Ata ilə oğulun təzək davası

Ata ilə oğulun təzək davası
29 noyabr 2013
# 12:40

Kulis.Az Azad Yaşarın tərcüməsində türkiyəl yazıçısı Dursun Akçamın “Təzək payı” hekayəsini təqdim edir.

Yavan çörək boğazında ilişib qaldı. Köksünü yumruqlasa da, loxma aşağı enmədi. Qızı bir parç su gətirdi. İlo suyu başına çəkdi, birnəfəsə içdi. Loxma sinəsini yara-yara getdi. Gözləri yaşarmışdı. Sandı ki, uşaqlar ona gülür. Halbuki onlar buna öyrəncəliydilər: birinin tikəsi boğazında qalcaq, o biri heç deyilməsə də, qaçar, su çatdırardı ona. Ancaq yenə də İlo xəcalət çəkdi.

Əsl utanacaq insan İlonun atasıydı. Yeddi adamı - beş uşağı və bir cüt ər-arvadı - bir-birindən ayrı salmış, atıb getmişdi o. Dörd inəkdən bircəciyini də qıymamışdı oğluna. Su ilə çörək ümidinə qalmışdılar indi. Zatən atasında utanmaq deyə bir şey olsaydı, rəhmətlik anasının qırxı çıxmamış "qırx kişinin artığı" sayılan bir arvadla evlənməzdi. Həm də molladan kəbin kəsdirəndən bir gün sonra inəklərini də yığıb o qadınla yaylağa getməzdi. Son iki ayda bir küpə yoğurt da göndərməmişdi balalarına. Yəqin yaylaqda südü də, yağı da, yoğurdu da o "qırx kişinin artığı" təzə arvadına yedirirdi.

Kənddə qalan çoluq-cocuğun boğazı üzülmüş, üzləri kül rəngi almışdı. Analarına qalsa, elə o da çör-çöpə dönmüşdü. Elə bil kişi ata yox, Osmanlı töycüsü (töycü yığanı – A.Y.) idi! Ondan bir soruşan lazım idi ki, o inəkləri, öküzləri kim bəsləyib indiyəcən? Yeddi yaşından ta qırx yaşına qədər ömrü-günü el qapılarında keçmişdi. Neçə-neçə ağanın qəhrinə qatlaşmışdı!... Pal-paltarını aylarca əynindən çıxartmadığı vaxtlar olmuşdu, tumanbağısının arasında qalan toxumların cücərdiyini neçə kərə öz gözləriylə görmüşdü. Amma “Öz evimizdir, öz atamdır" deyə, qazandığı torba-torba taxılı, quruş-quruş pulu ona vermişdi. İndi isə həmin ata bir nökər kimi qolundan tutub, bayıra atmışdı onu.

Balaca oğlan qapını çırparaq, içəri girdi:

- Ata, babam yaylaqdan geri dönüb!

- Cəhənnəmə-gora dönsün!

İndicə çölə çıxıb, atasını hər barədə yaxşıca sorğu-suala tutmalı və: "Yediklərin heç canına sindimi?" - deməliydi əslində.

"Ata haqqı – Tanrı haqqıymış!.." Bu mollalar da yalan-palan şeylər danışırmışlar. Haqq yeyənin haradan haqqı olacaq ki?! Onda bəs onun özünün haqqı, balalarının haqqı haraya getdi?! "Haqq-hesab dəyirmanda olurmuş!" "Buna sözüm yoxdur".

Ancaq haqqın harada olduğunu indi atasına yaxşıca başa salacaqdı.

İlo dörd qardaşın böyüyü idi. İlk illər o biri qardaşlarının yükü də İlonun çiyinlərindəydi. Çalışıb-çapalayıb, onları saxlayırdı. Elə ki, onların da əlləri iş tutmağa başladı, hamısı İlonu unutdu, onun bütün yaxşılıqları unudulub getdi. Qazandıqlarından ona heçcə nə vermirdilər. Ancaq yenə də İlo bunları birbəbir evləndirdi, arvad sahibi elədi. Arvadları da hər il döl üstünə döl qoydular. Evdəki adam sayı necə artdısa, it izi qurd izinə qarışdı. Heç kəs o birinin sözünü dinləmədi. Çörək, əyin-baş yetməz oldu. Aclıq ucbatından ata-oğul, gəlin-qaynana arasında dava-şava başladı. Çörək oğurluğu, un-taxıl oğurluğu, qarşılıqlı suçlamalar bu davaların başlıca səbəbinə çevrildi:

- Sən çörəyimizi oğurlayıb, öz balalarına yedirirsən!

- Sən çox yeyirsən!

- Sac çörəyinin qalın yerini həmişə sən qamarlayırsan!

- Sənin arvadın evdən un çırpışdırır!

- Sənin arvadın bişirdiyi çörəyi ancaq özü yeyir!

- Sənin balalarının çox tıxdığı elə nəcislərindən də bəlli olur!..

Evin içində gedən bu cür boğuşmalar bəzən bayıra da çıxırdı və kəndlilər bunların seyrinə yığışırdı. Qonşular araya girib, aralaşdırana qədər bir-birylə yaxa-paça dalaşırdılar. Anaları Civələ öləndən sonra araları tamam pozuldu, məzhəb itdi. Bir yerdə yaşamaları imkansız oldu. Ataları oğlanlarının dördünü də evdən ayırdı, hərəsinin payını ayrı-ayrılıqda verdi. Condoya bir düyə, iki tabaq, üç qaşıq, bir qazan, Seboya bir tosun (axtalanmış balağ – A.Y.), bir çanaq, bir həsir, dörd qaşıq, Cümoya iki keçi, bir vedrə, bir dənə parç, İloya isə bir dana, bir keçi, bir qaz tənəkəsi və o biri qardaşlara nisbətən zəhmətkeş olduğundan, bir də arabanı verdi. O biri qardaşlar buna etiraz eləyib: "Arabadan da hamımıza pay düşməlidir!" - dedilər. İlonu yaxşıca əzişdirəndən sonra arabanı əlindən alıb, tən ortadan mişarladılar. Bir təkəri Cimo, o birini Sebo, arabanın qollarını isə Condo özünə götürdü.

Gözlənildiyi kimi, İlo bunu heç özünə dərd-zad eləmədi. Öküz olmayandan sonra arabanı neyləyəcəkdi ki?! Onun tək dərdi atasından bir inək qopara bilmək idi. Heç olmasa, inəkdən sağılan südü içən balalarının canı yavan çörək yeməkdən qurtulardı. Ancaq babası dirənib, durmuşdu: "Siz işləyib, qazana bilərsiniz, mən isə yaşlanmışam, əldən-ayaqdan düşsəm, bir baxanım tapılmaz!.." - demişdi. Dörd inəyin dördünü də kişi özündə saxladı, öküzlərini də heç kəsə vermədi. Oğullarını da beləcə, yola saldı…

Bu dəfə də İlonun qızı Mənuş xəbər gətirdi:

- Ata, o "qırx kişinin artığı" Pırho da babamla gəlib!

İlo yerindən sıçradı:

- Necə? Pırho da? – dedi.

Bu dəqiqə özünü bayıra atacaqdı. O baş, bu başa var-gəl elədi. Bir bəlaya düşməkdən qorxub, təkrar ocağın qarşısında oturdu. Ancaq rəhmətlik anası Cevonun o qədər illik zəhmətinin barını bu "qırx kişinin artığı"na yedirtməyə necə qıyardı o? Axı, bu qəhbənin qədəm basdığı heç bir ev hələ ağ günə çıxmamışdı. Dəyişdirdiyi ərlərin sayı-hesabı da bəlli deyil. Gedən kimi hamısının ocağına əncir ağacı əkmişdi: küncdə-bucaqda un-dən qoymamış, oğurlayıb satmadığı əşya-zad qalmamışdı…

Qapını ardıyca çırpan arvadı ona bağırdı:

- Əşi, nə dayanmısan? Təzəkləri daşıyarlar ey, təzəkləri!!!

İlo qəfil səksəndi:

- Kim? Hansı təzəyi?

- Bizim payımıza düşən təzəyi!

- Kim aparır, qız? Sən onu de mənə?

- Kim aparacaq? Guya heç bilmirsən? Atan sayılan o hərif aparır! "Qırx kişinin artığı" olan Pırho aparır!..

İlo atasından ayrıldığı vaxt qış idi və basmaları (təzək yapmaq üçün sərilən gübrələri – A.Y) onda hələ ortaq idi. Yayda gübrə quruduğundan İlo öz hesabına görə ona düşəcək qədər təzək kəsərək, bir küncə qalaqlamışdı.

- Amma o təzəklər bizim payımızdır, bizimdir… demədinmi sən?.. – deyə arvadına bağırdı.

- Niyə demədim. "Sən haradan bu təzəyə şərik oldun?" cavabını verdi. "Açıl, get başımdan, elə bil bu təzəkləri atası evindən gətirib!" – dedi.

İlo yerindən qalxıb, arvadına tərəf yeridi:

- Qız, bəs niyə demədin ki: "Yaxşı, deyək ki, mən gətirməmişəm, bəlkə Pırho bunları öz atasının xarabasından gətirib?! Bunlar mənim heyvanlarımın nəcisidir" demədinmi?

- Sən burada mənim üstümə xoruzlanma. Kişisənsə, özün çıx, deyəcəyini de!

Çırpınır, öz-özünə deyinirdi qadın:

- Qabaqdan qılınc kimi qış gəlir, odsuz-ocaqsız qalacağıq! Tarlanın yaxşısını özünə götürdü, səs çıxaran tapılmadı, ana kimi inəkləri, ata kimi öküzləri aldı, evi aldı… Hamısını özünə götürdü, qəhbə Pırhoya qaldı hər şey!..

Əri hələ də key kimi durmuşdu yerində. Onun qabağına keçdi:

- Kişi, ay kişi! Öz zəhmətinə acımırsan, barı mənim çəkdiyim əziyyətlərə acı, ananın əməyinə acı. Sənin kimi sarsağa bütün bunlar müstəhəqdir, müstəhəq! Ay axmaq, ölmüsən yoxsa? Heç olmasa, təzəkləri bunlara yedirmə, təzəkləri!..

İlo yerində döndü. Ocağın dəmirindən tutaraq, qapısını düzəltdi. Arvadı arxadan ona səsləndi:

- O dəqiqə dalaşma, ədəb-ərkanla izah elə… De ki, öz təzək payımı istəyirəm mən…

Sonra qadın da ərinin ardınca həyətə çıxdı.

Günorta istisindən hər yer qovrulurdu. Kəskin gübrə qoxusu çökmüşdü havaya. Təzək qalaqlarının üzərində milçəklər topayla uçuşurdular. Qadınlar basma qablarında heyvan nəcislərini qarışdırır, quruyan təzəkləri isə zəncir kimi düzürdülər. Kənddəki evlər təzək qalaqları ardında itib-batmışdı. Onların arasından xoruz banı eşidilirdi. Yamaclardakı yamyaşıl tarlalar göz baxdıqca uzanırdı.

İlo kandarda mürgüləyən itə bir təpik ilişdirdi. Heyvan heysiz bir səs çıxartdı, tənbəl-tənbəl oradan uzaqlaşdı. Qarnı belinə yapışmış, qabırğaları çıxmışdı. Pırho təzəkləri səbətə doldurub, ərinin çiyninə qoyurdu. İlo kepkasını gözünün üstünə salıb, uca səslə dedi:

- Hey-y-y, ata! O təzəkləri daşıma, onlar mənim payımdır!

İyun günəşinə rəğmən, atasının başında tiftikli papaq, əynində isə yun pencək vardı, bu geyimdə işləyirdi. Başıaçıq qalarsa, soyuqlamaqdan qorxardı həmişə. Qışda tiftikli papağın üstündən hələ bir şərf də bağlayardı. Gecələr isə axurdakı dəmir çarpayıda, heyvanların içində yatıb-durardı. Özünü inandırmışdı ki, insan canının ən böyük düşməni – soyuqdur.

Qəzəblənən atası başını oğluna tərəf çevirdi. Üzü günəşdən pörtmüşdü, alnı tər içindəydi. Heç bir cavab vermədən işinə davam elədi.

İlo yerindən tərpənmədən dedi:

- Ata, sənə deyirəm: o təzəklərə əl vurma!..

Atası bunu da qulaqardına vurdu. Əllərini belinə vuran Pırho qəddini dikəltdi. Ləçəyini və yun şərfini başının üstündə düyünləmişdi. Üst-üstə geyindiyi büzməli koftaların ətəklərini yanbızının üstündə qoç quyruğu kimi yığmışdı. Dən düşən saçları çiyinlərinə tökülmüşdü.

Atası məhəl qoymadığından İlo təkrar kükrədi:

- Sənə deyirəm, ata, eşitmirsən? Mən o təzəkləri sənin üçün kəsməmişəm!

Atası üzünü ona döndərmədən:

- Boşu-boşuna çımxırma, rədd ol, get başımdan! Bəs kim vermişdi sənə bu təzəkləri? – dedi.

- O, mənim halal payımdırsa, onu kim verməliydi ki, mənə?! Yəni axırda bir dananın nəcisi də düşməyəcəkdi bizə?! O mənə verdiyin dananın peyinini istəyirəm də! Qoy qalanı sənin olsun!..

- Dana peyinindən təzək olmaz. Gələn il özün yapıb, sonra da qızınarsan dana təzəyi ilə!

İlo irəli yeridi, səbətin qulpundan yapışdı:

- Götürməyəcəksən təzəkləri! Götürə də bilməzsən! Dana peyini, öküz peyini… hər nə peyini olursa-olsun, götürə bilməzsən dedim!

Atası sinəsindən itələdi İlonu. Bunu görən İlo daha bərk-bərk yapışdı səbətin qulpundan.

Atası isə səbəti dartıb, İlonun əlindən almağa çalışırdı:

- Bu təzəklər mənim mal-heyvanımınkıdır. Əlli illik əməyim bahasına qazanmışam bunları! Açıl başımdan, it oğlu it! Çıx get, əl çək yaxamdan!

- Ay ata, bəs mən insan deyiləm yəni? Bəs mənim balalarım necə dolansın?

Pırho ərinin dadına yetişdi. Səbətin bir kənarından da o tutdu:

- Qanına susama, atana qarşı çıxma! Dolanışıq dərdi çəkən idinsə, qızmış it kimi öz qancığını durmadan doğuzdurmazdı!

Pırhonun bu sözləri çəkic kimi endi İlonun başına:

- Ay sürtük, ay qırx kişinin artığı! Mənə de görüm, bu evdə sənin nə haqqın var axı, ay yaramazın qızı?! Yoxsa mən cocuq törədəndə səndənmi törətmişəm?! Çox şükür ki, nəslim davam edir, həm də bu vətən üçün əsgərlər yetişdirirəm. Görəsən sənin niyə heç övladın olmur?

Atası İlonun yaxasından möhkəm- möhkəm yapışdı:

- O, sənin anan yerində bir qadındır! Heçmi utanmırsan? – deyə oğluna bir şillə çəkdi.

O ara İlo Pırhonu vurmaq üçün dartınırdı, atası isə ona mane olmağa çalışırdı:

- Burax məni, ata, burax deyirəm sənə! Bu qəhbəni isə rəhmətlik anama tay tutma! Bu qırx kişinin artığı olan ləçər mənim anamın heç dırnağı da ola bilməz!

Pırho da söz altında qalmırdı:

- Siçanın balası da çanta gəmirərmiş! Sənin kimi bir zürriyyətim (övladım – A.Y.) olacağına, heç olmasa, daha yaxşıdır. O qapıdakı itlərin zürriyyəti ilə sənin zürriyyətin arasında guya nə fərq var ki?!

Atasının əlindən çıxan İlo bir kənara çəkildi, əlinə keçən iri bir təzəyi Pırhonun təpəsinə çırpıb:

- Vay səni ləçər! Bu təzəkləri sənə əsla yedirməyəcəyəm! Yedirməyəcəyəm! – dedi.

Pırho yerə sərildi, atası qəzəblə İlonun üstünə hücum çəkdi. Ata-oğul əlbəyaxa oldular. Bir-iki dəfə itələşəndən sonra atası onu aldı dizinin altına. Dörddişli Həsən qaçıb, ayırdı ata-balanı. İlonun üz-gözü toz-torpağa bulaşmışdı. Ağzından da qan axırdı. Qara köynəyi tamam cırılmışdı. Gah ordan, gah burdan çılpaq bədəni görünürdü. Yığışan kəndliləri görəndə İlo məğlub olmasından utandı. Camaata tərəf dönərək:

- Əlbəttə ki, məni yıxacaq, - dedi. – O, yaylaqda sapsarı yağdan yeyib, üstündən soyuq su içir, can bəsləyir. Mən isə burada yavan çörək gəvələməklə ömür çürüdürəm. Belə atanın mən dinini də, imanını da!..

Özünü ələ alan Pırho kürəyi ələ keçirib, İlonun üstünə cumdu. Çevik tərpənməsəydi, kürəyin iti ağzı İlonun başını yaracaqdı. İlonun arvadı da bu olub-bitənə seyirçi qalmırdı. Ətəyinə yığdığı daşları Pırho ilə qaynatasına ataraq:

- Qana susamış qarı! – deyirdi. – Ay qırx kişinin artığı! Ay ləçər! Ay ortalıq qadını! İndi də ərimin başını yeməyə niyyətlisən?!

Qaynatası yumruqlaya-yumruqlaya İlonun arvadını evə saldı. Pırho bu dəfə hasardan aldığı iri bir daşı İlonun kürəyinin tən ortasına çırpdı! Ağrıdan qovrulan İlo səndələdi, az qala yıxılacaqdı. Özünü zorla ayaqda tutdu. Tək həmlədə Pırhonun əlindəki dəmir kürəyi alıb, iti tərəfini başının üstünə qaldırmaqla, Pırhonun təpəsinə endirdi. Üzü üstə düşən Pırho əlləriylə təzəkləri qucaqladı. Bir daha da yerindən qalxmadı. Başından şollanan al qanı təzək tikələri, eynilə qurudan kağız kimi, öz canına hopdururdu.

Günəşin yaxıcılığı bir az da artmışdı. Göy üzündən bir dəstə sığırçın keçdi. Kəndi tən ortadan bölən çayın suyu səssizcə axmağındaydı. Uşaqlar, qazlar, ördəklər üzürdü sularda.

"Ana qatili" İlo isə jandarmaların önünə düşüb, əlləri qandallı gedirdi.

https://www.facebook.com/azadyasharofficial

# 3573 dəfə oxunub

Müəllifin son yazıları

# # #