Bakının tanınmış qoçuları barədə söhbət açarkən Malbaş Yusifin adını çəkməsək, KP dən söhbət açıb Lenini yada salmamaq kimi böyük bir qəbahət etmiş olarıq. Bu söhbətimizdə milyonçu, eyni zamanda qoçu kimi ad-san qazanmış Yusif Hacı Rüstəm oğlu Abdullayev barədə danışacağıq.
Bakının tanınmış şəxsiyyətləri arasında xüsusi yeri olan Yusif Hacı Rüstəm oğlu 1866-cı ildə Bakının Sabunçu kəndində dövlətli tacir ailəsində dünyaya göz açıb. Atası Hacı Rüstəm kişi Sabunçunun "Dağüstü" adlanan ərazisində yerləşən bir neçə dükanın və xeyli evlərin sahibi idi. Həmin yer camaat arasında uzun müddət sabiq Bakı qradonaçalniki Martınovun şərəfinə "Martınski" adlanırdı. Hazırda 144 nömrəli məktəbin binası və onun ətrafındakı iki mərtəbəli binalar Abdullayevlərin mülkləri olub. Ümumiyyətlə, "Martınski" məhəlləsindəki bütün tikililər və dükanlar Abdullayevlərin və Aşurbəyovların sərəncamında idi.
Hacı Rüstəmin üç oğlu, bir qızı vardı; İlyas, Kəblə İbrahim, Yusif və Həlimə xanım. Bakı qoçuları arasında öz yeri olan Yusifin qoçuluğa meyl etməsinin səbəbi böyük qardaşı İlyasın çox gənc yaşlarında, cəmi 22 yaşının içində olarkən qətlə yetirilməsi idi. Bu faciədən sonra düşmənlərinə qarşı nifrəti Yusifi bu yola düşməyə meyl etdirmişdi.
Çox maraqlıdır ki, belə tanınmış bir qoçunun xoşagəlməz ayaması vardı. Keçmişdə Bakı şəhərində ayama qoymaq dəb halına keçmişdi. Hərəyə bir ləqəb qoşardılar. Məsələn, Şoşkə oğlu Ağababa, Pinti Rəhim, Yasovul Ağababa, İt Səfər, Qoduq Məlik və s. Şübhəsiz ki, sonuncularla müqayisədə Yusifin ayaması o qədər də xoşagəlməz deyildi. Yusifə Malbaş ayaması verilməsi onun iribaşlı olması ilə əlaqədar idi. İlk vaxtlar bir qədər kobud səslənən bu ləqəb sonralar nəinki Yusifə ləkə gətirmiş, hətta onun adaşlarından seçilməsində və məşhurlaşmasında böyük rol oynamışdı. Malbaş Yusif gənc yaşlarında ailə qurmuşdu. Həyat yoldaşı Cənnət xanım gözəl və alicənab bir qadın idi. Lakin təəssüflər olsun ki, onların evliliyində övladları dünyaya gəlməmişdir.
Yusif ucaboy, enlikürək, pəhləvan cüssəli bir adam olub. Onun haqqında danışarkən həm qoçuluğundan, həm də var-dövlətindən söz açmaq lazımdır. İndiki Neftçilər prospekti ilə Zevin küçəsinin kəsişdiyi bağçanın yerində vaxtilə ikimərtəbəli bir bina vardı. Həmin binanı Malbaş Yusif Bakı dövlətlisi Əşrəf bəy Əsədullayevdən iki yüz min qızıl pula almışdı. Həmin binanın birinci mərtəbəsi isə kirayəyə verilmiş yaşayış evlərindən ibarət idi. Bu binadan əlavə Malbaş Yusifin Şüvəlandakı "bənd üstündə" gözəl bağı vardı. Bir vaxtlar onun bağ evi olmuş bu binanın yerində indi Şüvəlan gülçülük sovxozu yerləşir. O, bu bağı 1918-ci ildə xeyriyyəçi Əlibala Zərbəliyevin vasitəçiliyi ilə pəhləvan Şaban Baxşəliyevdən xeyli qızıl pula almışdı. Şaban Baxşəliyev Əlibala Zərbəliyevin qayınatasıydı. Birinci köhnə ittifaqın əməkdar - idman ustası, məşhur pəhləvan, Bakı Dövlət Universitetinin kafedra müdiri, mərhum Rza Baxşəliyevin babasıdır.
Bu mülklərdən əlavə Yusifin Ləhiş bağlarında da bir neçə evi olub.
Xalq arasında kasıb-kusuba əl tutan, yetim-yesirə pasiban olan bir şəxs kimi tanınan Malbaş Yusif heç vaxt üstünə gələni əliboş geri qaytarmazdı. Bundan əlavə imkansızların acınacaqlı vəziyyətinə sakit baxa bilməzmiş. Belə bir əhvalat danışırlar ki, günlərin birində Malbaş Yusif Sabunçu - Ramana mədənlərini nəzərdən keçirərkən oradakı ac-yalavac yaşayan, üst-başı yesir kökündə olan həmşəriləri görür, kefi pozulur. Ev-eşiyini atıb bir loğma çörək arxasınca düşən bu binəvaların halı onu necə mütəəssir edirsə, cibindən mauzerini çıxarıb yaxınlıqdan keçən neft kəmərini bir neçə yerdən güllələrlə deşir. Həmin deşiklərdən neft axmağa başlayır. Kənardan dayanıb məlul-məlul bu mənzərəni seyr edən həmşərilərə üzünü çevirib: "Nə gözləyirsiniz? Qab-qacaq tapıb gətirin, doldurun, aparıb satın, çörək pulu edin. Qorxmayın, nə qədər ki, mən burdayam, heç kəs sizə güldən ağır bir söz deyə bilməz. Mən başa düşə bilmirəm, axı nə üçün biz dura-dura Nobel kimi bir gəlmələr torpağımızda ağalıq etsinlər, var-yoxumuzu soyub aparsınlar. Məgər biz ölmüşük?"
Şübhəsiz ki, Malbaş Yusifin sözü qarşısında kimsə o yan-bu yan deyə bilməzdi. Onun ətrafında Əmizdərli Qoçu Baloğlan, Pirşağılı Bədəl, Hilal Nağıyev, Tuz Cabir kimi say-seçmə igidlərdən ibarət bir dəstə toplanmışdı. Bundan əlavə o, Bakı dövlətlisi Bəşir bəy Aşurbəyovla həm qohum, həm də yaxın dost idi. Belə ki, Yusifin qardaşı Kəblə İbrahimin oğlu İlyas Bəşir bəylə dost-doğma xala oğluydu. Malbaş Yusiflə Bəşir bəy Aşurbəyovun arasında böyük zarafatları olub.
Malbaş Yusif dostlarına qarşı nə qədər mehriban, sakit olsa da, düşmənlərinə qarşı o qədər qəddar idi. Dediyindən dönməyən, qorxusu-ürküsü olmayan bir adam kimi tanınmış bu adamın əsəbiləşəndə elə zəhmli baxmağı varmış ki, qarşısındakı onun bu baxışlarının altında qorxusundan özünü itirərmiş. Bu baxımdan Malbaş Yusiflə Sabunçu-Ramana tərəflərdə ad çıxarmış Qafar adlı cavan bir qoçunun arasındakı münaqişə çox maraqlıdır...
Kasıbların, yetim-yesirlərin acınacaqlı vəziyyətinə soyuqqanlı baxmağı bacarmayan, səxavətli, əliaçıq, rəhmli bir adam kimi tanınan Malbaş Yusif eyni zamanda düşmənlərinə qarşı son dərəcə amansız, barışmaz olub. Hətta bəzi məqamlarda qəddarlığa da yol verdiyi söylənilir. Onun bu xüsusiyyətinə, demək olar ki, dövrünün bütün adlı-sanlı, vurub-tutan adamlarının hamısı yaxşı bələd olduğundan, dediyindən dönməyən, ölümün gözünə də şax baxmağı bacaran qoçuyla münasibətdə həmişə ehtiyatlı olmağa çalışardılar. Görənlər belə söyləyirlər ki, hərdən qəzəblənəndə Malbaş Yusifin zəhmli baxmağı varmış.
Sabunçu-Ramana tərəflərdə ad qazanmış qoçu Qafarın arasındakı münaqişə Malbaş Yusifin bəzi xüsusiyyətləri barədə müəyyən fikir yaradır. Belə söyləyirlər ki, hələ çox gənc yaşlarından qoçu kimi ətrafda səs-küy yaratmış Qafar da qabağından yeməyən oğlanlardanmış. Lakin nə qədər qorxmaz - cəsur adam olsa da, hər halda bu tərəflərdə artıq nə vaxtdan at oynadan Malbaş Yusifin qarşısında onun başqa cür hərəkət etməyə cürəti çatmazdı.
Yolları kəsişməsə də, Qafarın bəzi xoşagəlməz əməlləri barədə xəbəri eşidən Yusif bu gənc qoçuya öz yerini tanıtmağı lazım bilir. Üz-üzə gəlməsələr də, artıq hər ikisinə, eləcə də Sabunçu-Ramana camaatına nə vaxtsa onların qarşılaşacaqları gün kimi aydın idi. Şübhəsiz ki, bu qarşılaşmanın gənc qoçu üçün çox acınacaqlı bir sonluqla bitəcəyi də məlum məsələ idi. Hər şey ilk qarşılaşmadaca həll ediləcəkdi. Aralarındakı münasibətin ən qızğın dövründə iş elə gətirir ki, Malbaş Yusifin atası Hacı Rüstəm kişi dünyasını dəyişir.
Qoçu Qafar bunun əsl ədavəti aradan götürmək imkanı olduğunu düşünərək kənd camaatına qoşulub yas mərasiminə yollanmaq istəyir. Onun bu məqsədindən xəbərdar olanlar qətiyyətlə Qafarı fikrindən daşındırmaq istəyirlər. Belə düşünmək olardı ki, məclisdə Malbaş Yusif lap qatı düşməninə qarşı başqa hərəkətə yol verməzdi. Ancaq belə deyildi. Hamı onun düşmənlərinə qarşı hansı münasibətdə olduğunu gözəl bilirdi. Elə buna görə də Qafarın bu məqsədi onun üçün ölümlə başa çata bilərdi. Lakin bütün deyilənləri qulaq ardına vuran Qafar qalxıb yas məclisinə təşrif buyurur. Qafar hüzr məclisinə daxil olanda Yusif lap yuxarı başda - mollanın yanında əyləşibmiş. Məclisdəkilər bu gözlənilməz gəlişdən heyrətə gəlirlər. Hamı ürəyində bircə şeyi düşünürdü: "Qafar öz ayağı ilə ölümünün ardınca gəlib". Malbaş Yusifin onu buradan sağ-salamat buraxacağı ağlabatan deyildi. Hətta molla da özünü itirib "Quran"ı yarımçıq saxlayır. Məclisə elə bir sükut çökür ki, milçək uçsa vızıltısı eşidilərdi. Qafar da donuxub qapının ağzındaca dayanaraq Yusifin onu necə qarşılayacağını gözləyirdi. Məclis sahibi araya düşən pərtliyi ortadan götürmək üçün yerindəncə Qafara işarə eləyib, öz yanına çağırır və oturmağa yer göstərir. Onun bu əməli ilə nə demək istədiyi məlum məsələ idi. Bura hüzr məclisi idi və gələn hər bir kəsin ürəyindəki ürəyində qalmalı idi. Düşmənçilik düşmənçilikdi, ancaq məclisdə hər şey kənara qoyulmalı idi. Qafar irəli yeriyib göstərilən yerdə əyləşir.
Məclisin axırında Yusif Qafarı öz "primotka"sına oturdub sağ-salamat Ramanaya göndərir. (Primotka iki təkərli, bir at qoşulmuş, iki nəfərlik qoşquydu. Köhnə zamanlarda hörmətli şəxslərin hamısının "primotka"ları olardı. Hətta bəzi imkanlı adamların "primotka"sı uzaqdan keçəndə belə o saat bilərdilər ki, bu filankəsə məxsusdur.)
Qafarı Malbaş Yusifə məxsus qoşquda görənlər əvvəlcə gözlərinə inana bilmirdilər.
Bu hadisədən sonra Yusiflə Qafar arasındakı ədavət dostluğa çevrilir...
Malbaş Yusif milli adət-ənənələrə əməl edən, dindar, allah yolunu saxlayan bir şəxs idi. Eyni zamanda o dünya işlərindən baş çıxaran, gözüaçıq adamdı. Rusiyanın müxtəlif şəhərlərində dəfələrlə olan Yusif yay fəsli Sabunçuda havalar isti olduğundan ailəsi ilə birlikdə Kislovodska dincəlməyə gedərmiş. Ailənin sayından asılı olmayaraq o kupeli bütöv bir vaqonun pulunu ödəyib biletlərini alardı ki, kənar şəxslər onlara mane olmasınlar. Malbaş Yusif belə Yusif idi...
Təəssüflər olsun ki, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra başqa imkanlı adamlar kimi Malbaş Yusif də təqiblərə məruz qalır. 1920-ci ilin avqust ayında o, heç bir səbəb olmadan ÇK-nın sədri "Altıbarmaq" ləqəbi ilə məşhur olan Baba Əliyevin göstərişi ilə həbs edilərək Bayıl qazamatına salınır. Bu yerdə nə qədər acınacaqlı olsa da, belə bir faktı da sizlərə çatdırmağı lazım bilirik. Görənlər belə söyləyirlər ki, həmin dövr həbs olunanlardan on bir nəfərin əlinə süpürgə verib "Dənizkənarı parkı" süpürtdürürmüşlər. Malbaş Yusif də həmin on bir nəfərin arasında idi...
Bu xəbər Yusifin böyük qardaşı Kəblə İbrahimə çatır. O, Sabunçudan Bakıya yollanır və deyilən yerə gəlib çıxaraq qardaşının əlində süpürgə yer süpürdüyünü öz gözləri ilə görür. Onu bu mənzərə dəhşətə gətirir. Lakin əlindən nə gələrdi ki... Zaman başqa zaman idi...
Kəblə İbrahim beləcə qəzəbdən boğularaq Sabunçuya qayıdır və aradan bir az keçmiş evdə ürəyi partlayır...
Malbaş Yusifin məruz qaldığı bu vəhşiliklərin ömrü çox uzun çəkmir. 1920-ci ilin sentyabr ayında o, məhkəməsiz - filansız güllələndi... Abdullayev Yusif Hacı Rüstəm oğlunun güllələnməsindən bir neçə il sonra onu və onun kimi onlarla tanınmış şəxsiyyətlərin ömrünü yarıda qırmış ÇK-nın sədri Altıbarmaq Babanın özünü də gecənin birində aparmağa gəldilər. Səs-küy salmaq istəyən ailə üzvlərini sakitləşdirməyə çalışan qaniçən: "Sakit olun, etmişik, edəcəklər" söylədi. Onun aqibəti də eyni faciə ilə bitdi. Ancaq onun günahsız yerə gedər-gəlməzə göndərdiyi adamları geri qaytarmaq mümkün deyildi...
Və Bakının mənəm kişilərindən biri, Malbaş Yusif də beləcə ömrünü faciəli bir sonluqla başa vurdu.