Hersoginyanın sevgilisinin “keçi” qərarı

Hersoginyanın sevgilisinin “keçi” qərarı
3 oktyabr 2014
# 10:35

Məşhur ispan yazarı Kamilo Xose Sela (11.05.1916 - 17.01.2002) roman, hekayə, şeir, esse və sözlük müəllifidir. Bu misilsiz söz ustadı 1989-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Kulis.Az Kamilo Xose Selanın “Bütün günah keçilərdəymiş” hekayəsini təqdim edir.

Əyalətin keçmiş paytaxtının elmi-ədəbi cəmiyyəti saat beş üçün tam tərkibdə toplanmışdı. Nunyes de Arsenin və don Ramon de Kampoamorun köhnə dostu, ədəbiyyat nəzəriyyəsi üzrə professor Don Servando gövdəsinin dörddə üç qismiylə kreslonun kürəkliyinə yayxanmışdı. Tronkoso notariat idarəsinin ütük katibi don Manuel isə, hər axşam olduğu kimi, gecənin gözdeşən zülməti barədə özünün bəlağət dolu fikirlərini səsləndirməkdəydi.

Neçə illərdən bəri bu cəmiyyətin üzvləri sözügedən işarətləri intizarla gözləyirdi ki, bağlı qapılar ardında keçən öz toplantısını açıq elan eləsin. Cəmiyyətin bu mühafizəkar və hədsiz ehtiyatlı üzvləri, hər şeyə rəğmən, ölkədə məntiqli inkişafın tərəfdarı sayılırdılar, buna görə də öz adət və davranışlarını da günbəgün cilalamaqdan qalmırdılar: səssizcə siqaretlərini tüstülədir, vərəqlədikləri "Le Tarde" qəzetinin səhifələrində başsağlıqlarına göz atır, adama bir-iki fincan qəhvə içirdilər. Bütün üzvlər toplaşmayana qədər heç kəs söz alıb, danışmağa can atmırdı. İllər uzunu, həm də müzakirəsiz-filansız qəbul olunan bu mübarək qaydanı dünyada heç kəs, həm də heç bir səbəbdən pozmağa cürət eləməzdi.

Toplantılarda adətən ölkənin iqtisadi-siyasi həyatı ilə bağlı ciddi məsələlər müzakirəyə çıxarılırdı və çox nadir hallarda, məsələn, sırf məzələnmək xatirinə, XII Alfonsun məşuqələri və ya torero Matsantininin ağlasığmaz çevikliyindən söz salınırdı.

Adətən söhbəti hamıdan axırda gələn don Servando qızışdırardı. Bu gün professor öz açıqlamalarına təzəcə başladığı bir vaxtda hamının "pırpızlı" ləqəbiylə tanıdığı don Daniel əlinin hərəkətiylə ona "dur!" işarəti verdi və eyni vaxtda bu yolla sanki ondan söz istədi:

- Senyorlar, məni həmişə narahat eləyən bir məsələni ömrüm boyu araşdırmağa çalışmışam. Dünən axşam mən, ən nəhayət, həmin problemin məğzini anladım və əgər belə demək mümkünsə, onun həlli yolunu tapdım. İzn versəydiniz, indi…

Bu don Daniel yaşlı-başlı, saç-saqqal basmış bir həkim idi və respublikaçı federalistlərdən sayırdı özünü. Deyilənlərə görə, cavan ikən o, saraydakı ötkəm bir hersoginya ilə sevişirmiş. Bu qadın zəhləsini tökməyə başlayanda o, bu fikrini həmin cuvanəzənin dik gözünün içinə söyləyib. Bundan cin atına minən qadın sulfat turşusu ilə dolu şüşəni sevgilisinin üzünə sıçratdığından cavan oğlanın boynunda və çənəsində ürəkbulandıran yanıq izləri yaranıb. Bu şayiənin nə dərəcədə doğru olduğunu iddia eləmək çətindir, çünki indi don Danielin boyun-boğazı və çənəsi saqqalının altda görünməz olubdur.

Cəmiyyət üzvləri işarətlə ona qulaq kəsildiklərini bildirdilər və həyəcandan səsi xırıldayan don Daniel öz fikirlərini açıqlamağa başladı:

- Senyorlar, ölkə iqtisadiyyatı aşkar bir təhlükə ilə üz-üzədir. Bu, yeni bir bəla olmadığından ahu-zar eləmək yox, buna hansısa çözüm tapmaq lazımdır. Sözü uzatmayacağam, mənim tapdığım və iqtidardan tələb etməmiz gərəkən yeganə çözümü beş-on cümlədə sizlərə çatdırmağı umuram: dostlar, heç bir tərəddüd hissinə qapılmadan biz… İspaniyadakı bütün keçilərin kökünü kəsməliyik. Rahat yaşamağı umuruqsa, bəli, keçiləri qırmalıyıq. Senyorlar, düzdür, İspaniyada həyat səviyyəsinin aşağı olması sənayenin yoxluğundan irəli gəlir. Əgər xarici ölkələrə, yəni sənayesini yüksək səviyyədə inkişaf etdirən İngiltərə, Prussiya və Fransa kimi ölkələrə diqqət yetirsək, görərik ki, oralarda əhalinin həyat səviyyəsi görünməmiş dərəcədə yaxşıdır.

Senyorlar, indi sizlərdən xəbər alıram: bəs İspaniyada sənaye niyə inkişaf eləməyib, axı? Cavabı siz məndən də yaxşı bilirsiniz: ispanlar tənbəl olduqlarından sənayeləri də inkişaf eləməyib. İndi nə bilək: ispanlar həqiqətən tənbəldir, yoxsa onları olan-qalan işləmək həvəsindən də salıblar? Bu məsələ üzərində mən uzun illər baş sındırmışam və gəldiyim qənaətləri, bir qədər qarma-qarışıq şəkildə olsa da, ilk növbədə sizlərlə paylaşacağam. Gəlin, səmimi etiraf eləyək: ispanlar işləməyə ona görə həvəs duymurlar ki, millət var-yoxdan çıxıb artıq. Heç şübhəniz olmasın, açıqlayacağım tezislər tamamilə konstruktiv xarakterlidir. Mənim qədim və nəcib xalqım görəsən niyə bugünkü müflis kökə düşüb, axı? Ona görə ki, biz ət yemirik.

Əziz dostlar, ispan xalqının ət yeməməsinin səbəbi isə, ölkəmiz barədə formalaşan qənaətlərə rəğmən, İspaniyanın heyvandarlıq ölkəsi olmamasıdır. Heç bilirsiniz niyə? Cavab xeyli bəsitdir. Məhz otlaq ərazilərin yoxluğundan İspaniya heyvandarlıq ölkəsinə çevrilə bilmir. Şimal sahillərdəki bəzi əraziləri çıxsaq, İspaniyadakı otlaqlar ya yanıb, ya da həmişəlik yoxa çıxıb. Bəs bu bəlaya bir əncam varmı?

Məncə, var. Gəlin, səbəbləri araşdıraq: ölkəmizdə otlaqların yoxluğu yağış yağmamasının nəticəsidir. Sual oluna bilər: Tanrının lütfü, neməti sayılan yağışın bizim torpaqlara əta olunmaması bəyəm sırf biz ispanların təqsiridir ki? Səbəb sadədir: əkinlərimiz ona görə yağış suyuna həsrətdir ki, bizdə meşələr də yox dərəcəsindədir. Buna bir çarə qılmaqdan ötrü isə hökumətimiz təcili tədbirlər görməlidir. İspaniyada meşələrin yoxluğuna gələndə isə… Elə ki torpağın qoynunda bircə dənə toxum cücərir, ondan xırda bir ağac əmələ gəlir və günəşə tərəf boy atmaq istəyir, elə həmin an böyürdən bir keçi çıxıb, onu "happ!" eləyib, yeyir. Əgər millət olaraq çiçəklənmək və inkişaf etmək istəyiriksə, biz mütləq keçilərin kökünü kəsməliyik! Başqa çıxış yolumuz yoxdur.

Don Daniel başını taqətsiz halda köksünə tərəf əydi. İllərini verdiyi fikirləri tam açıqlamışdı artıq!

O axşam dostları onu bir ayrı rəğbətlə süzməkdəydilər…

# 3652 dəfə oxunub

Müəllifin son yazıları

# # #