Rədd ol get... – Bircənin Romanı

Rədd ol get... – <span style="color:red;">Bircənin Romanı
19 aprel 2019
# 09:00

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Havalar isinəndə atamla anam Laləni yanımızda qoyub sanatoriyaya getdilər. Səkinə bibi əmimdən sonra ağlamaqdan, sızlamaqdan yatağa düşdü. Tez-tez onun başının üstünü alıb dərdini gözündən salmağa çalışırdım:

- Niyə ağlayırsan, - deyirdim, - axşamacan səni söyürdü, gündə yüz yol ağsaqqal atanın keçəl başını dilinə dolayırdı, salamat qoluyla, çəliyiylə yanbızına vururdu, onun nəyini ağlayırsan? İstəyirsən sənə kitab oxuyum.

Arvad şaxı sınmış gözlərinin yaşını yastığına axıdırdı, əmimin çəliyini körpəsi kimi sığallayıb bağrına basırdı:

- Kaş ölməyəydi, yenə məni söyəydi, döyəydi, amma əli əlimdə olaydı.

Onun səbrinə, sədaqətinə mat qalmışdım:

- Ay arvad, ala qarğa kimi üç yüz il yaşayası deyildi ha, şükür ki, zarıncı olmadı, çəliklə də olsa özünü hərlədi, - deyib gətirdiyim kitabı açıb oxumağa başlayırdım, onun fikrini dağıtmağa çalışırdım.

Bir-iki səhifə oxuyandan sonra Səkinə bibi kitabı əlimdən alırdı, əvvəlcə əlimi, sonra kitabı öpüb deyirdi:

- Ağrın alım, özünü yorma, vallah yadımda qalmır.

Onda mən kitabı qatlayıb qoyurdum qırağa, Səkinə bibini yatağından durğuzub evimizə aparırdım:

- Lalənin bir az yunu var, gəl gedək onu didək.

Evdə uşaqlar Səkinə bibinin başına toplaşıb arvadın dərdini bir-iki saatlığa da olsa unutdururdular. İlk dəfə onun təcrübəli hadıx gözüylə baxıb sağlamlığına zəmanət verdiyi qardaşım balası – Rüfətin yarımçıq doğulmuş qızı böyüyüb ətə-qana dolmuşdu, gözəlləşmişdi. Bütün günü Cavid Anarı, Anar da Aytacı mələdirdi. Gecələr yatmazdan qabaq evdə əməlli-başlı imam müsibəti, vətəndaş müharibəsi qopurdu. Lalə döşəkləri yerdən yan-yana döşəyib uşaqları düzürdü yataqlarına. Aytac Lalənin yaxasından sallaşıb əl çəkmirdi, onun balalarını itələyib özü girirdi bacımın qoynuna. Anar qızı sürütləyib atırdı qırağa:

- Rədd ol get öz ananla yat.

Cavid də cumub Anarı vururdu:

- Niyə uşağı ağladırsan?

Lalə Aytacı sinəsinə basıb Anarı mənə sarı itələyirdi. Uşaqlar bir balaca sinisaf olanda Rüfətin arvadı gəlib Aytacı Lalənin qoynundan dartıb çıxarırdı:

- Sənin anan ölüb, niyə gəlib girmisən yadların qoynuna?

Bu gəlin də belə uşağıydı, onunla çalıb-çağırmağa çənəsi saz, canı sağ beş-altı arvad lazımıydı...

***

Yayın yarısını günlərimizi bu qaydayla yola verdik. Avqustda Hakim ailəsini də götürüb kəndə gəldi, gələndən bir-iki gün sonra:

- Ay balam, çıxın gedin, qoyun bir az da biz qalaq dədəmizin evində, - deyib Laləgili şəhərə yola saldı.

Hakimin arvadı Sevinc də mənim kimi dağ-dərə, yaylaq, bulaq vurğunuydu. Hakim Kamili də yola gətirib bizi on günlüyə səfalı dağ kəndlərinin birinə aparmaq istəyirdi. Ancaq Kamil kef-damağa gedəsi halda deyildi.

Dostum, bunu daldalamışdım, indi deyirəm: Kamilin universitet tələbəsi olan savadlı, gözəl qızı iki il olardı havalanmışdı, bu dünyayla bütün bağlarını qoparıb özünün təkadamlıq dünyasına çəkilmişdi. Günün bəlli saatlarında ağlayır, qab-qacağı sındırır, sonra qaranlıq otağa qapanıb heç kimi yaxına buraxmırdı. Kamillə Aqil qızı ölkənin adlı-sanlı həkimlərinə göstərsələr də hələ bir faydası olmamışdı. Üstəlik, atam da kəndimizin yaşlı arvadlarının sözünü nəh eləməyib uzaq bölgədən bir məşhur molla tapıb gətirmişdi, onu, yalan olmasın, bir ay evimizdə yemləmişdi. Duaların da əsəri olmamışdı.

İndi Kamili belə boynuburuq, Rüfətin ikicanlı arvadını qarğaşanın içində qoyub getməyə də mənim vicdanım yol vermirdi. Bunlardan da çox Sevinclə bir yerdə olmaqdan qorxurdum, deyirdim birdən yenə ağzımdan nəsə qaçırıb başımı bəlaya salaram. Hakim arvadının qulağı eşidə-eşidə mənə dönə-dönə demişdi:

- Ağzın qanlı olsa bizim arvadlarımızın yanında tüpürmə. Gördün dözə bilmirsən get dərdini suya danış, güzgüyə danış, yad oğluna, yad qızına danış, amma bu tülüngülərə ürəyini açma.

Bir sözlə, Kamilin nigaran ürəyini gəzmək havasına kökləmək mümkün olmadı, uzun məşvərətdən sonra kənddə yaşayan qardaşlarım Hakimin sözünə söykək verib oğlumla məni onun külfətinə qoşdular, bizi dağlara dincəlməyə göndərdilər.

***

Dağ başında, qalın meşə qoynunda on gün fələyin gözündən oğurlandıq. Hakim pulunu-varını, ağzının tikəsini Cavidlə məndən əsirgəmirdi, di gəl, Sevincə də, mənə də göz verib işıq vermirdi, azad təbiətin qoynunda bizi gözləriylə cızdığı qəfəsdən çıxmağa qoymurdu. Meşədə onun gözündən oğurlanıb qanqalboğaz aşıqla şəkil çəkdirməyimizi burnumuzdan gətirdi, kəlməbaşı təpəmizə taqqıldatdı. O danışanda biz maskalanıb burnumuzu sallayırdıq, üzünü çevirən kimi arsız-arsız irişirdik.

Bir gün yenə bulaq başında bizə kabab bişirmək istədi. Kömürü çalaya tökdü, mən də ona genəşmədən bizdən azca aralıda yeyib içib dincələn ailənin öləzimiş ocağından bir köz götürdüm, daşın üstündə gətirib kömürün içinə atdım. Hakim gözünü yumub ağzını açdı:

- Mən bəyəm ocaq qalaya bilmirəm, sən niyə xalxın ocağından qor götürürsən?

Qardaşım hikkəsindən az qaldı dağları başıma uçura. Dillənmədim, kömür topasının üstündə ölgün-ölgün közərən qoru götürüb dərə aşağı yumaladım, dinməzcə gedib bir ağacın altında oturdum. Hakim sağa-sola fışqıran hikkəsiylə yerindən qalxıb gətirdiyimiz su qablarından birinə maşının çənindən bir az benzin çəkdi, çənin qapağını hirslə yerinə bərkidib kömür tökdüyü çalaya sarı getdi. Bura qədərini gördüm.

Uzaqlara baxa-baxa xəyal atımı çullamağa hazırlaşırdım ki, Sevincin bağırtısına ayıldım:

- Bircə, durma gəl, Hakim alışdı!

Çönüb baxanda gördüm alov qardaşımın başından aşmaqdadı. Əliylə özünü qorğanmağa çalışanda benzin tökdüyü qab da od aldı.

O güc mənə hardan gəldi – bu gün də bilmirəm. Yüyürüb yerə sərdiyim pambıq palazı qamarlayıb qaçdım Hakimə sarı. Mən ona yaxınlaşdıqca o məndən aralanıb bağırırdı:

- Gəlmə, gəlmə, sən də yanacaqsan!

Yaxşı ki, Hakimin ayağı bir köklü daşa ilişdi, yıxılmağıyla da benzin dolu qab əlindən çıxıb yamac aşağı yumalandı. Onu palaza bükdüm, şalvarının ətəklərini, köynəyinin qollarını yalın əllərimlə döyüb-döyüb birtəhər söndürdüm.

Qorxudan ikimizin də dili batmışdı. Yaxınlıqdakı adamlar haya gələndə Hakim dilini ağzında güclə döndərib dedi:

- Narahat olmayın, elə bir ziyanlığımız yoxdu.

Onu öz halından da çox ətrafda yeyib-içən kişilərin bizi yaxından görməyi yandırırdı. Kişinin biri Hakimi möhkəm qınadı:

- A qardaş, böyür-başın hamısı ocaq deyilmi? Yanında ailən, uşaqların, bu dağın kəlləsində özünü niyə beyman eləyirsən?

Bacı-qardaş baxışıb dillənmədik, danışmağa üzümüz yoxudu. Yavaş-yavaş özünə qayıdan Hakimin gözləri bir az aralıda ayaq üstəcə quruyub qalmış Sevinci alanda mənə sarı çönüb dedi:

- Görürsən, yad qızı ki, yad qızı! Bir irəli durub deyirmi görən haranız pörşələndi?

Hakimin qaxıncından sonra buzu əriyən Sevinc özünü üstümüzə atdı. Cins şalvarı qardaşımı qurşaqdan aşağı qorumuşdu, amma əllərimiz istahatdan çıxmışdı. İkimiz də bir-birimizə:

- Qorxma, mənə bir şey olmayıb, - deyə-deyə toxtaqlıq verirdik.

Qolumu dizimə dayaq verib yerdən qalxanda elə bildim ürəyimin saplağı üzüldü: əllərim dirsəkləriməcən suluq bağlamışdı. Sevinc yaxınlaşıb əllərimizin halını görəndə hönkürdü, Hakimə:

- Sənin tərsliyin başımıza hələ çox bəla açacaq, - dedi. - Qız gedib qor gətirmişdi də, gərək o benzini çəkib bizim imanımızı yandıraydın?

Aramıza uzun, dərin bir sükut çökdü. Cavid Hakimin oğlanlarına qoşulub uzaqdakı bulaqdan su gətirirdi – uşaqların olanlardan xəbəri yoxudu.

- Biz getdik gəldik, siz hələ kababı bişirməmisiz?

Uşağın sözü Hakimi tamam ayıltdı, yanmış əllərinə, ütülmüş dirsəklərinə baxıb dedi:

- İndi bişirəcəm, qadan alım, bir az səbr elə.

Kömür təpəsi artıq od almışdı. Qardaşımla mən ocağa yaxın dura bilmədik – isti dəyən kimi yanıqlarımızın göynərtisi beynimizə vururdu. Çölçülükdə elə də səriştəli olmayan Sevinc Hakimin göstərişləriylə tikələri şişə çəkib ocağa düzdü, gətirdiklərimizdən süfrə açıb alapörtdək tikələri uşaqların qabağına yığdı. Qardaşımla mən süfrə başında canımızı dişimizə tutub oturmuşduq, göynərtimizi həm uşaqlardan, həm də bir-birimizdən gizləməyə çalışırdıq, əl uzadıb ağzımıza bir tikə qoya bilmirdik.

Uşaqlar doyana yaxın onları tələsdirdim:

- Di yeyin yığışın, duraq qayıdaq evə.

Hakim suluqlamış əllərini irəli uzadıb dedi:

- Gözləyək axşamın sərini düşsün, həm də görək əllərim düzəlirmi, bu əllə maşını nə təhər sürüm?

Hikkəylə yerimdən qalxdım:

- Sənə bu da azdı, - deyib ağlaya-ağlaya meşənin qalınlığına yön tutdum.

Hakimi kölgəsində oturduğumuz ağacın altında qoyub Sevinc də mənə qoşuldu. Meşənin bizi yavaş-yavaş udduğunu görən qardaşım arxamızca səsləndi:

- Buralar adamla doludu ha, birdən ayrı fikrə düşərsiz.

Sevinclə baxışıb gülüşdük – onun nəyə işarə vurduğunu anlamaq çətin deyildi.

- Görürsən qardaşını, - gəlin dedi, - oturub yanığını yelləmir, bu dar dabanda yenə bizi izləyir.

Əllərimi üfürə-üfürə olanları, olacaqları xəyalıma gətirdikcə elə bu meşədəcə özümü azdırmağım gəlirdi – Hakim ölümün astanasından qayıtmışdı! Bəlkə elə mən özüm də. O variantı sona qədər düşünməyə heyim yox idi, olmamış olacaqların qorxusu da məni öldürə bilərdi. Canıma indi-indi isti keçirdi. Əllərimi ağaclara sürtürdüm ki, bəlkə halovuşu alına. Sevinc yerdən xırda daşlar dənləyib ovcuma qoyurdu, daş soyuğu yaramın hovunu az da olsa alırdı.

Axşamın sərinində yığışıb kor-peşman tutduğumuz evə qayıtdıq. Maşından düşəndə Hakimin əllərindən qan qarışıq sarı su süzülürdü – sükanı hərlədikcə suluqlar hamısı partlamışdı.

***

Səhər yuxudan oyanıb aynabəndə çıxanda Kamili qaldığımız evin darvazasından girən gördüm. Ayaqyalın qapıya yüyürdüm:

- Qardaş, xeyirdimi?

Kamil həyəcanıma su çiləmək üçün güldü:

- Lənət şərə! Rüfətin bir qızı olub, sənin dalınca gəlmişəm.

Əllərimizi gizləməyə nə qədər çalışsaq da Kamilin gözündən yayındıra bilmədik. Sevinc Hakimdən nə giley-güzarı vardısa qaynının ovcuna qoydu. Kamil yaralarımıza baxıb dedi:

- Yaxşı qurtarmısız, tikəniz ovsanaya keçib.

Sonra mənim əllərimi ehmalca əlinə aldı:

- Yazıq bacım, ev-eşiyimiz it günündədi, bu əllə sən gedib neyləyəcəksən?

Sevinc pal-paltarımızı yığdı, maşına oturmaq məqamı gələndə Cavid ilmandı evin taxtapuşuna:

- Mən getmirəm, - deyib dad döydü.

Qardaşlarım onu dilə tutub yalvardıqca az qalırdım uşağımı selbəylə vurub göydən salam. Handan-hana Kamil müəllim fəndiylə onu aşağı düşürdü:

- Qadan alım, dayıngil burdan birbaşa Bakıya gedəcəklər. Görmürsən dayının əlləri yaradı? Onda gərək sənə görə bir də kəndə dönə.

Cavidi pişim-pişimlə maşına basdıq, yola düşəndə Kamil Hakimə bərk-bərk tapşırdı:

- Getməmişdən bir qurbanlıq qoç al, kəsdir payla bu kəndin adamına.

Kələ-kötür yollarla onlardan aralandıq. Cavid hələ də içini çəkirdi. Maşın xırda bir dikdiri qalxıb aşağı enəndə özümü xırlı yolun qırağında, daşın-torpağın içində tapdım. Göbəyimdən bərk sancı tutdu, dikəlib oturdum. Dünyadan xəbərsiz Kamil arabasını sürüb getməyindəydi. Başıma nə gəldiyini kəsdirəmmirdim, beynimin çırağı qaralmışdı.

Bir xeyli aralanandan sonra maşın dayandı, Kamil yaralı aslan kimi bağıra-bağıra üstümə yüyürdü:

- Ay mənim qolum qurusun, öz əlimlə yenə öldürdümmü səni?!

Qardaşım gah mənim bulaşıq üst-başıma, gah maşının açıq qapısına, gah da bizdən aralıda durub gözünü döyən Cavidə baxırdı. Deməyəsən onu zorla maşına basdığım üçün Cavid məndən qisas alıb – mən oturduğum tərəfin qapısını bərk bağlamayıb, dikdiri enəndə təkandan qapı açılıb, maşın məni çölə atıb.

Ovcumun yanıqları, dizlərimin gözü, dirsəklərim sıyrıq-sıyrıq olmuşdu, sağ yanağımı daş çapmışdı. Kamilin möhkəm təntidiyini görüb özümü ələ aldım:

- Qorxma, heç nəyim yoxdu, üst-başım toz-torpağa bulaşıb.

Qardaşım paltarlarımı çırpaladı, yaxınlıqdakı bulaqdan su gətirib üzümə vurdu. Sürünüb girdim maşına.

- Ağrım-acım yoxdu, - dedim, - sür gedək, vallah yaxşıyam.

Oturacağın o biri küncünə çəkilmiş Cavid tərs-tərs üzümə baxırdı. Kamil qapıları dönə-dönə yoxlayıb sükan arxasına əyləşdi. Dağ boyda kişi maşını sürə-sürə uşaq kimi ağlayırdı:

- Allah, sənə qurban olum, öldürən də sənsən, saxlayan da. Axı bu qızı nə vaxtacan belə yıxıb sürüyəcəksən.

Danışdıqca gah Yaradana asi düşürdü, gah da şükür eləyirdi. Öz halımı unutmuşdum, qardaşıma yazığım gəlirdi, onu kiritməyə çalışırdım:

- Səndə günah yoxdu, - deyirdim, - bu bayquşu nə vaxt incidib ağlatsam fələk təpəmə yumruq endirir. Barmağım qırılan günü yadına sal, onda da mənlə gəlmək istəmirdi, mələdə-mələdə gətirmişdim. Sonrakı dəfə də Emin öldü.

Sadaladıqlarım Kamili hövsələdən çıxardı:

- Elə şeyləri başına yeridib beynini zəhərləmə. Bunlar hamısı olacaqdı – olmalıydı, oldu.

Hə, nənəm də belə deyərdi: “Çıxası qan damarda durmaz”.

Mən yıxılandan sonra Cavid ulartısını kəsib dinməzcə oturmuşdu. Yol boyu pəncərədən dağa-düzə baxdı, mənə sarı bircə yol da çevrikmədi.

ardı var

# 8203 dəfə oxunub

Müəllifin son yazıları

# # #