüfuzludur, haqqımda “Kult musiqiçi” ifadəsini yazmışdı. Hər il musiqimin onlarla müxtəlif ölkələrdə ifası olur. Hilary Hahn, Yo-Yo Ma, “Kronos” kvartet, Berliner Philharmoniker öz proqramlarında əsərlərimi ifa edirlər. 65 illik yubileyimdə UNESCO adımı ən nüfuzlu bəstəkarlar siyahısına daxil etmişdi. Alex Ross “Nyu York Times”in musiqi müxbiridir. Onun yeni dərc olunan kitabı var: “Listening to the Twentieth Century”. Yəni “XX əsri dinləyərkən”. Alex Ross bu kitabda XX əsrin böyük bəstəkarları siyahısına mənim də adımı daxil edib. Keçmiş Sovet İttifaqından burda təkcə 5 ad var.
- Səhv etmirəmsə, həmin siyahıda Azərbaycandan sonra Çin, Cənubi Koreya və başqa ölkələr gəlir...
- Bəli, ardıcıllıq belədir. Məni bağışlasınlar ki, belə şeyləri dilə gətirirəm. Sadəcə, özüm haqqında danışmağa məni məcbur edirsiniz. Musiqişünaslar, bəstəkarlar haqqında kitablar yazırıq, onların xidmətlərini xalqa göstəririk. Kim bizə yaxşı münasibət göstərirsə, ona daha artıq xoş münasibət göstəririk. “Muğam aləmi” Festivalının simpoziumunda ingilis, rus, alman, türk, Azərbaycan dillərində moderatorluq etməli oluram. Zənn edirəm, Azərbaycanda bunu edən başqa musiqiçi tapmaq bir az çətindir.
- Gənc bəstəkarlara hansı şəkildə dəstək verirsiniz?
- Bəstəkarlar İttifaqının konsert salonu bütün gənc bəstəkarlar üçün açıqdır. Biz həmin bəstəkarlar üçün çalışırıq, onlara xidmət edirik. Hər il gənc bəstəkarların musiqisinə həsr olunan Plenum keçiririk. Əlimizdən nə gəlirsə, gənc bəstəkarlar üçün edirik. Məsələn, Firudin Allahverdi istedadlı gəncdir. İsveçrədə olanda gördüm müsabiqə gedir, Firudin Allahverdinin əsəri səsləndi və birinci yer qazandı. Ürəyim necə fərəhlə doldu. Rüfət Xəlilovu, Səid Qənini Davosa göndərdim, açıq dərslərimə dəvət etmişəm, mənim təqdimatımla onlara əsər sifariş etdilər.
- Firəngiz xanım, hiss edirəm, ittifaq əleyhinə olan tənqidi fikirləri sarsıntı ilə qarşılayırsınız. Amma nəzərə alın ki, iş olan yerdə tənqid də olur...
- Siz deyirsiniz ki, mən Avropada daha çox tanınır və qəbul edilirəm. Amma mən Bakıda da 70-ci illərdən başlayaraq müasir musiqinin təbliğində böyük işlər görmüşəm. Konservatoriyadakı konsertlərimdə ayaq üstə dayanmağa yer olmurdu.
Özü də bizə SOROS pul vermirdi ki, siz müasir musiqini ifa edin. Özüm müasir musiqini sevib təbliğ etmişəm. Almanlar bu haqda yazırlar, geniş məlumat verirdilər. Fərəc Qarayev mənim adımı hər yerdən nə qədər silsə də, fakt faktlığında qalır. Hələ 80-ci illərdə müasir musiqiyə həsr olunan festivalın həm təşkilatçısı, həm ifaçısı, həm də bütün mətnlərin yazılmasını özüm edirdim.
- Sonra Türkiyəyə getdiniz. Deməli, Bakıda işləriniz gətirmədi?
- Yox, sadəcə Türkiyədən gözəl təklif gəldi ki, Mersində dördüncü Opera və Balet Teatrı açırıq, istəyirik bizə balet yazasınız. Ailəvi getdik Türkiyəyə. 1500 dollarıq müqaviləm artıq masa üstündə idi. İlk dəfə gördüm, işləməklə pul qazanmaq olarmış. Türkiyədə olanda Almaniyadan dəvət gəldi. Sonra Amerikaya dəvət etdilər.
- İttifaqı tənqid edən bəstəkarlar haqqında nə deyə bilərsiniz?
- Təkcə onu deyə bilərəm ki, ağsaqqalıq Azərbaycanın gözəl ənənəsidir. İstərdik, bizi tənqid edən ağsaqqallar müdrik olsunlar, masamızın başında oturub, bizə gözəl məsləhətlər versinlər. Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev kimi.
- Bu günlərdə Drezdenə səfər etmişdiniz...
- Drezdendə çox gözəl konsertlər keçdi, haqqımda xoş sözlər dedilər. Təsəvvür edin, mən burda oturmuşam, onlar əsərlərimi ən yüksək səviyyədə ifa edirlər. Bundan necə məmnun olmaya bilərəm?
- Yaradıcı adama çəkdiyi zəhmətə görə qonorar mütləq verilməlidir. İstərdim, Avropa ölkələri və Azərbaycanda verilən qonorarı müqayisə edək...
- Azərbaycandan mənə heç vaxt sifariş olunmayıb və təbii ki, qonorar almamışam. Təkcə Heydər Əliyev Fondunun sifarişi ilə “İntizar” operasını yazmışam, Opera və Balet Teatrında tamaşaya qoyuldu, fond qonorarını ödədi. Çox sağ olsunlar. Bizim işlərimizin həyata keçirilməsində cənab prezidentin qayğısı, hörmətli Mehriban xanımın dəstəyi olur. Heydər Əliyev Fondu və Mehriban xanımın rəhbərliyi ilə rus dilində “Muğam Ensiklopediyası” dərc olundu.
Həmin ensiklopediya 150 milyon insana ünvanlanıb və çox böyük əks-səda doğurub.
- Ensiklopediyada Polad Bülbüloğlunun adını gördüm. Şəxsi münasibətləriniz necədir?
- Normal. Mənim hamı ilə normal münasibətim var. Kim mənə salam verir, salamını alıram. Üzünü çevirən adamla nə danışmalıyam? Heç kimə pislik etməmişəm, çünki bunu bacarmıram. Pislik etməyə, intriqa aparmağa vaxtım yoxdur. O qədər sifarişlərim var, o qədər gözəl işlər məni gözləyir ki, onları kənara qoyub intriqa aparmalıyam? Heç vaxt!
- Sizi təmin olunmuş insan saymaq olar...
- Əlbəttə.
- İttifaq sədri, xalq artisti, UNESCO-nun sülh artistisiniz. Siz Azərbaycanda qonorar ala bilmirsinizsə, deməli, gənc musiqiçilər haqqında ümumiyyətlə, danışmağa dəyməz...
- Yenə deyirəm, bacardığım qədər gəncləri dəstəkləyirəm. Bizim təqdimatımızla, Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş “Gənclər mükafatı” alırlar, onlardan bir neçəsini xaricə göndəriblər. Məsələn, Tahir İbişovu biz Avstriyaya göndərmişik, xaricdə təhsil alır. Ona təqaüd də veririk.
Bakı Musiqi Akademiyasında gənc bəstəkarların konsertlərində iştirak edirəm, onları dinləyirəm. Dəvət etsələr də gedirəm, etməsələr də. Ona görə ki, həmin gənclər əvvəl-axır bura gələcəklər. Mənə bu maraqlıdır, ona görə ki, xaricdə tez-tez açıq ustad dərsləri keçirirəm.
- Bakıda da açıq dərslər keçirirsiniz?
- Siz bunu məndən soruşmayın. Bu sual mənə deyil.
- Bakı Musiqi Akademiyasınadır?
- Fərqi yoxdur...
- Fərhad Bədəlbəylidən müsahibə götürəndə soruşacağam. Təəssüf ki, hələlik müsahibə alınmır. Güman edirəm, bu müsahibədən sonra razılıq verəcək...
- Mən heç kimdən heç nə istəmirəm, ummuram.
- İttifaqın maddi vəziyyəti necədir?
- Çox da ürəkaçan deyil. İstəyirik musiqiçiləri dəvət edək, konsertlər keçirək, amma bunun üçün onlara qonorar ödəmək lazımdır. Bir-iki dəfə mənim xətrimə gəlirlər, üçüncü dəfə onlara nə isə deməyə utanıram.
Alim Qasımov Şəkiyə gəlib konsert verdi. Xan Sarayı önündə möcüzə bir konsert oldu. Alim dedi, Firəngiz xanım çağırdı, mən də durub gəldim. Elə istəyərdim, hamıya layiq olduğu qonorar ayıra bilək. Amma imkanımız çatmırsa, necə edək?
- Siz televiziya kanallarında klassik musiqiyə yer verilməməsi ilə bağlı bir neçə dəfə narahatlığınızı dilə gətirmisiniz. Görünən odur ki, hələlik heç bir irəliləyiş yoxdur...
- İttifaqa sədr seçiləndə məktublar yazdıq. Televiziya rəhbərlərinə şəxsən də müraciət etdim. Təklif etmişdik ki, Bədii Şuralar bərpa olunsun, amma nəticəsi yoxdur. Deyirlər ki, bizə reytinq lazımdır. Təbii ki, iradları bütün kanallara aid etmək olmaz. “Mədəniyyət” kanalımız çox gözəl fəaliyyət göstərir.
AzTV-də klassik musiqiyə geniş yer verilir. İTV-də, ATV-də bəzən klassik musiqiyə yer verilir, maraqlı proqramlar təşkil edirlər. ATV-də artıq klassik musiqiyə aid olan “ATV Vivace” kanalı var. Yaxşı olardı ki, yüngül verilişlərdən, seriallardansa, ciddi musiqiyə yer versinlər. Mən seriallara baxa bilmirəm, əsəbiləşirəm. Elə qadın xarakterləri göstərirlər ki, insan nifrət edir. Azərbaycan qadını buna layiqdir?
- Son illərdə çəkilən filmləri necə, izləyə bilirsiniz?
- Bəzilərini izləmişəm. Son bir neçə ildə gözəl filmlər çəkilib. Təəssüf ki, televiziya kanalları onları göstərmirlər. Elxan Cəfərovun “Dolu” filmi yaxşı filmdir. “Mahmud və Məryəm” çox təsirli filmdir, xoşuma gəldi. Elçin Musaoğlunun çəkdiyi “Nabat” gözəl filmdir. İlqar Safatın “İçəri şəhər” filmini izləmişəm, gözəl filmdir.
İlqar Safat intellektual rejissordur və “İçəri şəhər” filmində hətta mənim də musiqimi səsləndirmişdi. Həqiqətən yaxşı filmlər çəkilir, sadəcə, onları xarici dillərə dublyaj edib daha geniş yaymaq lazımdır.
- Balet və opera sənəti ilə bağlı narahatlıqlar var. Bu tipli əsərlər son zamanlar niyə az yazılır?
- Bilirsiniz, balet və opera yazmaq üçün geniş infrastruktur olmalıdır. Azərbaycanda simfonik orkestr, xor üçün kompakt disk yazmağa imkan yoxdur. Nə üçün Tiflisdə var, bizdə yoxdur? Dəfələrlə bunu müzakirə etmişik, amma hələ ki, nəticə yoxdur. Yaxud bizim studiyamız yoxdur. Musiqi partituralarını çap etməyə nəşriyyatımız yoxdur. Əvvəllər, “İşıq” var idi, onu da ləğv etdilər.
- Yazıçılar Birliyində prezident təqaüdü məsələsinə görə narazılıqlar olur. Sizdə vəziyyət necədir?
- Katiblərlə bir yerdə yığışıb müzakirə edirik. Bəzilərinin hətta dərman almağa belə ehtiyacı var, bəzi musiqişünaslar deyirlər, təqaüd olsa kitabımı çap etdirəcəyəm. Buna çox sevinirəm. İlin əvvəlində ərizələri yığmağa başlayırıq. Təqaüdlər gənc və yaşlı bəstəkarlar üçündür, orta nəsildən kimin ehtiyacı varsa, ona daxili imkan hesabına kömək etməyə çalışırıq. Amma bununla belə, bəziləri var ki, 20-30 ildir əsər yazmır, üzünü görmürük, bizdən təqaüd tələb edir. Mənimlə razı olarsınız ki, bu mümkün deyil və başqalarına haqsızlıq olar.