Kül bunun ata başına, yadın uşağını bəsləyir... – BİRCƏNİN ROMANI

Kül bunun ata başına, yadın uşağını bəsləyir... – BİRCƏNİN ROMANI
9 iyun 2017
# 12:36

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Oktyabr ayı gəlmişdi. Hamiləliyimin altıncı ayındaydım. Getdikcə ağırlaşırdım. Qaynanam boş vaxtında baldızımın hələ doğulmamış üçüncü uşağına ipək üzlü yorğan-döşək sırıyırdı, əlindən bir iş gəlməyən soyuqqanlı qızını ləziz yeməklərlə bəsləyirdi. Məni isə heç adam yerinə də qoymurdu, deyirdi anana xəbər göndər, sənin üçün də o çalışsın. Bu sözlərin qarşılığında susub gözlərimi döyürdüm, bilirdim ki, anamdan belə bir təmənnada bulunmağa üzüm də gəlməz, cəsarətim də çatmaz.

Qaynanam bir o qalmışdı ki, qızını beşiyə uzadıb yırğalasın. Ancaq məni nə oturmağa, nə yatmağa qoyurdu:

- Qarnın çox böyüyüb, hərəkət elə, doğa bilməyəcəksən.

Evdə elə ab-hava yaratmışdı ki, tək o yox, mən özüm də baldızımın qulluğunda dururdum, Bəstinin ağzı istəyəni dərhal bişirib qabağına qoyurdum, bir sözlə, özüm də öz hörmətimi saxlamırdım. Qaynanam bütün günü qızına xaşıl, xəngəl, quymaq bişirib yedirirdisə də yenə, nənəm demiş, üstündə qarğalar didməyə bir çeynəm ət tapılmazdı. Mənsə az yeməyə çalışsam da, elə hey kökəlirdim. Qardaşlarım növbəylə həftədə bir dəfə mənə bazarlıq gətirirdilər. Onlar gedən kimi qaynanam gətirdikləri ayın-oyunun bir azını ayırıb mənə verir, qalanını baldızımın ciblərinə, qoynuna-qoltuğuna doldururdu.

Bətnimdəki mənə çoxlu şirniyyat yedizdirirdi. Qanımı içə-içə böyüyən körpəm zaman keçdikcə gözümdə baldızımın klonu kimi canlanırdı, çünki Emin həmin o “qız” söhbətini, demək olar, hər gün təkrarlayırdı. Ən pisi də buydu ki, mən özümlə, gələcəyimlə bağlı heç bir xəyal qura bilmirdim, bir arzum, bir planım yoxuydu. Bu evdən tez-tez bezirdim, başımı götürüb harasa uzaqlara, xarabalıqlara getmək istəyirdim.

Bir gün cəsarətimi toplayıb Eminə dedim:

- Biz nə vaxt öz evimizə köçəcəyik? Mən ayrı qalmaq, tək yaşamaq istəyirəm.

Emin kinayəylə güldü, ayrı cavab vermədi. Həmin günün axşamı qaynatam bayıra çıxan kimi Emin anasına səsləndi:

- Gəlinin ayrı yaşamaq istəyir. Deyir ananla bir dam altında qala bilmirəm.

Xəcalətdən, həyəcandan ürəyim necə guppuldadısa elə bildim aylardan bəri qarnımda kök atmış varlıq indicə qopub bu dilbilməzin ayaqları altına düşəcək. Gözlərim bərələ qaldı – axı mən belə deməmişdim. Qaynanam üzümə baxıb rişxəndlə güldü:

- Bəs sən nə dedin?

Emin eyni rişxəndlə ona cavab verdi:

- Mən də dedim ayrılmaq dərdi səni öldürəcək.

Əlacım olsaydı süfrədəkiləri bir-bir onun başına vurardım. Ağlamaq istəyirdim, ağlaya bilmirdim. O gecə hamı yatandan sonra yenə özümü arxdan axan soyuq payız sularına atdım, suyu döyəcləyə-döyəcləyə, qapazlaya-qapazlaya o ki var ağladım, ürəyimi boşaldanacan ağladım.

Mən də istəyirdim öz evim olsun, öz ayağımın altını silim-süpürüm. Lap sevmədiyim bir köntöylə yaşayım, ancaq öz evimdə yaşayım. Atam verən cehizləri sevə-sevə işlədim. Nəsə məndə bir inam yaranmışdı ki, ayrı yaşasaq Eminlə aramızda elə bir problem olmaz. Gecələr yata bilmirdim, əlimə kitab alan kimi qaynanam gəlib işığı söndürürdü ki, sənin işığın məni yatmağa qoymur. Mən cehiz gətirdiyim çırağı nöyütlə doldurub lampa işığında qaynatamın otağından götürdüyüm kitabları oxuyurdum. Hərdən Emin gəlib məni öz otağımıza çağırırdı. Mən sakitcə onun üzünə baxıb:

- Get anandan icazə al, gəlim, - deyirdim, deyib ləzzətlə gülürdüm.

Emin suyu süzülə-süzülə gəldiyi kimi səssizcə çəkilib gedirdi. Onun bu halı ürəyimi az da olsa soyudurdu. Kitabı qatlayıb başımın altına qoyurdum, çıraq işığında dərin fikirlərə dalırdım, bəzən səhəri o fikirlərin burulğanında açırdım. Bütün bunlar, ən çox da yuxusuzluq əhvalıma təsirsiz ötüşmürdü – yenə məni qara basmağa başlamışdı, yenə gözümə eybəcər məxluqlar görünürdü.

Yenə güzgüdən qorxmağa başlamışdım. Hərdən mənə elə gəlirdi bətnimdəki özümün deyil, elə bilirdim güzgünün qarşısına keçsəm, ordan mənə ya qaynanam, ya baldızım, ya da Emin baxacaq. Bətnimdəkinin bu üç adamdan biri olduğuna get-gedə daha çox inanırdım. Güzgüyə baxmasam da, vaxt tapan kimi əlimlə qaşlarımı, saçlarımı, ağız-burnumu yoxlayırdım, elə bilirdim bətnimdəki mənim də görkəmimi dəyişdirib bunlara bənzədəcək.

Eltim Maral bir-birinin ardınca doğduğu körpə-körpə uşaqlarını oxşayıb əzizlədikcə mənim də ürəyimdə hələ dadını bilmədiyim duyğular baş qaldırırdı. Ona baxdıqca bir daldaya çəkilib əllərimi nəvazişlə göbəyimin üstündə gəzdirirdim. Hardansa eşitmişdim ki, boylu ana mahnı oxuyanda bətnindəki körpə onu eşidir. Gecələr həyətdəki qovağın çətiri altında var-gəl eləyəndə hərdən istəyirdim iki dünya arasında olan balama nəğmə deyim, layla çalım, ancaq səsim eşidilər deyə oxumaq nədi, zümzümə eləməyə də qorxurdum.

Belə gecələrin birində yenə içimdəki səsi boğa-boğa qarnıma baxırdım. Birdən qonşunun pəncərəsindən Rübabə Muradovanın “Qaragilə” mahnısı axıb gecənin sükutuna yayıldı:

Təbrizin küçələri dolanbadolan, Qaragilə,

Əgər məni sevmirsən get ayrı dolan, Qaragilə...

Başımın tükləri qabarıb qovağın bürüşmüş yarpaqlarına, budaqlarına dəydi. Rübabənin səsi qarışıq o gecə içimə bir sevgi axıb doldu, əllərimi qarnımın üstündə gəzdirib balama sığal çəkdim. O səs məni soyuq payızın əlindən alıb öz bətnimə doğru itələdi, bu gen dünyada bütün əzizlərinin, doğmalarının, hətta Sənin də yadından çıxmış, bir qovaq ağacının umuduna qalmış yesir məxluqu özünə sığındırdı. Əlimi içimə aparıb o körpəcə varlığı ovcuma almaq istədim, onu içimdən çıxarıb sinəmə sıxmaq istədim. Şişkin döşlərim bir az da şişdi, gilələri elə gizildədi ki, elə bildim indicə döşlərimdən süd axacaq. Kimə oxşayacaqsa oxşasın, o gecənin o dəqiqəsində körpəmi öz canıma, dərimə, nəfəsimə, saçıma, göz yaşıma bükmək istədim...

Qəfil çökən qaranlıqda itən gecə məni səksəndirib xəyaldan ayırdı. Yerimin boş olduğunu görən Emin həyətin işıqlarını söndürmüşdü ki, qorxub evə girim. Gerçəyimə qənim kəsilmiş bu adam xəyallarımın da cəlladına çevrilmişdi.

***

Noyabr ayına adlamışdıq. Demək olar, yuxu yata bilmirdim. Başımı yastığa qoyan kimi mədəmdə nə varsa qıcqırıb qalxıb boğazıma dirənirdi. Deyirdilər uşağın başı tüklənir, mədəmin qaynatmağı ondandı. Hələ də məni qadın həkiminə göstərən olmamışdı. Qardaşlarım tez-tez mənə dəyməyə gəlirdilər. Evimizə getmək istəmirdim, o qarınla atamın, əmilərimin üzünə çıxmağa utanırdım. Ayaqlarım əməlli-başlı şişmişdi, hərdən mənə elə gəlirdi dodaqlarım da şişib. Yeməkdən-içməkdən də yorulurdum.

Qaynatam həyətdə gözəl bir sitrus bağı salmışdı. Havalar soyuyanda bağın üstünü polietilen örtüklə örtürdü. Sonra da o şəffaf mağarın ortasına neft sobası qoyurdu. Aramla axan nöyüt sobanın içində yandıqca istixana məndə isti ev-ocaq təəssüratı yaradırdı. Orda oturmaqdan, sitrus ağaclarının-kollarının, göy-göyərti ləklərinin arasında dolaşmaqdan xoşum gəlirdi.

Hamiləliyimin son iki ayını, demək olar, o tikiliyə bənzər oranjereyada keçirdim. Budaqlardan asılmış sapsarı limonlar, mandarinlər məni həyata, gözəlliyə səsləyirdi. Ağacların dibi boyu əkilmiş yamyaşıl nanənin, keşnişin qoxusu dünya nemətlərinin üzünə gecə-gündüz açıq olan iştahamı daha da artırırdı. Evin işlərini görüb bitirən kimi qaçıb girirdim o şəffaf mağarın altına. Qaynatam istixanaya məndən ötrü stol-stul da qoymuşdu, yeməyimi, çayımı, kitablarımı götürüb çəkilirdim mandarin, limon qoxulu cənnətə. Qaynatam hərdən yaxınıma gəlib sakitcə soruşurdu:

- Dovşan, ürəyin şirni istəmir?

Mən utana-utana:

- İstəyir, - deyirdim.

Onda Mahmud əmi arıları soyuqdan tənbəlləşmiş pətəklərdən birinin ağzını açırdı, kəhrəba kimi işıldayan şan baldan balaca cib bıçağıyla kəsib mənə verirdi. Bərk-bərk tapşırırdı:

- Ye, amma evdəkilərə demə haaa!..

Mən görməmiş uşaq kimi bir göz qırpımında balı mum qarışıq içəri ötürürdüm. Baldan o qədər yeyirdim, hərdən mənə elə gəlirdi bətnimdəki uşaq da bal kimi şirinləşir.

Bir müddət sonra qaynanam bizim oğurluğumuzdan xəbər tutdu, kişinin üzünə vurmağa cəsarəti çatmasa da, daldada yüz dəfə dedi:

- Kül bunun ata başına, aman-zaman bircə qızı var, gör o baldan bircə barmaq qızına da verirmi? Yadın uşağını bəsləyir...

Qaynanam hər dəfə belə dedikcə mən əlində tikəsi tutulmuş oğru uşaq kimi udqunurdum. Qaçıb gizlənirdim ki, onun səsini eşitməyim. O da qəsdən bu sözləri mənim yanımda, qulağımın dibində deyirdi. Arvad evdə olmayanda isə özüm boşqab götürüb qaynatamın dalınca qaçırdım ki, mənə bal kəssin.

Sonralar bildim, sən demə qaynanam Eminə öz bacısı qızını almaq istəyirmiş. Həm o səbəbdən, həm də bir dəfə nişanım qayıtdığına görə mənim bu evə gəlməyimə razı deyilmiş. Mənsə birgə olduğumuz aylarda-illərdə ona yarınırdım ki, bəlkə bu qadın məni övladı kimi qəbul eləyə, doğma qızı kimi istəyə.

***

Noyabrın ortalarına doğru səhhətim lap korlandı. Yuxusuzluq məni əldən salmışdı. Son vaxtlar iştahamı cilovlaya bilmirdim, ona görə də bətnimdəki körpə vaxtından tez böyümüşdü. Başımın ağrısı, burnumun qanı kəsmirdi, qarabasmalar ürəyimi üzmüşdü. Evdə tək qalmağa qorxurdum, arxa otaqlara keçə bilmirdim. Gözümə saqqallı, uzun dırnaqlı arıq adamlar görünürdü. Süpürgə əlimdə saatlarla qalırdım evin ortasında, əyilib çarpayıların altını süpürəmmirdim; elə bilirdim aşağı əyilən kimi o eybəcər məxluqlar çarpayının altından məni çəkib qaranlıq dünyaya aparacaqlar. Qulağıma cürbəcür səslər gəlirdi, bəzən məni nənəmin səsiylə çağırırdılar. Yenə dərdimi deməyə bir kimsə tapammırdım. Doğuş yaxınlaşdıqca qaynanam qabaqkından da çox deyinirdi:

- Anana demədin körpəyə lazım olanları alsın, uşağa yorğan-döşək qayırsın?..

O danışırdı, mən susurdum. Bu qadını necə başa salaydım ki, mən anama belə sözlər deyə bilmərəm, necə deyəydim ki, o da sənin kimi anadı, bunları özü bilməlidi, almırsa, qayırmırsa, demək, fikri yoxdu.

Bu gileylərin, qınaqların bitmədiyini görəndə bir gün Eminə dedim:

- Mənə üç metrə parça al gətir.

- Parçanı neynirsən?

- Uşağa yorğan sırıyacam.

- Anam demədi ki, bunları sizinkilər eləməlidi?..

Bu da belə getdi. Əlacsız qalıb sandığımı eşələdim, ordan bir güllü-güllü mələfə tapdım. Mənə cehiz verilmiş döşəklər çox ağır, çox da iriydi. Qaynanam işdə olanda o döşəklərdən birinin qırağını söküb içindən xeyli yun çıxardım. Qaynanamın baldızımın körpəsi üçün hazırladığı yorğançanı qabağıma qoyub güllü mələfədən onun ölçüsünə uyğun astarlıq biçdim, kənarlarını əlimlə tikdim. Anam yorğan salanda fikir vermişdim – parçanın üstünə bir qat yun döşəyib çevirdim.

İki günə yorğanı sırıyıb başa gətirdim. Qız vaxtımda özüm üçün tikdiyim ipək donlardan ikisini söküb yeni əl işimə üzlük də biçdim. Tam hazır olandan sonra yorğanı otağımda gizlədim. Evdə tək qalan kimi dönə-dönə açıb baxırdım o yorğana, baxmaqdan doymurdum. Bilmirəm ilk əl işim olduğuna görəydimi bu, yoxsa bu yolla mən gələcək övladımı soyuqdan qoruyası yorğançaya bətnimin istisini köçürürdüm?..

Bundan sonra bir xeyli rahatlaşdım, düşünürdüm ki, ən böyük problemin öhdəsindən gəlmişəm. Döşək, yastıq hələ bir o qədər vacib deyildi, əsas buydu ki, uşağı xəstəxanadan çıxarmağa yorğan vardı.

***

Noyabrın axırı əhvalım bir az da pisləşdi. Qardaşım Səməndər vəziyyətimi necə görmüşdüsə iki gündən bir yanıma gəlirdi. Hər dərdimi-sərimi açıb ona demişdim – qaynanamın məni necə ağır işlərə buyurduğunu, məni qara basdığını, başımdakı dözülməz ağrıları, qulaqlarımdakı uğultunu...

Səməndər yalvar-yaxarla məni qaynanamdan alıb həkimə apardı. Həkim məni yoxlayan kimi xəstəxanada qalmağımı məsləhət gördü. Sən demə, yüksək kalorili yeməklər təzyiqimi qaldırırmış, elmdə adı “hallüsinasiya”, eldə “qarabasma” olan hallar da təzyiqdən yaranırmış.

Həkimlərin təkidi, qardaşlarımın təzyiqi Eminlə qaynanamı birtəhər yola gətirdi: mən bir həftə xəstəxanada yatası oldum. O günlər boyu qohum-əqrəbam hamılıqla xəstəxanaya axışdı. Mən uzanıqlı vəziyyətdə qalmalıykən bütün günü pəncərə qabağında durub yanıma gələnləri qəbul eləyirdim. Həkimə, dərmana lazım olan bütün xərcləri qardaşlarım çəkirdilər. Hamısı mənə ürək-dirək verirdi:

- Qəti narahat olma, uşaq doğulan kimi nə lazımdısa özümüz alacağıq. Təki sən sağ-salamat qurtar.

Onlar belə dedikcə mən də:

- Yorğan lazım deyil, - deyirdim, - yorğan var...

Həkim məni üç gün də artıq yatırtdı. On gündən sonra yaxşılaşıb evə qayıtdım. Uşağın doğulmasına hələ ay yarım qalırdı. Emin çantasını yığıb turist kimi Bolqarıstana getdi. Qardaşlarım buna çox təəccübləndilər:

- Ağırayaq gəlini bu vəziyyətdə qoyub gəzməyə gedir? Nə vacib olub?

Qaynanam onların cavabını gecikdirmədi:

- Niyə getməsin, bəyəm doğan Emin olacaq?

Bundan sonra mənimkilər susub oturdular. Hərçənd mən onun getməyinə çox sevinirdim...

ardı var

# 2233 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #