Ərsiz arvada niyə sataşırsan? – Bircənin Romanı

Ərsiz arvada niyə sataşırsan? – <span style="color:red;">Bircənin Romanı
1 mart 2019
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

Avqustun axırları həyatımda böyük dönüş baş verdi.

Aqil anamı, arvadını, bir də Hakimi götürüb kəndə gəldi. Yenə süfrəmizi “Boz yaxa”da açıb samovarı “Boğaz”da qaynatdım, bütün günüm biş-düşlə, yuyub-yığışdırmaqla, qardaşlarım xoşlayan yeməkləri bişirən qazanların başına dolanmaqla keçdi.

Hər dəfə süfrəyə çay-çörək düzəndə Aqil gözlərindən işıq yağdıra-yağdıra üzümə baxıb gülürdü; nəydisə bu səfər qardaşım ayrı təhər sevincliydi, təpədən-dırnağa nur saçırdı. Xırda-para işlərdə mənə əl yetirən Hakim də hərdən üzümə sözlü-sözlü baxıb bic-bic qımışırdı:

- Ətdən yeyib enlənib ey, - deyirdi, - yuxu-zad görməmisən?

- Hə, görmüşəm, - deyirdim, - gördüm bir dəstə avara, müftəyeyən bizə gəlib, mən də onların qabağında hamballıq eləyirəm.

Hakim dil altında qalardımı:

- Bax elə eləmə ha yenə ağzına qatıq, şor yaxım. Mənim hər gəlişimdən xeyir-bərəkət yağır, camaat bir ağır səfərə gedəndə arzulayır ki, qarşısına mən çıxım, yoluna çıxdığım adam pul da yox, maşın da yox, ev tapır, - deyib qəribə atmacalar atırdı.

Uşaq vaxtı dilimə ağartı vurmazdım. Yatıb duranda hərdən dodaqlarıma şor, süzmə bulaşdığını görüb öyüyərdim. Hakimin ürəyi bununla da soyumazdı, qapıda-bacada təzə toyuq zili görəndə bir çubuqla götürüb gətirib qoyardı mənim ayaqqabılarımın yanına, bir müddət o ayaqqabılara yaxın gedə bilməzdim. O köhnə xasiyyətlərini qardaşım hələ də tərgitməmişdi, süfrə başında yenə dinc oturmurdu, ara məni dümsükləyib səksəndirir, ara qıdıqlayırdı. Zarafatcıl atam bu səhnədə oğlunu tək buraxmırdı:

- Ərsiz arvada niyə sataşırsan, - deyib fəryad qoparırdı, - vallah oğlu görsə səni doğrayacaq.

Hamı gülüşəndə Hakim roldan çıxırdı:

- Ay onun oğluna qurban olum, qoy baltalasın.

Atamsa bu səhnəciyin ömrünü uzatmağa çalışırdı:

- Elə yerindən baltalayacaq heç kimə göstərə bilməyəcəksən...

Axşamdan xeyli keçmiş Musa əmini də gətirdilər. Səməndər Rüfəti Telli mamanın dalınca göndərdi. Bir gün əvvəldən zəng vurub Sevilgili də çağırmışdılar. Aqil həmişə beləydi, özü gələndə doğmalarımızın hamısını başına yığmağa çalışırdı, hamını bir yerdə görməkdən böyük zövq alırdı.

Şam süfrəsi yığışdırılandan sonra Aqil Sevillə ərini çağırıb dedi:

- O çinarın dibində, “Qırx şamlar”da yaxşı bir çay süfrəsi açın.

Sonra mənə sarı çevrildi:

- Sən də get əyin-başını dəyiş, yaraşıqlı paltarlarından birini geyin gəl otur yanımızda.

Əli söhbətindən sonra Aqildən də, arvadından da uzaq gəzirdim, onlarla danışmağa söz tapmırdım. Gəlinin, bacımın üzünə həyəcanla baxıb dedim:

- Allah sən saxla, görən indi nə baş verib?! Xeyir ola Aqil sizi buyurub məni oturdur?

Fəridə həyəcanımı səngitmək üçün güldü:

- Ay qız, nədi əsməcə tutub səni, qardaşın nə deyir, onu da elə.

Əlimi-üzümü tərtəmiz yuyub gəlib oturdum süfrənin ayağında, bibimə qısılıb başımı onun qoltuğunda gizlədim. Hamı çay masasının başına toplanandan sonra Aqil gülən gözləriylə üzümü gəzib tapıb şirin avazıyla mənə təpindi:

- Sənə demədim əyin-başını dəyiş! Dur ayağa, hamımız səni gözləyirik, get çiçi paltarlarından birini geyin, saçlarını dara gəl.

Anam yerindən Aqilə tərəf qovzandı:

- Əl çək ondan, o elə yanında oturduğu maması kimi pisniyyətdi, olanını əyninə geyməz.

Rüfət bağ sarıdan dəhmərləyib özünü harayıma çatdırdı:

- Nənəm rəhmətlik düz deyirmiş ey, bu axı qoburnat qızıdı, evdə də zərxarada gəzir. Ay arvad, qıza niyə pisniyyət deyirsən, evin ev paltarı var, çölün də çöl.

Səməndər qolumdan tutub məni evə doğru çəkdi:

- Sən mənim canım, Aqil nə deyir onu da elə, xətrinə dəyər. Axı o bizim ikinci atamızdı, gözünün yağını yedirdir hamımıza.

Bundan sonra evə keçdim, elə Aqil özü aldığı donlardan birini geyinib, saçlarımı darayıb qayıtdım süfrə başına. “İkinci atamız” gözlərindən nur yağa-yağa məni süzüb ayağa durdu:

- Hamı burdadımı? - deyib məclisə göz gəzdirdi.

Masa ətrafındakılar xorla öz yerlərini nişan verəndən sonra qardaşım gəlib başımın üstündə durdu, bibimin qolunu çiynimdən ehmalca götürüb qucağına qoydu, əllərimdən tutub məni ayağa qaldırdı, cibindən nəsə çıxarıb boynumdan asdı, məni bağrına basıb üz-gözümdən öpə-öpə:

- Sənə borcum vardı, - dedi, - o borcumdan çıxmağa ancaq indi gücüm çatdı. Bunlar sənin təzə evinin açarlarıdı. Sabah səni də götürüb qayıdıram geri, evi adına keçirib orda-burda çürüyən cehizlərini yığacam içinə.

Dostum, bu gün də eləyəm, bir istəyimin gerçəkləşməsi üçün illərlə sürünürəm, di gəl, arzum çin olanda sevinə bilmirəm.

Məclisə qəribə sakitlik çökmüşdü. Hamı susub bir-birinə, sonra da mənə baxırdı. Məni ağlamaq tutanda üzümü bibimin kürəyinə söykədim. Bir də baxdım Səməndərlə Kamil Aqili hop götürdülər. Rüfət saplağına qırmızı lent bağlanmış açarı boynumdan alıb dodaqlarına sıxdı, sonra qaçıb özünü yıxdı sarmaş-dolaş olmuş qardaşlarının üstünə. Hakim özünü yetirib məni bibim qarışıq köksünə sıxdı:

- Deyirdimmi mənim ayağım sayalıdı, getdiyim yerdə ev paylanır.

Kamil Aqili duz kimi yalayandan sonra açarı Rüfətdən alıb meydan kimi həyətimizdə gərdiş eləməyə başladı, Səməndərin üstünə yeriyib havalı-havalı güldü:

- Nə durmusan, tarixə sal bu gecəni İsgəndərsayağı.

Onların qəribə sevinmək tərzi, sevinclərini bayrama çevirmək üsulu vardı – ömürlərini işığa tutan bir hadisə baş verəndə sevdikləri şairlərdən hadisənin ovqatına uyğun şeirlər, parçalar söyləyə-söyləyə deyişməyə başlayardılar. İndi də elə oldu, Səməndər masadan aralanıb “İsgəndərnamə”dən deməyə başladı:

Müğənni, bu gecə cəngini saz et,

Məni bu dünyada qəmdən xilas et.

Bəlkə genişlənsin, açılsın yolum,

Köçüm bu daşlıqdan, asudə olum.

O bitirəndə Kamil dilə gəldi:

Müğənni, dayanma, sübh açılarkən

Püxtə bir mizrab vur o xam ruda sən.

Könlümə ruh versin gözəl nəğməsi,

Bu qəfil sevdanı oyatsın səsi.

Səməndər sevindiyindən bildiklərini unudanda Kamil onu təhnizləyib qızışdırdı:

- Həə, noldu, qocalmısan? Al boynuna!

Onda Səməndər qollarını yana açdı, gözlərini yumub Yaradanı yardıma çağırdı:

Bəndənin ümidi sənsən, İlahi,

Yoxdu səndən özgə onun pənahı.

Olmuş-olacağı Sənsən yaradan,

Sənin kərəminə möhtacdı insan.

Kamil qollu-budaqlı çinarın altından çıxıb üzünü yay gecəsinə sərinlik axıdan ulduzların işığına tutdu, qollarını göyə milləndirib dedi:

Lütf elə, əlini mənə də uzat,

Mənə öz nəfsimdən özün ver nicat.

Sənsən, pərvərdigar, qolum-qanadım,

Səndən hasil olar mənim muradım.

Beləcə, qardaşlarım o gecə böyük Nizamini də mənim sevincimə ortaq elədilər. Musa əminin gəncəli peyğəmbəri sonacan dinləməyə səbri çatmadı, əlinin işarəsiylə qardaşlarımı dayandırıb nəsə demək istədi, ancaq deyə bilmədi, titrəyən dodaqlarını dişləyə-dişləyə gözünün yaşını saqqalı aşağı axıtdı. Daş kimi sərt əmimi xəstəlik mum kimi yumşaltmışdı, kişinin ürəyi yuxalıb uşaq ürəyinə dönmüşdü. Handan-hana elə oturuqluca çəliyini özünə dayaq verib dedi:

- Qardaşoğlu, Rəhimin o vaxt sənə vurduğu çubuq mənim gözümə girsin. Mənim də meyidim sənin çiynində getsin, nə yaxşı sən yetimimizi sevindirdin!

Atamın Aqilə çubuq çəkməyinin də balaca bir tarixçəsi vardı. Oxumaq arzusu gözündə qalmış atam qardaşlarımı təsərrüfatdan daim uzaq tutmuşdu, yaxşı təhsil almaları üçün onlara nə lazımsa alıb verib özü çöllərdə sintiran çəkmişdi. Ancaq Musa əmi atam kimi deyildi, oğlanları dərsdən çıxar-çıxmaz özlərini onun yanına çatdırıb atalarına əl tutmalıydılar.

Bir gün Aqil də qoşular əmim oğlu Məhərə, sonuncu dərsdən qaçıb gedər fermaya atamgilin yanına. Kişi Aqili görəndə mat qalar, soruşar ki, dərs bitməmiş nə gəzirsən burda? Onu da deyim ki, atam qardaşlarımın dərs cədvəlini, hansı dərsin hansı saatda başlanıb nə vaxt bitdiyini əzbər bilərmiş. Aqilin gülüşü dodağında quruyar, atama qorxa-qorxa baxıb:

- Məhər gəlirdi, mən də ona qoşuldum, - deyər.

Atam dibində oturduğu söyüddən bir çubuq qoparıb Aqilin yanına çəkər:

- Elə bu dəqiqə hardan gəlmisən ora da qayıt, get dərsin yarısına da olsa çat, axşamkı dərsini də mən verəcəm.

Aqil yolu əlinə alıb düz məktəbəcən qaçar. Ürəyiyuxa atam gözdən itənə qədər onun dalınca baxar, uşağı vurduğuna çox peşman olar. Özü pis günlər gördüyündən, atalıq qapazı yediyindən (yeri gələndə bu barədə danışacam) atam balalarını incitməzdi. Bir dəfə də Hakimə bir şallaq vurmuşdu (çox keçməz bunu da nağıl eləyərəm). Bu iki faktı çıxmaqla atam bizim heç birimizə heç vaxt əl qaldırmayıb...

Gecə yarıdan keçəndə Səməndər Musa əmini, Kamil də Telli mamanı evinə apardı. Qayıdıb yenidən “Boğaz”dakı masanın başına yığıldılar. Səməndər oturduğu yerdəcə Aqilin dizlərini qucaqlayıb dedi:

- Qardaş, Allah səni göy kimi dirəksiz eləsin, dizində-dirsəyində ağ tük bitsin! Bizim canımızla bəslədiyimizi sən varınla böyütdün. Sən bizim çırağımızsan, dayağımızsan, səni bizə verən Allaha canım qurban!

O gecə dan sökülənəcən mən ruhumun qızdırması içində titrədim, qardaşlarım həyət-bacada qol-qola gəşt elədilər...

***

Səhəri Aqil məni də aparacağını deyəndə anam daş atıb başını tutdu (hərçənd axşamkı məclisdə nədənsə dillənməmişdi):

- İndən belə görəcəkli günlərimiz varmış. Evdi aldın, çox sağ ol, daha bunları hara aparırsan?

Aqil geri durmadı:

- Gedək evi Bircənin adına keçirək, cer-cehizini içinə yığaq, sonra qayıdıb gəlsinlər. Cavid bir il də burda oxusun, gələn ildən yığışarlar öz evlərinə.

Belə görünürdü Aqilin bizə ev almağı anamın ürəyincə olmayıb:

- Uşağın böyüməyincə o evdən gözünü çək, - dedi, - sən gedirsən bəs qoca ata-anana kim baxır?

Aqil onu dilə tutmağa çalışdı:

- Ay ana, yanında bir oğlun var, gəlinin var. Bir də sizin haranız qocadı, maşallah sən özün cavan gəlinə oxşayırsan. Qoy gedək evi sənədləşdirək, sonrası sən deyən olsun...

Şəhərə çatan kimi Aqil yubanmadan evin mənim adıma keçirilməsiylə məşğul olmağa başladı. Sonra da Hakimi göndərib çoxlu ipək parça aldırdı, qonum-qonşudan işbilən qadınlar tapdırıb mənim cehiz yorğan-döşəyimi sökdürüb yudurtdu, hamısını yenidən ipəyə-xaraya tutdurub təzə evimə yığdırdı. Ev də nə ev – dörd otaqlı, geniş eyvanlı, səliqə-sahmanlı. Mənim gözümdə əsl xan sarayı!

Künc-bucaqda qalmış cer-cehizim təzə mənzilə daşındı. Aqil evin pərdələrini asdırıb xalça-palazını döşədəndən sonra yeni olacağımızda biz bacı-qardaşa üstəlik bir qonaqlıq da verdi. Bəlkə də İsgəndər Zülqərneyn dünyanın açarını cibində gəzdirəndə mən qədər xoşbəxt olmamışdı – evimin açarlarını əlimdə oynadırdım, otaqları dönə-dönə dolaşırdım, oranı-buranı bəzəyirdim, yenə bu evin mənim, məhz mənim, yalnız mənim evim olduğuna inana bilmirdim. Divarlarına əllərimi sürtürdüm, gözlərim böyüyürdü, gözümün içində bəbəklərim titrəşirdi.

O günün axşamı evimin ilk qonaqlarını yola salanda Aqilə dedim:

- Bu gecə öz evimdə qalmaq istəyirəm.

Aqil məni qucaqlayıb kövrəldi:

- Ev sənin, kef sənin, harda istəyirsən qal, biz getdik.

Lalə məni çox dilə tutdu, ancaq onu da qoymadım qala. Onda bacım Cavidi balalarına qatıb evinə getdi. O gecə səhəri dirigözlü açdım...

...Dostum, bu şəhərin göyü, ulduzu, ayı hələ mənə bələd deyildi. Şəhəri yuxuya verəndən sonra göyün burdakı parçasında bir tanış ulduz tapıb Səni soraqlamaq istəyirdim, şəhərin əlyetməz göylərində Səni, ancaq Səni axtarıb tapmaq istəyirdim. İstəyirdim biləsən: bu şəhərin işıqlarına mənim də işığım qarışdı, bu şəhərin balaca bir küçəsinə mənim də pəncərəm açıldı. O pəncərədən tüstülənən ocağımı Sənə göstərmək istəyirdim. O gecə mən ürəyimin gözüylə Səni lap yaxşı görürdüm – iki görən gözümü oysaydılar belə yenə Səni elə yaxşı, elə aydın görərdim. Sənin də məni görməyini istəyirdim.

Nədənsə mən həmişə Səni ocaq başında oturub fikrə dalmış yalqız yolçu kimi xəyalıma gətirmişdim. Təkliyindən bezməyən, kimsəsizlikdən qorxmayan Təklər Təki. Bax o gecə səndəki o dözümdən, səndəki iradədən özümə pay istəyirdim. Bir də... bir də evimi Sənə göstərmək istəyirdim.

Səhərəcən gözlədim, şəhər susmadı. Mən olduğum, artıq həm də mənim olan küçəyə sükut çökmədi. Mən evimi, ocağımı, qəlbimi bu dəfə də Sənə göstərə bilmədim...

***

Kəndə qayıtmağımıza bir gün qalmış Lalə məni yanlayıb ehtiyatla dedi:

- Bəlkə Fuada zəng vurasan? Keçən ay xalası dedi bərk azarlayıb, xəstəxanaya götürüblər.

Bacımın üzünə bozardım:

- Sən onlarla hələ də danışırsan? Nolar, adam xəstələnər də, məndən çox xəstəxanalarda yatan olmayıb.

Lalə geri durmadı:

- Adamın bizə bir pisliyi keçməyib, barı elə-belə dost kimi axtar.

Havalı-havalı güldüm:

- Gedim, indi də xalaları desinlər yetimimiz sənin üzündən xəstə düşdü? Yox, mənlik deyil. Yadındamı qız vaxtımızda belə məsələlərə kimin sözləriylə cavab verirdik?

Lalə umudsuz baxışla üzümə baxıb dedi:

- Yadımdadı:

Fəqət məni düşündürmür o çöl, o çəmən,

İndi başqa bir aləmin əsiriyəm mən...

Süleyman Rəhimovun nakam oğlu Şamonun ölümündən sonra xırdaca bir şeir kitabı buraxılmışdı, bu şeiri də o kitabçadan oxuyub əzbərləmişdik.

Lalə beyti söyləyib bitirən kimi dedim:

- Bəli, indi mən də özgə bir aləmin əsiriyəm. Artıq mənim evim var, yuvam var. Daha mən özümü heç kimə yamaq eləmək istəmərəm. Yedəyimdə bir yetim gedim kimin iylənmiş sözünü götürüm, niyə götürüm? Birini də birindən doğub alabəzək uşaqlarmı böyüdüm? Anamız elə düz deyirmiş, balamı niyə kiminsə qapısında gözükölgəli, qapazaltı eləyim?

Bacım üzümə vurmurdusa da ev məsələsindən sonra mənim əməlli-başlı dəyişdiyimi görürdü:

- Nə yaxşı atamgil alabəzək olmadılar? Musa əmiylə atamızın, atamızla Telli mamanın, Cahangir əminin bağlılığını, doğmalığını görməmisən heç? Atamız ögey bacısına dilini əmizdirib. Sən indi bizim ailəni Telli mamasız təsəvvürünə gətirə bilərsən?

Yox, daha mən havalı at belinə minmişdim, nə Lalə, nə də başqası məni o atın tərkindən vurub sala bilməzdi. Sevincimi ağ süfrə kimi qoruyurdum, ona ləkə salmağa kimsəyə imkan verməzdim.

Elə o təmiz xəyallarla, o bəmbəyaz sevinclə qoynumu-qoltuğumu doldurub ertəsi gün kəndə qayıtdım.

ardı var

P.S. “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanının Kulis.azda yayımlanmayan hissələrini Novator.az saytından oxuya bilərsiniz. Bundan sonra romanın yeni hissələri hər cümə günü saat 09:00-da Kulis.az saytında yayımlanacaqdır.

# 22096 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #