Peyğəmbərin izi ilə gedən polkovnik

Peyğəmbərin izi ilə gedən polkovnik
17 iyun 2014
# 07:30

Cəmahiriyyə qardaşlarının lideri - Muammər Qəzzafinin üçüncü dünyası

«Qəzzafi iki şəxsin təsiri altında formalaşıb - Məhəmməd peyğəmbər və Kamal Abdul Nasar»

Məhəmməd Həsəneyn Heyqal. «Əl-Əhrəm» qəzetinin naşiri

«Mən öz tərəfdarlarımı bütün xarici işğalçılara qarşı bu gün də, sabah da və həmişə vuruşmağa çağırıram. Biz hətta bu gün qalib gəlməsək də, gələcək nəsillərə dərs verəcəyik. Öz xalqını müdafiə etməkdən böyük şərəf yoxdur. Öz xalqını satanlar isə ən böyük xəyanətkarlardır».

Muammər Qəzzafinin vəsiyyətindən

2011-ci il oktyabrın 20-də üsyançılar tərəfindən öldürülmüş Liviya lideri Muammər Qəzzafinin, onun oğlu Mütəsim və Müdafiə naziri Əbu Bəkr Caberin meyitləri Misurat şəhərinə gətirildi və 4 gün müddətində meyitləri ticarət mərkəzindəki soyuducuda hər kəsə nümayiş etdirdilər. Oktyabrın 25-də sübh çağında cəsədləri səhraya aparıb orda gizli şəkildə basdırdılar. Liviyanı 42 il idarə etmiş polkovnik Qəzzafinin epoxası faciəvi şəkildə sona çatdı.

Liviya solçularının 23 yaşlı lideri

1969-cu ilin avqustun ortalarında Liviya kralı İdris müalicə olunmaq üçün Türkiyəyə yola düşdü. Kralın olmadığı müddətə taxta vəlihəd şahzadə vəkalət etdi. Bundan əvvəl kral ailəsini yanına almadan ölkəni tərk etməmişdi və Türkiyəyə kralın tək yola düşməsi dövlət ərkanı üçün onun tezliklə ölkəyə dönməsinin göstəricisi idi.

79 yaşlı kral İdris ölkəni tərk etmək üçün doğru zamanı seçə bilməmişdi. Uzun müddətdi ki, orduda iki ayrı qrup çevriliş etmək üçün hazırlıq içində idi. Birinci qrupa polkovnik Əbdül Əziz Şelhi rəhbərlik edirdi və yüksək çinli zabitlərin toplaşdığı bu qrup kralın ölkəni tərk etməsini fürsət bilib hərəkətə keçməyi daha doğru bilmişdi.

İkinci qrup isə «Azad Zabitlərin Yunonist-Sosialist Təşkilatı» adlanırdı. «Azad Zabitlərin Yunonist-Sosialist Təşkilatı» 1964-cü ildə Aralıq dənizi sahilində yerləşən balaca Tolmeyt qəsəbəsində 23 yaşlı gənc leytnant Muammər Qəzzafinin rəhbərliyi altında yaradılmışdı. Tolmeytdə keçirilən gənc liviyalı zabitlərin qurultayında Misir inqilabının şüarı, «Azadlıq, Sosializm, Birlik», şüarı gənc zabitlərin devizi olaraq qəbul edildi. Elə təşkilatın adı da bu şüardan götürüldü. Gənc Qəzzafi panarabist hərəkatının lideri və Misir inqilabının rəhbəri Kamal Abdul Nasarın vurğunu idi və yarım əsr boyunca bütün siyasi həyatını Nasarın ideylarının reallaşmasına sərf edəcəkdi.

Qurultayda qərara alındı ki, gənc zabitlər Liviyada çevriliş edib sosialist cəmiyyəti qurmaq üçün hərtərəfli fəaliyyətə başlasınlar. Bundan başqa qurultay gənc zabitlərin qarşısına bir neçə tələb də qoydu. Zabitlər dini qaydalara riayət etməli, çevrilişin gizliliyini təmin etmək üçün içkidən və qumardan imtina etməli və əyləncə mərkəzlərini getməməliydilər. Mərkəzi Komitə gənc zabit Muammər Qəzzafiyə xüsusi səlahiyyətlər verdi.

Qurultaydan sonra Qəzzafi ayrı-ayrı qruplar formalaşdırdı. Həmin qrupların heyətini və məqsədlərini ancaq Qəzzafi bilirdi və hər bir qrup digər qrupun fəaliyyətindən xəbərsizdi. Tezliklə hələ dünən kursant olan gənc zabitlər Liviya ordusunun bütün bölmələrində xidmətə başladılar. Onlar hər ay Qəzzafiyə hesabat verir və ondan təlimat alırdılar.

Qəzzafi X gününü gözləyir

1969-cu ilin əvvəlində artıq çevrilişi həyata keçirmək üçün hər şey hazırdı. Amma Qəzzafi tələsmirdi. O çevrilişin uğursuzluğa düçar olacağından qorxurdu. Qəzzafiyə görə uğurlu fürsəti yaradacaq X gününü gözləmək daha doğru idi. Qəzzafi çevrilişi həyata keçirmək üçün detallı plan hazırlamışdı və hər yerdə gənc zabitlər ondan gələcək siqnalı gözləyirdilər.

Çevrilişə hazırlıq hər yerdə aparılırdı və mart ayından avqustun sonuna qədər zabitlər Qəzzafidən gələcək olan siqnalı gözlədilər. Bu həddindən artıq çətindi. Çünki onların varlığı hər an ifşa oluna bilərdi və artıq polkovnik Əbdül Əziz Şelhinin rəhbərliyində çevriliş etmək istəyən və birinci qrup onların varlığından xəbərdar olmuşdu. Şelhi hətta Qəzzafinin qrupunun bəlli fəallarını xaricə təhsil almağa yollamaq üçün krala məktub belə təqdim etmişdi. Və nəhayət gözlənilən siqnal 1969-cu ilin sentyabrın 31-də verildi. Qəzzafinin gözlədiyi X günü gəlmişdi.

Qəzzafinin qansız inqilabı

Kral İdris ölkəni tərk etdikdən sonra Qəzzafiyə daxil olan məlumatlarda polkovnik Əbdül Əziz Şelhinin sentyabırın 15-də hakimiyyəti ələ keçirmək üçün hər şeyi hazırladığı bildirilirdi. Çevrilişdən sonra Liviyanın prezidenti polkovnik Əbdül Əziz Şelhinin qardaşı Ömər Şelhi olacaqdı. Kralın qardaşı oğlu vitse-prezident, polkovnik özü isə müdafiə naziri olacaqdı.

Artıq dayanmaq olmazdı. 28 yaşına dolan kapitan Muammər Qəzzafi yaxşı başa düşürdü ki, gözlənilən X günü çatıb. Ya indi, ya da heç bir zaman.

1969-cu ildə sentyabırın 1-ə keçən gecə saat 2.30-da ölkənin bütün əsgərlər kazarmalarından çıxdılar. Hərbiçilər kolon halında dövlət binalarına tərəf hərəkət edirdilər. Hər bir dəstənin qarşısına təyin olunmuş vəzifə qoyulmuşdu və bu vəzifə 4.30-a qədər icra olunmalıydı. Qəzzafi çevrilişi həyata keçirmək üçün əsgərlərə 2 saat vaxt ayırmışdı. Ən qəribəsi o idi ki, dəstə rəhbərlərindən başqa Qəzzafi haqqında heç kim eşiməmişdi və çevrilişin lideri həyata keçirdiyi çevrilişdə adi əmrə tabe bir zabit kimi hərəkət edirdi. Hətta onun daxil olduğu dəstəyə o özü yox, yaxın silahdaşı Muqareyf rəhbərlik edirdi.

Muqareyfin dəstəsinin üzərinə qoyulan vəzifə radiostansiyanı ələ keçirmək idi. Radiostansiya saat dörddə bir güllə belə atılmadan ələ keçirildi. Hər şey planlandığı kimi gedirdi. Heç bir əskiklik görünmürdü.

Səhər saatlarında Qəzzafi radiodan Liviya xalqına müraciət etdi. Sonradan tarixə «Kommuyike №1» adı ilə keçən həmin müraciəti Qəzzafi bir neçə ay əvvəl hazırlamışdı. Həmin müraciətdə Liviya Krallığı Liviya Ərəb Respublikası elan olunurdu. Artıq Liviyanı kral İdris deyil, Liviya xalqı idarə edəcəkdi.

Kral İdrisin sarayı da heç bir güllə atılmadan ələ keçirildi. Keşikçilər yatırdı və sarayın hasarını aşan 25 əsgər mühafizəçiləri çətinlik çəkmədən ələ keçirdi. Amma əsgərlər sarayda vəliəhd şahzadəni tapa bilmədilər. Sonunda ümidlərini üzüb şahzadənin kimlərsə tərəfindən saraydan çıxarıldığını düşündülər. Bu çevrilişin uğursuzluqla nəticələnməsi, Liviyada vətəndaş müharibəsinin yaranmasına səbəb ola bilərdi. Vəliəhdin xalqa və orduya müraciəti ordunu parçalayacaq, həmçinin polkovnik Şeyhinin qrupu vəliəhdə dəstək verəcəkdi.

Təcili olaraq saraya gələn və Qəzzafinin yaxın silahdaşlarından olan Həririnin qrupu axtarışları yenilədi. Nəyin bahasına olursa-olsun şahzadə ələ keçirilməliydi. Yenə də axtarış heç bir nəticə vermədi və Həriri artıq radiostansiyaya geri dönmək istərkən səhər alaqaranlığında əsgərlərdən biri təsadüfən şahzadə ilə toqquşdu. Gecənin qaranlığında sarayın çardağında gizlənən şahzadə yeni sığınacaq axtararkən əsgərlə üz-üzə gəlmişdi. Həriri yuxarı qalxıb şahzadəni həbs etdi. Bir neçə saat sonra vəliəhd şahzadə xalqa müraciət edərək taxtdan imtina etdiyini bəyan etdi.

Elə həmin gecə Liviyanın iki əsas şəhəri, Benqazi və Tripoli tam olaraq Qəzzafinin nəzarətinə keçdi.

Çevrilişin qansız başa çatmasına baxmayaraq, Qəzzafi narahatlığını gizlətmirdi. Hələ ölkənin əsas şəhərlərindən olan Beyd və Sebh şəhərlərini nəzarətə almadan çevrilişi uğurlu adlandırmaq olmazdı. Üstəlik Nazirlər Kabineti Sebh şəhərində yerləşirdi. Bundan başqa ölkədə ABŞ-ın və Britaniyanın hərbi bazaları vardı və bu hərbi bazalar öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək adı altında Liviyanın daxili işinə qarışa bilər və kral İdrisi taxtına geri qaytara bilərdilər. Qəzzafinin ilk əmrlərindən biri bütün ordu rəhbərliyinin və nazirlərin həbs edilməsi barədə oldu.

Sentyabrın 1-də Liviyada monarxiya ortadan qaldırıldı. Yeni elan olunan ərəb respublikasında müvəqqəti olaraq hakimiyyət İnqilab Komandanlığı Şurasına (İKŞ) verildi. Lakin heç kim bu Şuraya kimlərin üzv olduğunu və kimin Şuraya rəhbərlik etdiyini bilmirdi. Ölkədə çevriliş olmasına baxmayaraq Liviyada həyat öz axarı ilə davam edirdi. Sanki bu ölkədə çevriliş olmamış və monarxiya devrilməmişdi. Liviyada o qədər sakitlikdi ki, hətta bir neçə gündən sonra İKŞ böyük şəhərlərdə elan olunmuş fövqəladə vəziyyəti ləğv elədi. Hərbi hissələr öz kazarmalarına qayıtdı.

Sentyabrın 8-də Liviya özünün yeni baş naziri ilə tanış oldu. İnqilab Komandanlığı Şurasının təyin etdiyi yeni kabinetə Mahmud Süleyman əl-Məqribi başçılıq edirdi.

Ancaq sentyabrın 13-də dünya və Liviya xalqı inqilabın rəhbərinin adını ilk dəfə eşitdi. İnqilab Komandanlığı Şurasının sədri heç kimin tanımadığı Müammər Qəzzafi adlı bir gəncdi. Şuranın sədri elan olunmamışdan əvvəl Şura ona polkovnik rütbəsi vermişdi. İnqilab Komandanlığı Şurasında 11 zabit vardı və bu zabitlərin demək olar ki, hamısı Qəzzafinin yaşıdları idi.

Sentyabrın 16-da Qəzzafi Tripolidəki mitinqdə çıxış edərək yeni rejimin əsas siyasi kursunu idarə etdi.

1. Xarici hərbi bazaların Liviya ərazilərindən tam olaraq çıxarılması;

2. Tərəflərə qoşulmamaq və pozitiv bitərəflik;

3. Milli birlik;

4. Ərəb birliyinə nail olmaq;

5. Siyasi partiyaların ləğv olunması.

Liviya 28 yaşlı bir bədəvi gəncin ayaqları altına atılmışdı və bu gənc yarım əsrə yaxın qədim Liviyanı idarə edəcəkdi. Tezliklə onun hakimiyyətini bütün dünya birliyi tanıyacaq və ümidləri hər yerdən üzülən kral İdris adi Liviya vətəndaşı kimi Misirdə yaşayacaq və 1983-cü ildə burda 93 yaşında vəfat edəcəkdi.

28 yaşına dolan yeni Liviya lideri isə öz sonunu xəyal belə edə bilmirdi…

Qəzzafinin gəncliyi

Heç kimin gözləmədiyi halda Liviyada hakimiyyəti ələ keçirən 28 yaşlı Müammər Qəzzafi 1942-ci ilin 19 iyulunda Siirt şəhərindən 30 km cənubda, çöldə qurulmuş bir bədəvi çadırında dünyaya gözünü açmışdı. Qəzzafilər ərəbləşmiş bərbər tayfası olan Qəzzaf qəbiləsinə aiddilər. Buna baxmayaraq Qəzzafi həmişə özünü təmiz qanlı ərəb hesab edirdi. Bir ərəb millətçisi olaraq Qəzzafinin əsas idealı bütün ərəb dövlətlərini birləşdirmək və Ərəb Xalq Cümhuriyyəti yaratmaqdı. O üsyançı müxaliflər tərəfindən linç edildiyi günə qədər bu idealla yaşadı və dəfələrlə bu ideya naminə müxtəlif avantüralara baş vurdu.

O ailənin axırıncı və tək oğlan uşağı idi. Atası kasıb bir bədəviydi, tez-tez yaşayış yerini dəyişirdi. Elə bu üzdən də 9 yaşında məktəbə gedən Muammər 3 məktəb dəyişməyə məcbur olmuşdu. Atası daha sonralar oğlunun məktəb illərini belə xatırlayırdı: «Mənim oğluma bir künc tutmaq üçün pulum yoxdu. Ona görə də onu arxamca sürüməyə məcburdum. O məktəbə getdiyi zaman məsciddə gecələyir və istirahət günləri səhrada 30 km yolu qət edərək yanımıza gəlirdi».

Yeniyetməlik illərində Qəzzafi Misir inqilabının və panarabizm ideyasının lideri, Misir prezidenti Kamal Abdul Nasarın qızğın fanatına çevrilir. Hələ 14 yaşında Muammər siyasətə meyl etməyə başlayır. 1956-cı ildən başlayaraq Qəzzafi antiisrail mitinqlərində iştirak etməyə başlayır. 1959-cu ildə Sebh şəhərində yaradılan gizli antiisrail təşkilatının əsas aktivistlərindən biri olur. 1961-ci ildə Muammər siyasi fəaliyyətinə görə Sebh internat məktəbindən qovulur. Buna baxmayaraq Qəzzafi 1962-ci ildə Benqazi Universitetinin tarix fakültəsinə daxil olur. Universiteti leytenant rütbəsi ilə bitirən Qəzzafi Britaniyada hərbi hazırlıq keçir və bundan sonra ona kapitan rütbəsi verilir.

1964-cü ildə 23 yaşına dolan kapitan Muammər Qəzzafi «Azad Zabitlərin Yunonist-Sosialist Təşkilatı»nı yaradır. Beş ildən sonra özü yaşında olan zabitlərin süngüsü və iradəsi onu Liviyanının mütləq hakiminə çevirəcəkdi və bu mütləq hakimiyyət 40 ildən artıq davam edəcəkdi.

Qəzzafinin 3-cü dünyası - Cəmahiriyyə, ərəb sosializmi

Qahirədə nəşr olunan və ərəb dünyasının «Nyu York Tayms»ı olaraq bilinən «Əl-Əhrəm» qəzetinin baş redaktoru Məhəmməd Həsəneyn Heyqal hesab edir ki, Muammər Qəzzafini bir siyasətçi və şəxsiyyət kimi yetişdirən Məhəmməd peyğəmbər və Kamal Abdul Nasar olub.

Qəzzafinin dinə bağlılığı mili hisslər üzərində üzərində formalaşmışdı. Qəzzafiyə görə heç bir gücə sahib olmayan dağınıq ərəbləri bir icmada və bir dövlətdə birləşdirməyi bacaran Məhəmməd peyğəmbər insan gücünün fövqündə olan bir şeyi başarmışdı. Elə bu üzdən Qəzzafinin digər kumiri ərəbləri bir dövlətdə birləşdirməyə çalışan, panarabizm ideologiyasının aparıcı siması olan prezident Nasar idi.

1969-cu il sentyabırın 1-də Liviya xalqına müraciətində Qəzzafi azadlığı fərdi və mili müstəqillik kimi dəyərləndirirdi: «Azadlıq anlayışı altında biz yoxsulluğu, müstəmləkəçiliyi və torpaqlarımızda xarici qoşunların və hərbi bazaların varlığını tamamilə inkar edən fərdi və mili müstəqillik başa düşürük. Birlik anlayışı altında biz bütün ərəblərin bir ərəb hökuməti altında federal hüquqlarla birləşməsini istəyirik. Bizim sosializm anlayışımız isə islam sosializmidir. Biz müsəlmanıq. Biz Quranın buyruqlarına tabeyik və ona görə də özəl mülkiyyət hüququnu və varislik haqqını danmırıq. Mili kapital sahiblərinin əlində qalacaq və eyni zamanda yoxsulluq ortadan qaldırılacaq, ölkənin inkişafı naminə mili kapital daha da stimullaşdırılacaq».

Qəzzafinin irəli sürdüyü sosializm marksizm-leninizm ideologiyasından tamamilə fərqliydi. Liviya liderinin sosializmi islam dəyərləri üzərində formalaşmışdı və Qəzzafi yeni sosializmi «Üçüncü dünya teoriyası» adlanırdı. Qəzzafinin sosializmi Əli Şəriətinin «qırmızı islam» teoriyasından çox ax fərqlənsə də, Şəriətinin islam sosializmindən daha yumşaq və daha çox mili xarakterli idi.

Qəzzafi ideya adamı idi və demək olar ki, bütün ömrünü ideya adamı olaraq yaşadı. Onun ən böyük səhvlərindən biri də, hakimiyyətdə olduğu 40 ildən artıq müddətdə dünyanın gəlişinə-gedişinə görə tarazlığını ortaya qoymaması, daha doğrusu qoymaq istəməməsi idi. Qəzzafinin problemi ərəb millətinin problemi olmaqla yanaşı, insanlığın problemi idi. Ona görə də Qəzzafi göydən yerə enərkən ayaqları altında möhkəm heç nə tapa bilmədi.

«Üçüncü dünya teoriyası»nin məqsədi əsil xalq hakimiyyətini yaratmaq idi. Qəzzafinin xalq hakimiyyəti adına yaratdığı Cəmahiriyyə sistemi əslində islam icma sistemi idi və bu sistem özünün mürəkkəbliyi və çatışmamazlığı ilə antik demokratiyanı xatırladırdı. Qəzzafinin formalaşdırdığı Liviyada ali hakimiyyət orqanı ərazi prinsipinə uyğun olaraq Yerli Xalq Toplantıları hesab olunurdu. Bu toplantılarda Liviyanın bütün problemləri müzakirə olunurdu. Bəzən qərar qəbul etmək üçün həftələrlə, aylarla vaxt sərf olunurdu. Üstəlik yerli YXT-lər Liviyanın ümummilli problemlərini tam olaraq dər etmir və daha çox regional maraqlardan çıxış edirdilər. Bu isə Ali Hakimiyyətin parçalanmasına və vaxtında gərəkli qərarların qəbul olunmasına problemlər yaradırdı.

Qəzzafi demək olar ki, bu müzakirələrə qarışmır və müdaxilə etmirdi. Yalnız ona müraciət olunduğu zaman, Qəzzafi inqilabın lideri sifəti ilə qərarlar verirdi. O bütün dövlət postlarından imtina etmişdi. O Liviya inqilabının lideri, liviyalıların qardaşı və Liviya silahlı qüvvələrinin Ali Baş Komandanı idi.

Qəzzafi çox inanclı bir adamdı və mühüm məsələlər qəbul edərkən səhrada çadır qurur, orda tək yaşayaraq Allahdan çıxış yolu istəyir və özüylə məsləhətləşirdi. O bununla həmçinin Məhəmməd peyğəmbərin izi ilə getdiyini göstərirdi.

İqtisadi sahədə Qəzzafinin Cəmahiriyyə sosializmi tərəfdaşlıq prinsipi əsasında qurulmuşdu. Bu sistemdə muzdlu işçi yox idi. Hər kəsin çalışdığı müəssisədə öz payı vardı və bu pay 3 faizdən artıq ola bilməzdi. Amma bu sistem Liviya iqtisadiyyatının çox cüzi hissəsində tətbiq olunmuşdu. Neft sektorunda bu sistem tətbiq olunmamışdı və neft Liviya xalqının ümummilli sərvəti hesab olunurdu.

Liviyada benzin sudan ucuz qiymətə satılırdı. Qəzzafi xarici şirkətləri ölkədən qovduqdan sonra neft ehtiyatlarını milliləşdirmiş və Neft Liviya xalqının sərvəti elan olunmuşdu. Neftdən əldə olunan gəliri müəyyən hissəsi xalqa ayrılsa da, neft pulları əsasən yolların çəkilməsinə, yaşayış evlərinin tikintisinə, təhsilə, səhiyyəyə Liviyada sənaye infrastrukturunun yaradılmasına sərf olunurdu.

Liviyada xalq hakimiyyəti elan edən Cəmahiriyyə qardaşlarının lideri tamamilə sosial təmayüllü dövlət yaratmağa çalışırdı. Kral dönəmində Liviyanın 75 faizi savadsız idisə, Qəzzafinin hakimiyyətinin sonunda demək olar ki, savadsızlıq Liviyada ortadan tamamilə qaldırılmışdı. Liviyanın bütün əhalisi isə dövlət tərəfindən verilən evlə təmin olunmuşdu. Hökumət hər bir evlənən şəxsə ev almaq üçün 60 min dollar verir, hər doğulan uşağın hesabına 7 min dollar keçirilirdi. Qəzzafi səhiyyənin inkişafını ümummilli məsələ olaraq görürdü və tikdirdiyi xəstəxanaların hesabına Liviyada uşaq ölümü dünya səviyyəsində minimuma endirilmişdi.

Qəzzafinin ən böyük iqtisadi layihəsi isə dünyanın 8-ci möcüzəsi hesab olunan «Əllə çəkilən böyük çay» layihəsi idi. Nubiyadakı yer altı çaydan çəkilən su kəməri bütün Liviyanın, həmçinin səhradakı kiçik yaşayış məskənlərini su ilə təchiz edirdi. Böyük süni çay həm Liviyanını şəhərlərinin və yaşayış məskənlərinin suya olan ehtiyacını qarşılamaqla yanaşı, həmçinin 160 min hektar ərazinin suvarılmasında və Liviyanın kəndə təsərrüfatının inkişafında önəmli rol oynadı.

Həmçinin Liviyada bank sektoru, digər maliyyə və iqtisadi sektorlar özəl sektor olaraq fəaliyyət göstərirdi. Qəzzafi özəl sektoru iqtisadiyyatda böhranın qarşısını almaq üçün vacib şərt olaraq dəyərləndirirdi.

Ardı var…

# 6741 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #