O gecə şeytanla mazaqlaşdım - Bircənin romanı

O gecə şeytanla mazaqlaşdım - Bircənin romanı
21 fevral 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Cavidin gedişi xasiyyətimi kökündən dəyişdi - hamıya qəzəbli, hamıya acıqlı, hamıya küskün oldum. Caviddən sonra Taylan da evi qızlara təhvil verib yoldaşlarının yanına yığışdı. Artıq evdə heç kimi dindirmirdim, qızlara da biganəydim. Yemək bişirmirdim, evdəkilərin nə yeyib-içdiyi, neylədiyi məni maraqlandırmırdı. Yenicə isinişdiyim şəhər canımı əzirdi, axşamlar üstümə qara div kimi çökürdü.

Günlər ötüb oğlumdan səs-soraq almadıqca vəlvələ ürəyimi laxladırdı. Düşünürdüm bərkə-boşa düşməmiş, isti-soyuq görməmiş ana uşağını hansı ağılla dünyanın o başına göndərdim? Cavid mənə elektron ünvan açmışdı, elektron poçtla yazışmağı öyrətmişdi. Bu ayrılıq müddətində biz ancaq internet vasitəsiylə əlaqə saxlaya biləcəkdik. İşə əlim yatmırdı, on dəqiqədən bir ünvanıma məktub gəlib-gəlmədiyini yoxlayırdım. Evdə kompüterimiz yoxuydu deyə işdən sonra evimə gedə bilmirdim, sehirli qutunun qabağında saatlarla oturub gözləyirdim. Təhlükəsizliyə məsul işçi başını içəri uzadanda ayılırdım:

- Bircə xanım, hamı çəkilib gedib, bir azdan qapılar bağlanacaq, nəyi gözləyirsiz?

- Elşən müəllim, oğlumdan məktub gəlməlidi, ona görə oturmuşam.

- Ay bacı, indiyə poçtalyon qalar?

- Mənim poçtalyonum bu qutunun içindən çıxacaq, - deyib başımla qənşərimdəki kompüteri göstərirdim...

***

Cavid getdiyinin beşinci günü İlkinin atası mənə zəng vurdu:

- Salam, ay xanım, oğlundan bir xəbər ala bilmisən?

- Yox, ay qardaş, hələ səs-soraq yoxdu.

- Bildin mənim uşağımın başına nə gəldi?

İçimə bir zorba əl uzanıb bütün içalatımı qarışdırdı:

- Nolub, siz Allah salamatlıqdı?

- Əşşi, nə salamatlıq ey! Mən də, balalarım da göz götürmürük ki, hamı bizi çeynəyir.

- Ay qardaş, sən Allah tez de görüm nolub axı?!

- O gün sizdən çıxanda uşaq maşının qabağını əzdi, bildim nəsə olacaq.

Kişi yəqin bizi o ki var söyüb yamanlamışdı, çünki onları gözə gətirdiyimizi açıq-aşkar sifətimə çırpırdı. Onun belə deməyi bir az səbbimi aldı, bu sort adamları yaxşı tanıyırdım. Daha kişiyə sual vermək həvəsim qalmamışdı, telefonu qapadıb onun bəlğəmli səsindən canımı qurtarmaq istəyirdim. O isə danışmağındaydı:

- Acın-gicin bəxti həmişə ayaq üstədi, yetimin topu yüyrək olar. Sənin oğlun gedib çatıb, mənim oğlum Çikaqo aeroportunda bütün sənədlərini itirib.

Atlantik okeanının uğultusu qulaqlarıma dolub beynimi bulandırdı:

- Axı niyə, o boyda oğlan sənəd-sünədini necə olub itirib?

- Mən uşaqlarımı başqa cür böyütmüşəm ey.

- Ay qardaş, Allah yetimi də saxlasın, atalını da, de görüm bəs Cavidin, Elxanın başına nə gəlib?

- Heç nə, onlar gediblər oxuyacaqları yerə, Viskonsinə çatıblar.

- Bəs indi İlkinin işi necə olacaq?

- İlkinin mənim kimi atası var, göndərəcəklər başqa bir ölkəyə, ordan da qayıdacaq yanımıza.

Kişi belə məqamda da yekəxanalığını, təkəbbürünü yerə qoymurdu, yetimə rişxənd eləməyindən əl çəkmirdi. O danışdıqca nənəmdən eşitdiyim bir məsəl beynimdə yanıb-sönürdü: “Yağ yeyəni yağ saxlasın, yağ yeməyəni Haqq saxlasın”. Kişinin özünü erkək eşşək sayağı aparmağı məni neçə yerimdən dingildətdi:

- Siz uşağınızı qarınqulu, laqeyd, fərasətsiz böyütmüsüz.

- Mənim balalarım qışda pomidor-xiyarla, bananla bəsləniblər, vedrəylə bal yeyiblər.

- Amma biz qonum-qonşu artığıyla böyümüşük.

- Elə məni yandıran da budu, gördüm evini-eşiyini.

- Hələ siz gəlirdiz deyə süfrəni, qab-qacağı, stol-stulu qonşulardan almışdıq.

- Ay atan rəhmətlik, elə buna görə yanıram da! Səninki getdi mətəyə çatdı, mənimkinin o torpağa ayağı da dəymədi. İndi mən camaat içinə nə təhər çıxım?

Gördüm kişinin nəfsinin ağırlığı çiynimi basır. Telefonu bağlayıb evin içində oynamağa başladım. Dəstəyi götürüb bacı-qardaşımı muştuluqladım. Ancaq düzünü desəm, o gecə sevincim cəhənnəm tonqalının hisinə bulanmışdı – təkcə oğlumun sağ-salamat mənzil başına çatmağına yox, o həbəşin oğlunun yad ölkədə sərgərdan qalmağına da sevinirdim. Bütün gecəni dəli kimi şaqqanaq çəkib güldüm. Firəngiz suçuxmuş tövrlə üzümə baxıb elə hey deyirdi:

- Xala, yaxşısan? Xala, nolar belə eləmə, qorxuram.

Beləcə, o gecə şeytanla bəs deyincə mazaqlaşdım, İlkinin oğlumla bir yerdə olmayacağını, balamın o həbəşin acı loxmasını dadmayacağını düşündükcə əriyib məst oldum.

***

Cavid oxuduğu şəhərlə bizim aramızda on iki saat fərq vardı. Həftədə üç dəfə yazışırdıq. Oğlum ordakı imtahanını da verib dərslərinə başlamışdı. Bir az maliyyə çətinliyi vardı, qalan hər şey arzuladığımız kimi gedirdi.

Artıq evdən başqa donda, başqa tırıqqıda çıxırdım – belimi, burnumu dikəltmişdim, özümə bəzək-düzək verməyə başlamışdım. Məni bu şəhərin tünlüyündə atıb getmiş həkimimin ruhuna hər cümə “Yasin” oxuyurdum. Emin təzə öldüyü vaxtlarda Xuraman müəllimə mənə namaz qılmağı öyrətmişdi. Bir neçə ay gizlicə ibadət elədim, qaynanam biləndə məni ələ saldı, lağa qoydu. Bundan sonra din məni tərk elədisə də əziz müəllimimin verdiyi kitabları, öz əliylə üzünü köçürdüyü surələri tutiya kimi saxlayırdım, dünyasını dəyişmiş sevdiklərimin ruhuna vaxtaşırı öz sınıq-salxaq dilimdə dua-səna göndərirdim.

Ağabəy həkimin dedikləri onun öz həlim səsiylə beynimdə müdam dövr eləyirdi:

- Qadın olduğunu heç zaman unutma, hansı çətinliyə, dara düşsən də güzgü-darağını yanından əskik eləmə.

Bir dəfə də özündən yaşlı bir rus həmkarının cəbhə xatirəsini danışmışdı mənə. Demək, Moskva ətrafında döyüşlərin şıdırğı vaxtı bu həkim qadın batalyonunun yerləşdiyi əraziyə gedir. Günlərlə ac-susuz qalan döyüşçü xanımlara belə bir təklifdə bulunur: yemək, şərab istəyənlər bir, güzgü, daraq, dodaq boyası istəyənlər başqa cərgədə dursun. Onlarla qadından yalnız ikisi yemək-içməyi seçir, qalanları güzgü, daraq, boya növbəsinə düzülür.

- Bax görürsən, əzizim Bircəcik, - deyirdi, - o cür fəlakətin qoynunda olanda belə qadın güzgülənməyi, saçını daramağı arzulayır...

İndi mən də güzgülərə köçmüşdüm. İşə getdiyim küçə boyu mağazaların tozlu vitrinlərində gizli-gizli özümə göz qoyurdum, boy-boya vermiş satıcıların üzünə təbəssümlə, şəfqətlə baxırdım. Balıqsatan yoğun kişinin yanından tez ötməyə çalışırdım, düşünürdüm yəqin bu adam sümüklərinə hopmuş balıq iyindən ölənəcən qurtulmayacaq, cənazəsi də balıq qoxuyacaq; onu görəndə elə bilirdim ağzımda çiy balıq var. Corab, qadın tumanları satan oğlana çatanda burnuma iylənmiş corab qoxusu dolurdu; onun da yanından nəfəsimi içimə çəkib keçirdim. Limonsatan manatlığı məndən alıb beş limonu ovcuma basanda əlimi sığallayırmış kimi yaşına yaraşmayan düşük bir hərəkət eləyirdi. Əvvəllər bundan cırnayıb hirslənsəm də davaya düşərəm deyə dillənmirdim, indi dava havasında deyildim, gözlərimdəki töhmət qarasını onun üzünə yaxıb sakitcə soruşurdum:

- Hə, nolsun, ağlın artdı?

Kişi xəcalətli başını yerə dikirdi, bir müddət limonu mənə əliylə vermirdi.

***

May çıxanda qızlar hərə öz evinə getdi, nəfəsim bir az da genidi. Nuşu xalanın əri bərk xəstələnmişdi deyə üzünü az görürdüm. Aygün təzəlikcə din aləminə baş vurmuşdu, Kərbəlaya, Məşhədə, başqa müqəddəs ocaqlara ziyarətə gedirdi. Mən də öz aləmimdəydim, işdən sonra tez-tez qadın salonuna dönüb saçıma, dırnaqlarıma qulluq elədirdim. Qulluqdan da çox məni ordakı maraqlı söhbətlər, qeybətlər özünə çəkirdi - kartla, kofeylə fala baxırdılar, ərdən gizli telefon saxlayırdılar, sevgililərindən, onları necə aldatdıqlarından, kişilərdən min fəndlə necə pul qopardıqlarından gülə-gülə, bilmərrə utanıb-çəkinmədən, hətta aşkar bir fəxrlə danışırdılar.

Bu dincliyim də uzun sürmədi. Cavidin otaq yoldaşı Elxan xırda oğurluq eləyib polisə düşdü. Uşaqlar velosiped almışdılar, oxuduqları məktəblə qaldıqları ev arasındakı yeddi kilometrlik yolu velosipedlə gedib qayıdırdılar. Cavidin yazdığına görə meşə içindən keçən o yolun kənarlarına balaca dəmir balonlarda benzin qoyurmuşlar, ehtiyacı olan benzini maşınına töküb pulunu hara isə ödəyirmiş. Bizim bu tələbə də eləməyib tənbəllik benzin balonlarını götürüb satmışdı. Üstü açılan kimi polis uşağı tutmuşdu.

Elxanın tamahı biz ana-balanı quyunun dibinə saldı, çünki min dollarlıq ev kirəsinin beş yüzünü onun atası, beş yüzünü də mən göndərirdim. İndi təkbaşına bu işin öhdəsindən necə gələcəkdim? Bu yandan oğlumun da otaq yoldaşının tamahına yoluxacağından qorxurdum, məktub məktub dalınca yazıb ona yalvarırdım:

- Cavid, aman günüdü, birdən sən də tamahsılanarsan ha! Bax Elxanın atası var, dalınca gəlir, səndən ötrü kim okeanı adlayıb harayına çatacaq? İnan ki, elə bir şey olsa dayıların da səndən üz döndərərlər.

Mənim haray-həşir salmağım Cavidi möhkəm cırnadırdı:

- Ana, nə danışırsan, mən elə iş tutaram? Axı biz hələ buralara gəlməmiş onların hamısını müəllimlərimiz bizə anlatmışdılar. Bu axmaq niyə belə səhvə yol verdi, bilmirəm.

Səfir işə qarışandan sonra altı ayın tamamında Elxanı azad elədilər. Bakıya qayıdan kimi uşağı burda oxuduğu məktəbdən də qovdular. Bir səhvi onun taleyinə sağalmaz zərbə vurdu.

***

500 manat donluq alırdım, bu da aşağı-yuxarı 650 dollar eləyirdi. Qalan 350 dolları hardan tapacaqdım? Tutalım tapdım, bəs mənim yeməyim-içməyim, xeyrə-şərə getməyim, iynə-dərmanım? Heç kimə ağız aça bilməzdim, özüm də Cavidi arxayın salmışdım:

- Evdə varımızdı, maaşımı da bu ay qaldırdılar, - demişdim, - sən dərsindən qalma, mən ev kirəsini vaxtında göndərəcəm.

Oğlum cavabında yazırdı:

- Ana, evdəki pulların hamısını mən xərcləmədimmi, evdə pul nə gəzir?

- Var, dayın göndərib, narahat olma.

Cavid düz deyirdi, gedib ora çıxanacan hardasa səkkiz min pul xərcləmişdi. İndi gümanım ancaq qızıllarıma gəlirdi. Üstümdən asmadığım nəyim vardısa yığıb qaçdım Moskva univermağına. Əlimdəki topa qızılı görəndə sığallı kişilər başıma yığışdılar, hərəsi bir qiymət oxudu. Onlar neçə deyirdilərsə mən dərhal özümlə apardığım kalkulyatorla məbləği dollara çevirirdim.

Cavidin bir aylıq ev haqqına yetəcək qədər qızıl satıb işə getdim, pulu oğlumun hesabına köçürüb rahatlaşdım. Bundan sonra işin mabədini düşünməyə başladım. Rahatlığımdan zövq almağa macal tapmamış dincliyim yenə pozuldu, yenə yuxu üzünə həsrət qaldım, yeməkdən kəsildim, evimin divarlarından qorxmağa başladım. Dərdimi Laləyə açıb danışanda bacım mənə ürək-dirək verdi. Ancaq yüz hadıx yığışsa güc doğana düşər, təsəlli qarın doyurmaz, hala baxıb halva çalmalıydım.

- Narahat olma, Aqilə deyərik kömək eləyər.

- Yox, Aqilə desən səni dindirmərəm.

- Axı niyə, qardaşın azmı əlindən tutub, indi nə qürur göstərirsən?

- Anama and içmişəm ki, Aqili bu işə qatmayacam.

- İndi neyləyək, uşağı yarımçıq geri qaytaraq, bədnam olaq el içində?

- Özüm bir yol taparam.

Başımın qır qazanı kimi qaynadığı günlərin birində İlkinin atası yenə mənə zəng vurdu. Xoş-beşdən sonra qoca pişiyin yatanda çıxardığı cığıltılı, bəlğəmli səsiylə dedi:

- Ay xanım, neylirsən, haralardasan?

- Evdə, işdə, ora-bura qaçıram.

- Uşağa pul tapıb göndərə bilirsən?

- Mənim uşağım pulsuz oxuyur, xırda xərclərini mən göndərirəm.

Kişiyə söylədiyim yalan tükümü də tərpətmədi.

- İnanmıram axıra kimi orda saxlaya biləsən.

- Baxaq görək nolur.

- Deyirəm bəlkə bir vaxt eləyəsən görüşək?

- Düzü mən də İlkini görmək istəyərdim, necə getdiklərini, başlarına nə gəldiyini öyrənərdim.

- Əşi, İlkini neylirsən? Onu göndərdim Peterburqa dayısının yanına, qoy orda kefini çəksin.

- Onda bir gün yoldaşınızı da götürün gəlin bizə.

Kişinin xırıltılı eybəcər gülüşü ürəyimi bulandırdı. Onun məqsəd-məramını yaxşı anlasam da özümü qanmazlığa qoymuşdum.

- Nə dilbilməz adamsan, mən sənlə görüşmək istəyirəm ey, ikilikdə. Sənə də faydası olar, evin-eşiyin pis abırdadı. Məlumun olsun ki, mənim tikinti materialı dükanım var, evinə yaxşıca əl gəzdirərəm.

Kəskin söz deməyə dilim gəlmədi, onu başımdan ustufca genitməyə çalışdım:

- Çox sağ olun, mənim heç nəyə ehtiyacım yoxdu.

- Yaxşı fikirləş, zəngini gözləyəcəm.

Neçə gün cinli-havalı gəzdim, gah kişini yuyub-sərmədiyim üçün üzümə tüpürdüm, gah da özümə haqq qazandırdım ki, ayıbdı, uşaqlarımız bir-birini tanıyır. Hirsim-hikkəm təzəcə soyumağa başlamışdı ki, kişidən yenə zəng gəldi:

- Deyəsən sən mənə naz eləyirsən. Bizim güllə-çiçəklə bir-birimizi qovan vaxtımız çoxdan keçib ey.

- Siz nə demək istəyirsiz?

- Demək istəyirəm özünü qaldırıb dağ başına qoyma, sən də bilirsən mən nə istəyirəm, mən də bilirəm sən nə istəyirsən.

Pörtmüş çönüb Elgünə baxdım - özünü yazı yazırmış kimi göstərsə də fikri məndəydi.

- İndi işdəyəm, saat altıdan sonra zəng eləyin, sizə fikrimi deyəcəm.

Məni əsməcə tutdu. Elgün masanın arxasından çıxıb mənə yaxınlaşdı:

- Bircə xanım, nəsə olub, bəlkə mən kömək eləyə bilərəm?

- Yox, narahat olmayın, hər şey yaxşıdı. - Qəfil beynimə sual gəldi: - Aqil yenə sizə mənə görə zəng vurur?

- Xeyli vaxtdı zəngləri seyrəlib, yəqin daha sizdən arxayındı.

Saat altı tamamda çantamı qapıb Əjdərin maşınına cumdum. Ürəyim dilimin altında tappıldayırdı. İstədim özüm yığam onu, telefonumu qurdalamağa başlayanda kişi zəng vurdu:

- Hıı, indi nə deyirsən?

- Nə deyəsiyəm, nə istəyirsiz məndən, nə verib ala bilmirsiz?

Kişi o başda hırıldadı:

- Özünü balaca qız kimi aparma, ağlın olsa məndən xeyir görərsən.

- Tüpürüm səndən gələn xeyrə! Rədd ol başımdan, bir də mənə zəng eləmə! Ağlın başqalarına getməsin.

- Paho, bilməmişdim, ətəyində namaz qılardım.

- Ay alçaq, get namazı arvadının ətəyində qıl, bu dəqiqə səni polisə verəcəm.

- Sənin kimilərin polisə işlədiyini bilirəm. Ay xoşu, indiyə kimi yüzünə vermisən, mən də olum yüz birinci, nə naz eləyirsən?!

Daha Əjdərə də məhəl qoymadım, bildiyim ən hərcayı sözləri, ən latayır söyüşləri kişinin təpəsinə yağdırdım. Güzgüdən baxdım ki, Əjdərin gözləri kəlləsinə çıxıb. Evə çatacaq kişinin arvadını yığdım, bir dövrə də onu söyüşə qərq elədim. Qadın mənə nə desə yaxşıdı:

- Mənim ərim elə iş tutmaz, yəqin sən kimləsə qarışdırırsan.

Yandığımdan oğluna da mesaj yazıb atasının alçaqlığını ona da xəbər verdim. Uşaq atasına görə məndən dönə-dönə üzr istədi. Bir müddət gecənin hansı vədəsi oyanırdımsa o şərəfsizin səsi qulağıma gəlirdi...

***

“Poseydon” mağazalar şəbəkəsinin çörək almaq üçün girdiyim bölməsində bir elan gördüm: işçi axtarırdılar. Fürsəti əldən qaçırmadım, girib marketin müdiriylə danışdım. Kiçik torpaqdan gəldiyi ləhcəsindən bilinən müdir sumo güləşçisinə oxşayırdı.

- Bizə tərəziylə işləyə bilən, unu, şəkəri kilo-kilo çəkib torbalara yığan adam lazımdı.

- Mən bacararam, ancaq işə axşam saat yeddidən sonra başlamaq şərtiylə.

- Bizim mağaza on ikinin yarısında bağlanır, sən o vaxtacan nə qədər un qablaşdıra biləcəksən?

- Sizə nə qədər lazımdı?

- Məsələn, iki yüz kilo.

- Bacararam.

- Onda sabah gəl səni yoxlayaq, cəld işləsən götürərik. On dəqiqə fasilən olacaq, fasilədə bir stəkan çayla bir bulka alacaqsan.

- Onları istəmirəm.

# 11127 dəfə oxunub

Müəllifin son yazıları

# # #