Qorxa-qorxa çarpayıya yaxınlaşdım - Bircənin ROMANI

Qorxa-qorxa çarpayıya yaxınlaşdım - Bircənin ROMANI
8 sentyabr 2017
# 11:18

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burda

Səhərə yaxın tibb bacısını yanlayıb yalvardım:

- Noolar, bircə dəqiqəliyə məni içəri burax, uşağıma baxım çıxım.

Cavan, göyçək tibb bacısı üzümə irişə-irişə:

- Şirinlik ver, buraxım, - dedi.

Mən mat-mat onun üzünə baxdım:

- Nəyin şirinliyini verim?

O, sağ əlini qaldırıb gözlərimin qabağında yellədi – adətən uşaq vaxtı bir-birimizə “aley” verəndə əlimizi belə açardıq.

- Başa düşəndə gələrsən, biz də adamıq, barmağımızı sormuruq ki...

Xəstə uşaqlardan birinin anası məni qandırdı:

- İçəri keçib uşağı bir dəfə görmək 5 manatdı.

- Mənim qəpiyim də yoxdu, - dedim.

Gəlin məni arxayın saldı:

- Mən indi uşağımı görməyə gedəcəm, onda səninkinə də baxaram.

Tanımadığım bu qadın bir anda mənə doğmalaşdı, ancaq tez də məyus oldum:

- O qədər uşağın içində mənimkini necə tanıyacaqsan?

- Tanıyacam, narahat olma, çarpayının baş tərəfində körpənin adı yazılır.

İçəridən gələsi xəbərin həyəcanından, qorxusundan məni əsməcə tutdu. Tərs kimi də qadına növbə çox gec çatdı, o qayıdanacan mən yüz yol ölüb-dirildim. Gəlin içəridən çıxanda mənim olan-qalan umudumu da çilikləyib bu üzüsoyuq şəhərin hələ ayağım dəyməmiş küçələrinə səpələdi:

- Nə deyim, düzü, sənin uşağını elə də yaxşı görmədim. Üstündə iki həkim çalışırdı, damarını tapa bilmirdilər ki, dərmanları yeritsinlər.

- Heç olmasa gözləri açığıydı, ağlayırdı?

Qadın gözlərimin içinə baxıb susdu. Onda mən vəziyyətin düşündüyümdən də gərgin olduğunu anladım. Elə bildim yaxamdan sinəm aşağı bir manqal dolusu qor atdılar. Onsuz da hava çox istiydi, üstəlik də şəhərin insandan başqa qonmağa bir canlı tapmayan ağcaqanadları məni dalaq-dalaq, didik-didik eləyib əldən salmışdı. Özümü qapıyla üzbəüz tualetə atdım. Əllərimlə ağzımı tutdum ki, birdən hönkürtümü eşidib məni bayıra tullayarlar.

Səsimi qısa-qısa ağladıqca qanım damarlarımda qaynayıb buğlanırdı, həm istidən, həm kədərdən, həm qorxudan boğulurdum. Krandan axan ilıq suyu ovuclayıb sinəm aşağı tökdüm, başımı soyuq suyun altına tutdum. Su başımdan axanda bir az dincəldim.

Tualetə girib-çıxan qadınlar mənə şübhəylə baxırdılar, bəlkə də elə bilirdilər başıma hava gəlib. Hələ rayon xəstəxanasında düyün düşmüş saçlarım tamam islandı. Cavidin koftalarından biriylə saçımı alababat quruladım, yumruq boyda düyün yenə boynumun arxasında qaldı. Uşağın koftasını başımdan gözlərimin üstünə endirdim. Birdən özümdən diksindim, hərəkətimdən utanıb xəcalət çəkdim: balam orda yad əllərdə can verir, mən də burda başımı yumaq hayına qalmışam, hələ üstəlik onun körpə canının ətri gələn paltarla saçımı qurulayıram!

Cavidin koftasını ağzıma basdım, burnuma tutub iylədim, onun qoxusunu ciyərlərimə çəkdim. Balamı bir də qollarımın arasında görməyə zərrə umudum qalmadı. Paytaxt xəstəxanasında keçirdiyim ikinci gecəni də qapı ağzındakı stulun üstündə tək-tənha yola verdim. Səhərə qədər boynumun ardında düyün düşmüş bir topa saçımın suyu kürəklərimə, gözlərimin yaşı yanaqlarıma axdı. Yenə, nənəm demiş, danı diri tutdum...

***

Rayondan çıxdığımızın üçüncü günü Eminlə kiçik bacım Lalə gəlib bizi tapdılar. Onlar gələnə qədər şəhərdə yaşayan qardaşlarımın – Aqillə Hakimin də əli əlimə çatmışdı. Həkim nə dava-dərman yazırdısa Aqil dərhal alıb çatdırırdı. Bu xəstəxanada hər şey – dərman da, yaşamaq da, hörmət də, insanlıq da pula bağlıydı. Tibb işçiləri bir yana, məni neçə kərə acılayıb alçaldan, kənd arvadlarından iyrəndiyini üzümə açıq deyən həkim belə artıq mənlə mülayim davranırdı, üzümə gülür, xoş sözlər deyirdi.

Mənə təkadamlıq otaq verdilər. Uşağa yaxın buraxmasalar da, heç olmasa palatadakı çarpayıda rahat otura bilirdim, uzana bilirdim. Lalə mənə xəstəxanada lazım ola biləsi hər şey gətirmişdi. Gecə düşənə yaxın Hakim bir xadiməyə on manat verdi, o da bunun müqabilində mənim ala-babat çimməyimə şərait yaratdı.

İkinci mərtəbədəki palatamın pəncərəsi xəstəxananın hasarına baxırdı. Emin hasarın o üzündəki səkidə durub saatlarla mənim pəncərəmə boylanırdı, hərdən nəsə danışır, ya da soruşurdu. Amma çox vaxt mənlə kəlmə də kəsmirdi, eləcə durub baxırdı. Düzü, heç mənim də onunla danışmağa halım-həvəsim yoxuydu. Qaranlıq düşəndə Emin çıxıb gedirdi qardaşıgilə (böyükdən kiçik qaynım Bakıda yaşayırdı), Hakimsə bitib qalırdı xəstəxananın həyətində, mənim pəncərəmin altında. Səhərə qədər mən yuxarıda, o aşağıda bacı-qardaş söhbətləşib dərdləşirdik. Nə qədər yalvarırdımsa məni hər an qara xəbər gözlədiyimiz bu ağır vəziyyətdə tək qoyub getməyə onun ürəyi gəlmirdi. Səhəri xəstəxananın həyətində açıb ordan birbaşa işə gedirdi, məni inandırırdı ki, iş yerində yatıb dincəlmək üçün macal tapacaq.

Bir axşam yenə Hakim məni aşağıdan çağırdı:

- Daraq gətirmişəm, düş gəl görüm saçının düyününü aça bilirəmmi.

Düşdüm. Hakim uşaq vaxtımızda hirslə, hikkəylə çəngələyib yolduğu saçlarımı indi elə ehtiyatla, elə mehribanca açıb darayırdı ki, mən gözümdən sellənən yaşı tuta bilmirdim.

- Ağlama. Oğlun sağalacaq, böyüyəcək, məni söyəcək, bizi daşa basacaq. Bax yadındadı, mən Cahangir əminin cibindəki qəpikləri oğurlayıb qaçırdım? İnşallah, Cavıd də mənim cibimi soyacaq...

O danışdıqca mən gülə-gülə ağlayırdım, ağlaya-ağlaya gülürdüm. Arada gözümü hərləyib göyə baxırdım, ancaq orda nə ay, nə ulduz görünürdü; elə bilirdim mənim göyüm də, ayım da, ulduzum da kənddə qalıb, azıb məndən ayrı düşüblər, ona görə də səsim Sənə çatmır, umudum dirilmir, uşağım sağalmır...

O gecə bacı-qardaş nə illah elədiksə saçımdakı iri bir düyünü, dolaşığı aça bilmədik. Çox qəribə düyün idi, ucu itmiş kələfə bənzəyirdi. Nənəm beləsinə “cin düyünü” deyirdi. Hakim o düyünü çözməkdən ötrü çox çalışdı-vuruşdu, axırda əldən düşdü:

- Eybi yox, daha bunu da özünə dərd eləmə. Sabah qayçı gətirrəm, Eminlə də məsləhətləşərik, saçını düyündən yuxarı kəsərik. Təki uşağın sağalsın, saçın yenə uzanar.

Başıma qayçı dəyməsini heç istəməzdim. Uzun saçların həsrətini o qədər çəkmişdim, ondan ötrü o qədər ağlamışdım ki, indi saçıma qıymağa əlim gəlməzdi. Cavid doğulandan sonra qalın saçlarım xeyli nazilmişdisə də, yenə gözəlliyini itirməmişdi.

Səhəri Hakim fikrini Eminə deyəndə o, qardaşımın yox, mənim üzümə heyrətlə baxıb:

- Həə, uşaq ölüm ayağında, sən özünə bəzək-düzək ver, - dedi. - Bəlkə hələ bir xına da qoyasan?!

Mən dillənmədim. Emin haqlıydı, Cavidin bu halında mən saçımın hayına qalsaydım, sonra özümü bağışlamazdım.

***

Günlər ötdükcə həkimlər, ehtiyatla da olsa, uşaqla bağlı nikbin proqnozlar verirdilər. Ancaq vəziyyət ağır olaraq qalırdı, körpəm ölüm yuxusundan ayılmırdı. Paytaxta çatdırıldığımızın beşinci gecəsi mən Cavidi görə bildim – Aqil gecə növbəsinə qalmış həkimə gül dəstəsi, şokolad qutusu bağışlamışdı ki, uşağı mənə göstərsin. Həkim xəbərdarlıq elədi:

- Özünü təmkinli apar, hay-küy salma. Sakitcə bax, qayıt. O biri analar görsələr, ətimi didərlər.

Qapının ağzına çatanda titrəyirdim, həyəcandan gözlərim bərələ qalmışdı. Elə bilirdim Cavidin yatağı başına çatanacan gözlərim pırtlayıb yerə düşəcək, uşağımın üzünə baxa bilməyəcəm. Həkim məni belə görəndə cibindən bir şüşə çıxardı:

- Aç ağzını, dilini qabağa uzat.

Şüşənin qapağını açıb dərmanı dilimin üstünə çırpdı. Ağzımın içi bir anlıq buzxanaya döndü, dilim uyuşdu. Dərmanı birnəfəsə uddum, ancaq yenə uçunurdum. Həkim az qala yarım şüşə “Korvalol”u ağzıma boşaltdısa da, bir xeyri olmadı, həyəcanım səngimədi. Bilmirdim o qapının arxasında məni hansı səhnə gözləyir, bilmirdim körpəmi hansı dünyanın astanasında görəcəm.

Qapı aralanan kimi məni bir soyuq yel vurdu. Dəhliz də, otaqlar da od tutub yanırdı, bəs bu soyuq hardandı? Soyuğu yarıb bir az da qabağa getdim: dörd hündür çarpayıda dörd uşaq başlarının üstündə iri cihazlar, qollarında dərman şırınqaları səssiz-səmirsiz yatışırdı. Bu soyuq otaqda hamısının da üstü-başı açıq idi. Körpələrin arasından Cavidi tanıyıb seçəmmirdim. Həkim mənə toxtaqlıq verməyə çalışırdı:

- Sakit ol, bura gəl, uşağın burdadı.

Mən qorxa-qorxa çarpayıya yaxınlaşdım. Uşağın əlləri-ayaqları gömgöy göyərmişdi. Alnının düz ortasında yara kimi iri bir çala vardı. Gözləri yumuluydu, ağappaq sinəsi aramla qalxıb-enirdi. İpək kimi yumşaq qapqara saçları gen alnından yana tökülmüşdü. Onun balaca əlini ehmalca ovcuma aldım, öpüb gözlərimə sürtdüm. Adını çağırdım, nə illah elədimsə uşaqda bir tərpəniş olmadı. Körpəcə bədəni boşalıb yup-yumşaq olmuşdu. Ayağının xırdaca barmaqlarını bir-bir öpdüm, ağzıma saldım, uşaq heç qımıldanmadı da.

Həkim məni bayıra dartdıqca mən ayağımı yerə dirəyib bir az da qalmağa çalışırdım. Adyalı qaldırıb üstünə atanda Cavidin boynunun sağ yanında kiçik bir cihaz gördüm. O biri üç uşağın dərman şırınqaları qollarından axırdı, Cavidinki isə boynundakı o cihazdan. Onda anladım ki, mənim balamın vəziyyəti lap ağırdı.

Həkim məni nə qədər dartırdısa uşaqdan ayrıla bilmirdim, Cavidin gözəl üzünə acgözlüklə baxıb cizgilərini yaddaşıma yığırdım, ancaq bir addım dala atıb geri çevrilən kimi uşağın üzü büsbütün yadımdan çıxırdı. Onu gözlərimə, beynimə köçürmək istəyirdim ki, sonralar xatırlaya bilim. Daha onun ayılacağına bir gümanım qalmamışdı.

Həkim gördü məni təkbaşına eşiyə çıxara bilməyəcək, iki tibb bacısını köməyə çağırdı. Onlar hərəsi bir qolumdan yapışıb məni dartanda çırpınıb əllərindən çıxdım. Üzümü Cavidin çılpaq qarnına sürtüb elə hönkürdüm ki, uşaq səsimə bir dəfə diksindi. Elə bildim Cavid mənim səsimi tanıdı, hətta mənə elə gəldi ağlamaq da istədi.

Tibb bacıları məni bayıra atanda sağ əlimi bircə dəfə üzümə atdım. Sağ yanağım xəfifcə göynədi, başqa heç nə hiss eləmədim. Mən əzilmiş ordunun əsgəri kimi palataya qayıdanda burnuma yenə də həmin o nifrət elədiyim qoxu gəlirdi – qan qoxusu. Əlimi yavaşca üzümə çəkdim, sağ əlimin barmaqları qızıl qana boyandı. Həkim bu aşkar dəlildən əməlli-başlı təşvişə düşdü:

- Niyə belə elədin, bəs görənlərə, yanına gələnlərə nə deyəcəksən? Baş həkim səni içəri buraxdığımı bilsə, məni işdən qovacaq.

Mən bəzəkli kuklaya oxşayan bu qadının üzünə key-key baxıb düşündüm: gör mən nə haydayam, bu nə hayda. Onu sakitləşdirməyə çalışdım:

- Qorxmayın, heç kəsə bir söz demərəm. Bir də kimdi burda anaların vəziyyətiylə maraqlanan?

Onu arxayın salıb, neçə gündən bəri gözümə cürbəcür fəlakətlər istehsal eləyən nəhəng cəhənnəm fabriki kimi görünən xaraba şəhərin xaraba qalmış xəstəxanasındakı xaraba köşəmə çəkildim...

ardı var

# 1280 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #