1.
Onlar çox maraqlı adamlardır, kədərlidirlər, ürəkləri doludur. Şeir də yazırlar, hekayə də, araşdırma da. Üstəlik, elmi tədqiqatlarla da məşğuldurlar. Di gəl, heç yerdə çap oluna bilmirlər, sözlərini eşidən yoxdur. Nəinki çap olunmaq, heç onlara qulaq asmaq istəyən də tapılmır. Ürəklərini boşaltmağa kimsələri qalmayıb, eləcə öz-özlərinə dərdləşirlər, deyinirlər, darıxırlar, şikayətlənirlər. Əlbəttə, günah da özlərindədir. Bu ağsaqqal adamlar haqqında “istedadsız” sözünü yazmağa əlim gəlmir, qorxuram, qulaqlarına xəbər çatar, ömrün bu ixtiyar çağında qəlbləri qırılar, pisikərlər. Dünya ədəbiyyatında elə bir obraz xatırlamıram ki, tam təəssürat yaratmaq üçün misal çəkim.
Onları Yazıçılar Birliyinin az qala bütün tədbirlərində görmək olar, yuxarı başda otururlar ki, televiziya kanallarında görsənsinlər, hərdən replika atıb cavanlardan, jurnallardan, birliyin rəhbərliyindən şikayətlənirlər. Nimdaş paltoları var, ayaqqabıları köhnədir, qulaqları zəif eşidir, pillələri qalxanda mütləq kimdənsə kömək istəyirlər, şeirlərini oxumağa adam gəzirlər. Şübhə etmirəm ki, jurnal redaktorlarını qovluqda gəzdirdikləri şeirləri ilə yorublar, redaktorları on dəfələrlə ədəbiyyatın düşməni elan ediblər, paxıllıq çəkməkdə günahlandırıblar. Kəsəsi, ədəbi mühitə az çox bələd olan adam, vəziyyəti başa düşdü. Mən söhbəti uzatmadan mətləbə keçirəm.
2.
Günəşli dekabr günündə yolumu AYB-dən saldım. “Mətbuat və ədəbiyyat” mövzusunda dəyirmi masa idi, divarlar istifadə tarixi keçmiş söhbətlərə növbəti dəfə şahid çəkilirdilər. Mən “Natəvan” klubuna girəndə, çıxışçılardan biri söz almışdı. Yerimi rahatlayıb oturdum, ikicə dəqiqə keçmədi, qapının ağzında bir-birinə söykənib oturan iki qocanın səsini eşitdim. Biri o birindən soruşurdu:
- O nə danışır, heylə?
- Deyir, internet, cavanlar...
- Həə, elə evimizi yıxan internet olmadı, bə...
- Səsini eşitmirəm ee,... Əvvəllər burda tribuna vardı, zal gur-gur gurrayırdı.
- Day, yığıncaqların da əvvəlki marağı qalmayıb.
3.
Yanımda oturan dostumuz Səxavət Sahildən soruşdum ki, bu qocaları bir neçə dəfə tədbirlərdə görmüşəm, adlarını bilmirsən? Dostumuz çiynini çəkəndə, özümü verdim ağsaqqalların yanına və oturmaq üçün icazə istəyəndə, ürəklə “hə, niyə olmur, otur” dedilər. Ağsaqqal şairlərdən biri Məmməd Baxşıyevdir. Hiss edirəm, öz xoşu ilə ona həmsöhbət olmaq istəyən adamın “tora düşməyi”nə yaman sevinir. Məmməd əmi elə birdəncə söhbətə başladı:
- Bəri bax, “Gülüstan” poemasını bilirsən kim yazıb?
- Bəxtiyar Vahabzadə...
- Ay sağ ol. Onu bilirsən ki, Sədi Şirazidən sonra Bəxtiyara icazə vermirdilər onu yazmağa?
- Məmməd əmi, Bəxtiyar hara, Sədi hara?
- Sədi Şirazi neçənci ildə anadan olub?
- Vallah, bilmirəm.
- Bə, sən nə bilirsən? Yadında saxla, 1188-1265. 1813-cü ildə “Gülüstan” poemasının müqaviləsi bağlanandan sonra, Bəxtiyara icazə verdilər ki, poemanı yazsın. Yaxşı, sən nə işlə məşğulsan?
- Jurnalistəm də, əmi, hərdən hekayə-zad yazıram.
- Ay sağ ol. Mənə neçə yaş verərsən?
- 75...
- Altı gündən sonra 78 olacaq. Hələ həvəsdən düşməmişəm. Yeddi nəvəm var, dörd nəticəm. Hökumət medalı almışam. Hara gedirəm, deyirlər pul gətir, sənin şeirlərini çap edək. Sən bilirsən mənim neçə dəftər şeirlərim var?
- Heç biri çap olnmayıb?
- Qulaq as, sözümü kəsmə. Bizim nəşriyyatda çap olunub. Özü də, 30 manat pul vermişəm. Qapıda duran polis dedim, qolumu bağla, hara istəyirsən, apar, mənim medalım var. Cavab verdi ki, nolsun var, gözüm aydın.
- 30 manatı kimə verdiniz?
- Sənə dedim, qulaq as, sözümü kəsmə. Bir nəfər məni apardı qızın yanına. Qız yazılarımı yığdı, 300 səhifə dəftərdən mənə yüz səhifə verdi. Sonra dedi, yox, 80 səhifə edir. Ona dedim, mən çox varlı adamam. Doqquz kassada pul saxlayıram. Dedim, onun birini sənə verirəm. Sovetin vaxtında doqquz kassada pul batdı getdi.
4.
Söhbətin bu yerində ikinci qoca dözmür. Narazılıqla başını yelləyir:
- Buna bax e, özünə yazıçı deyir. Bələdiyyə sözünü düz deyə bilmir. Bələdiyyeh yox ey, bələdiyyə. Çı-çı, bələdiyyehh...
- Əmi sizin adınız nədir?
- Mən sənə bələdiyyədən danışıram, sən adımı soruşursan. Adım Faiq, familyam Sultanzəki. Faiq Sultanzəki.
Bu yerdə birinci əmi böyrümə dümsük ilişdirir:
- Mənim adımı yadında saxladın?
- Bəli, bəli...
- Nədi, hələ de, görüm?
- Məmməd əmi də, Məmməd Baxşıyev.
- Ay, sağ ol. Əmi sənə heyran.
Faiq Sultanzəki əsasını qucağına qoyub, davam edir:
- Mən kodlarla işləyirəm. Tədqiqat əsərlərim var. Nizaminin, Mahmud Şəbüstərinin, Üzeyir Hacıbəyovun kodlarını açmışam. Üç rəngli bayraq niyə üç rənglidir, onun kodunu açmışam.
- Siz şeir də yazırsınız?
- Şeir də yazıram, hekayə də.
- Yazıçılar Birliyinin üzvüsünüz?
- Bəli.
- Neçə kitabınız var?
- Bax, mən istədiyim yerə gəlib çıxdın. İnternet qoymur kitabım çıxsın. Qoysa, çıxacaq.
Faiq kişi bir az qaraqabaq, adamayovuşmazdır. Üstəlik, diliacılığı da var. Onunla söhbət etməyə qorxuram. Mənimki elə Məmməd əmidir, onun qadasını alım
- Bax, görürsən nə dedi? – Məmməd əmi dillənir. – İnternet qoysa, çıxacaq.
Söhbətin bu yerində Səxavət Sahil yaxınlaşıb telefonla bizim şəklimizi çəkir. Məmməd əmi dua edir: Allah canınızı sağ eləsin, ömrünüz uzun olsun.
Qaynayıb peymana doldum,
Gah saralıb, gah soldum,
Gözəllər mehmanı oldum,
Sən bu diyara xoş gəldin.
Təzələndi köhnə dərdim,
Dərdimə dərman tapmadım.
Yazıq Ələsgərin dərdi,
Dərdinə loğman tapmadı.
- Sən yazmısan, Məmməd əmi?
- Ə, sən savadsız adamsan. Görmürsən, ağzımda Ələsgər deyirəm?
- Əmi canı, Ələsgər belə şeir yazmaz. Öz şeirinizi deyin də...
- Heç öz şeirlərim yadıma gəlir ki, hansını yazmışam?
Ay fələk,
başıma gətirdin kələk,
Xalxa verdin, qovun-qarpız,
Mənə verdin dümbələk.
İndi mən çalışıram ki, hökumətdən ikinci medalı da alım. Qismət olmasa, gərək nəvələrim alsınlar.
- Məmməd əmi, yoldaşınız var?
- Var. Mənə bilirsən nə deyir?
- Nə deyir?
- Qulaq as, deyir, sən ondan-bundan oğurlayıb yazırsan. Mən də deyirəm, onu da bacarmaq lazımdır. Arvad mənə qayıdıb nə desə yaxşıdır: sən öləndən sonra, yazdıqlarının hamısının üstünə tüpürüb, od vurub yandıracam. 175 manat pensiya alıram. Arvad da o qədər alır. Göyə sputnik göndərdilər, düzdü? Səkkiz milyon pul gətirib, mən də işlədiyim yerdən maaş ala bilmirəm. Bəs, mənim qarnım da sputnikdir axı.
5.
Tədbir başa çatır. Görürəm, hamı altdan-altdan bir mənə, bir də Məmməd əmiyə baxıb, gülür. Vecimə almıram. Foyedə kişiyə bir də yaxınlaşıram, şəkil çəkdirmək istədiyimi deyəndə, qayıdır ki, pencəyimi saxla, tualetə dəyim, sonra. Amma nədənsə, pencəyi mənə ümid etmir, qoluna aşırıb, tualetə gedir. Şəkil çəkdirəndə, kişi sevincindən doluxsunur, kövrəlir, alqış deyir. Sonra qucaqlayıb öpür, özünə sıxır. Mən də Məmməd əmini öpürəm, əlimi boynuna dolayıram. Və beləcə, ayrılırıq...