Giyom Apoliner 26 avqust 1880-ci ildə Romada doğulub. Daim kimlik axtarışında olsa da, dünyaya gəlişinin sirrini ömrünün sonuna kimi bilməyib və bu ona əzab verib. Bütün şeirlərinə həmin iztirabın tozu səpələnib. Uşaqlığının altı ilini İtaliyada keçirib. Bu illəri birinci dünya savaşında başından yaralandığı zaman da unutmayıb.
Onun çox mürəkkəb, qəliz və anlaşılmaz xarakteri – bir tərəfdən sadəlövhlüyü, bir az mövhumatçılığı, diribaşlığı, zalımlığı, həmişə öz bildiyinin üstündə durması və geri dönməməsi, tərsliyi, sadəliyi, insanlarla asan dil tapması, yumor hissinin güclü olması, nə qədər gülsə də şeirlərində kədərdən başqa bir şeyin olmaması... bütün bunlar Giyom Apoliner haqda o qədər də mükəmməl məlumat sayılmaz əslində. Şairin ömrünün əsas xassəsi onun şeirlərinin içində yatır. Polyak yazıçısı Yuliya Xartviq Giyom Apolinerdən bəhs edən kitabında onun psixoloji portretini çəkməyə çalışıb və qeyd edib: “poetik Qarqantuanın masştabı insani kriteriyalarla az qala bir araya sığmırdı...”.
Tədqiqatçıların fikrincə Apolinerin lirikası iki mənbədən qidalanırdı: sevgi axtarışları və mistifikasiya ehtirası. Onun naturasının bu cəhəti xarakterinin əsas xassəsini elə dəqiqlə əks etdirib ki, bəzi ensiklopediyalarda adının yanında beləcə də qeyd edilibmiş: mistifikator.
Əslində bütün ömrü belə olub. Hər şey dünyaya gəlişindən başlayıb. Bələdiyyədə ata-anası məlum olmayan uşaq kimi qeydə alınıb. Bu nöqtədən başlayaraq Apoliner mənşəyi haqqında sayı-hesabı bilinməyən fantastik əhvalatlar atıb ortaya - əcdadının gah Napoleon, gah da Roma Papası olduğu bu əhvalatlar səbəbsiz deyildi. Liseydə oxuduğu zaman ləqəb götürür: Qiyom Makabr (yəni, Kədərli Giyom). 1909-cu ildə Luiza Lalann adlı bir müəllifin məqalə və şeirləri bütün Parisə səs salır - bu böyük mistifikator Apolinerin özü idi.
Yaşadığı sevgi macəraları da inanılmaz olaylarla zəngindir. Pikasso və Mak Jakob ilə dostluq edib.
Onun beş şeiri dünya poeziyasının şah əsərləri sırasına daxildir. Bunlardan ən məşhuru “Mirabo körpüsü”dür. Onun dövrü, yəni keçən əsrin əvvəlləri əsas bədii kəşf və tapıntıların meydan suladığı bir dövrdür: orfizm, kubizm, futurizm. Apolinerin gəlişi ilə mənzərə kökündən dəyişir. Özünün ikili təbiəti və mistifikasiya oyunları ilə Giyom dövrün lirikasının poetik xassəsini dəyişdirir, yeni estetika və yeni lirik təfəkkürün əsasını qoyur.
“Mirabo körpüsü ” şeiri 1912-ci ildə çap edilir. Bu şeirdə onun qüssəli və kədərli keçmişinin izləri var, bu pıçıltılarla o, keçmişindən qopub ayrılmaq istəyirdi. Zamanın dalğaları içindən keçib vaxtı durdurmaq, ömrünə çökmüş həsrəti dilləndirmək... şeirdə çay, Sena çayı vaxtilə əl-ələ tutmuş sevgililərin qollarının arasından axır. Şeirdə paralelik və əks perspektiv sistemi var: çay necə axırsa və gələcəyə tələsirsə və dərhal da keçmiş olursa, gözlərdəki həsrət bir o qədər sürətlə dərinləşir və insan o dərdin, həsrətin içində boğulur.
Apoliner insan həyatının nə qədər faciəli və ümidsiz olduğunu göstərmək üçün, keçmişlə gələcəyin ayrıldığı nöqtəni əslində bitişməyən yaraya bənzədir. Bu sözlər şeirdə işlənməsə də, onun bütün ruhu və intonasiyası onları deyir. Bu şeir Apolinerin Mari adlı sevgilisi ilə faciəvi ayrılığının ifadəsi idi. Və bütün sevdiyi qadınlarla... Bu qadınların hamısı onu atıb getmiş, şair keçmişdən qopub bu günə gələ bilməmişdi. Müharibədə başından yara alanda da keçmişdə idi, kimlik axtarışları və mistifikasiya oyunları onu odun-alovun içinə atmışdı...
1911-ci ildə Apoliner həbs edilir. Luvrda “Mona Liza” əsərinin oğurlanması faktına görə. Pikasso da şübhəli bilinir. Əsəri Luvrda çalışan bir italiyalı rəngsaz oğurlamışdı. Onu 1914-cü ildə həbs edirlər. Ancaq günü bu günə qədər də Luvrdakı “Mona Liza”nın orijinal olub-olmaması tam məlum deyil. Bu da bir mistifikasiya...
Apolinerin formalist axtarışları dadaist və sivmovilstləri ilhamlandırır, faciəvi lirizmi isə Pol Eluar, Nezval və Araqonun ilhamına çınqı atırdı...
Şairin öz səsiylə bu şeiri təqdim edirik. Səsə diqqət yetirin. O, bu gün də yaşayır. Keçmişdəki adam qayıtmaq istəyir.
Orijinal mətndəki “demeurer” feili “yaşamaq, bir yerdə qalmaq, yaşamağa davam etmək”, əslində isə ... olmamaq anlamına gəlir. Bunu da unutmayın.
Şeirin orijinalı:
Le Pont Mirabeau
Sous le pont Mirabeau coule la Seine
Et nos amours
Faut-il qu'il m'en souvienne
La joie venait toujours après la peine
Vienne la nuit sonne l'heure
Les jours s'en vont je demeure
Les mains dans les mains restons face à face
Tandis que sous
Le pont de nos bras passe
Des éternels regards l'onde si lasse
Vienne la nuit sonne l'heure
Les jours s'en vont je demeure
L'amour s'en va comme cette eau courante
L'amour s'en va
Comme la vie est lente
Et comme l'Espérance est violente
Vienne la nuit sonne l'heure
Les jours s'en vont je demeure
Passent les jours et passent les semaines
Ni temps passé
Ni les amours reviennent
Sous le pont Mirabeau coule la Seine
Vienne la nuit sonne l'heure
Les jours s'en vont je demeure
Şeirin tərcüməsi:
Giyom Apoliner
Mirabo körpüsü
Mirabo körpüsünün altından
Axar Sena çayı
sevgimiz də eləcə…
Bunu deməyə lüzum varmı ki
ən dəhşətli acıdan sonra gəlir
sevinclər
gecə düşər, vurar saat
günlər keçər, mən keçmişdə qalaram…
Əllərim əllərinə
Gözlərim gözlərinə toxunar az qala
Qollarımız arasından
Axar yorğun baxışlar
Ayrılıq bitməz amma
gecə düşər, vurar saat
günlər keçər, mən keçmişdə qalaram.
Baş götürüb gedər sevgi, çaysa ömrümdən axar
Qəlbimdən qopub gedər
Həyat kimi, izi-tozu bilinməz
Ümidsə çox yaxında amma əllərim çatmaz
gecə düşər, vurur saat
günlər keçər, mən keçmişdə qalaram….
Günlər, həftələr keçər
Ancaq nə zaman ötər
Nə sevgilər qayıdar
Mirabo körpüsünün altından
Axar Sena çayı
gecə düşər, vurar saat
günlər keçər, mən keçmişdə qalaram....
Rus dilinə şeirin ən uğurlu tərcüməsi Pavel Antokolskiyə məxsusdur.
Мост Мирабо
Под мостом Мирабо вечно новая Сена.
Это наша любовь
Для меня навсегда неизменна,
Это горе сменяется счастьем мгновенно.
Снова пробило время ночное.
Мое прошлое снова со мною.
И глазами в глаза, и сплетаются руки,
А внизу под мостом —
Волны рук, обреченные муке,
И глаза, обреченные долгой разлуке.
Снова пробило время ночное.
Мое прошлое снова со мною.
А любовь — это волны, бегущие мимо.
Так проходит она.
Словно жизнь, ненадежно хранима,
Иль Надежда, скользящая необгонимо.
Снова пробило время ночное.
Мое прошлое снова со мною.
Дни безумно мгновенны, недели мгновенны.
Да и прошлого нет.
Все любви невозвратно забвенны...
Под мостом круговерть убегающей Сены.
Снова пробило время ночное.
Мое прошлое снова со мною.
Перевод Павла Антокольского
(В кн.: П. Антокольский. Медная лира. М., 1970)