Öldürəcəm səni! – Bircənin Romanı

Öldürəcəm səni! – Bircənin Romanı
13 sentyabr 2019
# 09:00

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Son zəngdən on gün keçmiş Cavidi məktəbdən evə buraxdılar – növbəti iki ayı qəbul imtahanına hazırlaşmalıydı. Ancaq ona qədər öz müəllimlərinin qarşısında da sınaqdan çıxmalıydı. Müəllimləri də onu özbaşına buraxmamışdılar, tez-tez zəng vurub necə hazırlaşdığıyla maraqlanırdılar.

Bu arada atam anamı Bakıya yola salıb Laləni balaları qarışıq kəndə gətirtmişdi. Səməndərlə Kamil də, demək olar, bizə köçmüşdülər, növbəylə Cavidin başının üstündə durub onun tarixdən, riyaziyyatdan boş yerlərini bərkidirdilər. Yemək-içməyimizi Lalə hazırlayırdı, atam Cavidlə o biri uşaqların arasında əlağaclı qarovul çəkirdi.

Mənim işim həyətdəki kölgəliklərdə Cavidə rahat şərait yaratmaq idi; səhər obaşdan qalxıb evin sağ qanadındakı tutun dibini sulayıb süpürürdüm, ardınca oğlumun kitab-dəftərini ağacın altına qoyduğum balaca masanın üstünə daşıyırdım. Sonra da qalırdım Cavidin çarpayısıyla iş masasının arasında, onu oyadıb kitablarının üstünə gətirənəcən canım boğazıma yığılırdı. Yenə düşmən olmuşduq.

- Durmuram, yatmaq istəyirəm, oxuduqlarım bəsimdi.

- Birdən bal yığa bilmədin, onda axırımız necə olacaq?

- Sən hansı axırdan danışırsan? Yığmayacam, gəlib oturacam bax bu evdə.

- Bəs dayıların yazıq deyillər, səndən ötrü bu qədər əziyyət çəkiblər, heç olmasa onların zəhmətinə qıyma.

- Bəs mən yazıq deyiləm? Bəs mən adam deyiləm? Mənim taylarım bütün günü artezianın buz kimi suyunda çimirlər, top qovurlar.

- İkicə aylıq əziyyətin qalıb, ondan sonra sən də qoşulacaqsan onlara.

- İstəmirəm, səndən də, qardaşlarından da zəhləm gedir! Bezmişəm, oxumaq istəmirəm, - deyib yorğanı çəkirdi başına.

Onda məni ağlamaq tuturdu. Bunu görən Anar yerindən sıçrayıb özünü atırdı qucağıma:

- Xala, nolar ağlama, ondan oxuyan zibil olmaz, onsuz da kəsiləcək. Mən oxuyub səni də götürüb gedəcəm bu kənddən. - Anar yorğanın altından onu dinşəyən Cavidə ağlına-ağzına gələn töhməti yağdırırdı. - Avara, yekəbaş, porsuq! Kamil dayım xəstə balasını atıb gəlib xəstə canıyla kəsdirir bunun yanını, bu da oxumur, peysərin biri peysər!

Peysər sözünü eşidən kimi Cavid yorğanı təpəsindən atıb Anarı qamarlayırdı:

- Öldürəcəm səni! Sən peydahlanandan bəri məni bu evdə it yerinə qoymurlar, sürtük, süləngi!

Deyib onu basırdı çarpayıya. Özümü Cavidin üstünə yıxıb uşağı birtəhər onun əlindən alırdım, alıb üstü pıtraq kimi bar gətirmiş əriyin dibinə aparırdım. Bir az ərik yığıb geri qayıdırdıq. Anar başını tut ağacına uzadıb barmağını dodaqlarının üstünə qoyurdu:

- Xala, səs eləmə, şərə-şürə Kazım dərs oxuyur.

Bu ləqəbi atam Anara qoymuşdu, Anar da üstündən atıb Cavidə ötürmüşdü.

Səhər yeməyi, şirinçay hazırlayıb sinidə Cavidin yanına yığırdım, çörəyi xırda tikələrə bölüb üstünə yağ-pendir yaxıb çayının yanına qoyurdum, sonra dinməzcə tutun altından sivişirdim. Anarla pusquda durub baxırdıq, Cavid əlini yeməyə uzatmayınca dərindən nəfəs alammırdım. Anarın hikkəsindən az qalırdı bağrı çatlaya:

- Ay xala, yemir cəhənnəmə yesin, niyə ağlayırsan, onsuz da kəsiləcək, - deyib zınqımı vururdu.

Bizi evin cəhəngində pusquda tutan atam deyirdi:

- Acı çərlətmə, toxu tərpətmə. Süpürülün burdan, o bilir siz baxırsız, gedin, yeyəcək.

Atam Anarı nə qədər qorğansa da fındıq burnunu hardan olsa uzadıb Cavidi görürdü. Uşaq sevincək üstümə qaçıb:

- Xala yeyir, yeyir, - deyən kimi Cavid ağzındakı loxmanı tüpürüb əlinə keçəni ona tolazlayırdı.

Gün Cavid oturan yeri haqlayanda masanı da, üstündəkiləri də daşıyırdım bizim məşhur “Boğaz”ımızdakı çinarın dibinə. Kamil “Boğaz”da Cavidin boğazını qurudurdu, onu yedəyinə alıb riyaziyyatın altından girib üstündən çıxırdı. Mən də boş dayanmırdım, ağ, qırmızı gilasdan salxım-salxım dərib çəyirdəyini çıxarırdım, gilasları dənə-dənə diş çöpünə keçirib boşqaba düzürdüm, boşqabı dayı-balanın qarşısına qoyub aradan çıxanda Kamil tərifimi göylərə qaldırırdı:

- Bəh-bəh-bəh, kimin belə anası var! Bu yaşa gəldim mənim anam bir dəfə mənə axta gilas yedirtmədi. Gəl bir ara verək, sonra işimizə qayıdarıq.

Cavid dayısından utanıb-çəkindiyinə görə meyvədən yesə də mən tərəfə baxmırdı. Beləcə, gündə üç dəfə oğlumun yerini dəyişirdim, olan-olmazdan siniyə-boşqaba yığıb masaya bəzək versəm də onun gözünə görünməməyə çalışırdım. Kənddəki sinif yoldaşları Cavidi çimməyə aparandan az sonra evimizdə qiyamət qopurdu – arxasınca kim gedirdisə onu geri qaytara bilmirdi, axırda atam başına gün döyə-döyə gedib onu evə gətirirdi.

Çox keçmədi Rüfət çimmək məsələsinə də əncam çəkdi: bağçamızdan axan su arxının yatağında dərin bir xəndək atdı, parçası cırıq qatlama çarpayını gözəyib çinarın kölgəsinə qoydu. Günorta yeməyindən sonra tənbəl oğlum özünü atırdı su göllənmiş o hovuza, Anara yandıq verə-verə çimirdi. Səməndər gəlib kölgəlikdə Cavidin üstünü kəsdirəndən sonra Lalənin, Rüfətin balalarını başıma yığıb mən girirdim o çalaya.

Anarın dilinin ucbatından Cavid bizi hovuza həsrət qoydu. Bir axşam Cavidlə boğuşanda qayıdasan ki:

- Mən hər gün sənin hovuzuna işəyirəm.

O gündən Cavid bizi hovuzun həndəvərinə buraxmadı. Günortalar özü çimirdi, sudan çıxıb yamaqlı qatlama çarpayıda uzanırdı, yanına yığdığı dondurmadan, meyvədən yeyib kənardan onu izləyən uşaqlara gülürdü:

- Siz hələ gedin fırtılığınızı yuyun, nə vaxt mənim kimi zülüm-zillət çəkərsiz, onda burda çimərsiz.

Əlacsız qalan Anar hikkəsindən ağlayırdı:

- Ay xala, nolar, bir dəfə bunu möhkəm əzişdir, mənim canım dincəlsin.

- Darıxma, qoy imtahanı versin, elə həmin günün axşamı onu mal kimi budayacam.

Cavid üzümə baxıb irişirdi:

- O gün heç kimə qismət olmayacaq, mən özüm imtahandan sonra bəzi adamları eşşək kimi çırpacam.

***

Yayın o istisində Cavidin müəllimləri iki dəfə evimizə gəlib oğlumun hazırlıq şəraitiylə maraqlandılar. Onlar da ən azı biz qədər həyəcanlıydılar, hər şeydən əlavə imtahanda məktəbin adı, imici ortaya qoyulacaqdı. Tərslikdən Cavidin seçdiyi qrupun imtahanı ən sona – avqustun iyirmisinə düşürdü. Günlərin də quyruğundan elə bil daş asılmışdı, bu işgəncənin tezliklə bitməsini arzulayırdım.

Cavid əlinə keçən fürsətin birini də bada vermirdi, hamısından qəddarcasına sui-istifadə eləyirdi. Bir ev adamın günü göy əsgiyə düyülmüşdü.

- Yatıram, səs olmasın!

Qazana baxırdı, dolma bişibsə çolpa çığırtması istəyirdi. Lalənin bişirdiyi tortun üstünə ancaq onun adı yazılmalıydı. Özü baxmırdı deyə körpələri də televizora yaxın buraxmırdı, hətta məni tifillərə nağıl danışmağa belə qoymurdu. Hansısa əməlinə görə onu qınayanda hamı görə-görə üzümə göyərirdi:

- Sənin acığına eləyirəm. Sən bacın-qardaşın uşağını məndən çox istəyirsən, onlara məndən çox can yandırırsan.

Mən bağın qalınlığına çəkilib ağlayanda gözləriylə axtarıb məni tapırdı, dərs masasının arxasına keçib oxumağa başlayırdı. Gün başımı bişirdikcə mənə rəhmi gəlirdi, üzünü atama tutub dolayı ismarış göndərirdi:

- Əşi, baba, qorxmayın ey, mən müəllimlərimə söz vermişəm, 500 bal toplayacam...

***

Səməndər tarixdən o qədər danışmışdı, Rüfətin çoxbilmiş yarımçıq oğlu bütün günü həyətdə cövlan eləyib şirin diliylə “Şah İsmayıl Xətai” deyirdi. Cavid dərs oxuyanda onun yanına ancaq Ququ (uşağın adı Ramin olsa da atamın verdiyi ayamayla çağırırdılar) gedə bilirdi, atamın törəməsindəki uşaqların içində oğlum tək onu istəyirdi. Günorta hamı yatanda Ququ həyət-bacanı dolanıb toyuqların yumurtalarını yığırdı, cücələri dənləyirdi, ağacların dibinə düşən meyvələri yığıb gətirirdi. Cavidin süfrəsindən yarımçıq dondurmanı, dişlənmiş şokoladı, yeyilməmiş meyvəni ancaq Ququ götürə bilərdi. Hamısı da Anarın öyrətməsiylə. Hərdən Anarın törətdiyi əməli Ququnun üstünə atıb uşağın canını qurtarırdıq.

Qəbul imtahanına iyirmi gün qalmış Cavidə sevgi məktubları yazan qız da kəndə nənəsigilə gəldi. Qız günün bəlli saatlarında Yetərin qızlarına qoşulub onların bağını gəzib dolaşırdı. Səhərlər Cavidin masası da o səmtə baxırdı. Qızı görəndən sonra biz onu kitab-dəftərə sarı kişləyə bilmirdik. İş o yerə çatdı ki, atam gedib oturdu Yetərin qapısında, gündə bir-iki dəfə onlara gələn qonaq qızın özünü Cavidə göstərməsinə imkan vermədi.

Mən bu təzə bəlanın əlindən Kamilin üstünə qaçıb ağlayıb sıtqadıqca qardaşım məni səbirli olmağa çağırırdı:

- Çoxu gedib, azı qalıb. Darıxma görək başımıza nə gəlir. Ağız birdi, qulaq iki, bu da o deməkdi ki, çox dinləyib az danışmalısan. Özünü öldürmə, hesab elə uşağın tələbədi.

- Nə danışırsan! Bütün günü o qıza baxır, ona məktub yazır.

- Qoy baxsın, o da lazımdı. Uşağın üzünü açma, bu yaş çox təhlükəli yaşdı. Gördün Zakirin oğlu neylədi? Lağ eləmə, uşağın hisslərinə hörmətlə yanaş. Ona lazım olanları ifçinləyib başına yığmışıq.

- Bəlkə girə bilmədi, bəs onda?

- Yadında nənəmiz necə deyirdi – bəlkəni əkiblər, yerində quluncan bitib. Sən Cavidi elə-belə bilmə, canavardı, dediyi balı toplayacaq.

Belə-belə Kamil məni toxtadırdı, məndə balama inam-etibar yaradırdı, elə hey onu mənə amanatlayırdı:

- Uşaqların yanında oğlunun sarı siminə toxunma, sevgisinə hörmətlə yanaş. Ağac sınanda baltalı da yüyürər, baltasız da. Amandı, amandı bizi beyman eləmə! Zakirin oğlunu gətir gözünün qabağına.

Zakir dediyi qonşu kənddən idi, oğlu Kamilin şagirdi olmuşdu. Deyilənə görə, atası uşağın cibində sevgi məktubu tutubmuş, oxuyub oğlunu ələ salıb. Oğlu da son zənginə bir ay qalmış qaranlıq pəyədə özünü asmışdı. Düzünü bilən yoxudu, biz də ağızdan-ağıza eşitmişdik. Hər halda pedaqoq qardaşımın bu xatırlatmasından sonra mən qınıma çəkildim...

Bütün ev əhli səfərbər olunub Cavidin qəbul imtahanı verəcəyi günü gözləyirdi. Cavidsə oxumağı bir yana, xarakterindəki ən eybəcər cəhətləri açıb ortaya qoymaqdan, özünü ifşa eləməkdən usanmırdı. Rüfətin hardansa tapıb Anara gətirdiyi qoca tısbağanı gündə neçə yol gizlədib uşağın gözünün yaşını axıdırdı. Tısbağa gecələr qaçmasın deyə Anar onu köhnə mis qazana qoyub ağzına ləyən çevirirdi; uşaq yatağına girən kimi Cavid tısbağanı açıb buraxırdı. Gecənin girt yarısı Anarın üstünə əyilib:

- Ay düdük, sənin tısbağan qaçıb, - deməsə gözünə yuxu getmirdi.

Evə həşir düşürdü, Anar bağırıb yatanları oyadırdı. Əlimizdə fənər özümüzü vururduq bağın qalınlığına, qoca tısbağanı tapıb mis qazana, Anarı da yerinə qaytarırdıq.

***

Biz Cavidin nazıyla oynadığımız vaxt Səməndər qızlarını başına yığıb Sevilin ad gününə getdi, bircə gün qalandan sonra kor-peşman geri qayıtdı. Bacımızın qaynatası havalanıb köç-külfətini çöllərə salmışdı, əl qabarıyla dolanan zəhmətkeş ailənin evinə oddaq düşmüşdü. Deyilənə görə, məclislərin birində kəndin cüvəllağıları kişinin siqaretinə anaşa qoyubmuşlar. Hər nəydisə adamın dönəlgəsi dönmüşdü. Sevilin qaynanası ərini təhnizləyəndə kişi qalxıb ağbirçək arvadını ölümünə döymüşdü.

Qaynana çox mehriban, dilavər, həm qoçaq, həm qədirbilən qadınıydı. Qərib eldə bacıma ana-bacı, dost-rəfiqə olmuşdu. Bizi atıb onları tutandan sonra Sevili ağzında dili kimi bəsləmişdi. Xalq ədəbiyyatının, el deyimlərinin sinədəftər bilicisiydi, bacım balalarına nə qədər nağıl, əsatir, tapmaca öyrətmişdi. Onlar bülbül kimi ötdükcə Cavid gözlərini döyürdü, biz Sevilin qızlarını tərifləyib alqışlayanda mənimki daldaya çəkib bu bir cüt qızı ilan kimi çalırdı, onların ağzını əyirdi, onlara lağ eləyirdi. Qızlar Cavidi görəndə qaçıb analarının kürəyinin arxasında gizlənirdilər.

Kişi də pis adam deyildi, di gəl, nədənsə birdən-birə çarxı çönmüşdü. Sevil ailəsi haqqında nəinki bəd, ümumiyyətlə danışmazdı. Balalarını da götürüb ata ocağımıza gələr, çox qalsa bir həftə qalıb evinə qayıdardı. Ondan ötrü ata evi atamızın evindən də çox Aqilin eviydi, yayı qardaşımızın bağında keçirməkdən həm o, həm də qardaşımız xoşlanardı. İndi kişinin bütün külfəti qovub evdən çıxarmağı qardaşlarımın ürəyindən olmuşdu – Aqil işdən xəbər tutan kimi Hakimi Sevilin dalınca göndərmişdi.

Kişidən başqa bütün ailə bacımın kiçik qaynının bir otağına sığınmışdı. Aqil şəhərdə Sevilə hər şərait yaradacağına söz vermişdi: ev, iş, uşaqlarına məktəb, hətta ərini də işə düzəltməyi boynuna götürmüşdü.

Hakim özünü Sevilə yetirib Aqilin təklifini çatdıranda bacım üzünü qaynanasına tutub soruşar:

- A ana, gedirsənmi bizlə?

Arvad gözünün yaşını ətəyinə axıdıb deyər:

- Qara dolaşa qırmızı papış geyib, ataq burda gedək, el cəmdəyimizə tüpürsün? Sən yığış qardaşınla yola düş, görək başımıza nə gəlir.

- Mən gedirəm, qardaşlarım bizi rahatlayandan sonra gələcəksənmi?

- Sənə yalandan söz verəmmərəm, burdan çıxsam ölərəm.

- Onda mən də getmirəm.

- Sevil, padşah uzaqda, Allah yuxarıda, - qaynana deyər, - bəs mən kimə söyləyim dərdimi? Quş dimdiyində yem daşıyan kimi illərlə daşıyıb bizi yedirdib, indi başına bir müxənnət daşı düşüb deyə kişini atım gedimmi?

- Sənə at demirəm, - bacım deyər, - onu da aparaq, qardaşlarım həkimə göstərsinlər bəlkə düzələ.

- Qardaşlarına qurban olum, bu zibilidəmi onların ayağına bulaşdıraq? Sən balalarını götür get, görüm başıma nə gəlir.

- Nə gələcək, zülümlə tikdiyi evi baltaladı tökdü, bir gün də o baltanı sənin başına vuracaq.

- Mən bir ömür onun qurudəzəni oldum, mıxı mən tutmasaydım çəkici endirməzdi. Ustalara fəhləliyi, bağıma bağbanlığı da özüm elədim. İndi bu yaşımda gedim harda təzə ömür başlayım?

Hakim də, bacım da ha dilə tutarlarsa arvad yola gəlməz, evindən çıxmaz.

- Qolundan yapışa bilmirəm, ayağından çəkməyim barı, - deyər, - yığış qardaşınla get.

Bacım da dirənib durar:

- Sən getmirsənsə mən də getmirəm, - deyər.

Beləcə, Sevil Hakimin yalvarışına, Aqilin təhnizinə baxmadı, qaynanasını tək qoyub kənddən çıxmadı. Qaynının bir göz evində altı ay külfətlikcə it zülmü çəkdilər. Havalı qaynata evi xarabaya döndərdi, içinin ağırlığını bazara daşıyıb içkiyə verdi. Ta kişi bütün dərmanlarını birnəfəsə içib özünü öldürənəcən Aqillə Hakim də Sevil qədər zillət tapdaladılar.

Hakim həftəbaşı dolu maşınla özünü bacımgilə çatdırırdı. Yazıq arvad qardaşımı hər görəndə ağlayıb yalvarırmış:

- Hələ bu küp üstə çox küpçələr sınacaq, götürün bu qızı aparın burdan.

Hakim də arvadı qucaqlayıb deyirmiş:

- Qaraya sabun, dəliyə öyüd nə lazım? Bu qız heç o vaxt bizi eşitmədi, indi eşidərmi?..

Hərdən Cavid bacı-qardaşımın balalarını qaraja doldurub qapını çöldən bağlayanda atam qalxıb qaranlıqda ziyanlıq mal kimi böyürüşən uşaqları açıb buraxırdı, əlini dodaqlarının üstünə qoyub deyirdi:

- Ssss, dinməyin, indi Şəmil bizi qıracaq.

“Şəmil” Sevilin qaynatasının adı, Cavidin yeni ayamasıydı.

***

Cavid özünü su dolu xəndəyə atan kimi Anar onun qələmlərini, masasının altında qorğandığı futbol topunu, Rüfətin nazik qarğıdan kəsib düzəltdiyi su içmək üçün borusunu götürüb harda gəldi gizlədirdi. Atam onu dilə tutub qandırmağa çalışırdı:

- Qonşu muncuğunu oğurlayan gərək gorda taxsın, sən o götürdüklərini heç yerdə işlədə bilməyəcəksən, qaytar qoy yerinə.

Oxusun deyə Cavidə yaratdığımız şah şəraiti, xan dəstgahı Anarı özündən çıxarırdı:

- Ə, baba, - deyirdi, - oxusa, xalamı incitməsə yandırmaz məni. Ən yaxşı yeməkləri, konfetləri, dondurmaları onun qabağına yığırsız, məni hovuza girməyə də qoymur. Fürsət tapan kimi başıma vurur, Kinikoru (qoca tısbağaya ötən əsrin yetmişinci-səksəninci illərində qonşu erməni kəndinin üzüm bağlarına qarovul çəkən, oturduğu yerdə daim mürgüləyən qoca erməninin adını vermişdik) yerə çırpır, açıb buraxır.

Atam Anarın hər həftə ülgüclədiyi yumru başından öpüb deyirdi:

- Hava istidi, adam istidə acıqlanmaz. Bax, dondurmasatanın səsi gəlir, pul verim get dondurma al.

Anar qaçıb əvvəlcədən yığıb mətbəxdə gizlədiyi butulkaları gətirirdi:

- Baba, bu gün bunlarla alacam, pulu saxla sabaha.

Əlində zənbil balaca canıyla darvazaya təzərəklənirdi, mən də onun dalınca. Anar şüşələri sayıb dondurmasatana verəndə Cavid doqqazdan loppaz-loppaz çıxıb əlindəki beşliyi kişiyə uzadırdı:

- Hamısına dondurma ver.

Dondurmaları alandan sonra üzümüzə təşəxxüslə baxıb özünü verirdi özəl çimərliyinə. Pərt olan Anarın torbadan sevincək boşaltdığı şüşələr gözündən düşürdü, kişinin uzatdığı dondurmaları onun yerinə mən alırdım.

- Xala, gördün onun qazını? Elə bil heç bizi tanımır.

- Vecinə alma, qadan alım, gəl çəkilək kölgəyə, əriməmiş ye.

- Xala, mən cəhənnəm ey, heç olmasa birini sənə verəydi.

- Xalan qurban, axı mən dondurma yeyən kimi qızdırmam qalxır.

Uşağı təndirxananın kölgəsinə çəkib dondurmaları qoyurdum qabağına:

- Burda dinməzcə ye, Aytacla Ququ görsələr əlindən alacaqlar.

O yanda Cavid çinarın kölgəsində, yamaqlı çarpayının üstündə Ququyla baş-başa dondurmaları eşirdi.

- Bir azdan əriyəcək, ikisini ver aparım qızlara, - deyirdim.

- Get təndirxanada gizlətdiyin düdükdən al, - deyirdi, - əriyəndə südünü yaxacam canıma.

Qayıdırdım Anarın yanına.

- Xala, qızlara vermədi?

- Yox, vermədi. Sən də tez ye görməsinlər, yoxsa vay-nöysə qopacaq.

- Xala, bu oğraş yəqin əmilərinə oxşayıb.

Bunu da anamdan eşitmişdi.

Sonra Anar gizləndiyi yerdən çıxıb düşürdü yanıma, dondurmanın birini bacısına, birini də Aytaca verirdi. Cavid qarnını sığallaya-sığallaya gəlib dururdu onun başının üstündə:

- Deyirəm, ay Ququ, adamın zırpı dədəsi ola, quyruğu yağlı babası (bu da anamın sözüydü) ola, özü də dondurmanı butulkayla ala. Nə gündəsən, əəə.

Anarı bir də qızardandan sonra mənim sevimli oğlum sərin şirəni başına çəkib qıpqırmızı dilini ona göstərirdi.

- Şirə deyil ey, baldı bal, hər yanışaqqıldaqlı bundan içə bilməz. Butulkasını aparıb atacam erməni tərəfə.

Bilirdi ki, şüşəylə alver eləmək Anarın xoşuna gəlir, uşağı qızardıb sındırmaqdan ötrü ilan dilini bir ləhzə dilçəyinə qoymurdu. Şirə tozunu suda qarışdırıb doldururdu butulkalara, köhnə vedrəyə Rüfətin əkin üçün aldığı azot gübrəsindən atıb üstünə su tökürdü, şüşələri düzürdü o vedrənin içinə. Suyu buza döndərən o qarışıq bizim oğlanın şirələrini sərin saxlayırdı. İçib yarıda qoyduğunu Anara vermək istəyəndə pişik kimi sıçrayıb şüşəni əlimdən alırdı, içindəkini otluğa çiləyib üzümə şinəyirdi. Uşağın pisikdiyini görüb içi dolu pulqabımı verirdim Anara.

- Bəsdi, xalandan utan, - deyirdim Cavidə, - fürsətdən istifadə eləyib hamını əzmə.

- Sən pulqabını Anara ver, məndən də dərs gözlə.

- Sənin dərsin mənim gözümə girsin, axı bu uşaqdan nə istəyirsən?! Səki hamımız sevinirdik ki, böyüyüb adam olmusan.

- Sən bu şeytan şapalağını mənim başıma çıxardıqca belə olacam.

- Utan ey, onun anası evini, ərini sənə görə atıb gəlib burda oturub.

- Xalam gəlsin, bu girvənkə gəlməsin.

O, sözümün qabağına söz qoyduqca Anar fəryad qoparan çarəsiz gözləriylə üzümə baxıb məndən mədəd umurdu.

- Allah canıma dəyməsin, imtahandan çıxan kimi sənin hovunu alacam.

- İnşallah o vaxtacan əzrayıl ikinizin də canına əl gəzdirər.

Anar cocuyub vedrələrə yığılmış qırmızı pomidordan birini Cavidin təpəsinə atırdı. Cavid uşağa cumanda mən yenə özümü Anarın üstünə sərirdim. Xısma-boğmamızın şirin yerində Kamil doqqazdan girirdi:

- Boy, deyəsən ortadaqalma oynayırsız?

Cavid bizi buraxıb özünü verirdi kitab-dəftərinin yanına. Kamil halımızı üzümüzdən oxuyurdu, Anar hüdüləyib tökəndə:

- Qadan alım, bu dəqiqə hamımız Cavidin quluyuq, onun çaldığına oynamalıyıq, - deyirdi.

- Ay dayı, bu kəltənbaş hamının yediyini zəhər eləyib axı.

- Dözməliyik.

- Onsuz da xalam and içib, imtahan verən günü onu döyəcək.

- Mən də xalanı döyərəm. Bu Caviddi ey, ona əl qaldırmaq olmaz!

- Dayı, onu elə sən qudurdursan.

- Vaxtı gələndə səni də qudurdacam, - deyib Kamil özünü verirdi ağacların kölgəsində onu gözləyən Cavidin yanına.

Atam bağımızdan dərib yığdığı bir vedrə meyvəni Anarın qabağına qoyub uşağın könlünü alırdı:

- Nə qoyarsan ənginə, rəngi çıxar rənginə. Bu bal kimi ənciri ud, Cavid görməsin. Səni də bu evdə çox bəsləmişik, indi paxıllıq eləmə.

Canım boğazıma dirənmişdi, vədənin tez yetişməyini, imtahan deyilən o qıl körpüdən tezliklə keçməyimizi diləyirdim. Üç ilin ayrılığı biz ana-balanı isinişdirsə də Cavid evdə qaldığı bu müddətdə yenə düşmənə çevrilib hərəmiz özümüzə ayrıca səngər qazmışdıq.

ardı var

# 7900 dəfə oxunub

Müəllifin son yazıları

# # #