Despedida, don Markes!

Despedida, don  Markes!
23 aprel 2014
# 10:41

Bürkülü bir yay gecəsi. Bayırdan gələn tək-tük çaqqal ulartısı, qurbağa qurultusu nəzərə alınmazsa, ölü bir sükut var. Ot biçinindən sonra ağır yorğunluq və bu yorğunluğun basdığı hüzn məni dibsiz bir burulğana sürükləyir. Belə olanda içki yeganə xilas yolu olsa da, bu istidə o da yaramır. Və...

...rəfdən Markesin dönə-dönə açıb oxuduğum, hər dəfə də sehrli bir əşya kimi büküb rəfin ən hündür yerinə qoyduğum “Yüz ilin tənhalığı” kitabının ruscasını götürürəm. O qorxunc, o sehrkar, o vahiməli cümlələr məni çəkib harasa aparır...

...bir də onda özümə gəlirəm ki, səhərin açılmasına çox az qalıb. İnanın, düşdüyüm o ağır vəziyyətdən əsər-əlamət yoxdur. İçim ləbaləb sevgiylə, hələ desəm yazmaq eşqilə doludur və bir də görürəm ki, qələmi götürüb neçə gündən bəri kənd yerinin fiziki yorğunluq gətirən (mənim böyük təsərrüfatım vardı) və yazıçıya çox mane olan, yazmaq atəşini ləngidən yorğunluğu yenib yeni hekayəmi yazmağa başlamışam...

Bu hekayə mənə doğrudan da, ədəbi mühitdə yaxşı bir məşhurluq gətirən “Soyxa” idi. (Bu “məşhurluq” sözünə görə oxuculardan üzr istəyirəm, başqa cür ifadə edə bilmədim.)

...və “Polkovnikə məktub yoxdur” əsəri. Bunu dilimizə çevirən öz Markesimiz Əkrəm Əylisli əslində o zaman hələ ədəbiyyatda süd dişləri çıxardan biz gənclərə o dahi kişini təzədən tanıtdı. Bu kitabın üstündə tək olmayan bu cümlə idi: “Ay xalası göyçəklər, ya belə yazın, ya da gedin aşığınızı atın.”

Həmin əsərin ilk çapının nüsxələrindən biri var bizim evdə. Bizdə demək olar ki, hamı onu oxuyub. Kim neçə dəfə, bunu bilmirəm. Bildiyim odur ki, Markes tək yazıçıların yazıçısı deyildi...

...və kənddə hərdən adamsızlıqdan dəli olmaq dərəcəsinə gəlirdim. Nə yazdığını oxumağa biri var (kaş sənə qulaq asıb söyüş söyəydi), nə fikrini bölüşməyə kimsə. Belə vaxtlarda Əkrəm Əylislinin, Eldar Baxışın, İsa İsmayılzadənin mənim məktublarıma yazdıqları cavabı təzədən oxuyur və özümə inamımı bərpa edirdim. Bir gün həmin məktubların içərisindən Markesin təmiz Azərbaycan türkcəsində yazdığı məktubu əlimə keçdi. Qorxa-qorxa, çəkinə-çəkinə, vahimələnə-vahimələnə zərfi cırıb mənə ünvanlanmış məktubu oxumağa başladım.

“Sizin mənə göndərdiyiniz hekayələri oxudum. Fikirləşdim ki, bu barədə bir məqalə də yazam. Amma mən bir az bu sarıdan o söz. Sizə isə bir məsləhətim var: kəndinizdən muğayat olun. Oranın magiyasını, oranın suyunu, torpağını sevin. Orada yaşayıb yazıçı olmamaq mümkün deyil. Bir öncəgörən kimi deyə bilərəm ki, bu yerin magiyası çoxlarını havalandırıb. Hə, bir də romana keçə bilərsiniz... Eşitdiyimə görə, oradakı 60-cılar öz ədəbiyyat imperiyalarını elan ediblər. Siz gənclərə bu baryeri keçmək üçün mütləq magik realizm və mənim özümün də yaxşı başa düşmədiyim postmodernizm lazım ola bilər. O divarları dağıtmaqdan çəkinməyin. Yenini qurmaq üçün köhnəni (qədimi yox, məhz köhnəni, köhnəlmişi) mütləq dağıtmalısan.

Por el momento Q.Q.Markes”

Tarix pozulmuşdu. Ha elədim, oxuya bilmədim. Bu vaxt kimsə məni çağırdı. Yuxudan hövlnak ayıldım. Qızım kompüterin ekranını mənə tərəf çevirib təəssüf içində dedi: “Ata, Markes öldü.”

Mürgülədiyim divanda qurcuxub qalxdım. Ustadın gülər çöhrəsinə key-key baxdım və “ola bilməz – dedim - axı o, indicə mənə məktub yazmışdı.”

Elektron tərcüməçidən ispanca “əlvida” sözünün mənasını öyrənib dodaqlarım əsə-əsə dedim:

“Despedida, don Markes!”

18.04.2014, səhər saat 7-30

# 1678 dəfə oxunub

Müəllifin son yazıları

# # #