Toyunda şaqqanaq çəkib gülən gəlin – BİRCƏNİN ROMANI

Toyunda şaqqanaq çəkib gülən gəlin – BİRCƏNİN ROMANI
24 mart 2017
# 15:38

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.Cəhənnəmdən keçmiş mələk

əvvəli burada

Məni bəzəyən gəlinlər bu dəfə də çiynimə tökülən saçlarımın əlində qaldılar. Sağa-sola nə qədər daradılar, yığdılar, bağladılar, yenə bir şey alınmadı.

Maşınların xorla verdiyi siqnallardan oğlan evinin gəldiyi bilinirdi. Musiqi səsi eşidilən kimi içəridə nə ki qız-gəlin vardı, hamısı sıyrılıb otaqdan çıxdı. Yenə ortalıqda ikimiz qaldıq – bibimlə mən. Mən qısa, amma gur saçlarımı qaldırıb başımın ortasına yığdım. Əlidən mənə yadigar qalmış kəpənək şəkilli saç sancağıyla tellərimi təpəmdə bərkidib fatamı üzümə atdım. Bibim həyətdəki çoxbilmiş gəlinlərdən birini tutub gətirdi ki, üzümə az da olsa ənlik-kirşan vursun. Ona da mən razı olmadım – o an bəzək-düzək mənə çox mənasız, hətta iyrənc gəlirdi.

Aşağıdakı vur-çatlasının nə demək olduğu hələ də mənə çatmırdı. Bibim yenə canı-dildən başıma fırlanırdı. Bir də Gülsərən... Yamyaşıl xırda gözləriylə altdan-yuxarı mənə baxır, məni alışmadığı bir geyimdə gördüyündən təəccüblənir, dincəlib-durmadan miyoldayırdı. Hərdən də pəncələriylə gəlinliyimin ayağındakı muncuqları dartışdırıb qoparmaq istəyirdi – aşkar görünürdü ki, dilsiz-ağızsız pişik də mənim bu gedər-gəlməz yolçuluğuma razı deyil.

Bütün bunlardan sonra da içimdə közərən qızılı işıq hələ öləziməmişdi. Qapımızda “Vağzalı” çalınmağa başlayanda o işıq da söndü. Atamla Musa əmim oğlan tərəfin adamlarıyla içəri girdilər. Bibim nənəmin qədimi çırağını dünəndən təmizləyib ağ neftlə doldurmuşdu. Yanan çırağı yerə qoydular. Əmim məni çırağın başına dolandırdı. Sonra atam həmin çevrə boyu məni geri qaytardı. Eminin özündən böyük qardaşı belimi bağladı. Ardınca hər ovcuma pul qoyub bağladılar – sağ əlimi Hakim, sol əlimi qaynımın oğlu bağladı. Hakim pulu ovcuma qoyanda tir-tir əsirdi, axırıncı düyünü vuranda hönkürtüsü qulağımın dibində cingildədi, di gəl, bircə yol başını qaldırıb üzümə baxmadı.

O gün doğmalarım kişili-arvadlı hamılıqla ağlaşdılar. Təkcə mən ağlamadım, heç ağlamağa təşəbbüs belə göstərmədim. Ürəyimdə deyirdim: “Mən çox ağlamışam, indi növbə sizindi, ağlayın ağlaya bildikcə. Məni qorumadınız, indi çəkin cəzanızı...”

Yengəm Telli mama olacaqdı. Anam, xalam, anamın əmisi qızları bibimin yengəliyinə qəti razı deyildilər – adətən yengəni xoşbəxt, yarımış qadınlar arasından seçərdilər; yazıq Telli mama da, əvvəl dediyim kimi, ərini çox erkən itirmişdi, başı bəlalar çəkmişdi, bir sözlə, onu yarımış saymaq olmazdı. Anam bu gün də o fikirdədi ki, əgər o gecə bibim mənə yengə getməsəydi, sonrakı faciələr başıma gəlməzdi. Ancaq mən bibimdən bərk-bərk yapışmaqla bir növ anamdan da, xalamdan da qisas alırdım.

Əmim qolumdan tutub məni qapıya sarı apardı. Əmim arvadı həmişə qarşıma qoyulan o məşhur Quranı başımın üstünə qaldırdı, məni Quranın altından keçirib böyük qaynıma təhvil verdilər – o zamanlar oğlan gəlin aparmağa gəlməzdi.

Pilləkənləri düşəndə örpəyimin altından həyətdə duranlara göz gəzdirdim: qardaşlarım sıraya düzülüb ağlayırdılar. Bu səhnə ürəyimi parçaladı, amma yenə kövrəlmədim; düşündüm ki, indiyəcən məni çox ağladıblar, qoy indi də özləri ağlasınlar. Bacılarımı görə bilmədim. Pilləkənin ayağında mənim əziz-xələf xalam kəndçimiz səy Güləbətinlə “Vağzalı”ya oynayırdı. Az qaldı şaqqanaq çəkib güləm, özümü güclə saxladım (Sonralar əmim uşaqları bu səhnəni yada salıb çox bəzədilər, hətta örpəyin altında mənim güldüyümü də görmüşdülər).

O bir cüt “rəqqasənin” yanından ötüb keçdik. Maşına təxminən on addım qalmışdı. Gözlərim anamı axtarırdı: çox istəyirdim görəm o neyləyir – ağlayırmı, gülürmü; çox istəyirdim anam gəlib məni qucaqlasın, sinəsinə sıxsın, boğazdan yuxarı da olsa xeyir-dua versin. Maşına oturana qədər gözüm onu axtardı, ancaq tapmadı.

***

Gəlin maşınına böyük əmim mindirdi məni. Sağımda baldızım, solumda bir əlində güzgü, bir əlində çörək tutmuş bibim oturdu. Telli mamanın əlləri dolu olduğundan maşında yerini bir az ləng rahatladı. Bu fürsəti qaçırmayan Gülsərən bir göz qırpımında hoppanıb qucağıma qondu. Baldızım pişiyin başına möhkəm bir qapaz vurdu, Gülsərən sürüşüb ayağımın altına düşdü. Orta məktəbdə oxuyan kiçik qardaşım pişiyə doğru şığıyanda mən sakitcə “ona dəyməyin” dedim. Bibimin göbəyinin üstündən əlimi uzadıb maşının qapısını örtdüm. Xalam, qardaşım qapını açıb vəfalı pişiyimi yerə salmaq istəyəndə mən sürücüyə “tərpən!” deyə qışqırdım. Böyük bir karvan arxada, bibim solumda, Gülsərən dizimin üstündə yola düşdük.

Mən örpəyin altından dimdik irəli baxırdım. Bir az getmiş daha bir nəhs hadisə baş verdi: Gülsərən qucağıma hoppananda baldızımın əlindəki gəlinlik çırağım söndü. Baldızım da, bibim də bu uğursuz əlamətdən əməlli-başlı xoflandılar, mənimsə üzümə şirin bir təbəssüm qondu. Baldızım yenə pişiyə bir yumruq vurdu, sonra maşını saxlatdı, düşüb kimdənsə kibrit aldı, gəlib çırağı yandırdı, yola davam elədik.

Bu nəhs əlamət mənə qeybdən verilən bir işarə kimi göründü. Yenə içimdə umud işığı közərdi...

Yolumuzun üstündəki kəndlərin içindən keçdikcə mən bərəlmiş, hədəqəsindən çıxmış gözlərimlə dörd bir yana boylanırdım. Elə bilirdim mənim gözlədiyim Xilaskar hardasa buralardadı; hər döngəni burulduqca Onun qarşıdan çıxıb bu toy karvanını dayandıracağını, məni atının tərkinə alıb azadlıq, sevgi, xoşbəxtlik səltənətinə aparacağını gözləyirdim. O gedər-gəlməz yol boyunca mən hər dəqiqə, hər saniyə Onun zühur eləyəcəyini gözləyirdim, Dostum – Sənin zühurunu, Sənin qiyamətini gözləyirdim. İstəyirdim o yaz günü bir ildırım çaxdırasan, göydəki buludlar alışıb bütün yer kürəsini oda yaxsın. Ancaq Səndən bir qığılcım da qopmadı, səbrinin bir daşı da yerindən dəbərmədi...

Mənim o halımı görən bibimin də, arxa maşınlarda gələn gəlinlərimizin də gözləri mənimki kimi bərələ qalmışdı: onlar elə bilmişdilər mən yenə havalanmışam. Ayrı vaxt gözümün yaşı ovcumda olardı, indi bütün bu proses boyu bircə yol ağlamamağım da onların şübhəsini birə-beş artırmışdı, tam əmin olmuşdular ki, bəli, bu qız havalandı.

Nə yazıq ki, təhlükə onların düşündüyü həddə çatmadı. Maşınlar oğlan evinin qapısında dayandı. Həyətdə iynə atsan yerə düşməzdi, elə bilirdim bir düşmən ordusuyla üz-üzə qalmışam, elə bilirdim bu adamlar hamısı indi üstümə yeriyəcək. Hələ də bərəlmiş gözlərimlə sağa-sola boylanırdım, hələ də gözlərim o Xilaskarı axtarırdı. Mənim gözüm göylərin dərinliyinə batıb-çıxdıqca bibim də, gəlinlərimiz də eləcə təşvişlə üzümə baxır, həyəcandan əsirdilər.

Gəlin maşınının yanında məni bir xeyli ləngitdilər. Ayağımın altında qurban kəsdilər, qoyunun qanından alnıma sürtəndə öyümə tutdu məni, mədəm boş olmasaydı qusub özümü biyabır eləyəcəkdim. Onda yadıma düşdü ki, dünən heyva kompotunun içindən çıxardığım meyvənin iki dilimindən savayı bu iki gündə heç nə yeməmişəm. Əslində o gün mənim ürəyimdən yalnız bircə yemək keçmişdi – quyruq yağında qızardılmış kartof; ona da anam imkan verməmişdi, demişdi bu basabasda kartofu harda qızardacaqsan, ev dolu yeməkdi, nə istəyirsən ye...

Elə öyuyə-öyüyə məni gəlin otağına apardılar. Yenə yazıq bibim qaldı əlimdə. Biz oğlan evinə çatanda günortaydı, axşamacan bibimə alnımı yudurtdum. Ancaq yenə qan iyi alnımdan getmədi.

***

Bir anda otağım tanımadığım qız-gəlinlə doldu. Hamısı da cer-cehizimə, bəzək-düzəksiz üz-gözümə, ən çox da pişiyə maraqla baxırdı. Məndən fərqli olaraq Gülsərənə heç kəs xoşgəldin eləmədi. Qaynanam içəri girib mənə bir qədimi qızıl şəvə bağışladı, sonra məni oturtdular gəlin kürsüsünə.

Ac mədəm çır-çır çığırırdı. Otağım şirniyyatla doluydu – axı o gün həm də Novruz bayramıydı. Hamı yeyib-içir, danışıb-gülürdü, ancaq bu keflərin heç biri mənlik deyildi. O gecə mənə yalnız Səxavətin səsi rahatlıq gətirirdi – bəli, toyu o dövrün ən məşhur xanəndəsi Səxavət Məmmədov aparırdı. İndi bircə istəyim vardı ki, bu kalfa ağız arvadlar başımdan rədd olsunlar, bəlkə Səxavətin həzin səsinə bürünüb yata biləm. İllərin yuxusu dolmuşdu gözlərimə.

Qulaqlarım uğuldayır, ayaqlarım zoqquldayır, gözlərimdən alov çıxır, başımın qapağı göyə sıçrayırdı. Otağımda qoxular bir-birinə qarışmışdı: təzə mebellərin iyi, gəlinlik çırağımdan gələn neft qoxusu, xonçalardakı bayram şirniyyatının ətri, çöldən içəri dolan kabab, aş iyi, bir də alnıma yaxılmış təzə qanın qoxusu. Bir-birinə qarışmış bu iy-qoxu ödümü ağzıma gətirirdi. Hava qaralmağa başladıqca içimdəki gözləmin, intizarın da dadı qaçırdı. Ürəyim dilimin altında vururdu. O soyuq yaz axşamı elə bil Səxavət də uzaqdan-uzağa mənim halımdan xəbər tutmuşdu, yanıqlı-yanıqlı oxuyurdu:

Azad bir quşdum,

Yuvamdan uçdum...

Torpağa düşdüm

Bu gənc yaşımda...

Elə bil mahnı yox, mərsiyə oxuyurdu, mənə ağı deyirdi elə bil. Acından yer-göy başıma fırlanırdı. Okeanda kompasını itirmiş gəmi kimi çalxalanırdım, çırpınırdım. Qurtuluşdan əlimi üzmüşdüm daha, nə xilas, nə də Xilaskarla bağlı bir umudum, bir xəyalım qalmamışdı, nəsə istəməyə, arzulamağa belə halım-heyim yoxuydu.

Mənlə gəlmiş bacılarım, əmim qızları, gəlinlərimiz gecəyə doğru sağollaşıb getdilər. Adətən toy bəy tərifiylə yekunlaşırdı; bəy tərifi də uzun çəkirdi, toya gələnlər bu mərasimi sonacan maraqla izləyirdilər. Qız-gəlin dağılışandan sonra bibimlə ikimiz qalmışdıq. Telli mama hardansa iki kartof tapıb, közə basdırıb bişirmişdi. O iki kartofu duzlayıb önümə qoyub, yalvar-yaxarla onları mənə yedirtdi.

Ev adamları otaqlardan çəkilib toy mağarına yığışmışdılar. Bu sakitlikdən istifadə eləyən bibim məni plaşına büküb həyətin ucqarındakı tualetə apardı. Tualet-zad istəmirdim, bibimi qırmamaq üçün getdim. Otağa qayıdandan sonra bibim yalvardı ki, elə paltarlıca bir az uzanım.

Toyun uralanmağına hələ çox qalırdı. Örpəyimi ehmalca başımdan aldım. Enli çarpayının ortasına bir cüt yastıq qoyulmuşdu, yastıqlardan birini qırağa itələdim ki, azca uzanım. Ayaqlarım hələ yerdəykən yastığın boş qalmış çuxurunda bəzəkli bir yumru qara şeyin olduğunu gözüm aldı. Düşündüm ki, gəlin otağına yığılmış yanıbalalı qadınlardan hansınınsa uşağının oyuncağıdı yəqin, soxublar yastığın altına. Yuxulu-yuxulu həmin “oyuncağı” bir qırağa atıb uzanmaq istədim, ancaq əlim o yumru şeyə dəyən kimi ətim ürpəşdi. Məni tükümdən dırnağımacan vahimə bürüdü, var səsimlə necə qışqırdımsa, yan otaqlarda, çöldə-bayırda kim vardı, hamısı bir anda içəri doluşdu. Yuxulu olsam da, dəqiq görmüşdüm: yastığın altından çıxan qıvrılıb yumrulanmış qara bir ilan idi!

Bibim yüyürüb başımı sinəsinə sıxdı. Qaynatamın nurani, dünyagörmüş xalası vardı, bir göz qırpımındaca özünü mənim otağıma atdı. O, içəri girəndə mən başımı bibimin sinəsinə sıxıb titrəyirdim. Amma bağçaya açılan pəncərənin səsini də, nəyinsə tappıltıyla yerə dəydiyini də dəqiq eşitdim.

Mənə yağ içirtdilər. Qaynatamın xalası başladı and-aman eləməyə ki, otaqda ilan-zad olmayıb, eləcə mənim gözümə görsənib. Hətta həmişə inanıb etibar elədiyim bibim də dörd qardaşının canına bir-bir and içdi ki, yorğunluqdan, yuxusuzluqdan guya məni qara basıb, ilan mənim gözümə görünüb. Bu iki arvadın ikisi də özünü qoydu artistliyə, əməllicə rola girdilər. Ancaq mən qarabasmanın nə olduğunu, necə olduğunu çox yaxşı bilirdim – mənim gördüyüm gerçək ilan idi, özü də zəhərli ilan. İllər ötəndən sonra bibim də bunu etiraf elədi.

Bəs o xalasının dabanına lənət olmuş (bizlərdə ilanı belə qarğıyarlar) niyə məhz o gecə, niyə məhz həmin otağa girib, məhz mənim yatağımda kündələnmişdi?.. Bibimin də, mənim də ən çox qorxduğumuz şey yenə başımıza gəldi – o həyəcandan, o qorxudan yenə burnumun qanı fışqırdı. Bibim məni göbəyimdən ağzıma qədər böyük bir sellofana bürüdü. Yazıq ağlaya-ağlaya gah Allaha, gah da mənə yalvarırdı ki, qorxmayım, tərpənməyim, barı gəlinlik donum qana bulaşmasın. Burnumdan qaynar bulaq kimi axan qan dodaqlarıma töküldükcə ürəyim ağzıma gəlirdi. Burnumdakı qan qoxusu ağzımdakı qan dadına qarışmışdı.

Bu dəm böyük eltim başıma nəsə çox bərk, çox da soyuq bir şey qoydu. Düşündüm yəqin buz olar. Burnumun qanı öləzidikcə başımdakı buz da əriyib üzüm aşağı axmağa başlamışdı. Başımdan axan su dodaqlarımın arasından yol tapıb ağzıma dolduqca hiss eləyirdim ki, bu, su deyil, nəsə qan kimi bir şeydi – iylənmiş qan dadı verirdi o su.

Handan-hana bibim başımdakını götürüb qırağa qoydu, yerdəki balaca ləyəni bir az da qabağa itələdi, su dolu aftafanı əlində hazır tutdu ki, mən qalxıb ağız-burnumun qanını yuyum. Elə həmin an başımdan endirilmiş qırmızı kütlənin nə olduğunu görüb dəhşətə gəldim: heç demə, eltim soyuducuda buz tapmadığından nə vaxtdansa orda saxlanıb buzlamış iri bir ət parçasını mənim başıma qoyubmuş, ağzıma dolan da ətin qanıymış. Bunu görəndə mədəmdən elə bir vulkan püskürdü ki, başı kəsilmiş mal kimi böyürə-böyürə qusdum. Bibimin bütün zəhməti puça çıxdı – yediyim iki kartof nə vaxtsa içdiyim su qarışıq mədəmdən ixrac olundu.

Uzun bir əziyyətlə yuyunub təmizləndim. Bibimlə kor-peşman göz-gözə qaldıq. Çalışırdım onun gözlərinə baxmayım, olmurdu. Bayram axşamının vahiməli zülməti, ilk dəfə ayaq basdığım yad bir ocaq, az öncə soyuq gövdəsinə toxunduğum ilan, nə qədər qorusalar da, yenə qana bulaşmış gəlinliyim, ağzımdakı qan dadı, burnumdakı qan qoxusu – bütün bunlar mənim toy gecəmə öz damğasını artıq vurmuşdu. Biz – iki doğma, iki talesiz, köməksiz, məzlum qadın qapısını-pəncərəsini tanımadığımız yad bir evdə xəcalətdən ölürdük. Mən bibimdən utanırdım, bibim də məndən.

Atam, qardaşlarım düşürdü yadıma: görəsən, indi hansı yatmışdı, hansı məni düşünürdü bu saatlarda?.. Kimin yatdığını, kimin oyaq olduğunu, kimin həyətdə siqaret sümürdüyünü, kimin də bir xəlvətə çəkilib xısın-xısın ağladığını təxmin eləyirdim. Anamsa heç yadıma da düşmürdü.

Bir də onu düşünürdüm ki, görən nə yesəm ağzımdan qan dadı, nə qoxlasam burnumdan qan iyi çəkilər? Heç nə tapmadım. Qaynanam hər dəqiqə başını içəri salıb bərəlmiş gözləriylə bibimə baxa-baxa: “Arvadı xəstə olan kişinin evi yıxılar!” - dedikcə Telli mama xəcalətdən yumağa dönürdü. Mənimsə heç vecimə də deyildi. Qan dadından, qan qoxusundan nə qədər iyrənsəm də, o gecə qanımın axması, heç dayanmaması üçün Allaha yalvarırdım.

Neçə zaman keçdi, bilmədim. Səxavət daha oxumurdu – bundan bilinirdi ki, toy sovulub. Bibimin bir gözü məndə içəri-çölə girib-çıxmaqdan dabanları çatlamışdı. Bayırdan kəsik-kəsik səslər gəlirdi. Qurbağa qurultusundan qulaq tutulurdu, düşündüm yəqin yaxınlıqda göl, ya da arx var. Bibim şamdanlardakı şamları yandırmağa başladı. Tez-tez məndən soruşurdu ki, tualet istəmirsən? Mən də hər dəfəsində başımı bulayırdım. Axırda öz sualından özü də yoruldu:

- Nə yemisən ki, tualetə də gedəsən, - deyib yaxamı buraxdı...

ardı var

# 3139 dəfə oxunub

Müəllifin son yazıları

# # #