Sərdar Aminə və bütün “Ədəbiyyat qəzeti” tərəfdarlarına

Sərdar Aminə və bütün “Ədəbiyyat qəzeti” tərəfdarlarına
6 iyul 2017
# 12:12

Kulis.az yazıçı Azad Qaradərəlinin “Sərdar Aminə və bütün “Ədəbiyyat qəzeti” tərəfdarlarına” yazısnı təqdim edir.

Əzizim Sərdar!

Və sayqıdəyər “Ədəbiyyat qəzeti” tərəfdarları!

Bu yaxınlarda bir internet statusu yazmışdım və açığı o qədər də ciddi reaksiya gözləmirdim. Nədən ki, bu qəzetin bütün ədəbiyyat adamlarının yaralı yeri olduğunu bilirdim. Fəqət onu da bilirdim ki, ədəbi kluarlarda qəzet haqqında müsbət fikirlər də səslənməkdədir. Və o status da həmin səbəbdən yazılmışdı. Gəlin etirazlara səbəb olan statusu xatırlayaq:

“Şəhərə çıxmışdım. Gözüm şəhəri basmış yaşıl press-köşklərdə idi ki, bəlkə layiqli bir şey oldu oxumağa. Amma hardan? Hamısı krossvord qəzetləri və ondan da aşağı olan qəzetciklər. Və gözüm "Ədəbiyyat qəzeti"ni alır. Tez birini götürürəm. Xeyli həcmi olan bu qəzeti nə yazıqlar ki, 10 dəqiqəyə bitirib elə aldığım köşkün yanındaca qarğıdalı satan yaşlı qadına verib (bəlkə qarğıdalı bükməyə lazım olar deyə) uzaqlaşıram... Heyf. Çox heyf. Səd heyf və min heyf. Bizim heç nəyimiz düzəlmədi. Düzəlmir və düzəlməyəcək, neçə ki, bu qəzet(dəki ədəbiyyat) düzəlməyib, elə belə də olacaq!”

İlk etiraz edən dostumuzu tanımıram deyin, cavab yazmaq istəmədim. Sənin isə fikrinə münasibət bildirməsəm olmaz. (Sənin bir istedadlı qələm adamı və ümidverən gənc olduğunu bildiyimçün deyirəm. Üstəlik, bir zamanlar şeirlərini çap etdiyim və haqqında “Renessans həsrəti” kitabımda yazdığım üçün səni yaxşı tanıyıram.)

Mən gənclər (təbii ədəbi gənclikdən söhbət gedir) üçün açılan iş yerlərinin səviyyəsindən asılı olmayaraq alqışlanmasının tərəfdarıyam. Yəni, səviyyəni sonra düzəltmək olar. O sıradan bu qədim qəzet və onun yeni saytı siz gənclərə meydan verdiyi üçün alqışlanmalıdır. Lakin bu o demək deyil ki, onların zəif tərəfləri deyilməməlidir. Bu qəzet məni ən çox çap edən ədəbi orqan olub vaxtilə. Təbii ki, Yusif Əzmzadənin və Sabir Əhmədlinin dövründə. İndi isə bu qəzet məni ona görə çap etmir ki, heç mən özüm də orada çap olunmağımı istəmirəm. Qaldı mənim statusuma; orada deyilən mətləblər ÜST ƏDƏBİYYAT məsələsidir. Yəni bu qəzetdə gedən materialların heç biri və heç biri ədəbi partlayışa, ədəbi rezonansa səbəb olmayan sıradan yazılardır. "Mən cəridəm dolmaq üçün mətləbi çox uzatmışam" - Sabir belə demişdi. Mən RENESSANS YAZILARIN, YASAQ YAZILARIN çapından danışıram.

Bu qəzetdə heç belə bir müzakirə açıldımı: “NİYƏ İLLƏRDİR DÜNYA SƏVİYYƏLİ ƏDƏBYAYAT YARADA BİLMİRİK?” Yaxud belə bir müzakirə: “NİYƏ AZ-ÇOX ÜZDƏ OLAN ƏDƏBİ NÜMUNƏLƏRİMİZİ XARİCİ DİLLƏRƏ TƏRCÜMƏ ETDİRİB YAYMIRIQ?” Yaxud bir başqası: “NƏ VAXTACAN TÜRKİYƏDƏ, RUSİYADA ANCAQ TİTUL VƏ VƏZİFƏ SAHİBİ OLAN YAZARLARIN VƏ ONLARIN QOHUMLARININ ƏSƏRLƏRİ ÇAP OLUNACAQ?” Yaxud bir başqası: “ƏDƏBİ KÖTÜKLƏRİ GƏNCLİYİN YOLUNDAN TƏMİZLƏMƏYİN ZAMANI GƏLMƏDİMİ?” Və sair və ilaxır...

Açığını deyim ki, mənim “Ədəbiyyat qəzeti” adlı problemim yoxdur. Ancaq Azərbaycan xalqının belə bir problemi olduğu fikrindəyəm. Problem varsa, ya həll olunmalı, ya da yola verilməlidir. Siz də yola verirsiniz. Verin, verə bildikcə...

# 1371 dəfə oxunub

Müəllifin son yazıları

# # #