Qız özünü bələyib ki, əndamı görünməsin – Bircənin romanı

Qız özünü bələyib ki, əndamı görünməsin – <span style="color:red;">Bircənin romanı
8 mart 2019
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Artıq hər hüceyrəmdən bir sevinc bulağı fışqırırdı, yenə bütün işlərimi oxuya-oxuya görürdüm. Musa əminin vəziyyəti bir az pisləşmişdi deyə Səhər yığışıb atasıgilə gəlmişdi. O gələndən əmimin təkcə ölməyini yox, sağalmağını da istəmirdim, Lalədən sonra mənim umudum, pənahım, ən yaxın dərddaşım olan Səhərin burda uzun müddət qalmağını arzulayırdım. Gecələr hamını yuxuya verib əmiqızıyla şirin-şirin gaplaşırdıq, xəyalən mənim evimi qurub-bəzəyirdik. Səsimiz-gülüşümüz bir az bərk çıxanda anam özünü toplu-tüfəngli yetirib xəyallarımızı uçurur, sonra rahatca yatağına qayıdırdı:

- Çox şıllaq atma, - deyirdi, - Aqil evi səni sevindirmək üçün alıb, hələ bilmək olmaz orda yaşamaq sənə qismət olacaq, ya yox.

İkinci uşağına namizəd Səhər gülüşünü udub əlini həyəcanla qarnının üstünə qoyurdu:

- Niyə, ay bibi, sən Allah niyə elə deyirsən? İnşallah Cavid məktəbi qurtaran kimi gedib yığışarlar öz evlərinə.

Anam biz tərəfə gözünün ucuyla da baxmadan:

- Olmaz, - deyirdi, - Bircə ölənəcən bizim yanımızda qalacaq.

Nənəmiz kimi ötkəm, ərköyün Səhər anamı qanlı-qanlı süzüb:

- Neylək, o evi də verərsən qardaşına, gedib şıllaq atar içində, - deyirdi, - təki Bircənin, balasının canı sağ olsun.

Anam da onu zəhərləyirdi:

- Qardaşımın poxunu yeməyin, evi mənim oğlum alıb, kimə istəsəm ona da verərəm.

Səhər anamın geniməyinə imkan vermirdi, arvadla öcəşməyindən qalmayıb onun qulağı eşidə-eşidə mənə deyirdi:

- Sənin də ağlın olsa çıxıb gedərsən dərdindən ölən Zaura. Kənddə qalırsan qal, ta niyə bunlara hamballıq eləyirsən?

Anam qaxac qollarını belinə vurub qayıdırdı mənə sarı:

- Həə, ev söhbəti yayılandan elçilərin də sayı artıb. Yoxsa subay-salıq oğlan yanıbalalı arvada niyə müştəri çıxsın? Hazır evdə tirlənəcək mütəkkəyə, oğlanlarım da ona yem daşıyacaq. Oğlu orda ağulanıb qızaracaq, Cavid də burda atası qırmızı İmana quzu otaracaq.

Səhər anamla söz güləşdirməyin faydasız olduğunu görüb:

- Dur, dur məni ötür gedim, - deyirdi, - əminin iynəsinin vaxtıdı.

Zaur kəndimizin vuran-tutan oğlanlarından sayılırdı. Məndən beş yaş kiçik idi, onu balaca vaxtı görmüşdüm, indi qarşıma çıxsaydı tanımazdım. Son vaxtlar mənə bir neçə atəşin məktub yazmışdı. Zaurun atasıyla Səkinə bibi xaloğlu-xalaqızıydılar, onun məktublarını da Səhər daşıyıb gətirirdi mənə. Məktub oxumağa səbrim çatmırdı, Səhər məni xəlvətə çəkib özü oxuyurdu məktubları, nənəmin dolaşıq kələfinə bənzər hərfləri, sözləri seçib ayıra bilməyəndə özündən söz, cümlə toqquşdururdu, baş-başa verib gülməkdən uğunurduq.

Məktubların birindəki bir məqam məni qorxuya salmışdı: Zaur yazırdı ki, əgər Lalənin qaçırılma əhvalatı olmasaydı, evdəki iki bacım da ərə getmiş olsaydı, səni atan evindən zor-xoş götürüb aparardım. Atamın o vaxt Laləni güclə qaçıran oğlanın anasını, bacılarını gətirib evimizdə zəncirləməyi bütün mahala səs salmışdı. Arvadı, qızları girov götürülən oğlan atası işin yoğunladığını görəndə bacımın yerini deməyə, onu qardaşlarıma təhvil verməyə məcbur qalmışdı. Dediyim kimi, bundan sonra o günahsız qızların adını tutan olmamışdı, elə ata ocağının qırağındaca qarımışdılar. Yaşlanmış, bürüşmüş o bir cüt qız arabir yolda-rizdə qarşıma çıxanda çox utanırdım, özümü onların yanında suçlu bilirdim. Ancaq qardaşlarının əməli onların başında çatlasa da, atamın o hərəkəti bəzi özündənrazı pəzəvəng gədələrin gözünü qırmışdı, zorla qaçırılma təhlükəsi olan qızlara toxtaqlıq vermişdi. Odu-budu heç bir oğlan onu bəyənməyən qızın biləyindən yapışmamışdı. İndi Zaur da mənə bunları xatırladırdı.

***

Bir gün yenə evdə ikimiz idik – anamla mən. Anam yatırdı, mən evin-eşiyin işləriylə əlləşirdim. Bir arvad darvazadan girib həyətin ortasına yeridi, sağa-sola baxınıb məni gözü alandan sonra anamı soruşdu. Mən əynimdə qulluqçu paltarı, əllərim yağlışoy, saçım dağınıq qonağın qabağına çıxdım. Arvad məni tanıyanda ley kimi üstümə şığıyıb boynumu qucaqladı, üzümdən-gözümdən öpdü, altdan-üstdən məni yaxşıca süzüb dedi:

- Bala, sən Bircə deyilsən?

Arvadın qollarının arasından çıxıb addımımı geri qoydum:

- Hə, xala, Bircəyəm.

Arvad zənlə üzümə bir də baxdı:

- Anan evdədisə çağır çıxsın qapıya, qursağa gəlmişəm.

Onu eşikdə qoyub evə keçdim, anamı ehmalca səsləyib oyatdım. Anam ayağını qapıdan çölə qoyar-qoymaz arvadın eşidəcəyi səslə dedi:

- Hıhh, bir bu əskiyidi. Bu nəyə gəlib, az?

Arvad bərkdən güldü:

- Nədi, gəlmək olmaz? Varındısa mənə bir qıça qursaq ver, südüm əlimdə qalıb, pendir mayası tutacam.

Diləyə gəldiyini biləndə anam bir az yumşaldı, həyətdəki masanın qırağında kürsüyə çöküb qonağa da yer göstərdi. Onları baş-başa qoyub çəkildim mətbəxə, işimi görə-görə yaddaşımı qurdalayıb arvadı xatırlamağa çalışdım. Kəndimizin ucqarında, ya bizlə iç-içə qonşu kəndlərdə (keçmişdə bu kəndlər bir sovetlik, yəni bir inzibati-ərazi vahidi sayılırdı) yaşayanların çoxunu tanıyammırdım – eldən-obadan xeyli vaxtdı çıxmışdım, atam evinə qayıdandan sonra da ölü yerlərindən başqa demək olar heç yerə getməmişdim, ən yaxın qohumlardan savayı heç kimi görmürdüm.

Başım buladığım dovğa qazanı kimi qaynamaqdaykən bir də gördüm anam çır-çır çığırır:

- Ağız, utanmırsan-ölmürsən bu işdən ötrü mənim qapıma gəlmisən? Kəndində-kəsəyində gör nə qədər subay qız var, niyə onlardan birinə elçi getmirsən?

Arvad anamı sakitləşdirməyə çalışırdı:

- Ay bacı, niyə pisikirsən, məni bu qapıya oğlum göndərib ey, yoxsa elə bilirsən oynaya-oynaya gəlmişəm?

Anam yerindən durub onun üstünə yeridi:

- Pox yeyir sənin oğlun! Qulağına çatıb ki, qardaşları ev alıb ona? Dur, dur süpürül bu qapıdan!

Əlimdə oxlov dovğa bulaya-bulaya mətbəxin pəncərəsindən onları izləyirdim. Birdən anamın səsi xırp kəsildi, arvad yenidən kürsüyə çöküb ordan da çırpı kimi yerə aşdı. Mən yüyürüb özümü anamın üstünə atanda qonaq arxasına baxmadan qaçmağa başladı. Kənddəki gizlinlərdən hamıdan qabaq xəbər tutan, hər dəlmə-deşiyə burnunu soxan, gündə bir təzə xəbər öyrənməsə bağrı çatlayan qonşumuz Yetər o üzündə müşahidə məntəqəsi qurduğu çəpərimizi aşıb özünü mənə yetirəndə elçiliyə gəlmiş arvad hələ darvazadan eşiyə çıxmamışdı. Qonşum yerdə çabalayan anama, zirdəst qalmış mənə məhəl qoymadan pəltək diliylə arvadın dalınca qolaylandı:

- Aaajj, mərdimajar, nəyə gəlmişdin, gəldin nə dedin bu arvada, niyə bunu bu günə saldın?

Görünür gizləndiyi yerdən yaxşı eşidə bilməmişdi. Əl atıb Yetərin xalatının ətəyini xışmaladım:

- Gözünə girənə gəlmişdi, irəli dur bu arvadı yerdən qaldıraq.

Haytasından çatlayan anamı dikəldib oturtdum, Yetəri onun kürəyinə söykək verib su dalınca qaçdım. Qonşum dil boğaza qoymadan soruşurdu:

- Ay Mənjər xala, şən Allah bu Durulçıx Şənəm nə dedi bu günə qaldın?

Arvadın ayamasını eşitcək onun Zaurun anası olduğunu bildim – o qədər sofuydu, vasvasıydı, kənddə hamı ona Durulçıx Sənəm deyirdi; bir qabı, bir paltarı saatlarla suya çəkirdi, salavatlayırdı, yenə arınıb-durulub təmizə çıxammırdı.

Üzünə-gözünə su vurub anamı özünə gətirdim, aparıb onu yatağına saldım, qorxumdan bir müddət həndəvərinə yaxınlaşmadım...

***

Bu söhbətdən bir neçə gün sonra atamın xətrini çox istədiyi xalası oğlu Tahir əmi bizə gəldi, atamı, anamı, məni qənşərində oturdub dedi:

- Rəhim, sən dünyagörmüş adamsan, bir uşağını qoy qabağına danışdır, bəlkə elə bu gələn elçilərdən birini gözü tutub. Günaha batma, onun oğluna yiyə dur, qoy qızın gedib ailə qursun.

Yaşca atamdan böyük olan Tahir əmiyə evimizdə, ailəmizdə böyük sayğı göstərilərdi. Kişinin iki arvaddan beş oğlu, dörd qızı vardı. Birinci arvadı anamın dayısı qızı olmuşdu, dördüncü uşağını dünyaya gətirəndə qanaxmadan ölmüşdü. Yanaqlarından qan daman sapsağlam gəlinə ucqar kənddə həkim çatdırmamışdılar, kəndin qoca hadığı uşağın göbəyini kəsib ona yardım göstərə bilməmişdi. Nənəm deyirdi gözümüz baxa-baxa o gözəllikdə gəlini hal apardı. Kəndçimiz Əlastan kişi əlində çörək hamıya and içirmiş ki, qadını aparan hal anasının arxın keçalatından keçdiyini öz gözüylə görüb. Dörd yetimlə bir dam altında qalan Tahir əmini nənəmgil yığışıb ikinci dəfə evləndirmişdilər.

Atam heç vaxt onun bir sözünü iki eləməzdi, ona görə də indi bilmirdi Tahir əmiyə nə cavab versin. Xalası oğlunu səbirlə dinləyib atam üzünü mənə tutdu:

- Bax, Bircə oturub qarşında, nə sözün var ona de.

Xəcalətimdən boğazımacan yerə girmişdim. Qızarıb-bozardığımı, təpidiyimi görən kişi ayağa durub məni qucaqladı, onun iri qol-qanadının arasında mən bir cücə kimi görünməz oldum.

- Bircə, bilirsən ki, səni qızlarımdan seçmirəm. Atan-anan bu gün var, sabah yoxdu. Bəs sən nə vaxta kimi gəlinlərin dimdiyinin altında qalacaqsan? Atandan utanırsan, mənim qulağıma de – gələnlərin birini seç bəyən, biz də xeyir-duanı verək, get yaşa. Bax elə bu İmanın oğlunu niyə bəyənmirsən? Subay oğlandı, anası deyir oğlum dərddən xəstəlik tapacaq. Gül kimi uşaqdı, gözümüzün qabağında böyüyüb.

Anam İmanın adını eşidəndə hövülləndi, həmişə sayıb yaşmandığı yeznəsinin üzünə qayıtdı:

- Bəlkə səni elə onlar göndərib bura? Ev söhbətini eşidən kimi eşqə düşdülər? Bircəni verin oğluna, Cavidi də göndərin İmana qoyun otarsın.

Heç kimdən çəkinməyən, acıqlananda qarşısındakını tapdayıb keçən Tahir əmi cin atına mindi:

- Az, tüpürüm sənin evinə, sənin evindən xalxa nə! Qızını alan gəlib sənin evində yaşayacaq? Bir evin ucbatından balanı bədbəxt eləyəcəksən?

Anam Tahir əminin qırımını görüb səsini içinə saldı. Hələ dünyanın düz vaxtı, nənəm demiş, sovet hökumətinin guruldayan vədəsində bu kişi Quranı yerə atıb murdarlayan erməninin üstündən maşınla keçib türməyə düşmüşdü. Atamın gözünün qabağında baş vermiş bu hadisəni bütün mahalda bilməyən yoxudu.

And-aman eləyib kişini inandırdım ki, heç kimi gözüm tutmayıb, ərə getmək istəmirəm, ipə-sapa yatmayan ərköyün uşağımı heç kimin qapısında böyütmək istəmirəm. Bu dəm Tahir əmi Cavidin dərsdən gəldiyini görüb söhbətə düyün vurdu, uşağı yanına çağırıb gündəliyinə baxdı:

- Özün də belə yaxşı oxuyan oğlansan, bəs niyə bu qədər davakarsan? Camaatın uşağının başını yarırsan, balacaların üzünü qırxırsan, körpələri sünnət eləyirsən...

Kişinin zəhmi Cavidi basmışdı, cavab verə bilmirdi. Tahir əmi səsini bir az da qaldıranda uşaq ağlamsına-ağlamsına dedi:

- Sünnət eləmirdim ey, qorxudurdum onları.

Bir həftə əvvəl Cavid Tahir əminin qızından olan nəvələrini hamıdan xəbərsiz arxa otağa salıb onlarla bir az oynayandan sonra bıçaq götürüb körpələri uzandırmışdı çarpayıya. Mən uşaqların vay-nöysəsinə içəri girəndə Cavid bir əlində bıçaq, o biri əlində satıl daşı kəsdirmişdi onların başının üstünü. Bıçağı daşa çəkdikcə körpələrin naləsi tavana dirənirdi. Cavid müdrik görkəm alıb onlara toxtaqlıq verirdi:

- Qorxmayın, balalarım, indi cücuğunuzu kəsib sizi müsəlman eləyəcəm.

Şığıyıb bıçağı onun əlindən aldım, uşaqların şalvarlarını geyindirib ikisinə də su içirdim. Onları birtəhər sakitləşdirib yola salanda balacası qorxa-qorxa qulağıma pıçıldadı:

- Xala, Cavid bizim patronlarımızı alıb, denən versin.

Qayıdıb oğluma cocudum:

- Ver bunlardan aldıqlarını! Utanmırsan özündən balacaların zəhrini yarırsan?!

Cavid məni saya salmadan dinməzcə üzümə baxırdı, o susduqca mən səsimi qaldırırdım. İrəli durub əlimi onun cibinə salmaq istəyəndə sərt hərəkətlə məni geri itələyib cibindəkiləri ortalığa tökdü:

- Ala sox bəbəklərinə! Özündən balacanı incitmək ayıbdı, hə?!

Mən onun üzünə baxmadan xalçanın üstünə səpdiyi paslı patronları, saat qırığını, köhnə kompası yerdən dənləyib yığırdım. Cavid üstümə yeriyib qollarımdan tutdu:

- Səndən soruşuram, cavab ver, özündən balacanı incitmək günahdı?

Qollarımı onun əlindən qoparıb üstünə bir də qışqırdım:

- Bəli, günahdı, ayıbdı!

Cavid ovcunda gizlədiyi xırım-xırdanı uşağın cibinə basıb üzümə göyərdi:

- Mən də səndən balacayam, onda sənə də ayıb olsun, utan, məni incitmə, - deyib yeyin addımlarla üz tutdu Kamilgilə...

İndi Tahir əminin qabağında onu təntik, boğazı qurumuş görəndə özümü pıqqıldamaqdan güclə saxlayırdım. Onun kitab-dəftərini xeyli varaqlayandan sonra kişi Cavidə dedi:

- İndi sən mənə bir qələm, bir də varaq ver, sənə ağıl duası yazacam, onu həmişə çantanda gəzdirərsən.

Cavid ürəklənib içindən çıxdı:

- Tahir baba, onda mənə nolacaq?

- Duanı üstündə gəzdirsən bir də heç kimi incitməyəcəksən, ananın sözünə baxacaqsan, daş atıb uşaqların başını yarmayacaqsan.

Cavid tez çantasını açıb istədiklərini Tahir əmiyə uzadanda atam dedi:

- Bala, siz bilmirsiz ey, bu çoxdanın dua yazan lotusudu. Bunun yazdığı dua qısır arvadı da doğuzdurdu.

Atmacadan tükü də tərpənməyən Tahir əmi kağıza səliqəylə nəsə yazdığı müddətdə atam qısır arvadla bağlı əhvalatı bizə danışdı. Onda atam uşaq, Tahir əmi də gimirik oğlanmış; bir gün atam xalası oğluna qoşulub qonşu kənddəki su dəyirmanına dən üyütməyə gedir. Dəyirmanda növbə gözləyəndə iki gəlinin söhbətinə qulaq yoldaşı olurlar – gəlinlərdən göyçəyi sonsuzluqdan gileylənirmiş, ağlayıb-sıtqayırmış ki, getmədiyi, nəzir-niyaz vermədiyi pir, ocaq qalmayıb. Birdən Tahir əmi o gəlinə yaxınlaşıb deyir:

- Mənə bir ağ kağız, bir dənə də kömür qırığı tap, sənə elə dua yazacam ki, uşağın olacaq.

Gəlin bir göz qırpımında şivərək oğlanın dediklərini tapıb gətirir. Tahir əmi kömürlə ağ varağa nəsə cızıb verir gəlinə:

- Apar bu duanı qırmızı parçayla donla, as üstündən. Qaynanana göstərmə, ona cavab qaytarma. Duz günü, tək günü çimmə. Şər vaxtı yatma. Yerə qaynar su töküb hürüləri-pəriləri yandırma. Tez-tez bismillah de, cinləri-fəriştələri balaları qarışıq öldür. Hər bazar dağdağan suyunda çim, dağdağanı qırıb suya tökəndə dibinə əppəkdən-duzdan nəzir qoy. Həmzatlı arvadlara yaxın getmə.

Gəlin qayıdır ki:

- Hamısını bildim, bəs həmzatlı arvadları necə tanıyım?

Tahir əmi bir az fikirləşib deyir:

- Söyüş söyən, ərini qarğıyan, əri yatanda başının üstündə durub çığıran, yaxşı tikələri özü yeyib ərinə ərovunu saxlayan, ərinin araq içdiyi istəkana uşağını işədən arvadların hamısı həmzatlıdı, bax onlardan uzaq dur.

Atam deyir bilmirəm aradan neçə il keçdi, bir də gördüm xalamgilin qapısına bir yüklü araba dirəndi – arabada həmən gəlin, qucağında da bir uşaq...

Tahir əmi Cavid verdiyi varağa nəsə yazdı, anamdan göy parça alıb duanı donlayıb qoydu Cavidin çantasına.

O dua xeyli müddət karıma gəldi, Cavid bir yaramazlıq eləyəndə atam deyirdi:

- Qadan alım, çantanı aç duana bir dəfə bax, qoy cinlərin ölsün.

Tahir əmi dünyasını dəyişəndə Cavid bizdən xəbərsiz duanın donunu cırıb içindəkiləri oxumuşdu. Demə kişi o kağıza Nizaminin “Yeddi gözəl” dastanından – Çin qızının söylədiyi rəvayətdən bir neçə misra yazıbmış...

***

Anam hər gün ev məsələsini dilinə dolayıb amanımı-gümanımı odlayırdı. Bu yandan da Cavid Allaha bəndəlik eləmirdi, dərsini güc-bəlayla oxudurdum. Hər gün bir dönə əsgərlərə baş çəkməmiş evə gəlməzdi. Məni nəinki ana, heç adam yerinə də qoymurdu. Kitabını cırdığı, əlini dişlədiyi, başını yardığı uşaqların valideynləri sürhay çəkib qapımıza gələndə qaçıb damda-pəyədə gizlənirdim. Gələnlərin hərəsini atam bir dillə yumşaldıb yola salırdı, sonra məni haylayıb üzə çıxarırdı, doyunca gülüb deyirdi:

- Sən niyə Pəri arvad kimi qaçıb gizlənirsən, gələnin birinin də qabağına özün çıxsana...

Mən görəndə Pəri arvad nənəm kimi on barmağı qızıl kəsən bir qarıydı. Qoca vaxtında tarlaya-zəmiyə gedib kolxoza işləyən gəlinlərin uşaqlarına göz-qulaq olurdu, bağça dururdu. Uşaqlı qadınlar körpələrini sahədəki kolxoz çardağının dirəklərindən asılmış yüyrüyə qoyub işə başlayırdılar, kimin uşağı ağlasa Pəri nənə onun şəlləyini (kolxozçu qadınların hərəsi bir rəngdə şəllək götürərdi) başının üstünə qaldırıb bayraq kimi əsdirirdi. Bir gözü arxada qalan ana havada yellənən şəlləyini görcək geri qayıdıb uşağını kiridirdi – döşünə salıb əmizdirirdi, altını dəyişirdi.

Bir gün də Pəri nənə xəlvətə salıb kolxozun pambığından bir ətək gülləmə eləyər, hanada yarımçıq qalmış palazına iplik didər. Bundan xəbər tutan kolxoz sədri Pərinin məsələsini partiya iclasına çıxarmışdı, arvadı sosialist əmlakını talayan ünsür kimi damğalayıb özünü də məhsul dərimi bitənə qədər ev dustağı eləmişdi.

Ondan sonra yazıq arvad qapısına körpə uşaq da gələndə xəcalətindən qaçıb gizlənirdi. Ölənəcən kimsənin xeyrində-şərində də görünmədi. Demokratiya dağlar aşıb, dərələr keçib bir gün bizim kəndimizə də ayaq açanda Leninin ortalıqdakı büstünün boynuna kəndir keçirib taxtından düşürən kişilərin içində Pərinin oğlanları da vardı. Xəbər gedib Pəriyə çatanda arvad üzünü cırıb qızıl qana boyayır, oğlanlarını danlayıb deyir:

- A bala, görmədiniz o Leninin partiyası yarım kilo əriş-arğaca görə ananızın başına hansı oyunu açdı?..

İndi mən də hər dəfə şikayətçilərin əlindən qaçıb gizləndiyim yerdən çıxanda atam gülməkdən uğunur, Pəri arvadı yada salırdı. Anam da bu göydəndüşmə fürsəti əlindən qaçırmırdı:

- Balalarımın pulunu bahalı paltara, kitablara verib göyə sovurma, - deyirdi, - sənin uşağından oxuyan olmaz. Ot kökü üstündə bitər, əmiləri göz qabağındadı – Yunus da, Akif də institutu yarımçıq qoydular.

Onun bu təhnizini bir dəfə Musa əmi də eşitdi. Əmim anamın baltalayıb uçurduğu xəyallarıma möhkəm bir dirək vurdu.

- Sən onun töhmətlərinə fikir vermə, uşağının əlini buraxma. Cavid bəy oğlu Mahmudun nəvəsidi, Mahmudun atası da, babası da mahalda sayılan kişilər olub. O nəsildə zay çıxan, zayıl çıxan elə sənin qayınların oldu, onlar da yəqin südə çəkdilər. Mahmudun əmisini şura hökuməti meşədə güllələtmişdi. Atı meyidini qapıya gətirəndə xəbər gedib nişanlısı Mədinəyə də çatır. Mədinə alt şəltəsiylə canını bərk-bərk büküb bağlayır, atasının tüfəngini götürüb özünü atır, deyir o cür igid oğlandan sonra mən bir kişinin üzünə baxa bilmərəm. Qız özünü həyasından uşaq kimi bələyibmiş. Ki, güllənin zərbindən yıxılanda sinəsi, əndamı görünməsin.

Bunları mənə Misir əmi də danışmışdı, Musa əminin dilindən bir daha eşidəndə uşağıma görə ikiqat sevindim.

- Heç ola bilməz o qandan, o toxumdan sənin oğluna bircə misqal keçməsin. Ananın sözüylə uşağını gözdən salma, balana axıracan arxa dur...

Gecələr Cavidə bədii əsər oxuyurdum. Mən kitabı açan kimi o da televizoru açıb otururdu qabağında, mən oxuduqca televizorun səsini qaldırırdı. Onu dilə tutmağa çalışırdım:

- Nolar qoy bircə saat oxuyum. Saatın tamamında mən gedim işimin dalınca, sən də futboluna bax.

Cavid səsinin eybəcər yerinə salıb bağırırdı:

- Sən kitabını oxu, mən həm futbola baxacam, həm də sənə qulaq asacam.

İşə atam qarışırdı, gözü televizorda olan Cavidə deyirdi:

- Anan oxuduğundan bir az danış görüm.

Cavid də başlayırdı oxuduqlarımı ona nağıl eləməyə, babasını fakt qarşısında qoyurdu. Atam əllərini yana açıb təslim olurdu:

- Bircə, sən dayanma, oxu, uşaq oxuduqlarının hamısını qavrayır.

Babasından tərifnamə alan Cavid tülüngü baxışlarıyla üzümə baxıb həyasız-həyasız irişirdi:

- Di götür oxu, mənim futbolum sənin gözünə girməsin...

ardı var

# 13520 dəfə oxunub

Müəllifin son yazıları

# # #