Onsuz da mən onu gözləyirdim, anamı yox – BİRCƏNİN ROMANI

Onsuz da mən onu gözləyirdim, anamı yox – <span style="color:red;">BİRCƏNİN ROMANI
23 iyun 2017
# 09:00

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Dekabrın ortalarına doğru qarladı. Elə bildim göydən nur, bərəkət yağır üstümə. Başıma ələnən qar, canıma əsən sazaq mənə bilmərrə əsər eləmirdi, təkcə əllərim üşüyürdü. Qışın o soyuğunda da içimdəki qaynar soba günü-gündən qızırdı. Evdəki işlərimi bitirən kimi düşüb otururdum yarpaqları tökülmüş nəhəng qovağın altında. Lopa-lopa yağan qar, yerlə göy arasındakı yalqızlığım, soyuğun çılınlandırdığı qoca, düşkün qovaq, içimdəki ağır yük, Sənin məni, mənim də Səni unutmağım... heç biri vecimə deyildi. İndi daha yediyim mürəbbə, bal da məni xoşbəxt eləməyə yetirdi. Güzgüdə gözümün içinə dik baxırdım. Heç kimi, heç nəyi gözləmirdim.

Desəm darıxırdım, yalan olar, zərrə qədər darıxmırdım. Heç kimi düşünüb xatırlamırdım. Xəyallarım da uçub getmişdi. İndi bircə arzum vardı: içimdə yuva qurmuş bu eybəcər qızı tez doğum qurtarım. Ancaq o doğuşdan sonrakı günün necə olacağını heç cür təsəvvür eləyəmmirdim. Elə istəyirdim tezcənə azad olum. Canımda iki can gəzdirməkdən, iki dünya arasında qalmaqdan yorulmuşdum, içimdəki dünyadan çölümdəki dünyaya qapı açılacağını gün saya-saya gözləyirdim. Nənəm boylu gəlin görəndə “Allah səni dar köynəkdən tez qurtarsın” deyərdi. Bax indi mən həmin o yaxasız dar köynəkdəydim. Həm də o qədər dar ki, nəfəsimi kürəklərimdən alırdım. Qarlı qış belə mənim içimi-çölümü soyudammırdı.

Yenə gecələrimin yarısını limonxanada keçirirdim. Mən evə girənə qədər qaynatam həyətdə gəzib-dolaşırdı – qorxmayım, ürpənməyim deyə. Hərçənd mən bunu çox gec anladım, sən demə, soyuğa davamsız yaşlı, arıq kişi bayırda saatlarla mənə görə qalırmış. Bir axşam baldızım dilə gəlməsəydi, yenə anlayası deyildim:

- Ta nə var orda, gəlib evində otura bimirsən? Atamın qabırğalarını soyuq apardı.

Suallı gözlərimlə mat-mat onun üzünə zilləndim.

- Sənin ucbatından kişi içəri keçə bilmir, - dedi gözümün içinə.

Çox sarsıldım, həm də utandım. Bundan sonra gecələr istixanaya çəkilməyi yığışdırdım. Bəzən Mahmud əmi özü dillənirdi:

- Dovşan, niyə getmirsən kabinetinə?

- İstəmirəm, soyuqdu.

- Dur gedək, mən də darıxdım, soyuq-zad yoxdu.

Söz onun ağzından çıxan kimi sevincək çayımı, kitabımı götürüb düşürdüm bu evdəki tək müttəfiqimin, qoruyucu mələyimin dalınca...

Dekabrın ikinci yarısı baldızım başının dəstəsiylə - xalalarının, xalası qızlarının müşayiətiylə doğmağa getdi. Emindən hələ də xəbər-ətər yoxuydu. Günlərim sakit, amma çox ağır kecirdi. Yenə məni qara basırdı, burnumun qanı şora verirdi. Sutkada iki saat ancaq yata bilirdim. Artıq gecələr də yeyirdim. Qardaşım Səməndər mənə görə hamıdan çox əziyyət çəkirdi, onun evi mən olduğum kəndə yaxınıydı deyə yazıq yollarda qalmışdı. Bir də görürdün axşamüstü əlində bir dolu qazanla qapıdan girdi. Elə bilirdim dünya ayağıma gəlib o gələndə. Səməndər danışdıqca fikrim qalırdı qazanın yanında. Az qalırdım deyəm sən dur get, mən başımı soxum o qazana. O isə mənim yekə qarnıma, şişmiş ayaqlarıma baxıb gülürdü:

- Xəbərin var necə qəşəngləşmisən? Lap xanım olmusan ey, xanım. Saçların da ki bir ayrı aləm olub.

Sonra kürəklərim aşağı axıb tökülən saçlarımı əllərinə yığıb qoxulayırdı. Yan-yörəyə baxına-baxına cibinin harasındasa gizlədib mənim üçün gətirdiyi üzərliyi elə çay içdiyi nəlbəkidə yandırıb, qarasını saçlarıma, biləklərimin büküşünə çəkib gedirdi. Bir zaman saçımın qırxılması onu elə yandırıb tökmüşdü ki, indi qulac tellərimə göz dəyəcəyindən qorxurdu.

***

Baldızım bir qız da doğub dekabrın axırı evimizə qayıtdı. Uşaq evə gətiriləndə qaynanam məndən başqa içəridə kim varsa hamısını bayıra çıxartdı. Vəziyyəti belə görəndə eltim Maral hamını qapıda saxlayıb məni çölə çağırdı. Qaynanama:

- Xalxın uşağının sümüyü şəklidi (mənim qorxularımı nəzərdə tuturdu), onu niyə çölə çıxartmırsan, - dedi, - gərək sənin qızın ağırlığını tökə yazığın üstünə?!

Düzü, belə şeylərə çox da inanmırdım, ancaq Maralın sözünə baxıb mən də bayıra çıxdım.

Baldızım uşaqlarıyla yenə mənim köhnə otağıma yığışdı. Çox istəyirdim onun körpəsini görüm, amma qaynanam ora heç kimi buraxmırdı. Elə bilirdim o körpəni görsəm, nəsə bir rahatlıq taparam, axı mənim qarnımdakı da onun bir tayı olmalıydı. Görə bilmirdim, o otağa yalnız qaynanam özü, baldızımın balaları, bir də əri girib çıxırdı. Bəstinin əri cır səsli, çənəsində beş-altı tük bitən, gecələr evinə tək getməyə qorxan qamışa bənzər bir adamıydı. Amma o qamışın canında on özü ağırlıqda əda vardı, elə yeriyirdi, deyərdin doxsan eşşəyi sağına gəlir. Siqareti qaynanam alardı ona, di gəl, ağzı sərçə gözünə, başı fındığa oxşayan bu kişi qırığı oturanda vurub-tutmaqdan danışırdı.

Qaynanam bacılarıyla uşağın “onunu tökəndə” (göbəyi bitişmiş ongünlük körpəni çimizdirməyə belə deyirdilər), nəhayət, baldızımın yeni doğulmuş qızını görə bildim. Kaş görməyəydim. Elə bil uşaq yox, atasına bənzər balaca bir qamış idi, üstəlik, anası kimi bir dəri, bir sümük idi. Bu körpə mənə o qədər eybəcər, o qədər yöndəmsiz göründü ki, az qaldım öz içimə bir ağız tüpürəm. Xəyallarım yenə çilik-çilik oldu, canımdan soyuq bir uğultu keçdi: “Mənim də qızım belə eybəcər olacaq. Amma Telli mama mənə deyirdi sən çoxlu aş yemisən, uşağın qar kimi ağappaq olacaq. Aş bir yana, axı mən nə qədər bal yemişəm, mənim balam nədən şirin olmasın...”

O gündən iki saatlıq yuxum da ərşə çəkildi. Bətnimdəki manqal içəridən közərib çölümü dağladıqca, içimdə yuva qurmuş məxluq hikkəsindən qarnımın divarlarını təpiklədikcə az qalırdım canımın ilk barını dəyməmiş qoparıb atam. Belə-belə o qədər həyəcan keçirdim ki, zülmətə bələnmiş qəlbimdə acı bir duyğu cücərməyə başladı: mən bu uşağı doğandan az sonra nəsə baş verəcək, mənim körpəm çox yaşamayacaq! Bu qorxu canıma bataqlıq palçığı kimi yaxıldı, beynimə ilan kimi soxuldu. Bilmirəm nədənsə bundan sonra daha da çox yeməyə başladım...

***

Qarlı-yağışlı dekabrı ev dolu adamın arasında birtəhər başa vurdum. Emin hələ də gəlməmişdi. Qaynanamın başı baldızıma qarışmışdı. Həkimin deməsinə görə, yanvarın birinci ongünlüyündə mənim də uşağım doğulmalıydı. Canımın da, qəlbimin də ağrıları son həddə çatmışdı, daha dözümüm qalmamışdı. Az qala burnuma dəyən qarnımın dərisi o qədər gərilmişdi, elə bilirdim bərk yerisəm qarnım cırılacaq. Ayaqlarımdan sanki iri kündələr asılmışdı. Evə girəndə boğulurdum, mənə elə gəlirdi içəridə oksigen çatmır. Əvvəllər heç olmasa arxası qatda uzana bilirdim, indi onu da bacarmırdım. Böyrü üstə uzanmaqdan heç söhbət gedə bilməzdi. Daha bayırda da çox qalammırdım, gözümə nəsə görünürdü, qulağıma səs gəlirdi deyə qorxurdum – tez-tez məni doğmalarımın səsiylə harasa çağırırdılar. Günləri, saatları, dəqiqələri sayırdım.

Ağ qaraya, yaxşı yamana, gözəl çirkinə qarışmışdı. Nə ağlaya bilirdim, nə sevinə bilirdim. Daha məndən ötrü ətir qoxusuyla tər iyinin bir fərqi qalmamışdı – ikisindən də iyrənirdim, incinirdim. Səssizlik, işıqsızlıq, qoxusuzluq, çəkisizlik, adamsızlıq istəyirdim. Paltarlarımdan da bezmişdim, nə geyirdimsə bədənimə yapışıb sıxırdı məni. Bir damın altında tək yaşasaydım, söz yox, çılpaq gəzərdim, gecələr lüt soyunub nazık mələfəyə bükülərdim. Yalnız kürsüyə oturub ayaqlarımı kətilin üstünə uzadanda bir balaca rahatlıq tapırdım.

Gecələr dünyamı dəyişirdim, özgə bir aləmə köçürdüm. Xəyal qurmağa heyim-hərdəmim qalmamışdı, amma həyatımın bəzi epizodları başımda fırlanırdı. Hərdən tanımadığım eybəcər adamlar gəlib mənlə üz-üzə otururdular – kimisi uzun dişlərini ağarda-ağarda gülürdü mənə, kimisi də uzun dırnaqlı əllərini harasa uzadıb, gözümə görünməyən başqa birisiylə dava eləyirdi. Bəzən qorxurdum, bəzən də dinməzcə, halsız-halsız baxırdım...

***

Bacılarım gəldilər. Atam mənim xəstəxana xərclərimi göndərmişdi. Qızlar halımı görüb çox pərişan oldular. Onlarla heç nə barədə düz-əməlli danışa bilmədim, bir səbəbi də buydu ki, utanırdım onlardan. Bacılarım otağıma əl gəzdirdilər, yuduğum pal-paltarı ütüləyib getdilər. Qapıdan çıxanda kiçik bacım Lalə ayağının biri içəridə, biri çöldə mənə sarı qayıdıb udquna-udquna, az qala kəkələyə-kəkələyə anamın ismarışını çatdırdı:

- Dedi mən uşaq doğulanacan xəstəxanaya gəlməyəcəm, gözləməsin.

- Niyə?

- Bilmirəm, tapşırdı belə deyək.

- Canı sağ olsun. Gəlmir, heç gəlməsin, - deyib bacılarımı könülsüz yola saldım.

Onlar gedəndən sonra özümü verdim vəfalı qovağımın altına. Mən anamı onsuz da gözləmirdim, gözləmək bir yana, arzulamırdım da. Dünya dağıla ona “mən filan vaxt doğasıyam, dur tərpən gəl doğum evinə” deməzdim, deyə bilməzdim. Ancaq anam bu xəbəri göndərməklə bir daha mənə yara vurdu, dağ çəkdi. Bu halımda belə xəbər almağın heç yeri deyildi, heç! Türmə divarları kimi hündür hasarlı bu həyətdə mən onsuz da tək idim, xudru-tək! Hasarın o üzündəki dünyadan ancaq qonşu həyətlərdəki ağacların başı görünürdü. Canımı güclə sürüməyim bir yana, hələ üstəlik, bir ev adama da qulluq eləyirdim. Corablarımı, yalan olmasın, yarım saata geyinirdim. Əyilib ayaqlarımı yumağa qarnım imkan vermirdi. Ancaq bu halımla da heç kimə əyilmirdim, kimsədən kömək diləmirdim. Bu aylar uzunu bir yol halımı xəbər almamış anadan nə gözləyəsiydim ki!

Qovağın altında doyunca ağladım. Bu evə gəldiyim gündən ilk dəfə Əlini xatırladım: görəsən, onun arvadı olsaydım, günüm bundan yaxşımı keçərdi? Yox, bu möhür ki mənim alnıma vurulmuşdu, orda da dincliyim olmayacaqdı. Mənim taleyim əzəl başdan it quyruğuna bağlanmışdı...

Başımı qovzayıb çoxdan bəri baxmadığım göy üzünə baxdım. Onda anladım ki, Səni çoxdandı yada salmıram, nə vaxtdı danışmıram, dərdləşmirəm Səninlə. Bəlkə əlimi üzmüşdüm, bəlkə küsmüşdüm Səndən? Bəlkə özümü gözükölgəli bilirdim Sənin yanında? Bəlkə halım, macalım yoxuydu Səni dindirməyə? Bilmirəm, Dostum, bilmirəm.

Uzun müddət gözümü göyündən çəkmədim, Dostum. Mənə elə gəlirdi indicə bir cüt gülümsər göz ordan üzümə zillənəcək, bir mehriban əl yellənib mənə gəl-gəl deyəcək. Baxdım, baxdım, ancaq Səndən yenə xəbər çıxmadı...

...Birdən başımda bir fikir ildırım kimi çaxdı, beynim başdan-başa çıraqban oldu: bəlkə gözlədiyim qıraqda deyil, elə öz canımın içindədi? Bəlkə Sənsən bətnimdəki, əziz Dost, bəlkə Səni doğasıyam mən?..

***

Yanvarın birinci həftəsi səhər tezdən Emin səfərdən gəlib çıxdı. Hamı yatılıydı. Dolu çantaları, zənbilləri otağımıza yığıb işığı yandıranda mənə baxıb heyrətləndi:

- Oooo, sən lap sumo güləşçisinə dönmüsən ki! Nooldu, doğub qurtarmadın?

- Əlimdə olsaydı, çoxdan doğmuşdum.

- Sən də gedib bir qız doğsaydın evdəki arvadların sayı artardı.

Neçə həftənin ayrılığından sonra bizim görüşüb danışmağımız bax belə oldu. Qaynanam işə getməmiş hücüm çəkib Eminin gətirdiyi çantaları dağıtdı, nə vardısa eşib çıxardı üzə. Əlini nəyə atdısa Emin dedi:

- Dəymə, onu Bircəyə gətirmişəm.

Arvad dəli oldu:

- Sənin aman-zaman bircə bacın var, onun da üç balası, əri – bəs onlara nə almısan?

- O qədər adamın hansına alaydım?

- Ordan bir şey götür, bacına ver.

Qaynanam əlinə yığdıqlarının hamısını yerə töküb, qapını çırpıb getdi. Özümü günahkar sayırdım, utandığımdan Eminin mənə aldıqlarının heç birinə yaxın dura bilmirdim. Yavaşca dedim:

- Bacına da bir şey alardın da.

- Əşşi, bacımın boynuyoğun əri var, alsın da. Zəhləmi tökməyin.

İki gün qaynanam məni də, Emini də dindirmədi. Handan-hana mən özümü toplayıb ona yaxınlaşdım:

- Zöhrə xala, qoy Bəsti gəlib geyinib baxsın, nəyi xoşlayır götürsün.

Arvad himə bənd imiş, o dəqiqə çiçəyi çırtladı. Ana-bala gəlib paltar dolu çantaların altını üstünə çevirdilər, istədiklərini seçib götürdülər. İnsafən, belə məsələlərdə Eminin çox gözəl zövqü vardı, keyfiyyətli geyim-kecim almışdı. Hər şeydən əlavə, mənim doğum evində geyinməyim üçün neçə cüt çəkələk, bir neçə xalat da gətirmişdi. Bunlar hamısı sonralar işimə çox yaradı.

Artıq vaxtım tamam olmuşdu, uşaq doğulmalıydı. Ancaq günlər ötüb keçsə də, bətnimdəki körpənin qapısı açılmaq bilmirdi. Qaynanam tez-tez məni iynələyirdi:

- Sən deyəsən camış kimi on aya doğacaqsan.

O belə dedikcə az qalırdım əl atıb saçlayam arvadı.

Evdəki hay-küydən başımı-qulağımı heç cür qoruya bilmirdim, bir az da belə getsəydi, məni doğum evinə yox, dəlixanaya aparası olacaqdılar. Baldızımın körpəsi ağlayanda qaçıb evdən getmək istəyirdim, uşaq elə biləsən ağlamırdı, kəlçə kimi manqırırdı. Səbrimin kisəsində daha bir dən də qalmamışdı. Qarnımı o qədər qaşımışdım ki, dərisi gömgöy olmuşdu. Əllərim şişib dəyirman daşı kimi ağırlaşmışdı. Gün axşamacan səksəkə içində başıma gələsi müsibəti gözləyirdim. Səməndərlə arvadı gəlib xəstəxanaya aparacağım ayın-oyunu yığıb qabğarmışdılar. Günüm lopa-lopa yağan qarın altında keçirdi, di gəl, bu balaca həyasız oturduğu yerdə bərk oturmuşdu. Gecələr yemək də bir yandan bezdirmişdi məni. Eminin xor-xor yatışı gərilmiş sinirlərimi çürük sapa döndərmişdi. Sökülən dan yeri mənə xilas qapısı kimi görünürdü.

Xilas demişkən, mənim xilaskar bibim – Telli mama xəbər göndərmişdi:

- Narahat olmasın, özüm gələcəm doğum evinə. Neçə gün qalsa, yanında olacam.

Onun sədası gələndən sonra içimin işığı yenidən közərməyə başlamışdı. Bibimin yanımda olmağı mənə yetərdi, sonrası nə olacaq, qoy olsun. Onsuz da mən onu gözləyirdim, anamı yox ki...

ardı var

# 1239 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #