Kulis.az Azad Yaşarın tərcüməsində "New York Times Magazine" jurnalının materialları əsasında hazırlanmış “Kafkanın son prosesi” məqaləsini təqdim edir.
Frans Kafka 1924-cü ildə Praqada keçinəndə onun mənzilində tapılan bir məktubda deyilirdi:
“Əzizim Maks! Səndən son xahişim budur ki, qoyub getdiyim hər şeyi – gündəlikləri, əlyazmaları, məktubları və eskizləri (qaralama rəsmləri – A.Y.) oxumadan yandırasan”.
Bu məktubu o, ən yaxın dostu sayılan Maks Broda ünvanlamışdı.
1. Dostlar
1909-cu ildə tanış olanda hər ikisi universitetin hüquq fakültəsində təhsil alırdı. Brodun “Şopenhauerin tale fəlsəfəsinin gələcəyi” mövzusunda hazırladığı mühazirəni dinləyəndə Kafkaya elə gəldi ki, Brod müzakirəyə çıxartdığı bu filosofa hədsiz sərt yanaşır və belə bir qənaətə gəlməsi Kafkanın əvvəllər Nitşenin bəzi əsərlərini oxuması idi. Mühazirədən sonra gənclərin başı mübahisəyə qarışdı və bir də baxdılar ki, piyada şəhərin o biri başına gəlib çıxıblar. Aralarındakı uzunömürlü dostluğun təməli də elə həmin gəzinti zamanı qoyuldu. Münasibətlərinin başlanğıc dönəmində aralarında xeyli anlaşmazlıq da yaşadılar.
Kafka məktublarından birində Broda yazırdı: “Səninlə danışanda adi saydığımız sözlər nədənsə sərtləşir, bu isə mənə kələ-kötür səki ilə yeriməyi xatırladır, buna görə də biz ya bir-birimizi heç anlamırıq, ya da dolayırıq”.
Hələ o vaxtlar Kafka, sonralar özünün də dediyi kimi, “Xanaana yaxın səhradakı”, “yol kənarındakı” həyat tərzini özünə yaraşdırmışdı. O, özündən güclü, daha dəyanətli, dözümlü bir yoldaşa ehtiyac duyurdu. Odur ki, onun “küçəyə (dünyaya) açılan pəncərəsi” rolunu Brod oynamağa başlayır.
Fransın nələrsə yazdığını Maks uzun müddət bilməsə də, tanışlıqlarının ilk çağlarından etibarən dostunun dilindən qopan bütün orijinal deyimləri kağızlara köçürmüşdü. 1905-ci ildə Kafka ona “Bir mübarizənin təsviri” adlı əsərini göstərir və Brod bu əlyazmanı alıb özündə saxlayır və bu yolla onu qaçılmaz məhvdən qoruyur, çünki Kafka öz əsərlərinin böyük əksəriyyətini yandırırmış. Bəlkə də Kafkanın əsərlərini geniş ictimaiyyətə tanıtmaq fikrinə və bu işi öz həyatının başlıca missiyasına çevirmək niyyətinə də Brod hələ o zamanlar düşmüşdü.
Dostlar arasında böyük fərqlər vardı. Brod – tipik ekstravert idi, hər şeyə maraq göstərirdi, fəal biriydi, həmişə bir işlə, ideya ilə məşğul idi. Kafka isə melanxolik, astagəl, daim özündən narazı tip idi, odur ki, vaxtaşırı depressiyalara qapılırdı. Uşaqlıqdan bəri öz səhhətinə, əyin-başının səliqəsinə, şəxsi təmizliyinə düşkün idi. Vegetarian yaşam tərzinə uyurdu, qidanın ağızda səbirlə çeynənməsinə xüsusi diqqət göstərirdi. Xalq təbabətinə hədsiz dərəcədə inanan bu adam qadınlarla məhrəm münasibətlərdən yaman əziyyət çəkirdi. Qərar qəbul edərkən həmişə tərəddüd keçirirdi, özünü uğursuz biri sayırdı.
Sığorta şirkətindəki zəhlətökən iş şəraitinə illər boyu qatlaşandan sonra, ən nəhayət, o, özündə cürət tapıb, ata-anasına açıq şəkildə demişdi ki, Berlinə yollanır, orada yazı-pozu işiylə özünə çörəkpulu qazanacaq. Ancaq taleyin gərdişindən o, bu qərara gələndən bir həftə sonra Birinci Dünya savaşı başlanır və Kafka Praqanı tərk edə bilmir. 1917-ci ildə ona vərəm diaqnozu qoyulur. 1921-ci ildə o, dostu Broda ünvanlanan vəsiyyət məktubunda yazır ki, özündən sonra qoyduğu bütün kağız-kuğuzu od vurub, yandırsın. Maks da təcili qaydada ona yazdığı cavab məktubunda bildirir ki, buna heç vaxt əli gəlməz.
1925-ci ildə Kafka Polşa əsilli yəhudi qadın Dora Diamant ilə tanış olur. Bu xanım qaçqın kimi Berlində özünə sığınacaq tapıbmış.
Sonralar Brod xatirələrində yazırdı:
“Onlar bir-birlərinə elə uyurdular ki! Dora iudaizm dininin bütün ənənələrindən xəbərdar idi, bu isə Kafkanın yaradıcılığı üçün tükənməz ilham qaynağıydı. Hələlik Qərb mədəniyyətinin bir çox nailiyyətlərindən xəbərsiz olan bu xanım isə öz növbəsində bilmədiklərini Kafkadan öyrənirdi. Aralarında qarşılıqlı bilgi paylaşımı və mənəvi zənginləşmə prosesi gedirdi. O ara Dora Fransın sonsuz xəyal gücünün qəribəliklərinə də böyük heyranlıq və sayğı duyurdu”.
Bütün həyatı boyu Berlinə köçmək arzusuyla yaşayan Kafka ən qısa zamanda bu istəyinə qovuşur. Ancaq Berlinə köçməsiylə onun onsuz da zəif olan sağlamlığı lap sarsılır. Broda yazdığı məktublarda Kafka vaxtaşırı qızdırmaların yaxasını buraxmadığından şikayətlənsə də, digər tərəfdən ürəkaçıqlığıyla bildirirdi ki, qorxudan-hürküdən uzaq, könülrahatlığıyla dolu günlər yaşayır, ən nəhayət, “çarəsizlik divarını aşa bilib”.
1924-cü ilin yazında yazarın sağlamlığı qəfildən pozulur və Brod əziz dostunu əvvəlcə Praqaya, sonra isə Klosternoyburq (Avstriya) şəhəri yaxınlığındakı sanatoriyaya aparır. Ömrünün son günlərində yeməkdən-içməkdən kəsilən Kafka “Ac sənətçi” adlı hekayələr toplusunun redaktəsi ilə vaxt keçirir. Son kərə Brod ilə mayın 12-də görüşür, iyunun 3-də isə vəfat edir.
2. Missiya
Praqada çıxan qəzetdəki nekroloqu hesaba qatmasaq, Frans Kafkanın ölümü ədəbi aləmdə, demək olar ki, heç sezilmir. Ancaq aradan heç bir il ötməmiş Maks Brod “Proses” romanını çap etdirməklə Kafkanı gələcək nəsillərin sevimli yazarına çevirdi. Əlbəttə, bunu etməklə o, dostunun son xahişini yerə saldı, ancaq buna əməl etməyəcəyini vaxtilə Kafkanın özünə də söyləmişdi. Bir müddət sonra Brod dostunun işıq üzü görməyən romanlarının nəşri barədə naşirlərlə anlaşma imzaladı. Beləcə, 1926-cı ildə “Qəsr”, sonrakı il isə “Amerika” romanı oxucuların ixtiyarına verildi.
Kafkanın arxivini M.Brod Yerusəlimdəki (Qüdsdəki – A.Y.) Yəhudi Universitetinin kitabxanasına təhvil verməyi planlaşdırmışdı, çünki həmin universitetin rektoru Frans ilə Maksın ortaq dostu idi. Lakin onun bu niyyəti heç cür baş tutmadı.
1937-ci ildə Brod Kafkanın bioqrafiyasını qələmə alır. Bu əsərdə o, Fransın həyat və yaradıcılığı barədə detallarla kifayətlənmir, onun əsərlərinin başlıca mövzusunun “dindar və didərgin Avropa yəhudilərinin taleyi”, Kafkanın özünün isə bu “icmanın əzabkeş müqəddəsi” olmasa da, “müqəddəsliyə üz tutan biri” olduğunu vurğulamışdı. Ədəbi dairələrdə bu bioqrafiya sən deyən rəğbət görmədi, ortaq rəy belə oldu ki, “müəllif Kafkanın həyat və yaradıcılığının dərinləməsinə anlamaqda aciz qalıb”.
1939-cu ildə Frans Kafkanın əlyazmalarıyla dolu çamadanla birlikdə Maks Brod Çexiyanı tərk edir və bundan cəmi beş dəqiqə sonra faşistlər Çexiya sərhədində giriş-çıxışı yasaqlayırlar. O həmin çamadanla Fələstinə üz tutur. Sonrakı onilliklər boyu sözügedən çamadandakı əlyazmalar neçə-neçə hüquqi mübahisənin və ictimai müzakirələrin hədəfinə çevrildi. Bu dartışmalar hələ də səngiməyib.
Fələstinə gələn Brod həm əziz dostunu, həm də Avropasını itirmişdi. Həyatının yeganə mənası – Kafka irsini qoruyub-saxlamaq idi. O, xatirələrində yazırdı: “Onunla 22 il hər hansı umu-küsü olmadan dostluq elədik və o illər boyu mən onun qələmindən çıxan heç bir vərəqi, hətta təbrik kartını da atmağa qıymadım”.
Kafkanın əsərlərinin bütün bəşəriyyət üçün misilsiz əhəmiyyətə malik olduğuna Brod heç vaxt və zərrəcə şübhə bəsləməyib: “Əgər bəşəriyyət Kafkaya və onun əsərlərinə gərəkli qiyməti verə bilsə, onda dünyanın gərdişi tamamilə fərqli şəkil alar”.
1941-ci ildə Maks Brod Fələstinə gəlişinin başlıca qayəsini yerli qəzetlərdən birinə belə açıqlayır: “Dostumun nakam arzularını gerçəkliyə çevirmək və onun qədəm basmağı arzuladığı, ancaq bunu bacarmadığı tarixi vətənimizə dönmək”. Brodun etirafına görə, xəstəliyi və qəfil ölümü onun bu istəyini reallaşdırmasına mane oldu. Fələstində Brod yazarın pərəstişkarlarını başına toplayaraq, “Kafka Arxivi”ni və “Kafka klubu”nu yaradır. O, inanırdı ki, qaniçən Adolf Hitlerin özbaşınalıqları, varvarlığı bitəndən sonra Kafkanın əsərlərində qələmə aldığına uyğun humanizm və dinc quruculuq dövrü başlanacaq.
Əslinə qalanda Kafkanın ümumilikdə sionizmə və yəhudi mədəniyyətinə yanaşması iki cür idi. Hələ gənclik illərində Fransı Yəhudi Milli Hərəkatının sıralarına cəlb eləməyə çalışmışdı və hər dəfə bu təkliflər onsuz da dəymədüşər münasibətlərini sarsıtmışdı. Hərçənd zaman keçdikcə Kafka bu ideologiyaya maraq duymağa başladı. Hətta 1912-ci ildə o, nişanlısı Felisiya Bauerlə birlikdə Fələstinə səyahət etməyi də planlaşdırırmış. 1918-ci ildə isə o, ilkin kibuçu (XX əsrin əvvəllərində dünyanın müxtəlif ölkələrindən öz tarixi vətənlərinə dönən yəhudilərin qurduğu kənd təsərrüfatı kommunasıdır. Bütün mal-mülkün ortaq, çəkilən zəhmətin və istehlakın (tükətimin) bərabər olduğu kibuç, bir növ SSRİ dövründə mövcud olan kolxoz kimi, birgə yaşayış qurumu və ya birliyi imiş – A.Y.) necə təsəvvür etdiyini də qələmə alır: orada məskunlaşanlar sadəcə çörək, su və xurma ilə keçinirmişlər. Fələstinə səyahət ideyasını gerçəkləşdirmək tamamilə imkansız görünəndə Kafkanın içində bu istək daha da alovlanırmış.
1921-ci ildə o, ivrit dilini öyrənməyə başlayır. Ona bu dərsləri verən müəllimə deyirmiş ki: “Kafka ölüm ayağında olduğunu yaxşı bilirdi və bu dərsləri bir növ “möcüzəli müalicə” kimi alırdı”.
Şəxsən Brodun nəzərində Kafka – alayarımçıq sionist idi. Bununla bağlı ictimai fikir isə xeyli fərqli idi. Bir çox avropalı araşdırmaçı (xüsusilə də Kafkanın görkəmli bioqraflarından Rayner Ştax) yazarın sırf sionist və ya dindar yazar kimi təqdim olunmasına qarşı çıxır. O, yazır: “Əsərlərində yəhudiliklə bağlı bəlli məqamların təsviri, Brodun iddia elədiyi kimi, Kafkanı yəhudi ədəbiyyatının başlıca simasına çevirmir. Kafkanın əsərləri daha çox çağdaş Avropa ədəbiyyatının kontekstindən çıxış etməkdədir”.
3. Katibə
Tel-Əviv şəhərində məskunlaşandan sonra Maks Brod ivrit dili kurslarında ailəsiylə Praqadan buraya köçməyə məcbur qalan Otto Hoffe ilə tanış olur və onunla dostlaşır. 1942-ci ildə Brodun xanımı vəfat edir. Dostu Ottonun xanımı Ester yazı-pozu işlərində kömək etmək məqsədiylə Maksın mənzilindəki kiçik ofisdə katibə kimi işə başlayır. Brodun yazılarını makinada yığan və redaktə edən bu xanımı Maks “assistentim” adlandırırmış, onlar birlikdə teatr tamaşalarına, hətta İsveçrə kurortlarında dincəlməyə də gedirmişlər. Maksla Esterin aşiq-məşuq olduğuna dair şayiələri yaxın buraxmayan qadın deyirmiş ki: “ O, bizim ailə dostumuzdur, biz onunla birevli kimiyik”. Esterin qızı Eva da anasının adını təmizə çıxartmaq üçün Maksla anası arasındakı bağlılığın cismən deyil, mənən olduğunu iddia edirmiş.
1968-ci ilə, yəni Brod vəfat edənə kimi, Kafkanın arxivi Maksa məxsus olub, sonra isə Esterin himayəsinə keçib. Hələ 1952-ci ildə imzaladığı sənəddə o, öz hüquqlarının Esterə ötürülməsi faktını təsdiqləyibmiş. 1961-ci il tarixli vəsiyyətnaməsində isə o, Ester Hoffeni öz son iradəsinin “yeganə icraçısı” adlandırıb. Lakin sənəddə əlyazmaların saxlanması barədə dəqiq fikir açıqlamayıb, vəsiyyətnamə sahibi sadəcə İsrailin bir neçə kitabxanasının adını sadalayıb. Brod yazırdı:
“Mənim ölümümdən sonra Kafkanın arxivinin harada saxlanacağına dair qərarı Ester verəcəkdir”.
Son dərəcə qapalı biri kimi tanınan Ester Hoffe isə Kafka irsinin ciddi araşdırmaçıları da daxil olmaqla, heç kəsi bu arxivə yaxın qoymurmuş. Qadının Spinoza küçəsindəki mənzilində arxivin cüzi bir hissəsi saxlanılırmış, əlyazmaların böyük qismi hələ M.Brodun sağlığında İsrailin və İsveçrənin banklarındakı şəxsi seyflərdə yerləşdirilibmiş.
Bununla belə, Kafka ilə bağlı ayrı-ayrı sənədlər vaxtaşırı auksionlarda peyda olurdu. Təkcə 1974-cü ildə Kafkanın Broda ünvanladığı 22 məktub və 10 təbrik kartı auksionda 90.000 markaya (46.000 avroya) satılmışdı. Bir il sonra Kafkanın Felisiya Bauerə yazdığı məktublar da eyni şəkildə satışa çıxarıldı.
1988-ci ildə Kafkanın “Proses” romanının Parisdə keçirilən bir sərgidə nümayiş olunmasından imtina edən Ester Hoffe qərarını onunla əsaslandırmışdı ki, bununla bağlı şəxsən Fransa prezidenti ona telefonla müraciət etməliymiş. Çox keçmədən məlum oldu ki, o, “Proses”in əlyazmasını “Sothebys” auksionuna çıxarıb və Marbaxdakı Alman Ədəbiyyatı Arxivi 3,5 milyon marka (1,8 milyon avro) ödəməklə, bu nadir əlyazmaya yiyələnib. Məşhur amerikan yazarı Filip Rot Ester Hoffenin bu davranışını “Kafka kinayəsinə layiq incəlik” adlandırmış və bunu onunla əsaslandırmışdı ki, əvvəla, əsərlərini alman dilində yazsa da, Kafka milliyyətcə alman olmayıb, ikincisi, onun doğma bacıları nasist ölüm düşərgələrində qətlə yetiriliblər.
Alman nəşriyyatı “Artemis & Winkler” ilə münasibətlərində Ester daha böyük hərislik sərgiləyib. Anlaşmaya əsasən o, M.Brodun bütün gündəliklərinin çap hüquqlarını bu nəşrlər evinə versə də, gündəliklərin orijinallarını, hətta beşrəqəmli məbləği alandan sonra da, qarşı tərəfə təhvil verməyib.
Sonralar Brodun bu keçmiş katibəsi Kafka arxivinin və Broda aid əşyaların bütünlüklə Marbaxda nümayiş olunması barədə danışıqlara başlasa da, əcəl buna macal verməyib. 102 yaşında dünyadan köçdüyü vaxt Ester Hoffenin sərvəti təqribən 1 milyon avro imiş və bütün bu varidat sırf Kafkanın bənzərsiz istedadı sayəsində qazanılmışdı.
(ardı var)